Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9720/2021 12.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdeh2 MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(007)-270/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehlərdən 1220 manat sığorta ödənişinin və ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 04.08.2017-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "Saipa" markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 26.04.2018-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Əfqan Hüseynov tərəfindən idarə olunan "Mercedes Benz 080" markalı, SA 10 HL dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Bakı şəhər BDYPİ-nin qərarı ilə Cavabdeh1 qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən o, avtomobili sürücülük hüququ olmadan (xarici dövlətin verdiyi sürücülük vəsiqəsi ilə) idarə etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi əlaqədar 1220 manat sığorta ödənişi verilmişdir. İddiaçı tərəfindən sığortalanmış avtomobil mülkiyyət hüququ əsasında "xxxx" MMC-yə məxsus olmaqla, hadisə vaxtı avtomobil sürücülük hüququ olmadan Cavabdeh1 tərəfindən idarə edildiyindən, zərərin əvəzi onların hər ikisindən tutulmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(007)-270/2021 saylı qətnaməsi ilə (hakim Babək Qasımov) Cavabdeh1 1220 manat məbləğində sığorta ödənişi və 30,40 manat dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh1, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş və şikayətini hadisənin baş verməsindən üç ilə yaxın müddət keçməsi, hadisə baş verənədək və ondan sonra hər ay bir neçə dəfə ölkə ərazisindən xaricə avtomobillə gedib-gəlməsi və bunun üçün sürücülük vəsiqəsinin dəyişdirilməsinə zərurət yaranmaması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmdən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi isə, məsələnin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz Cavabdeh1 apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Belə ki işin müəyyən edilmiş faktiki hallarından görünür ki, 04.08.2017-ci il tarixli icbari sığorta müqaviləsinə əsasən, "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 04.08.2018-ci il tarixədək bir il müddətinə 5000 manat məbləğində sığortalanmış, Cavabdeh2 MMC-yə məxsus “Saipa” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobil, sığorta müddətində - 26.04.2018-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Əfqan Hüseynovun idarə etdiyi “Mercedes Benz 080” markalı, SA 10 HL dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Yol nəqliyyat hadisəsinin baş verməsində “Saipa” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh1 (Gürcüstan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi əsasında - səh. 4) Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş 03.05.2018-cu il tarixli qüsur aktına əsasən “Mercedes Benz 080” markalı, SA 10 HL dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ümumilikdə 1220 manat məbləğində qiymətləndirilmiş və "xxxx" ASC tərəfindən 31.05.2018-ci il tarixli ödəniş tapşırığına əsasən həmin məbləğdə sığorta ödənişi verilmişdir. Eyni zamanda, işdə olan Cavabdeh2 MMC (lizinq verən) ilə Elşad Abbasov (lizinq alan) arasında bağlanmış 08.06.2016-cı il tarixli, AL-818 saylı "xxxx" müqaviləsinə əsasən MMC, lizinq alanın sifariş etdiyi lizinq obyektini (“Saipa” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı avtomobil) öz mülkiyyətinə əldə edərək, muzdla lizinq alanın müvəqqəti sahiblik və istifadəsinə vemrəyi öz öhdəsinə götürmüş və bu öhdəliyini icra etmişdir. Sonradan 01.03.2017-ci il tarixli öhdəliklərin ötürüməsi haqqında müqaviləyə əsasən, Cavabdeh1, Cavabdeh2 MMC ilə Elşad Abbasov arasında bağlanmış həmin müqavilə üzrə sonuncunun öhdəliklərini öz üzərinə götürmüş, bununla da sözügedən avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə keçmişdir. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərər vurulmadır. MM-nin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MM-nin 1108.1-ci maddəsində əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-nin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. İşdə olan sübutlardan görünür ki, iddiaçı tərəfindən icbari sığorta müqaviləsinə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş avtomobilə görə 1220 manat sığorta ödənişi həyata keçirilmişdir. «İcbari sığortalar haqqında» Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. MM-nin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Baxılan işin faktiki hallarından görünür ki, sözügedən avtomobil Cavabdeh2 MMCnin mülkiyyətində olmaqla, Cavabdeh1lə aralarında bağlanmış daxili lizinq müqaviləsi üzrə öhdəliklərin ötürüməsi haqqında 01.03.2017-ci il tarixli müqaviləyə əsasən sonuncunun müvəqqəti sahiblik və istifadəsinə verilmiş və 04.08.2017-ci il tarixdə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 04.08.2018-ci il tarixədək sığortalanmışdır. 26.04.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh1 İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və iş materiallarının araşdırılması zamanı, həmçinin məlum olmuşdur ki, onun həmin vaxt ümumiyyətlə Azərbaycan Respublikasının ərizəsində nəqliyyat vasitələrini idarə etmək hüququ olmamışdır. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir. Bu Qanunun 35-1-ci maddəsinin İ və İİ hissələrində nəzərdə tutulmuş hallarda sürücülük vəsiqəsi dəyişdirildikdə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqəsi yeni sürücülük vəsiqəsi ilə birlikdə həmin şəxsə qaytarılır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş arayışlardan görünür ki, cavabdeh yol nəqliyyat hadisəsi törətdiyi vaxtdan etibarən bir aydan artıq müddətdə Azərbaycan Respublikasında olmuş, lakin sürücülük vəsiqəsini sürücülük vəsiqəsini yuxarıda qeyd edilən Qanunun 35-ci maddəsinin Vİ-Vİİİ hissələrində müəyyən edilmiş qaydada dəyişdirməmişdir. Belə olan halda, yəni sığorta hadisəsi işin mübahisə olunmayan hallarına əsasən sığorta olunan Cavabdeh1 qanunazidd hərəkətləri nəticəsində baş verdiyindən sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində (1220 manat) məhz ona qarşı subroqasiya hüququna malik olmuşdur. Beləliklə, işdə olan sübutlardan görünür ki, Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş, hadisə nəticəsində iddiaçı tərəfindən sığortalanmış avtomobilə ziyan dəymişdir. Cavabdeh isə etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(007)-270/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(007)- 270/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9720/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9720/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver