Məhkəmə qərarları › İş №2(103)-9744/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9744/2021

16.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9744/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-98/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 8.189 manat məbləğində dəymiş ziyanın və 30,.40 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh idarə etdiyi “Mercedes C220CDİ” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomaşınla 21.01.2017-ci il tarixdə, saat 22:30 radələrində D.Bünyadzadə küçəsində yola bitişik ərazidə yanacaq doldurma məntəqəsindən çıxarkən hərəkətdə olan "xxxx" ASC-də Mİ-P-130011B24 saylı “fiziki şəxslərin sahibliyində olan minik avtomobillərin sığortası şəhadətnaməsi” üzrə sığortalanmış X1 etibarnamə əsasında idarə etdiyi “Seat Leon” markalı, ** VH *** dövlət qeydiyyat nişanlı minik avtomaşınını vuraraq yolnəqliyyat hadisəsi törətmişdir. (Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 30.06.2016-cı il tarixli, 04/08-6 saylı razılıq məktubuna əsasən "xxxx" ASC-nin aktiv sığorta müqavilələri üzrə portfeli "xxxx" ASC-yə ötürülmüşdür). 17 avqust 2018-ci il tarixli, 032017 saylı ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən X3 dəymiş zərərə görə 5.210 manat və 05.11.2019-cu il tarixli, 04036 saylı ödəniş tapşırığına əsasən 2.979 manat məbləğində dəbbə pulu ödənilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-98/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 5.210 (beş min iki yüz on) manat məbləğində subroqasiya qaydasında pulun və 30.40 manat (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 98/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsini qanunsuz və əsassızdır. Məhkəmə işdəki qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə, ekspert rəyinə məhəl qoymamaqla maddi və prosessual hüquq normalarının tələbini pozmuşdur. Dəymiş zərər məhkəmə ekspertizası ilə 4.535 manat məbləğində müəyyən edilmişdir. Buna baxmayaraq, birinci instansiya iddiaçı "xxxx" ASC iddianı İlham Qasımova qarşı qaldırmalı və artıq ödədiyi pulu geri tələb etməli olduğu halda ona qarşı 8.189 manat pulun tutulması barədə təkrar iddiasını qismən təmin etmişdir ki, bu da qanunsuzdur. Məhkəmə ən yaxşı halda onun İlham Qasımova vurduğu, ekspert rəyinə əsasən müəyyən edilmiş 4.535 manat zərəri tutmaq əvəzinə "xxxx" ASC-yə “dəymiş zərəri” yəni sonuncunun İlham Qasımova qanunsuz olaraq ödədiyi pul məbləğini ondan tutmaqla pozuntuya yol vermişdir. Məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına və tərəflərin hüquq münasibətlərinə uyğun olmamaqla qanunsuzdur, məhkəmə işdəki hüquqi faktlara dözgün qiymət verməməklə maddi və prosessual hüquq normalarının tələbini pozmuşdur. Apelyasiya şikayətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-98/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsinin iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmim şəxsin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-98/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Məhkəmə kollegiyası Cavabdeh izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Mİ-P-130011-B24 saylı, 22.02.2013-cü il tarixli “fiziki şəxslərin sahibliyində olan minik avtomobilin sığortası” şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Baş Polis İdarəsinin DYPİ-nin baş inspektoru Bəxtiyar Əhmədov tərəfindən tərtib edilmiş KYP seriyalı, 648384 saylı inzibati xəta haqqında protokolun təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh idarə etdiyi özünə məxsus “Mercedes C220” markalı, ** SL *** dövlət qeydiyyatlı nişanlı avtomobillə 21.01.2017-ci il tarixdə saat 22:30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü bəndinin tələbini pozaraq D.Bünyatzadə küçəsində yola bitişik ərazidən yanacaq doldurma məntəqəsindən yola çıxarkən D.Bünyatzadə küçəsi ilə hərəkət edən “Seat Leon” markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomaşına yol verməmiş, onunla toqquşmuş, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən, 40 manat məbləğində cərimə edilmişdir.(İ.vər. 8) İş materiallarında olan, X2 “Seat Leon” markalı, ** VH *** dövlət qeydiyyat nişanlı avtomobili 22.02.2013-cü il tarixdən 22.02.2018-ci il tarixinədək sığortalanmışdır. 22.02.2016 - 22.02.2017-ci il tarixləri üçün sığorta məbləği 14.215,50 manat, azadolma məbləği 250 manat təşkil edir.(İ.vər. 14) İş materiallarında olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2048/2017 saylı, 22 sentyabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 "xxxx" ASC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, "xxxx" ASC tərəfindən verilmiş Mİ-P-130011-B24 saylı, 22.02.2013cü il tarixli “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərin tam sığortası haqqında” şəhadətnaməsi (müqaviləsi) üzrə 5.210 manat sığorta ödənişinin cavabdeh "xxxx" ASCdən tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir.(İ.vər. 64 - 67) İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1835/2018 saylı, 31 yanvar 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2048 saylı iş üzrə, 22.09.2017-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, qətnamə "xxxx" ASC-yə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.(İ.vər. 69 - 78) İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 4382/2018 saylı, 04 iyul 2018-ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 31.01.2018-ci il tarixli, 2(103)-1835/18 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.(İ.vər. 79 - 85) İş materiallarında olan, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-231/2019 saylı, 07 yanvar 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, qətnamə ilə iddia qismən edilmiş, "xxxx" ASC-dən X2 xeyrinə sığorta ödənişinin verilməsi gecikdirildiyi üçün 2.949 manat məbləğində dəbbə pulunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir.(İ.vər. 50 - 53) İş materiallarında olan, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4411/2019 saylı, 11 aprel 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07.01.2019cu il tarixli, 2(009)-231/2019 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.(İ.vər. 54 - 58) İş materiallarında olan, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)5700/2019 saylı, 27.09.2019-cu il tarixli qərarının surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 11.04.2019-cu il tarixli, 2(103)-4411/2019 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.(İ.vər. 59 - 62) İş materiallarında olan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 2327/2017 saylı, 03 avqust 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı X2 xeyrinə 4.535 manat məbləğində vurulmuş zərərə görə pul vəsaiti və 30 manat dövlət rüsumunun əvəzinin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pulun Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.(İ.vər. 86 - 87) İş materiallarında olan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 aprel 2019cu il tarixli qərardadının surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03.08.2017-ci il tarixli, 2(010)-2327/2017 saylı qətnaməsi ilə Cavabdeh 4.535 manat vurulmuş zərərə görə iddiaçının xeyrinə tutulmuş puldan tələbkar X2 imtinası məhkəmə tərəfindən qəbul edilmiş, tələbkarın tələbindən imtinasının icra məmurunun qeyd edilən icra sənədi üzrə icraata həmin hissədə xitam verilməsi üçün əsas olduğu müəyyən edilmişdir.(İ.vər. 48) İş materiallarında olan, 04036 saylı, 05 noyabr 2019-cu il tarixli ödəniş tapşırığının təsdiq edilmiş surətindən görünür ki, "xxxx" ASC tərəfindən X2 hesabına 2.979 manat məbləğində pul ödənilmişdir.(İ.vər. 5) İş materiallarında olan, 03217 saylı, 17 avqust 2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X2 hesabına 5.210 manat məbləğində pul ödənilmişdir.(İ.vər. 6) Məhkəmə kollegiyası iddia tələbi ilə əlaqədar olaraq ilk öncə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları”-nin 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Məhkəmə kollegiyası hesab edir ki, nəqliyyat vasitələrinin toqquşmasının Cavabdeh hüquqa zidd hərəkətləri üzündən baş verməsi və qanunvericiliyin tələbinə əsasən cavabdehin məsuliyyət daşıması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin məhkəmənin gəldiyi nəticənin işin həqiqi hallarına və tərəflərin hüquq münasibətlərinə uyğun olmaması və məhkəmənin işdəki faktlara düzgün qiymət verməməsi ilə bağlı dəlillərinə münasibət bildirərərk qeyd edir ki, həmin ki, Cavabdeh apelyasiya şikayətində göstərdikləri həmin dəlilləri əsassızdır. Belə ki, cavabdeh apelyasiya şikayətində qeyd etdiyi hallarla bağlı hər hansı mötəbər sübutları apelyasiya şikayətinə əlavə etməmiş və apelyasiya məhkəməsinin iclasında iştirak edərkən şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir. Bundan başqa, Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-98/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən, Cavabdeh apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-98/2021 saylı, 26 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar