Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-976/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı, Cavabdeh2 (Alıev Nazim) Həmzə oğlunun nümayəndəsi, özü də cavabdeh olan Cavabdeh1 (Alıeva Aida) Həmzə qızının iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-2410/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 (Alıeva Aida) Həmzə qızına və Cavabdeh2 (Alıev Nazim) Həmzə oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 2.100 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, xx.xx.2018-ci il tarixdə qonşusu Gürcüstan vətəndaşı, müvəqqəti olaraq qardaşının mənzilində qeydiyyatda olan Cavabdeh1 ilə təsadüfən “Binə” Ticarət Mərkəzində görüşərkən ona ticarət mərkəzində işləyən Pakistan vətəndaşının norka xəzdəri paltoların (şuba) yalnız Azərbaycan vətəndaşlarına kreditlə satdığını bildirmiş və onun şəxsiyyət vəsiqəsi ilə 2800 manat dəyərində xəz dəri palto götürmək istədiyini, pulunu vaxtıvaxtında ödəyəcəyini bildirmişdir. O, razılaşaraq Pakistan vətəndaşı Əli Muhəbbətin işlətdiyi mağazaya gedərək vəsiqəni təqdim etmiş və xəz-dəri paltonu götürmüşdür. Bir neçə aydan sonra Cavabdeh1 ilə məhlədə görüşərkən, sonuncu ona qardaşı Cavabdeh2 həyat yoldaşından ayrıldığını və barışmaq üçün həyat yoldaşına paltaryuyan aldığını, onun isə qardaşının həyat yoldaşına xəz dəri palto götürmək istədiyini bildirmişdir. Aralarında razılaşdıqdan sonra onlar yenidən Pakistan vətəndaşından 2100 manat məbləğində ikinci norka xəz-dəri palto götürmüşdür. Cavabdeh1 paltonun pulunu ödəyəcəyinə söz versə də, ikinci xəz-dəri paltonun kreditini ödəməkdən boyun qaçırmış, o, özü məcbur olub pulun bir hissəsini ödəmiş, qalan pulu isə ödəyə bilməmişdir. Pulun ödənilməməsi səbəbini soruşanda isə cavabdeh işlətdiyi mağazada alverin çox zəif olduğunu bildirmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-2410/2020 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-2410/2020 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə iclaslarında iddiaçı dəfələrlə xahiş edib ki, mütləq şəkildə şikayət qismində Binə Ticarət Mərkəzində işləyən Xəz-dəri palto mağazasının direktoru Pakistan vətəndaşı Əli Məhhəbəti məhkəmə iclasına çağırılsın. Lakin onun xahişi yerinə yetirilməmişdir. Bundan əlavə, xahiş etmişdir ki, Cavabdeh2 məhkəmə iclasında cavabdeh kimi dindirilsin, lakin bu xahişi də yerinə yetirilməmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh1 qohumu Şəhla Məmmədova bildirmişdir ki, Cavabdeh1 onun mağazasında satıcı işləyirdi. Alver olmadığından, o, həmin mağazadan çıxmışdır. (Norka) şubanın pulu isə İddiaçı tərəfindən hissə-hissə verilirdi. Çünki Cavabdeh1 pulu verməkdən imtina etmişdir. İddiaçı qeyd edir ki, ikinci qrup Dağlıq Qarabağ əlilidir. Onun maddi imkanı yoxdur ki, dərman pullarına kimlərsə (Norko palto) geyinsinlər. Bu günə kimi də Pakistan vətəndaşı iddiaçıdan pul tələb edir. İddiaçı qeyd edir ki, xx xxxxxx 2020-ci il tarixdən Binəqədi rayon Məhkəməsinin qətnaməsi çıxarılıb. Bu necə olur ki, qətnamədə qeyd olunan kimi xx xxxxxxxx 2020-ci il tarixdə o məhkəmə iclasında iştirak edib. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə etdi, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 (Alıev Nazim) Həmzə oğlunun nümayəndəsi, özü də cavabdeh olan Cavabdeh1 (Alıeva Aida) Həmzə qızı apelyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edərək, izahatında qeyd etdi ki, o, 2016-cı ildən iddiaçı ilə qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamışlar. İddiaçı içki aludəçisi olduğu üçün, onlar ayrılmışlar. Bundan sonra cavabdeh ona böhtanlar atmağa başladı. Qeyd etmək istəyir ki, onlar birgə yaşıdıqları müddətdə Binə Ticarət Mərkəzindən o, özünə şuba almış, həmin şubanın pulunu ödəmişdir. İddiaçı onun qardaşına ikinci şuba almamışdır. İddiaçının dedikləri hamısı yalandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan, təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı ərizədə adı çəkilən xəz dəri paltonun dəyərini sonradan cavabdehin ona qaytarması şərti ilə ödədiyini bildirmişdir və öz tələblərinin hüquqi əsası kimi delikt öhdəliklər haqqında normalara- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.1, 1096 və 1097.1-ci maddələrinə istinad etmişdir. Zərər vurma üzrə mülki hüquqi məsuliyyətin yaranması üçün zərərin baş verməsi, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri müəyyən edilməlidir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. İddiaçı iddia tələbinin təmin edilməsini tələb etsə də, məhkəməyə istinad etdiyi halları sübut edən hər-hansı sübut təqdim etməmişdir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq kollegiya hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Qaradağ RPİ-nin 10-cu Polis Bölməsindən alınmış materialdan görünür ki, İddiaçı ərizəsində qeyd etmişdir ki, Cavabdeh1 (Alıeva Aida) Həmzə qızına 2500 manata şuba almışlar. Cavabdeh1 (Alıeva Aida) Həmzə qızı 2-3 aya həmin şubanın pulunu ödəmişdir. Bundan sonra yenidən 2100 manata şuba alaraq Cavabdeh1 (Alıeva Aida) Həmzə qızına vermiş, sonuncu şubanın pulunu ödəməmişdir. Cavabdeh1 (Alıeva Aida) Həmzə qızı izahatında qeyd etmişdir ki, 2016-cı ildən İddiaçı ilə qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamışlar. Onların münasibətləri pozulduqdan sonra, İddiaçı onun barəsində böhtan xarakterli məlumatlar yaymağa başlamışdır. Birgə yaşadıqları dövrdə birlikdə Binə Ticarət Mərkəzindən onun üçün şuba almışlar. O, özü şubanın pulunu ödəmişdir. Kollegiya qeyd edir ki, birinci şubanın alınması və onun pulunun cavabdeh tərəfindən ödənilməsi işin mübuhisəsiz halıdır. İddiaçı cavabdeh tərəfə ikinci dəfə xəz dəri paltonu verdiyini sübut etməlidir. Əgər bu hallar sübut olunarsa, o halda verilmiş əşyanın dəyərinin qaytarıldığını sübut etmə yükü cavabdeh tərəfə keçər. Nə qədər ki, hazırkı mübahisə üzrə Cavabdeh1 tərəfindən həmin paltonun alındığı müəyyən edilməmişdir, o halda, sübut etmə yükünün bölüşdürülməsi qaydasına uyğun olaraq ilkin olaraq məhz iddiaçı 2100 manat borcun qaldığını sübut etməlidir. Bu halların sübutu kimi iddiaçı öz izahatından başqa heç bir sübuta istinad etməmişdir. Kollegiya hesab edir ki, iddiaçı hər-hansı sübut təqdim etmədiyindən, izahatı ardıcıl və inandırıcı olmadığından onun tərəfindən irəli sürülmüş iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilə bilməz. Həmçinin məhkəmə digər Cavabdeh2 (Alıev Nazim) Həmzə oğluna münasibətdə qeyd etmişdir ki, iddia tələbi buna cavab verməli olmayan şəxsə qarşı irəli sürüldüyünə görə əslində heç sübutlar araşdırılmadan iddia rədd olunmalıdır. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Göründüyü kimi, hazırki iş üzrə iddia tələbi buna cavab verməli olmayan cavabdeh olan Cavabdeh2 qarşı irəli sürüldüyündən iddia tələbi Cavabdeh2 münasibətdə də əsassız olduğuna görə rədd edilməlidir. Beləliklə, iddiaçı borc kimi cavabdeh tərəfdə 2100 manat pul məbləğinin qaldığını sübut edə bilmədiyindən onun iddiası təmin edilməməlidir. Həmçinin nəzərə alınmalıdır ki, xəz dəri paltonun verilməsi sübuta yetirilmədiyi halda, cavabdehlərin üzərinə iddianı inkar etməyə yönəlmiş hər hansı sübutetmə yükü də qoyula bilməz. Çünki sübutetmə vəzifəsi prinsipcə pozitiv və baş vermiş halların təsdiq olunmasına yönəlmiş fəaliyyətdir, ona görə də bir qayda olaraq olmayan hadisələri yox, baş vermiş olan hadisələri sübut etmək mümkündür. İddia tələbini isə irəli sürən iddiaçıdır. Həmçinin iddiaçının məhkəmə iclaslarında verdiyi izahatdan aydın olmur ki, malın dəyəri nə qədər olmuş, cavabdeh fərz edilsə ki, ilkin qiyməti ödəmişdir bu hansı məbləğdə olmuşdur. Göstərilən hallar mövcud olmadığından məhkəmə iddiaçının izahatını sübutetmə vasitəsi kimi qəbul etmir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Kollegiya iddiaçının Pakistan vətəndaşının məhkəmə iclasına çağırılmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, sübutlar iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmamış, bununla bağlı məhkəməyə vəsatət verilməmişdir. Kollegiya iddiaçının məhkəmə iclasında Cavabdeh1 qohumu Şəhla Məmmədovanın izahat verməsi ilə bağlı qeyd etdiklərini əsassız hesab edərək, qeyd edir ki, qeyd olunan hal mülki iş materialları ilə müəyyən olunmur. İddiaçı qeyd etdiyi halla bağlı məhkəmə iclas protokoluna qeyd verməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-2410/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-976/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-976/2021
14.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver