Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-974/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1807/2024 nömrəli 03 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Yasamal RPİ İŞ-nin baş müstəntiqi, polis polkovnik-leytenantı V.M.Nəbiyevin 08 iyul 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarına əsasən İddiaçı 25 oktyabr 2022-ci il tarixdə Yasamal RPİ-yə ərizə ilə müraciət edərək, 23 iyun 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixədək olan müddətdə Bakı şəhəri Yasamal rayon ərazisində sosial şəbəkədən online olaraq tanıdığı Cavabdeh onun etibarından sui-istifadə edərək mənzili təmir etmək adı ilə 35.800 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmiş və Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir.
2. Toplanmış material araşdırılaraq tərəflərin izahatları alınmış, ekspert rəyi əldə olunmuş, həmin material üzrə cinayət təqibinin başlanması rədd edilmiş və şikayətçi İddiaçı iddiası ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməsi izah olunmuşdur.
3. Cavabdeh iddiaçıdan mənzilin təmiri ilə əlaqədar 34.800 manat pul vəsaiti almışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyan kimi (buraya tələb edilən pul, kirayə haqqı, rüsum və ekspertiza xərci kimi ödənilən pul və mənəvi zərər daxildir) 36.370 manat, mənəvi ziyan kimi isə 3.000 manat olmaqla, ümumilikdə 39.370 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 30.250 manat pul vəsaiti, 250 manat dövlət rüsumu və aparılmış ekspertiza tədqiqatına görə 100 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, o, cavabdehlə «Beşmərtəbə» ərazisində yerləşən kafedə tanış olmuşlar. Mahmud dəfələrlə müştəri kimi gəlib ona özünün böyük tikinti şirkətinin rəhbəri olduğunu bildirmişdir. Tanışlardan kiminsə təmirə ehtiyacı olarsa, kömək edəcəyini demişdir. Yasamal rayonu Həsən bəy Zərdabi prospekti ev 74 mənzil 99 ünvanda yerləşən mənzilini təmir etmək qərarına gəlmişdir. Cavabdehlə birlikdə təmir ediləcək mənzilə gəlmiş, baxış keçirmiş və razılaşmışlar. O, cavabdehə ayrı-ayrı vaxtlarda, qısa müddət ərzində 36.800 manat pul vermişdir. Bir qismini əlbəəl, bir qismini də kart hesabı ilə ödəmə etmişdir. Cavabdeh isə mənzildə demək olar ki, bu pulun müqabilində heç bir əsaslı iş görməmişdir. Əksinə təmir işi apararkən binanı qəzalı vəziyyətə salmışdır. Özü ilə dəfələrlə söhbəti olsa da, nəticəsi olmamışdır. Məcburiyyət qarşısında qalıb polisə müraciət etmişdir. Araşdırma aparılmışdır. Cavabdeh 30.000 manat pul aldığını etiraf etmiş və bildirmişdir ki, guya ki, pulları təmirə xərcləmişdir. Araşdırma zamanı məhkəmə tikinti texniki ekspertizası keçirilmişdir. Görülən işlərin ümumu dəyərinin 5.550 manat olması barədə rəy verilmişdir. Bir daha qeyd edir ki, o, cavabdehə 36.800 manat pul ödəmişdir. 6.800 manatın cavabdehə verilməsini təsdiq edən yazışmaları və digər sübutları məhkəməyə təqdim edəcək. Bundan əlavə xeyli müddətdir ki, cavabdehin təqsiri ucbatından kirayədə qalır. Halbuki cavabdeh ona qısa müddətdə mənzilin təmirini başa çatdıracağını demişdir. Bir ilə yaxındır ki, kirayədə qalır. Hər ay 530 manat kirayə haqqı ödəyir. 9 ay üçün bu məbləğ 4.770 manat təşkil edir. Bu pulu da hüquqi baxımdan cavabdeh ona ödəməlidir. Mülki qanunvericilikdə də bu hal nəzərdə tutulmuşdur. Qeyd edir ki, bir ilə yaxındır ki, əsəb və sarsıntılar keçirir. Bu halı sözlə ifadə etmək çətindir. Cavabdeh həm də ona dəymiş mənəvi ziyanı ödəməlidir. Mənəvi zərərin məbləğini 3.000 manat hesab edir. Bundan başqa onun tərəfindən iddia ərizəsinin verilməsi üçün 250 manat dövlət rüsumu ödənilmişdir. 100 manat da ekspertiza xərci ödəmişdir. Bu pullar da cavabdehdən alınıb ona verilməlidir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3514/2023 nömrəli xx.xx.2023-cü il tarixli qiyabi qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir.
8. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2(006)-1807/2024 saylı qərardadı ilə cavabdehin qiyabi qətnamənin ləğvi haqqında ərizəsi təmin edilmiş, Azərbaycan Respublikası MPM-nin 249-cu maddəsinə əsasən qiyabi qətnamə ləğv edilmiş və iş təzələnərək mahiyyəti üzrə baxılmağa təyin edilmişdir.
9. X2 ifadəsində bildirmişdir ki, o, dizaynerdir. Sözügedən evin layihəsi üzərində çalışmışdır. Layihə onun tərəfindən hazırlandığı üçün görüləcək işlər, bu işlərin görülməsi üçün tələb olunan materiallar onun tərəfindən müəyyən edildiyindən, bütün işlərdən məlumatlı olmuşdur. Təmir işlərinin aparılmasında heç bir problem olmamışdır. Sadəcə tərəflər arasında mübahisə yarandığı üçün bu işlər yarımçıq qalmışdır. Bütün işlərin görülməsinə, ustalara özü nəzarət etmişdir. Elektrikə materialın alınması üçün 2.500 manat, xidmət haqqı qismində isə 1.100 manat ödəniş edilmişdir. Söküntü işlərinə görə 3.000 manat məbləğində pul vəsaiti xərclənmişdir. Malyar işlərinə görə 2.000 manat, material üçün isə 1.000 manat, styaşka işinə görə 500 manat, bu işləri görən ustaya 500 manat, santexnikə materialın alınması üçün 3.000 manat, xidmət haqqına görə isə 1.200 manat, daşınma işlərinə görə 800 manat, yük qaldırma işlərinə görə 1.200 manat, işlərin görülməsi üçün əvvəlcədən alınmış ləvazimatlara görə isə 2.000 manat məbləğində vəsait xərclənmişdir. Onu da qeyd edir ki, mənzildə artıq işlərin yarısı görülmüşdür. İşlər görüldükcə o, mənzilə baş çəkmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri Yasamal rayonu 589cu məhəllə H.B.Zərdabi prospekti 74 saylı evin 99 saylı mənzilində aparılmış təmirtikinti işlərinin (ustaların əmək haqqı, sərf edilən və mənzildə qalan materialın qiyməti) təqribi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq 9.734,25 manat məbləğində olduğu müəyyən edilir. Materialın daşınması (nəqliyyat və yük qaldırıcı) xərclərinin dəyəri təqribən 700 manat məbləğində olduğu müəyyən edilir. Təmir üçün alınmış, lakin istifadə olunmadan saxlanılmış materialların təqribi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq 189,75 manat məbləğində olduğu müəyyən edilir. Tədqiq olunan mənzildə avadanlıqlar olmadığından məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə tədqiqat aparılmamışdır.
11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 03 oktyabr 2024-cü il tarixli 2(006)-1807/2024 nömrəli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia qismən təmin edilmiş, 24.176 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 154 manatının Cavabdeh İddiaçı xeyrinə tutulması, 100 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, əksinə sözügedən rəydə əks olunmuş məbləğlər digər rəylərdə olan məbləğlərlə müqayisədə daha inandırıcı olmaqla, real bazar qiymətlərinə daha uyğun gəldiyindən, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyi daxil olmuşdur. Həmin rəyə baxış keçirdikdə müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu 589-cu məhəllə H.B.Zərdabi prospekti 74 saylı evin 99 saylı mənzilində aparılmış təmir-tikinti işlərinin (ustaların əmək haqqı, sərf edilən və mənzildə qalan materialın qiyməti) təqribi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq 9.734,25 manat, materialın daşınması (nəqliyyat və yük qaldırıcı) xərclərinin dəyəri təqribən 700 manat, təmir üçün alınmış, lakin istifadə olunmadan saxlanılmış materialların təqribi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq 189,75 manat təşkil edir.
14. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edildiyi kimi, material üzrə digər şəxslərlə yanaşı X3 adlı şəxsin də izahatı alınmışdır. Həmin şəxsin izahatına görə o, "xxxx" MMC-də təchizat bölməsində rəhbər vəzifəsində çalışmaqla, şirkət olaraq xarici ölkələrdən müxtəlif çeşiddə olan kondisionerlərin alışı və həmin kondisionerlərin respublika üzrə fiziki və hüquqi şəxslərə aid kondisionerlərin quraşdırılması, təmiri və boru xətlərinin çəkilməsi ilə məşğuldurlar. Cavabdeh müraciəti əsasında Bakı şəhəri Yasamal rayonu Həsən bəy ünvan 1 ünvanda yerləşən mənzildə kondisionerin quraşdırılması ilə əlaqədar boru xətlərinin çəkilməsinə dair sifariş alınmış, görüləcək işlərin dəyəri ümumilikdə 6.928,50 manat məbləğində qiymətləndirilmiş və Cavabdeh tərəfindən onlara 3.966 manat məbləğində ödəniş edilməklə, qalıq qalmış məbləğin işlər yekunlaşdıqda ödəniləcəyinə dair aralarında razılıq əldə edilmişdir. Tərəflərindən Cavabdeh 3.966 manat məbləğində vəsaitin alınmasına baxmayaraq, icra etmiş olduqları işin dəyərinin 2.237 manat təşkil etdiyi və qalıq qalmış 1.729 manat məbləğində vəsaiti qaytarmağa hazır olduqlarını bildirmişlər.
15. Məhkəmə qeyd etmişdir ki, kondisionerin quraşdırılması ilə əlaqədar boru xətlərinin çəkilişi ilə bağlı müqavilə münasibətləri məhz şirkətlə Cavabdeh arasında yaranmışdır, iddiaçı bu işlərin görülməsində müqavilə tərəfi olmadığı üçün ödəmiş olduğu 4.800 manat vəsaiti məhz cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 752.1, 753.1, 756.1, 759.1, 759.2, 762.1 və 769.3 maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətində işin halları birinci instansiya məhkəməsinin qətnaməsinə uyğun sadalanaraq göstərilmişdir ki, iş üzrə aparılmış ekspertizada ekspert söküntü işlərini nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
20. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. O, bildirdi ki, mənzili özü – cavabdehin iştirakı olmadan təmirini başa çatdırmış və ora köçmüşdür. Mənzildə söküntü işləri aparılmamışdır. Belə ki, mənzil yeni tikilmiş binada yerləşməklə, təmirsiz olmuşdur. Daha əvvəl mənzildə yaşayış olmamışdır. Bu səbəbdən hər hansı söküntü işi görülməmişdir. Cavabdehə kondisionerlər quraşdırılması üçün 4.800 manat məbləğində pul ödəsə də, kondisionerlər quraşdırılmamış, boru xətləri çəkilməmiş, ümumiyyətlə bununla bağlı mənzildə heç bir iş görülməmişdir.
21. Cavabdeh isə məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin o, bu barədə hər hansı sənəd təqdim etməmişdir. İşə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq Mülki Məcəllə
22. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
23. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
24. Maddə 753.1 Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
25. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
26. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.
Mülki Prosessual Məcəllə
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Qətnamə cavabdehin apellyasiya şikayətinə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. Belə ki, tərəflər arasında iddiaçıya məxsus mənzildə təmir işlərinin həyata keçirilməsi ilə əlaqədar razılıq əldə edilmiş və əldə edilmiş razılığa görə hər bir tərəf müəyyən öhdəliklərin icrasını öz üzərinə götürmüşdür. Tərəflərdən Cavabdeh öhdəliyi ondan ibarət olmuşdur ki, Bakı şəhəri Yasamal rayonu Həsən bəy ünvan 1 ünvanda yerləşən mənzildə razılaşdırılmış təmir işlərini görsün, iddiaçı isə görülən işlərin əvəzini ödəsin. Mənzildə görüləcək işlərin dəyərini tərəflər 53.600 manat məbləğində razılaşdırmışlar. Sözügedən mənzildə təmir işlərinə başlansa da, görülmüş işlər razılığa uyğun həyata keçirilmədiyindən, iddiaçı öncə hüquq mühafizə orqanlarına, ardınca mübahisənin mülki xarakterli olması əsası ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
37. Cavabdeh pulu aldığını mübahisələndirməsə də, onun məbləği barədə nə birinci instansiya məhkməsində, nə də apellyasiya şikayətində konkret rəqəm açıqlamamışdır.
38. İddiaçı tərəfindən təqdim edilən və birinci instansiya məhkməsində tədqiq olunan tərəflər arasında aparılmış “WhatsApp” yazışmaları (mülki işin 35-36 səhifələri) mənzildə görülmüş işlərlə yanaşı həmin işlərə görə iddiaçı tərəfindən edilmiş ödənişlər haqqında məlumatları da özündə əks etdirmişdir.
39. Yazışmalarla müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ayrı-ayrı vaxtlarda ümumilikdə 30.000 manat məbləğində ödəniş edilməsindən sonra kondisionerin quraşdırılması ilə əlaqədar boru xətlərinin çəkilişi ilə bağlı əlavə olaraq 4.800 manat məbləğində ödəniş edilmişdir.
40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən mənzilində aparılmış təmir-tikinti işlərinin (ustaların əmək haqqı, sərf edilən və mənzildə qalan materialın qiyməti) təqribi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq 9.734,25 manat, materialın daşınması (nəqliyyat və yük qaldırıcı) xərclərinin dəyəri təqribən 700 manat, təmir üçün alınmış, lakin istifadə olunmadan saxlanılmış materialların təqribi dəyəri hazırki bazar qiymətlərinə uyğun olaraq 189,75 manat təşkil edir.
41. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilmişdir ki, X3 adlı şəxs "xxxx" MMC-də təchizat bölməsində rəhbər vəzifəsində çalışmaqla, şirkət olaraq xarici ölkələrdən müxtəlif çeşiddə olan kondisionerlərin alışı və həmin kondisionerlərin respublika üzrə fiziki və hüquqi şəxslərə aid kondisionerlərin quraşdırılması, təmiri və boru xətlərinin çəkilməsi ilə məşğuldurlar. Cavabdeh müraciəti əsasında mənzildə kondisionerin quraşdırılması ilə əlaqədar boru xətlərinin çəkilməsinə dair sifariş alınmış, görüləcək işlərin dəyəri ümumilikdə 6.928,50 manat məbləğində qiymətləndirilmiş və Cavabdeh tərəfindən onlara 3.966 manat məbləğində ödəniş edilməklə, qalıq qalmış məbləğin işlər yekunlaşdıqda ödəniləcəyinə dair aralarında razılıq əldə edilmişdir. Tərəflərindən Cavabdeh 3.966 manat məbləğində vəsaitin alınmasına baxmayaraq, icra etmiş olduqları işin dəyərinin 2.237 manat təşkil etdiyi və qalıq qalmış 1.729 manat məbləğində vəsaiti qaytarmağa hazır olduqlarını bildirmişlər.
42. Lakin iddiaçı mənzildə bu istiqamətdə heç bir iş görülmədiyini, mənzilin təmirini özü başa çatdırdığını və artıq orada yaşadığını qeyd edir.
43. Həmçinin, ekspertiza tədqiqatı zamanı da mənzildə kondisionerin quraşdırılması ilə bağlı hər hansı işin görülməsi (o cümlədən boru xətlərinin çəkilməsi) müəyyən olunmamışdır.
44. Belə olduqda qeyd edilən MMC ilə cavabdeh arasında mülki hüquqi münasibətlər yarandığını nəzərə alaraq, onlar arasında yaranmış mübahisənin iddiaçıya aidiyyəti müəyyən olunmur. İddiaçı kondisionerin alınıb quraşdırılmasını cavabdehə tapşırdığından, bu məqsədlə ödədiyi 4.800 manatı da ondan tələb etməkdə haqlıdır.
45. Cavabdehin apellyasiya şikayətində söküntü işlərinin ekspert rəyində nəzərə alınmaması dəlilinə münasibətdə kollegiya qeyd edir ki, mənzil təmirsiz olub və orada daha əvvəl yaşayış olmayıb. Belə olduqda isə hər hansı söküntü işinin aparılmasına zərurət yoxdur.
46. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur, cavabdehin dəlilləri əsassızdır.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1807/2024 nömrəli iş üzrə 03 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.