Məhkəmə qərarları › İş №2(103)-9742/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9742/2021

24.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9742/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı ərizəsinin icraata qəbul edilməsi məsələsinə baxmış Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi 06 avqust 2021-ci il tarixli qərardadından İddiaçı verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək xahiş etmişdir ki, ona məxsus 11 nəfər şəxsi qanunsuz olaraq qeydə almış Daxili İşlər Nazirliyi və ya 62 saylı Mənzil Kommunal İstismar İdarəsinə qarşı mülki iddia qaldırılsın, günahkar idarə rəhbərlərinə qarşı maddi və mənəvi ziyana görə 15.000 manat məbləğində təzminat tələbi açılsın. Ərizəsinin icraata qəbulu məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 06.08.2021-ci il tarixli qərardadı ilə ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, İddiaçı ərizəsi iddia ərizəsi kimi qiymətləndirilə bilməz, çünki ərizə iddia ərizəsinin formasına və məzmununa cavabdeh vermir, tələb aydın deyil. Bundan başqa İddiaçı dövlət rüsumu ödəməmişdir. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və ərizəsinə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qərardadı səhvdir, prosessual hüquq normalarının tələblərinə cavab vermir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 27.08.2021-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, İddiaçı ərizəsini qaytarılması barədə qərardadda Rayon Məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəalarına görə, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir (maddə 149.2.3.). İddia ərizəsinin MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (maddə 152.1.1.). Bununla bağlı Məhkəmə qeyd edir ki, Rayon Məhkəməsi İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri qaytarmaqla iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, həmin ərizəsinin məzmunundan görünür ki, İddiaçı tələbi qeyri-müəyyən olmaqla yanaşı, ərizədə cavabdehin (cavabdehlərin) kim olması, tələbin əsası, cavabdehin (cavabdehlərin) konkret hansı hərəkətləri etməli və ya hansı hərəkətləri etməkdən çəkinməli olması göstərilməmişdir. Bu hallar isə ərizənin qaytarılmasına əsas verir. Bundan başqa Məhkəmə qeyd edir ki, İddiaçı ərizənə dövlət rüsumunun ödənilməsi barədə qəbz də əlavə edilməmişdir ki, bu hal də ərizənin qaytarılmasına əsas verir. Çünki MPM-nin 152.1.5-ci maddəsinə görə, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlər nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi yuxarıdakılara əsaslanaraq İddiaçı ərizəsini qaytarmaqda haqlı olmuşdur. İddiaçı tərəfindən verilmiş şikayətin dəlilləri əsassızdır. Odur ki, Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 avqust 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar