Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9772/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məhərrəmova Şeyda Ədalət qızından və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi Quseynov Qasanın iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC və "xxxx" ASC cəlb edilməklə pul tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(005)-1565/2021 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" MMC və "xxxx" ASC cəlb edilməklə pul tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı2 10.000 manat, əldən çıxmış fayda 1.000 manat, maddi və mənəvi ziyana görə 5.000 manat və İddiaçı1 8.500 manat, əldən çıxmış fayda 850 manat, maddi və mənəvi ziyana görə 5.000 manat alınaraq onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, onlarla bir məhəllədə bir böyümüş Cavabdeh onlara 2018-ci ilin yanvar ayında iş birliyi qurmaq təklif etmişdir. Qeyd etmişdir ki, müəyyən sahəyə, yəni "xxxx" MMC-dən avtomaşınlar əldə edərək onları taksi fəaliyyəti ilə məşğul olmaq üçün müxtəlif şəxslərə verərək onlardan qazanc əldə etmək olar, iddiaçılar ona inanaraq iş birliyi qurmaq şərti ilə öz mülkləri olan avtomaşınları sataraq İddiaçı2 10.000 manat, İddiaçı1 isə 8.500 manat pulu cavabdehə vermişlər. İş birliyinin nəticəsi uzun müddət sürməmiş və onlara bir iki ay pul vermiş, lakin sonradan işin pisləşdiyini qeyd edərək qazancın olmadığını bildirmişdir. Onlar bunun nəticəsində pulu geri tələb edərək iş birliyinə son qoymasını tələb etmişlər. Sonuncu ona vaxt verilməsini xahiş etmiş, xahişini nəzərə alıb ailəsini, atasını və qardaşını yaxşı tanıdıqları üçün ona vaxt vermişlər, lakin vaxt keçdikcə pullarını geri qaytarmamışdır. Bundan sonra məhəllədə icarəyə götürdüyü ofisə gedərək pullarının geri qaytarılmasını tələb etmiş, yenə də onlara pulun qaytarılması barədə vəd vermiş və vaxt istəmişdir. Onlar buna inanaraq gözləmişlər, lakin yenə bir müddət keçdikdən sonra məlum olmuşdur ki, cavabdeh ofisi təhvil vermiş və oranı tərk etmiş, onların telefon zənglərinə cavab verməyərək qaçıb gizlənmişdir. Cavabdehin atası Arzudan dəfələrlə zəng edərək pullarının qaytarılmasını tələb etsələr də, o, pulların qaytarılacabını vəd etmiş. lakin sonradan telefon zənglərinə cavab verməmişdir. Cavabdehin qardaşı Fəridə də zəng edərək atası Arzu və qardaşı Cavidə onlarla əlaqə saxlanmasını xahiş etsə də, heç bir nəticə olmamışdır. Eyni zamanda Cavidin bu kimi cinayət epizodları çoxdur, başqa şəxslərdən pulun alınması və mənimsənilməsi halları artıq adi hala çevrilib və cəzasız qaldığına görə belə hallar təkrarlanır. Qeyd olunmalıdır ki, tərəflərindən Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə şikayət edilsə belə, bölmə işçiləri tərəfindən heç bir tədbir görülməmiş və materiallar Bakı şəhəri Nərimanov rayon Polis idarəsinin istintaq şöbəsinə göndərilmiş və orda da heç bir nəticə əldə edilməmiş, cinayət işinin başlanması rədd edilməsi barədə 04.07.2019-cu il tarixdə qərar qəbul edilmişdir. Onlar bundan sonra qəbul edilmiş qərardan Bakı şəhəri Nərimanov Rayon Prokurorluğuna şikayət etmişlər. Bakı şəhəri Nərimanov Rayon Prokurorluğu 04.07.2019-cu il tarixdə qəbul edilmiş qərarı ləğv edərək əlavə araşdırmanın aparılması üçün Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərmişdir, lakin yenə də bir nəticə əldə edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Polis idarəsinin istintaq şöbəsinin müstəntiqinin barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 6(005)69/2020 saylı 04.08.2020-ci il tarixli qərarı ilə 29.12.2019-cu il tarixli qərar qanunsuz hesab edilərək ləğv edilmişdir. Göndəriləndən sonra bu günədək müstəntiq Rəşad Həsənov heç bir araşdırma heç bir istintaq və ya axtarış tədbirləri görməmişdir. Onlar bundan başqa Bakı şəhəri Baş Polis İdarəsinə və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə də şikayətlər etmişlər. Bu İdarələr də onarın şikayətinə baxmamış və araşdırmanın aparılması üçün şikayətlərini Bakı şəhəri Nərimanov Rayon Polis idarəsinin İstintaq şöbəsinə göndərmişlər. Cavabdeh barəsində Bakı şəhər Baş Polis İdarəsi və Bakı şəhəri Səbail Rayon Polis İdarəsində müvafiq şikayətlər mövcuddur. Həmçinin, həmin şəxs barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olan "xxxx" MMC və "xxxx" ASC-də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışlar. Hesab edirlər ki, bu müddət ərzində onlara cavabdeh tərəfindən maddi və mənəvi ziyan vurulmuşdur. Bundan başqa iş birliyi qurmaq uçun yatırılan pulun əldən çıxmış faydası (5 faiz bank uçot dərəcəsi) da qeyd edilməlidir, çünki yatırılan pulun qazancı bu günə kimi olmamış və onlara ziyan dəymişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(005)- 1565/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən narazı qalan İddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə hərtərəfli, tam, obyektiv araşdırma aparılmadan çıxarılmış, məhkəmə iddiaçılar tərəfindən təqdim edilmiş sübutlara əhəmiyyət verməmişdir. Cavabdehlə aralarında olan yazışmalarda cavabdehin hər iki iddiaçıdan pulu alması və pulun cavabdeh tərəfindən qaytarılmaması aşkar olaraq sübut olunur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh iddiaçı ilə mobil rabitə vasitəsilə göndərilmiş ismarıcları sübut olaraq məhkəməyə təqdim etmişdir. Lakin həmin telefon nömrələri iddiaçıların özlərinin də etiraf etdiyi kimi, onların özlərinə məxsus olmuşdur və bu yazışmalar cavabdehlə aparılmamışdır. Cavabdeh həqiqətən də, iddiaçılarla eyni məhəllədə böyümüş, bir-birlərini tanımış və birgə iş qurmaq niyyətləri olmuşdur. Lakin bununla bağlı onların heç bir fəaliyyəti olmamış və cavabdeh iddiaçılardan pul almamışdır. Qeyd edir ki, həmin telefon yazışması hətta cavabdehlə aparılmış olsa belə, bu yazışmada kimin kimə və nə qədər borcu olması barədə hər hansı məlumat yoxdur. Ona görə də, işə baxan birinci instansiya məhkəməsi bu sübutu mötəbər hesab etməmiş və qətnamə qəbul edərkən ona istinad etməmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Qasan Quseynov izahatında onların İddiaçı2lə hər hansı müqavilə bağlamadıqlarını, bu şikayətin onlara aidiyyəti olmadığını, bu səbəbdən də apellyasiya şikayətinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış iddiaçılar məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin və üçüncü şəxsin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Nərimanov RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04.07.2019-cu il tarixli qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Nərimanov Rayon Prokurorluğunun 26.10.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı1 Tofiq oğlunun ərizəsi əsasında Nərimanov RPİ-nin istintaq şöbəsində toplanmış 698 saylı material üzrə müstəntiq Rəşad Həsənovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 16.03.2019-cu il tarixli qərarı ləğv edilmişdir. İş materiallarında olan Nərimanov Rayon Prokurorluğunun 26.10.2019-cu il tarixli qərarından görünür ki, İddiaçı2 ərizəsi əsasında Nərimanov RPl-nin istintaq şöbəsində toplanmış 697 saylı material üzrə müstəntiq Rəşad Həsənovun cinayət işinin başlanmasının rədd edilməsi barədə 04.07.2019-cu il tarixli qərarı ləğv edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 6 (005)69/2020 saylı, 04.08.2020-ci il tarixli qərarından görünür ki, Nərimanov RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı Həsənov Rəşad Şakir oğlunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29.12.2019-cu il tarixli qərarından İddiaçı2 və İddiaçı1 tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş İddiaçı2 və İddiaçı1 şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29.12.2019-cu il tarixli qərarı ləğv edilmiş, İddiaçı2 və İddiaçı1 şikayətində göstərdiyi xüsusatlarla bağlı əlavə araşdırma aparılması, qərarın icrasına nəzarətin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırılması qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.11.2020-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 14.11.2019-cu il tarixdə bağlanmış CAR-219 saylı daxili lizinq müqaviləsi ləğv edilmiş, Cavabdeh 14.11.2019-cu il tarixli CAR-2019 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15.11.2020-ci il tarixə 3406,22 manat gecikdirilmiş əsas borc, 11496 manat gecikdirilmiş faiz borcu və həmin günə hesablanmış 118 manat cərimə borcu, lizinq obyekti olan “Daewoo Gentra” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün 2090 manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 6759,18 manat pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx"MMC-nin xeyrinə tutulması qət edilmişdir. İddiaçı apellyasiya şikayətində cavabdehlə aralarında olan yazışmalarda cavabdehin hər iki iddiaçıdan pulu alması və pulun cavabdeh tərəfindən qaytarılmaması halının təsdiq edilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası həmin yazışmaları, onların həqiqətən tərəflər arasında aparılmasını müəyyən etmək mümkün olmadığından, sübut olaraq qəbul edilməz sayır. Belə ki, MPM-in 89.2-ci maddəsinə əsasən faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Mahmudov Rusiyaya qarşı iş üzrə 26.07.2007-ci il tarixli qərarında xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06.03.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). İddiaçı2 tələblərini qazanc məqsədi ilə qurulmuş iş birliyi üzrə 10.000 manat pulu cavabdehə vermələri, maddi və mənəvi zərərə uğramalarına cavabdehin öhdəliyini icra etməməsinin və verdikləri pulu geri qaytarmamasının səbəb olması ilə əsaslandırsalar da, bu barədə “əsaslı şübhədən kənar” sübut təqdim etməmişdir. İddiaçı2 eyni zamanda, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etsə də, fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin hərəkətləri nəticəsində baş verməsi, cavabdehin hərəkətləri ilə mənəvi zərər arasında səbəbli əlaqənin olmasına dair də hər hansı sübutu təqdim etməmişdir. İş üzrə sübutlarla tərəflərin qazanc məqsədi ilə iş birliyi qurmaları, bununla bağlı İddiaçı2 10.000 manat pulu cavabdehə verməsi, sonuncunun iddiaçılara hər hansı dövrlər arası qazanc üzrə ödəniş etmək öhdəliyi götürməsi, bununla da cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması, eləcə də həmin pozuntu nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin (Bundan sonra MM-in) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericilivin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respubilkası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qərarın 8-ci bəndində izah edilmişdir ki, MM-in 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizlıklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli 7 saylı Qərarının 6-cı bəndində izah edilmişdir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçılara birbaşa maddi və ya mənəvi zərər vurması və ya bu zərərlərin vurulmasına gətirib çıxaran hərəkətlərə yol verməsi sübut edilmədiyindən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmamış, düzgün tətbiq etmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmuşdur. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə məhkəmə kollegiysı yekun olaraq hesab edir ki, apellyasiya şikayətnin dəlilləri formal mülahizələrə əsaslandığından iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli, 2(005)- 1565/2021 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9772/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9772/2021
02.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver