Məhkəmə qərarları › İş №2(103)-9681/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9681/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9681/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 MMC və X1 qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(001)-1423/2021 saylı qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən subroqasiya qaydasında iddiaçının xeyrinə müştərək qaydada dəymiş ziyana görə 5690.30 manat sığorta ödənişinin, ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03.03.2017-ci il tarixdə Cavabdeh2 MMCyə məxsus **-TD-*** dövlət qeydiyyat nişanlı Otokar markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış **-JX-*** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı nəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar DYP əməkdaşları tərəfindən 03.03.2017-ci il tarixli KYP 681820 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən **-JX-*** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 5690,30 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin 17.09.2019-cu il tarixli sığorta aktına əsasən ASC tərəfindən dəymiş ziyana görə 5690,30 manat məbləğində sığorta ödənişinin zərərçəkən avtomobil vasitəsinin təmiri üçün təmir mərkəzinin hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Zərərçəkmiş nəqliyyat vasitəsi təmir edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığotasının olmadığı müəyyən edilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 5690,30 manat məbləğində vəsaitin “Paşa Sığorta “ ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş verilmişdir. Lakin cavabdehlər dəymiş zərər məbləğinin ödənilməsindən yayınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2(001)- 1423/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 MMC-dən 4450 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “PAŞA Sığorta“ ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 100 manat məbləğində pul vəsaitinin Cavabdeh2 MMC-dən tutularaq, məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh MMC tərəfdən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddianın MMC-yə aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, MMC aid olduğu iddia edilən ** TD *** dövlət qeydiyyat nişanlı Otokar markalı avtoqnəqliyyat vasitəsi MMC-nin mülkiyyətində yoxdur və olmamışdır, ona görə MMC məsuliyyət daşımamalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. "xxxx" MMC tərəfindən tərtib edilən 03.03.2017-ci il tarixli, 844 zərər aktından görünür ki, “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5690,30 manat zərər dəymişdir. "xxxx" ASC tərəfindən tərtib edilən 17.09.2019-cu il tarixli sığorta aktından görünür ki, 03.03.2017-ci il tarixində baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5690,30 manat maddi ziyan dəymişdir və dəyən zərərin əvəzi, yəni 5690,30 manat məbləğində sığorta ödənişi avtobusun təmiri üçün "xxxx" MMC-nin hesabına köçürülür. 26.09.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “Baku Bus “ MMC-nin hesabına 5690,3 manat ödəniş edilmişdir. Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 “Otokar” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobili 03-31 mart tarixlərində şəhərdaxili və şəhərətrafı sərnişin avtonəqliyyatı üçün idarə edilməsi məqsədilə 229 nömrəli yol vərəqəsi verilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Binəqədi DYPŞ-nin polis mayoru F.Məmmədov tərəfindən tərtib edilən arayışdan görünür ki, 03 mart 2017-ci il tarixində Binəqədi rayonu, S.S.Axundov küçəsində toqquşma yol nəqliyyat hadisəsi baş vermiş və "xxxx" MMC-yə məxsus “Otokar Avtobus” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə "xxxx" MMC-yə məxsus, “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Hadisə zamanı “Otokar Avtobus” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 nəqliyyat vasitəsini idarə etmək hüququ olmuş və ayıq halda olmuşdur. Hadisə zamanı “Otokar Avtobus” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 barəsində Bakı şəhər Binəqədi rayonu DYPŞ-də YNHÜə baş inspektor vəzifəsində işləyən F.Məmmədov tərəfindən tərtib edilən KYP seriyalı, 681820 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 idarə etdiyi nəqliyyat vasitəsi ilə 03.03.2017-ci il tarixdə S.S.Axundov küçəsi ilə hərəkətdə olarkən manevr qaydasını pozmaqla “İveco Urbanway” markalı, **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə Cavabdeh1 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin tələbini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2021-ci il tarixli, 9/1664 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" təmir mərkəzinin 03.03.2017-ci il tarixli qüsur aktındakı məlumatlara əsassən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “İveco Urban” markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4450 manat müəyyən edilmişdir. Ekspert rəyində qeyd edilir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" təmir mərkəzinin 03.03.2017-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “İveco Urban” markalı 99- JX-207 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 4689,0 manat müəyyən edilir. Dəyişilməli olan hissələrin qiymətı 3039,0 manat, təmir-bərpa işlərinin dəyəri 1650,0 manat müəyyən edilmişdir. Mərkəz tərəfindən işlənib hazırlanmış metodikaya əsasən illik 4 % (2-6%) aşınma nəzərə alınmaqla, 2 il (2015- 2017) istismarında olmuş dəyişilməli hissələrin qalıq dəyəri təsminən 2800 manat müəyyən edilir. (3039,0-4%/X2dəfə) Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" təmir mərkəzinin 03.03.2017-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “İveco Urban” markalı **- JX-*** dövlət qeydiyyat nişanlı təmir-bərpa xərci , avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4450 manat müəyyən edilir. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsasən iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, yüksək təhlükə mənbəyini idarə edən şəxs hüquqi şəxsin sürücülük fəaliyyəti ilə məşğul olan işçisi olduğundan, yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyəti hüquqi şəxs daşımalı və **-JX-*** dövlət qeydiyyat nişanlı İveco Urbanway markalı nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi Cavabdeh2 MMC-dən tutulmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişi vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsində sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yaranması əsasları təsbit edilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 63.1-cü maddəsinə əsasən həmin Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1099-cu maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Cavabdeh MMC ** TD *** dövlət qeydiyyat nişanlı Otokar markalı avtoqnəqliyyat vasitəsinin MMC-nin mülkiyyətində olmamasına istinad edərək, tələbin ona aid hissədə təmin edilməməli olduğunu qeyd edir. İş materiallarından görünür ki, Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 “Otokar” markalı, **-TD-*** dövlət qeydiyyat nişanlı avtomobili 03-31 mart tarixlərində şəhərdaxili və şəhərətrafı sərnişin avtonəqliyyatı idarə etməsi üçün 229 nömrəli yol vərəqəsi verilmişdir, yəni Cavabdeh1 məhz Cavabdeh2 MMC tərəfindən verilmiş yol vərəqəsi əsasında avtomobili idarə etmişdir. Belə olan halda, məhkəmə haqlı olaraq Mülki Məcəllənin 1099cu maddəsinin tələblərinə əsaslaraq belə nətiəcəyə gəlmişdir ki, yüksək təhlükə mənbəyini idarə edən şəxs hüquqi şəxsin sürücülük fəaliyyəti ilə məşğul olan işçisi olduğundan, yüksək təhlükə mənbəyinin vurduğu zərərə görə məsuliyyəti hüquqi şəxs daşımalı və dəymiş zərərin əvəzi Cavabdeh2 MMC-dən tutulmalıdır. Cavabdeh MMC-nin apelyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1423/2021 saylı iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar