Məhkəmə qərarları › İş №2(103)-968/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-968/2022

17.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-968/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı1 vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-163/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-nin 27 may 2019-cu il tarixli, 005939 saylı aktın ləğv edilməsi və "xxxx" ASC-nin adına qeydiyyatda olan 01/200-172 saylı abunə kodunda göstərilən 3812,40 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-163/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi, təqdim edilmiş sənədlərdə göstərilənlərin təhrif edilməsi "xxxx" ASC-nin qanuni mənafeyinin pozulmasına səbəb olan sözügedən qətnamənin qəbul edilməsi ilə müşaiyət olunmuşdur. Belə ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən kompyuter məlumat bazasında Beton zavoduna məxsus elektrik sayğacının sərfiyyatı "xxxx" ASC-yə məxsus elektrik sayğacının sərfiyyatından çıxılan kimi qeydiyyata salınmış, lakin faktiki Beton zavodu qidalandıran kabel xəttinin "xxxx" ASC-yə məxsus sayğac sxemindən əvvəl 0.4 kV-luq şinlərə birləşdirilməsi aşkar edilərək, 27.05.2019-cu il tarixli NDQ 005939 saylı akt tərtib edilmiş, akta əsasən itirilmiş elektrik enerjisinə görə 42360 kvts sərfiyyat hesablanaraq 3812.40 manat məbləğində borca dair hesab-faktura sənədi təqdim edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər İddiaçı2 məhkəmə iclasında iştirak etmir və səbəbi barədə məhkəməyə məlumat verməyib. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə digər iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 1.2, 8.2, 8.4 və 8.17-cü bəndləinə istinad edərək qənaətini bununla əsaslandırmışdır ki, "xxxx" ASC-nin 27 may 2019-cu il tarixli abunə haqqında çıxarışdan görünür ki, abunə kodu olan 01/200-172 3812,40 manat enerji haqqı borcu olduğu qeyd edilmişdir. "xxxx" ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsi abunə kodu olan 27 may 2019-cu il tarixli NDQ 005939 saylı akt tərtib etmişlər, pozğunluq “EEİQ-na uyğun olaraq elektrik uçot komplektinə baxış keçirən zaman məlum oldu ki, fərdi yaşayış evində elektrik istifadəçiləri şəbəkəyə birbaşa sayğacsız qoşuluq kimi qeyd edilmişdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan qətnamənin mübahisələndirilən hissədə ləğvi və iddianın həmin hissədə rədd olunması üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətinin obyektini qətnamənin tam hissəsi, yəni iddianın təmin edilməməsi hissəsi, (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə yalnız mübahisələndirilən hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Əvvəla ona görə ki, cavabdeh elektrik enerjisinin satışına dair müqaviləyə əsasən istehlak olunan elektrik enerjisinə görə iddiaçıların silinən məbləğdə borcu olmasına və elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyinə dair iddia tələbinə etirazının əsası kimi məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İşdə olan akt isə borcun olduğunu təsdiq edən sübut kimi qəbul oluna bilməz. Çünki, həmin sənəddə göstərilənlər o məlumatların həqiqi olduğunu təsdiq etməməklə yanaşı borcun olması yaxud elektrik enerjisindən qanunsuz istifadə ilə bağlı deyildir. Maraqlı şəxs olaraq istənilən sayda mötəbərliliyi təsdiq olunmayan həmin aktı hazırlaya bilər. İkincisi, şikayətin yeganə dəlili ondan ibarətdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən kompyuter məlumat bazasında Beton zavoduna məxsus elektrik sayğacının sərfiyyatı "xxxx" ASC-yə məxsus elektrik sayğacının sərfiyyatından çıxılan kimi qeydiyyata salınmış, lakin faktiki Beton zavodu qidalandıran kabel xəttinin "xxxx" ASC-yə məxsus sayğac sxemindən əvvəl 0.4 kv-luq şinlərə birləşdirilməsi aşkar edilərək, 27.05.2019-cu il tarixli NDQ 005939 saylı akt tərtib edilmiş, akta əsasən itirilmiş elektrik enerjisinə görə 42360 kvts sərfiyyat hesablanaraq 3812.40 manat məbləğində borca dair hesab-faktura sənədi təqdim edilmişdir. Göründüyü kimi bu dəlildən də məlum olur ki, hazırki aktın tərtib olunmasına səbəb cavabdehin əməkdaşlarının məlumat bazasında Beton zavoduna məxsus elektrik sayğacının sərfiyyatının "xxxx" ASC-yə məxsus elektrik sayğacının sərfiyyatından çıxılan kimi qeydiyyata salmaları olmuşdur. Lakin sonradan səhvlərini qeyd olunan aktı tərtib etməklə düzəltməyə çalışmışlar. Ancaq qeyd olunan aktın tərtib olunması iddiaçıların həqiqətən sərf etdikləri elektrik enerjisiniə görə 3812.40 manat borclarının olduğunu təsdiq edən sübut kimi qəbul edilə bilməz. Üçüncüsü, elektrik enerjisindən istifadəyə görə əvəz ödəməsi istehlakçıların vaxtaşırı icra etməli olduğu öhdəlikləri olduğundan, cavabdeh qurumun da istifadə haqqını vaxtında tələb etmək vəzifəsi olmuşdur. Cavabdeh tərəf iddiaçıların iddia ərizəsində göstərdiyi halları təkzib etmək üçün akt tərtib edilən tarixə qədər iddiaçıların elektrik enerjisindən istifadəyə görə ödənişləri icra etməməsinə yaxud lazımınca icra etməməsinə dair məhkəməyə hansısa bir sənəd təqdim etməmişdir. Demək, iddiaçıların cavabdehə elektrik enerjisindən sərfiyyata görə hansısa məbləğdə cari borcu da olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enejisindən istifadə Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablama dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq hesablaşma dövrü 1 ay qəbul olunur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirdiyi hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, qətnamə mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə həmin hissədə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-163/2021 saylı, 04 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar