Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9711/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli 2(006)-2648/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 50.000 manat, vəkilə hüquqi yardım üçün ödənilən 2.000 manat, poçt xərclərinə görə 500 manat, mənəvi ziyana görə 100.000 manat pulun cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov RPİ İŞ-nin müstəntiqi Elçin Mustafayev tərəfindən tərtib edilmiş cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında protokol əsasında 17 may 2017-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 19 may 2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 178.3.2-cİ maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. 19 may 2017-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin vəsatətinə Nərimanov rayon prokurorluğunda baxılaraq vəsatətin müdafiə edilməsindən imtina edilmiş və həmin tarixdə onun barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir. 22 may 2017-ci il tarixli "sübutların qiymətləndirilməsi haqqında" qərar ilə ona elan olunmuş ittiham və barəsində seçilmiş "polisin nəzarəti altına vermə" qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli, 1(101)-902/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 may 2018-ci il tarixli qərarı ilə bəraət hökmü dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 18 dekabr 2018-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 03 may 2018-ci il tarixli qərarı ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 may 2019-cu il tarixli 1(103)-293/2019 saylı Qərarı ilə zərərçəkmiş şəxsin apelyasiya şikayəti və dövlət ittihamçısının apelyasiya protesti təmin olunmayaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin iş üzrə olan bəraət hökmü dəyişdirilmədən saxlanmışdır. Qanunsuz olaraq cinayət təqibinə məruz qalmış, 2 gün qanunsuz olaraq həbsdə saxlanılması və 2 il 15 gün müddətində "polisin nəzarəti altına vermə" qətimkan tədbirinə məruz qalması və 2 il 4 ay müddətində qanunsuz cinayət təqibinə məruz qalmışdır. Ona qarşı edilmiş qanunsuzluqlar, günahsız həbsdə saxlanması, barəsində qət edilmiş ittiham ona təsir etmişdir və hazırda o psixi xəstəlikdən və stress nəticəsində qazanılmış kəskin qaraciyər xəstəliyindən əziyyət çəkir, cəmiyyətdə normal həyat tərzi keçirən şəxs olmuş, hökmdən və cinayət materiallarından göründüyü kimi, tutulmazdan və ona ittiham elan edilməzdən əvvəl fərdi əməklə (mobil telefonların təmiri və mobil telefon aksesuarlarının satışı) məşğul olmuşdur. Qanunsuz həbs edildiyi və ona törətmədiyi əməl üçün ittiham elan edildiyindən iş üzrə istintaq və məhkəmələrdə zaman itirmiş, iş fəaliyyətini dayandırmağa məcbur qalmış, gəlirindən məhrum olmuş, hüquqi yardım göstərilməsi üçün 2.000 manat xərc çəkilmişdir. 2 azyaşlı uşağı var, həbs edilməsi və qanunsuz cinayət təqibinə məruz qalması nəticəsində o, maddi gəlirlərindən və asudə vaxtından məhrum olduğundan uşaqlarının saxlanmasında və tərbiyəsində iştirak edə bilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 iyun 2021-ci il tarixli 2(006)-2648/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 750 manat və mənəvi zərərə görə 1.000 manat, ümumilikdə 1.750 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh tərəfdən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilərək, göstərilmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə zərərlə bağlı hər hansı təsdiqedici sənədlərə istinad etməmiş və iddiaçıya hər hansı zərərin dəyməsi faktı sübut olunmamışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırda qətnamə qismən yoxlanılır, iddia qismən təmin edilmiş olsa da, iddiaçı qətnaməni mübahisələndirməmiş, cavabdeh isə qətnamənin ləğvini xahiş etsə də, iddianın təmin edilmiş hissəsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.11.2017-ci il tarixli, 1(101)-902/2017 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə cinayət törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilmişdir. İddiaçı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Həmçinin hökmdən görünür ki, İddiaçı 17.05.2017-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 19.05.2017-ci il tarixdə azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 03 may 2018-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.11.2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət kollegiyasının 18.12.2018-ci il tarixli, 1(102)-1355/2018 saylı qərarından görünür ki, kassasiya protestinin təmin edilməsi, İddiaçı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 03 may 2018-ci il tarixli qərarı dövlət ittihamçısının kassasiya protestinə münasibətdə ləğv edilməsi, cinayət işinin həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməsi qərara alınmışdır. Bakı Apellyəsiya Məhkəməsi Cinayət kollegiyasının 1(103)-293/2019 saylı, 02.05.2019-cu il tarixli qərarından görünür ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilməsinə dair Bakı Ağır Cinayət Məhkəməsinin 23 noyabr 2017-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Vəkillər Kollegiyası fərdi qaydada fəaliyyət göstərən Vəkil tərəfindən ünvan ünvanlanmış 15.02.2021-ci il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı AR CM-nin 178.3.2-ci maddəsi ilə bəraət almış olduğu cinayət işi üzrə tərəfindən hüquqi yardım göstərilməsi ilə əlaqədar olaraq, İddiaçı tərəfindən 19 iyun 2017-ci il tarixli müqaviləyə əsasən (Bakı Ağır Cinayətlər Məhkəməsində icraatda olmuş 1(101)-902/2017 saylı işə görə) - 100 manat; 01 fevral 2018-ci il tarixli müqaviləyə əsasən (Bakı Apellyasiya Məhkəməsində icraatda olmuş 1(103)-323/2018 saylı işə görə) - 50 manat; 29 sentyabr 2018-ci il tarixli müqaviləyə əsasən (Ali Məhkəmənin icraatında olmuş 1(102)-1355/2018 saylı işə görə) - 500 manat; 25 yanvar 2019-cu il tarixli müqaviləyə əsasən (Bakı Apellyasiya Məhkəməsində icraatda olmuş 1(103)-293/2019 saylı işə görə) - 250 manat olmaqla, cəmi 900 manat ödəniş edilmişdir. Fərdi qaydada fəaliyyət göstərən Vəkil tərəfindən tərtib edilmiş 29.09.2018-ci il tarixli, GSU seriyalı, 253346 saylı və 25.01.2019-cu il tarixli, GSU seriyalı, 253369 saylı mədaxil qəbzlərdən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsi üçün müvafiq olaraq 500 manat və 250 manat məbləğində ödəniş edilmişdir. Birinci instansiya məhkəməsi maddi zərərə görə 750 manat və mənəvi zərərə görə 1.000 manat, ümumilikdə 1.750 manat məbləğində pulun iddiaçıya ödənilməsi qənaətinə gəlmişdir. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti doğrudur. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinin tələbinə görə, qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Məhkəmə kollegiyası Maliyyə Nazirliyinin apelyasiya şikayətinin dəlillərini qəbul etməyərək qeyd edir ki, fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə Azərbaycan Respublikası ödəyir və vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsi işin mübahisə edilməyən halı olduğu kimi onun həmin qanunsuz hərəkətlər nəticəsində mənəvi istirab və sarsıntı keçirməsi, yəni mənəvi zərər çəkməsi də mübahisə doğurmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Maddi zərərə aid hissədə də iş materiallarında olan mədaxil qəbzlərdən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsi üçün müvafiq olaraq 500 manat və 250 manat məbləğində ödəniş edilmişdir, məhkəmə də maddi zərərə aid iddia tələbini bu hissədə təmin etməkdə haqlı olmuşdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2648/2021 saylı iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9711/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9711/2021
01.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver