Məhkəmə qərarları › İş №2(103)-9670/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9670/2021

22.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9670/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(009)- 2321/2021 saylı qərardadından verdiyi şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ifadə azadlığının məhdudlaşdırılması və ayrıseçkiliyə məruz qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən iddia ərizəsində göstərilən cavabdehin “Facebook” sosial şəbəkəsindəki səhifəsindən blok edilmənin qanunsuz sayılması; bu addımın siyasi baxışlara görə ayrıseçkilik sayılması; bu addımın informasiya əldə etmək, ifadə azadlığının məhdudlaşdırılması kimi qəbul edilməsi və qeyd edilən sosial şəbəkə hesabındakı blokun aradan qaldırılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(009)-2321/2021 saylı qərardadına əsasən İddiaçı ifadə azadlığının məhdudlaşdırılması və ayrıseçkiliyə məruz qoyulması barədə iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. Həmin qərardaddan İddiaçı şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, 2(009)-2321/2021 saylı qərardadına əsasən İddiaçı şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası iddiaçını dinləyib, şikayəti, mülki işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(009)-2321/2021 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(009)-2321/2021 saylı qərardadı onunla əsaslandırılmışdır ki, Mülki-prosessual qanunvericilikdə «cavabdeh» ifadəsi cavab verən mənasında işlədilir, yəni cavabdeh ona qarşı yönələn tələbə cavab verən şəxsdir. Lakin iddiaçının iddia ərizəsində cavabdeh qismində göstərdiyi şəxsin iddia ərizəsində qeyd edilən tələblərə məhkəmədə cavab verməli olması ərizədən görünmür. Əksinə, iddiaçının iddia ərizəsində irəli sürdüyü dəlilə görə, cavabdehin Facebook səhifəsi digər şəxslər tərəfindən idarə olunur, onun şəxsi hesabı sayıla bilməz. Belə olduğu halda, iddia ərizəsinin hansı əsaslara görə iddia ərizəsində qeyd edilən cavabdehə qarşı verilməsi göstərilməmişdir. Beləliklə, 1-ci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü tələblərə iddia ərizəsində göstərilən şəxsin cavab verməli olan şəxs olmadığı üçün iddia ərizəsi qaytarılmalıdır. Məhkəmə Kollegiyası 1-ci instansiya məhkəməsinin mövqeyini əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə müvafiq olaraq, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən isə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayyət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Odur ki, məhkəmə kollegiyası MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 397, 398, və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(009)-2321/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar