Məhkəmə qərarları › İş №2(103)-9722/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9722/2021

14.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9722/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-589/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil1 tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 53.061 ABŞ dolları və 17.760 manat məbləğdə pul vəsaitinin, 15.918 ABŞ dolları məbləğində faiz məbləğinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə 2014-cü ilin əvvəlində Bakı şəhərində tanış olmuşdur. Cavabdehlər ona Rusiya Federasiyasından topdan şin gətirib satdıqlarını bildirmişlər və ona “gəl səndə pul qoy Rusiya Federasiyasından topdan şin gətirək, sənində xeyrin olsun” bildirmişlər. O, cavabdehlərin bu təklifi ilə razılaşmışdır və 2014-cü ildə Ukrayna Respublikasından cavabdehlərin şin aldıqları Rusiya Federasiyasında yerləşən şirkətin hesabına köçürmə yolu ilə 174.316 ABŞ dolları pul köçürmüşdür. Cavabdehlər pulunu iki ay müddətinə qaytaracaqlarını və bu işdən onunda xeyrinin olacağını bildirmişlər. Təxminən iki ay sonra cavabdehlərdən bir xəbər çıxmadığından onlarla görüşərək pulunu geri tələb etmişdir. Cavabdeh2 şinləri gətirdiklərini, lakin şinləri paylamadıqlarını, şinləri payladıqdan sonra pulunu ödəyəcəklərini bildirmişlər. Bir neçə ay sonra pulu qaytırılmadığına görə yenidən cavabdehlərlə görüşərək pulunun dərhal ödənilməsini onlardan tələb etmişdir. Cavabdehlər pulunun müəyyən hissəsini hissə-hissə ona qaytarsalar da, pulunu tam həcmdə qaytarmamışlar. Cavabdehlər onu aldadaraq pulunu ödəmədiklərinə görə onlar barəsində şikayəti ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Qeyd olunan ərizəsi əsasında Yevlax rayon X2 Bölməsində araşdırma aparılmış və həmin araşdırma nəticəsində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27 yanvar 2020-ci il tarixli Qərar qəbul edilərək ona mülki qaydada məhkəməyə müraciət etməyi izah olunmuşdur. Həmin qərarla müəyyən edilmişdir ki, 2014-cü il tarixdə o, Cavabdeh1 və Cavabdeh2 ilə şifahi razılıq əsasında qazanc əldə etmək məqsədi ilə şərikli sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, həmin vaxt o, Ukrayna Respublikasından Rusiya Federasiyasında yerləşən şirkətin balansına 174.316 ABŞ dolları pul göndərmiş, həmin şirkətin Azərbaycan Respublikasına göndərdiyi avtomobil təkərlərini və yağları X1 və Cavabdeh2 qəbul etmişlər. Cavabdeh1 və Cavabdeh2 pulunun müəyyən hissəsini ödəmiş, onların ona 53.061 ABŞ dolları və 17.760 manat borcu qalmışdır. Göründüyü kimi cavabdehlərin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində ona maddi zərər vurulmuşdur. Eyni zamanda qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 pulunun qaytarılmasını gecikdirdikləri üçün, qaytarılmamış 53.061 ABŞ dolları məbləğin illik beş faizini ödəməyə borcludurlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 altı ildən artıq müddətdir ki, 53.061 ABŞ dolları məbləğində pulunu qaytarmadıqlarına görə, qanunvericiliyə əsasən 53.061 ABŞ dolları məbləğə altı il müddətinə illik beş faiz hesablanmaqla, ümumilikdə ona 15.918 ABŞ dolları məbləğində faiz ödəməlidirlər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada onun xeyrinə 53.061 ABŞ dolları və 17.760 manat məbləğdə pul vəsaitinin, 15.918 ABŞ dolları məbləğində faiz məbləğinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-589/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə 49.805 ABŞ dolları əsas, 14.111,45 ABŞ dolları faiz borcu, cəmi 63.916,45 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 22,10 AZN məbləğində pulun müştərək qaydada tutulması, ödənilmiş dövlət rüsumunun 7,90 manatının iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarında Vüqarın imzası ilə imzalanmış, öz əl yazması ilə qeydlər aparmış hesabat vərəqləri var. Həmin hesabat vərəqlərində qeyd edilənlərə nəzər salsaq, Vüqara 157.760 manat məbləğində yarı avtomabil şinləri və nağd pul verməyi bəlli olur. Avtomobil şinlərinin bazar qiyməti 350-400 manatdır. Şinləri 300 manat dəyərində hesablayaraq Vüqara vermişdir. Belə ki, hesablama nəticəsi ilə Vüqarın Rusiya Federasiyasında fəaliyyət göstərən zavoda köçürdüyü məbləği və əlavə olaraq qazancın iddiaçıya verməsi və ona heç bir borcunun olmaması sübuta yetirilir. Qeyd etdiklərinə və İddiaçı ilə aralarında rəsmi müqavilənin bağlanmadığına, rəsmi borc sənədinin olmamasına baxmayaraq, onun tələbində qeyd edilənlərin əksinə Vüqara verilməli olan pulun bir hissəsi nağd şəkildə, bir hissəsini isə mal şəklində vermişdir. Lakin, qanuna zidd olaraq, şəxsən ona bilavasitə heç bir pul vermədiyi halda zavodun hesabına köçürdüyü məbləği dollar şəklində və əlavə olaraq faiz məbləğini ondan tələb edir. Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-589/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-589/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə qətnamə qəbul edərkən heç bir mötəbər sübuta istinad edtməmişdir. İddiaçı tərəfindən heç bir imza və möhürün olmadığı avtomobil şinlərinin və satılmış yağların qiymətlərini əks etdirən yazıların olduğu kağızlar məhkəməyə təqdim olunmuşdur. Bu kağızda olan yazıların kim tərəfindən, hansı şəraitdə, nə zaman icra olunması ilə bağlı sübut yoxdur. İddiaçı təqdim etdiyi həmin yazılar yalnız onun mənafeyinə və iddia tələbinə uyğun icra olunduğna görə əsl həqiqəti əks etdirmir. Hesab edir ki, bununla əlaqədar mülki işin materialları əsasında məhkəmə mühasibarlıq ekspertizası keçirilməlidir. Bundan başqa iş materiallarında AMB X4.İnc-in məlumatına istinad edilmişdir. İddiaçı tərəfindən şirkətin hesabına 18.11.2014-cü il tarixdə 78.256,14 ABŞ dolları, 11.12.2014-cü il tarixdə 46.505,86 ABŞ dolları və 46.398 ABŞ dolları olmaqla, cəmi 171.160 ABŞ dolları pul keçirildiyi qeyd olunmuşdur. Halbuki, AMB X4.İnc-in məlumatında 18.11.2014-cü il tarixdə 78.256,14 ABŞ dolları, 11.12.2014-cü il tarixdə 46.505,86 ABŞ dolları pul vəsaitinin köçürüldüyü qeyd olunmuşdur. İddiaçının tələbi 174.316 ABŞ dolları ilə bağlı olduğu halda məhkəmə tələbi 171.160 ABŞ dolları kimi qəbul etmişdir. Halbu ki, bununla bağlı mütəxəssis rəyinə ehtiyac var idi. Bundan əlavə məhkəmə ödənilməmiş borcdan illik 5 faiz hesabalanmaqla 14.111,45 ABŞ dolları məbləğində faiz ödəməli olması barədə səhv qənaətə gəlmişdir. Əslində onlar şərikli biznes fəaliyyəti ilə məşqul olmuş, İddiaçı biznes fəaliyyəti ilə məşqul olub gəlir götürmək üçün RF-də olan şirkətin hesabına köçürdüyü pulun ona iki ay müddətinə qaytarılacağı barədə üzərlərinə heç bir öhdəlik götürməmişlər. İddiaçı dolların manata nisbətə məzənnəsi 0.78 manat olduğu zaman pul ödədiyi halda, məhkəmə dolların manata nisbətdə məzənnəsini 1.05 manat qəbul etməklə guya onların Vüqara borclarının olması qənaətinə gəlmişdir. Bundan başqa məhkəmə onların şərikli biznes fəaliyyəti ilə məşğul olmaqlarına baxmayaraq aralarındakı münasibəti kredit münasibəti kimi təhlil etmişdir. Əgər borc müqaviləsi ilə bağlı qanunvericilik normalarına istinad olunarsa İddiaçı iddia müddətini ötürmüşdür. Əgər iddiaçı borc vermişdirsə, onda nə üçün həm də 17.776 manat mənfəət tələb edirdi ? Məhkəmə bu hissədə iddianı təmin etməmişdir. Çünki həmin hissədə iddia təmin olunsa idi məhkəmə qəbul etmiş olardı ki, iddiaçı ilə aralarında olan münasibət kredit hüquq münasibəti deyil, şərikli biznes fəaliyyətindən yaranan münasibətdir ki, bu da şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərfındən gəlir) götürülməsi olan fəaliyyətdir. Həmin fəaliyyətlə məşğul olmaq üçün o, və Cavabdeh2 tərəfindən 120.000 manat yük daşıma və gömrük xərcləri çəkilmişdir. İddiaçılə aralarında kredit hüquq münasibətləri yaranmamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-589/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmim şəxsin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətlərini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətlərinin dəlillərinə üyğun çıxış edərək, apelyasiya şikayətlərinin təmin edilməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-589/2021 saylı, 26 may 2021ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə qarşı etiraz etdiklərini bildirdilər və iddia ərizəsində göstərilənlərə üyğun çıxış edərək, apelyasiya şikayətlərinin təmin edilməməsini, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 589/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldıqlarını bildirərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil3 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 çıxışını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan, İddiaçı ərizəsi əsasında Yevlax rayon X2 Bölməsində toplanmış HK-1/324 saylı material üzrə “Cinayət işi başlamasının rədd edilməsi haqqında” 27 yanvar 2020-ci il tarixdə qəbul olunmuş qərardan görünür ki, Cavabdeh2 və Cavabdeh1 əməllərində dələduzluq cinayətinin tərkibi olmadığından cinayət içinin başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, Cavabdeh1 izahatında göstərmişdir ki, İddiaçı ilə 2013-cü ilin ortalarında tanış olmuşdur. Bundan sonra Vüqar onun və Zahidin yük avtomobil şinlərinin satışı ilə məşğul olduqlarını bilərək onlara alıcı tapa biləcəyini demiş, onlar da Vüqarın tanışlarına bir neçə dəfə təkər satıb Vüqarı da satışdan olan gəlirlə maraqlandırmışlar. Vüqar da onlara tez-tez alıcı taparaq gəlir əldə etmişdir. Bundan sonra onlar Rusiya Federasiyasında olan inflyasiyanı nəzərə alıb Vüqara Rusiya Federasiyasından təkər alıb gətirməyi təklif etmiş, Vüqar da onlarla razılaşmışdır. Vüqar təkər alınması üçün Rusiya Federasiyasında olan şirkətin balansına pul köçürmüş, pul köçürüldükdən sonra təkərlər Bakı şəhərinə gəlmişdir. Təkərlərin bir hissəsi satıldıqdan sonra onlar əldə olunmuş pulları Vüqara vermişlər. 2014-cü ildə inflyasiya ilə əlaqədar bazarda durğunluq yaranmış, inflayasiyadan sonra Vüqar təkərlər üçün Rusiyaya göndərdiyi pulları onlardan istəmiş, onlarda müəyyən qədər pul, yağ və şinləri Vüqara vermişlər. Cavabdeh1 izahatında əlavə olaraq bildirmişdir ki, Vüqarla o və Zahid şərik olmuş, Vüqar təkər alınması üçün Rusiyaya 135.700 manat pul köçürmüş, həmin vaxt dolların məzənnəsi 1 dollar = 0,78 manat kimi olmuş, daha sonra dolların məzənnəsi qalxdıqdan sonra Vüqar onlardan dollar hesabı ilə pulunu geri istəmiş, onlar da manat hesabı ilə Vüqara olan borclarını qaytarmışlar. Vüqar müxtəlif orqanlara şikayət etdikdən sonra isə onlar qalan təkərləri də Vüqara vermişlər. Vüqarın Rusiyaya göndərmiş olduğu pulun müqabilində alınmış təkərlərin sayı təxminən 1200 ədədə yaxın olmuş, dollar qalxana yaxın onlar həmin təkərlərin təxminən 200 ədədini sataraq Vüqara cəmi 54.000 manat pul vermişlər.(İ.vər. 8 - 11) İş materiallarında olan, AMB X4, İnc-in məlumatından görünür ki, İddiaçı tərəfindən 18.11.2014-cü il tarixdə 78.256,14 ABŞ dolları, 11.12.2014-cü il tarixdə isə 46.505,86 ABŞ dolları ödəniş edilmişdir.(İ.vər. 65) Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə 2014-cü ilin əvvəlində Bakı şəhərində tanış olmuş, cavabdehlər ona Rusiya Federasiyasından topdan şin gətirib satdıqlarını bildirmişlər və ona da təklif etmişlər. İddiaçı cavabdehlərin bu təklifi ilə razılaşmış və 2014-cü ildə cavabdehlərin şin aldıqları Rusiya Federasiyasında yerləşən Ukrayna şirkətinin hesabına köçürmə yolu ilə 174.316 ABŞ dolları pul köçürmüşdür. Cavabdehlər pulunu iki ay müddətinə qaytaracaqlarını və bu işdən onunda xeyrinin olacağını bildirmişlər. Təxminən iki ay sonra cavabdehlərdən bir xəbər çıxmadığından İddiaçı onlarla görüşərək pulunu geri tələb etmiş, Cavabdeh2 şinləri gətirdiklərini, lakin şinləri paylamadıqlarını, şinləri payladıqdan sonra pulunu ödəyəcəklərini bildirmişlər. Bir neçə ay sonra pulu qaytarılmadığına görə İddiaçı yenidən cavabdehlərlə görüşərək pulunun dərhal ödənilməsini tələb etmiş, cavabdehlər pulun müəyyən hissəsini hissə-hissə ona qaytarsalar da, pulu tam həcmdə qaytarmamışlar. Cavabdehlər pulu ödəmədiklərinə görə İddiaçı şikayət ərizəsi ilə hüquq mühafizə orqanlarına müraciət etmiş, qeyd olunan ərizə əsasında Yevlax RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılmış və həmin araşdırma nəticəsində “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27 yanvar 2020-ci il tarixli qərar qəbul edilərək İddiaçı mülki qaydada məhkəməyə müraciət etməsi izah olunmuşdur. Həmin qərarla müəyyən edilmişdir ki, 2014-cü il tarixdə İddiaçı Cavabdeh1 və Cavabdeh2la şifahi razılıq əsasında qazanc əldə etmək məqsədi ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, həmin vaxt o, Ukrayna Respublikasından Rusiya Federasiyasında yerləşən şirkətin balansına 174.316 ABŞ dolları pul göndərmiş, həmin şirkətin Azərbaycan Respublikasına göndərdiyi avtomobil təkərlərini və yağları Cavabdeh1 və Cavabdeh2 qəbul etmişlər. Cavabdeh1 və Cavabdeh2 İddiaçı pulunun müəyyən hissəsini ödəmiş, cavabdehlərin İddiaçı 53.061 ABŞ dolları və 1.7760 manat borcu qalmışdır. Göründüyü kimi cavabdehlərin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində ona maddi zərər vurulmuş, nəticədə cavabdehlərin iddiaçıya borcları yaranmışdır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan nəticəyə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri başqa şəxsə zərər vurulmasıdır. Həmin Məcəllnin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin öədənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, yuxarıda qeyd edilən sübutlara və maddi hüquq normalarına əsaslanaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, aralarında olan razılığa əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı tərəfindən ödənilmiş pulu 2 aya qaytaracaqlarına dair öhdəlik götürmüş, lakin götürdükləri öhdəliyi tam yerinə yetirməmişlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 171.160 ABŞ dolları məbləğindən cavabdeh tərəfindən 54.300 manat nağd şəkildə, 73.018 (47050 manat təkər üçün və 25968 manat yağ üçün) manat isə mal şəklində, cəmi 127.318 manat, yəni 121.255 ABŞ dolları məbləğində ödəniş edilmişdir. Hazırda isə 49.905 ABŞ dolları məbləğində pul iddiaçıya ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin cavabdehlərdən müştərək qaydada faiz məbləğinin tutulması hissəsinə münasibətdə də birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göründüyü kimi Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətlərində istinad etdikləri hallarla bağlı apelyasiya şikayətlərinə heç bir sübut əlavə etməmişlər, apelyasiya məhkəməsinin iclasında iştirak edərkən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, Cavabdeh2 apelyasiya şikayətində İddiaçı verilməli olan pulun bir hissəsini nağd şəkildə, bir hissəsini isə mal şəklində verdiklərini, Cavabdeh1 isə apelyasiya şikayətində İddiaçı biznes fəaliyyəti ilə məşğul olub gəlir götürmək üçün RF-də olan şirkətin hesabına köçürdüyü pulun ona iki ay müddətinə qaytarılacağı barədə üzərlərinə heç bir öhdəlik götürməməsini bildirsələr də, göstərilən hallarla bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut təqdim edə bilməmişlər. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətlərində sadaladıqları dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətlərində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-589/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayətləri təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-589/2021 saylı, 26 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar