Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9736/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2162/2021 saylı, 12 iyul 2021-ci il tarixli qərardadından cavabdehin şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 500000,0 ABŞ dollarının bu günə olan manata məzənnəsi ilə 850000,0 manat maddi zərərin və 150000,0 manat məbləğində əldən çıxmış faydanın (mülki dövriyyə şəraitində dəymiş maddi zərərin istifadəsindən əldə edilən gəlir) iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı iddia təmin tədbiri barəsində vəsatət təqdim edərək, cavabdehə məxsus Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 3066, bina 40A, 88 saylı mənzilin üzərinə həbs qoyulmaqla həmin mənzilin 3-cü şəxslərin adlarına özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını və sözügedən vəsatətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2162/2021 saylı, 12 iyul 2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 3066, bina 40A, 88 saylı mənzilin üzərinə həbs qoyulması, həmin əmlakın özgəninkiləşdirilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi və qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh verdiyi şikayət Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 2162/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, pul tələbi məhziddianın predmeti ilə əlaqədardır, işiin mübahisəsiz halı ondan ibarətdir ki, iddianın predmeti 177968 manata satılıb, yəni iddianın ehtimallara və arzulara əsasən verildiyi aşkardır. Belə bir şəraitdə birinci instansiya məhkəməsinin iddianı təmin etmə tədbirini təmin etməsi başa düşülən deyil. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili şikayətin dəlillərini müdafiə edərək, əlavə olaraq bildirdi ki, həbs qoyulan mənzil cavabdehin mülkiyyətində deyil və belə olan halda iddiatəmin tədbiri barədə ərizə rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddianı təmin etmə tədbiri barədə ərizə rədd edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci, 158.1.2-ci və 158.1.3-cü maddələrinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək; və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun göstərilən müddəaları baxımından iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri prosessual-hüquqi tədbirdir, müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir, işə baxılarkən mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Həmçinin göstərilən normanın tələbləri baxımından müəyyən edilir ki, iddia təmin tədbiri kimi cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* çıxarışın surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 3066, bina 40A, 88 saylı mənzili Cavabdeh mülkiyyətindədir. Lakin iddia təmin tədbiri barədə qərardadın icrası ilə bağlı təqdim edilmiş məktubdan görünür ki, (i.v 264) Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 3066, bina 40A, 88 saylı mənzil X1 adına özəlləşdirilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 3066, bina 40A, 88 saylı mənzil X1 mülkiyyətindədir. (Qeydiyyat tarixi 10.05.2014) Göründüyü kimi iddia təmin tədbiri qismində üzərinə həbs qoyulması tələb edilən əmlak hazırda Cavabdeh mülkiyyətində olmamışdır. Cavabdehin mülkiyyətində olmayan əmlaka dair isə iddia təmin tədbiri qismində həbs qoyulması iddianı təmin tədbirlərinin məqsədinə və qanunvericiliklə müəyyənləşdirilmiş məzmununa uyğun hesab edilə bilməz. Göstərilənlərə əsasən Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia təmin tədbiri barədə ərizəni təmin edərkən Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 3066, bina 40A, 88 saylı mənzilin hazırki vaxtda cavabdehin mülkiyyətində olub-olmamasını araşdırmamış, apellyasiya baxışı zamanı isə həmin əmlaka dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış təqdim edilmiş və müəyyən edilmişdir ki, qeyd olunan əmlak cavabdehin mülkiyyətində olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2162/2021 saylı, 12 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməklə, iddiaçının iddianın təmin tədbiri barədə ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2162/2021 saylı, 12 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməklə yeni qərardad qəbul edilsin. Bakı şəhəri Binəqədi rayonu Cəfər Xəndan küçəsi 3066, bina 40A, 88 saylı mənzilin üzərinə həbs qoyulmaqla həmin mənzilin 3-cü şəxslərin adlarına özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə İddiaçı iddianın təmin tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-9736/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9736/2021
29.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver