Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-968/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-187/20 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 nömrəli ünvanda yerləşən qeyriyaşayış sahəsinin natura ilə bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-187/20 saylı, xx xxxxxxxx 2020cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual normaların tətbiqində səhvə yol vermiş və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir, bu səbəbdən də şikayətinin təmin olunaraq qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında idiaçının nümayəndəsi və vəkili S.Rzayeva apellyasiya şikayətini müdafiə edərək, əlavə olaraq iş üzrə təkrar ekspertiza keçirilməsinə dair vəsatət verərək və müvafiq olaraq da şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq, bildirdi ki, həmin qeyri-yaşayış sahəsini 2015-ci ildə alanda ora tibbi klinika olmuşdur, (əvvəlki adı “İstmedipro”) sonradan, yəni 2017-ci ildə klinikanı Səhiyyə Nazirliyinin tələblərinə uyğun təmir etmiş, yeni laboratoriyalara uyğun havalandırma sistemi və sair hazırlatmış, həmçinin, klinikanın cəmi bir girişi var, təmir zamanı bir qapı da qoyulmuşdur, lakin o əsas qapı deyil, yanğın çıxışı üçün nəzərdə tutulmuş təxliyyə qapısıdır. Bundan əlavə, klinikanın hər iki mərtəbəsinin elektrik naqilləri, isitmə sisteminə aid borular da eyni olduğu və vahid sistem təşkil etdiyi üçün təmiri və bütün sistemi dağıtmadan həmin qeyriyaşayış sahəsinin naturada bölgüsü mümkün deyil. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Tərəflər xx xxxxxxx 2007-cı il tarixdə rəsmi nigaha daxil olmuşdurlar. Həmçinin, AZ-İ seriyalı 270566 №-li Nikahın pozulması haqqında şəhadətnaməyə görə tərəflər arasında nikah xx.xx.2017-ci il tarixdə pozulmuşdur. Tərəflıər arasında xx xxxxxx 2017-ci il tarixdə nikah müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə görə müqavilənin predmetinə həmçinin, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən 4A nömrəli ünvanda (yeni qaydalarla ünvan 3 yerləşən qeyri-yaşayış sahəsi də aiddir və bu əmlaka da tərəflərin payları bərabər müəyyən olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa görə həmin qeyri-yaşayış sahəsi ½ hissədə Cavabdeh və ½ hissədə İddiaçı mülkiyyətindədir. Bu barədə Daşınmaz əmlakın dövlət reyestrində 149 nömrəli reyestr kitabının 13922 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin Texniki Pasportuna əsasən həmin qeyri-yaşayış sahəsi xx.xx.2019 il tarixli 04/283 nömrə ilə qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə qeyri-yaşayış sahəsinin naturada bölünməsinin mümkünlüyünün müəyyən edilməsi, qeyri-yaşayış sahəsinin 1-ci və 2-ci mərtəbələrinin bir-birindən təcrid olunub-olunmamasının müəyyən edilməsi, əgər həmin sahənin bölgüsü mümkündürsə neçə variantda bölgünün aparılmasının və həmin sahənin bölgüdən sonra sərhədlərinin necə müəyyən edilməsini müəyyən etmək məqsədilə mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 25398 saylı rəyinə əsasən ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (tibb mərkəzinin) tərəflərin paylarına uyğun olaraq 2 (iki) hissəyə naturada təcrid şəklində bölünməsi texniki cəhətdən qeyri-mümkün hesab edilmişdir. Rayon məhkəmənin yerli baxışın keçirilməsinə dair xx.xx.2020-ci il tarixli protokoluna əsasən həmin tarixdə tərəflərin və ekspert Elmar Səidovun iştirakı ilə qeyri-yaşayış sahəsinə (tibb mərkəzi) məhkəmə tərəfindən baxış keçirilmiş və həmin əmlakın tərəflərin paylarına uyğun olaraq 2(iki) hissəyə naturada təcrid şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, yerində müayinə apararaq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 25398 saylı rəyinə əsasən ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (tibb mərkəzinin) tərəflərin paylarına uyğun olaraq 2 (iki) hissəyə naturada təcrid şəklində bölünməsi texniki cəhətdən qeyri-mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh həmin qeyri-yaşayış sahəsinin klinika kimi satın alındığını, əvvəlki adının “İstmedipro” olduğunu, sonradan, yəni 2017-ci ildə klinikanı Səhiyyə Nazirliyinin tələblərinə uyğun təmir etdiyini, yeni laboratoriyalara uyğun havalandırma sistemi və sair hazırlatdığını bildirmişdir. Bundan əlavə, klinikanın hər iki mərtəbəsinin elektrik naqillərinin, isitmə sisteminə aid boruların da eyni olduğu üçün təmiri dağıtmadan həmin qeyri-yaşayış sahəsinin naturada bölgüsünün mümkün olmadığını qeyd etdi. Həmçinin, klinikanın cəmi bir girişi olduğunu, təmir zamanı bir qapı da qoyulduğunu, lakin onun əsas qapı deyil, yanğın çıxışı üçün nəzərdə tutulmuş təxliyyə qapısı olduğunu göstərmişdir. Həmin xüsusatlar Məhkəmə kollegiyası tərəfindən aparılmış yerində müayinə zamanı da öz təsdiqini tapmışdır. Kollegiya iddiçının iş üzə təkrar məhkəmə tikinti-texniki ekspertizası keçirilməsinə dair vəsatətinə münasibətdə isə bildirir ki, ekspert rəyi aydın və dolğun olduğundan və iş üzrə tədqiq olunmuş digər sübutlara uyğun olduğundan (yəni ziddiyyət təşkil etmədiyindən) təkrar ekspertiza keçirilməsi üçün əsaslar yoxdur. Beləliklə, aparılmış məhkəmə araşdırmaları ilə hazırkı mülki işin mübahisəsiz halı kimi ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (tibb mərkəzinin) tərəflərin birgə nikahı dövründə əldə etdikləri əmlak olması, eləcə də həmin əmlakda tərəflərin bərabər olmaqla ½ paylarının olduğu müəyyən olunur. Mülki Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. İddiaçı paylı mülkiyyətdə olan həmin qeyri-yaşayəş sahəsindəki (Endokrin Mərkəzin) payının naturada ayrılmasını tələb edir. İddiaçının hazırkı iddia tələbinin qanuni əsasını MM-nin 220-ci maddəsi təşkil edir. Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin normanın ikinci cümləsinin tələbinə əsasən əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, payın naturada ayrılmasına yol verilmir. Bu halda ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququnqa malikdir. Aparılmış araşdırmalarla da iddiaçının payının naturada ayralmasını istədiyi paylı mülkiyyətdə olan ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (tibb mərkəzinin) tərəflərin ½ paylarına müvafiq olaraq bölünməsinin yolverilməz, həmin əşyaya tənasübsüz zərər vurmadan, eləcə də texniki cəhətdən də mümkün olmadığı müəyyən olunmuşdur. Beləliklə, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ünvan 5 nömrəli ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (tibb mərkəzinin) naturada təcrid şəklində bölünməsi MM-nin 220-ci maddəsinin ikinci cümləsinin tələbləri baxımından, eləcə də texniki cəhətdən mümkün olmadığından iddiaçının apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-187/20 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-968/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-968/2021
24.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver