Məhkəmə qərarları › İş №2(103)-9784/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9784/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9784/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh2 MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(004)-5184/2020 saylı qətnaməsindən Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər X1 və Cavabdeh2 MMC-dən müştərək qaydada iddiaçının xeyrinə 5000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, PST********** (AA968333) nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi üzrə sığortalanmış, Cavabdeh2 MMC-yə məxsus “LF7162C-620” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfındən idarə edilərkən 08.01.2014-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 221 ərazisində yolun səki hissəsində hərəkətsiz dayanmış “Mercedes Benz E-220 CDİ” minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-491/14 saylı 13.11.2014-cü il tarixli hökmünə və 7/12-9367 saylı 07.05.2014-cü il tarixli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan, etibarnaməsiz və sərxoş idarə etdiyi üçün inzibati və cinayət məsuliyyətə cəlb edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E-220 CDİ” minik markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Fortiz Konsaltinq” tərəfindən verilən 15.05.2014-cü il tarixli qüsur aktına əsasən dəymiş maddi zərərin ümumi məbləği 7033 manat dəyərində müəyyənləşdirilmişdir. Şirkət tərəfındən sığorta şəhadətnaməsində və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada sığorta hesablamaları həyata keçirildikdən sonra **********07538 nömrəli, 14.07.2014-cü il tarixli ödəniş tapşırığına əsasən zərərçəkənin bank hesabına 5000 manat köçürülmüşdür. Ona görə də iddiaçının səlahiyyətli nümayəndəsi məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(004)-5184/2020 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilərək, cavabdehlər X1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 5000 (beş min) manat məbləğində pul vəsaiti və 30,40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, onun qanunsuz və əsassız olduğu üçün qətnamənin Cavabdeh2 MMC-yə aid hissədə iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, LF7162C markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyətçi Cavabdeh2 MMC tərəfindən tam qanuni əsaslarla X4 təhvil verilmişdir. 22 iyun 2015-ci il tarixində yol nəqliyyat hadisəsi baş verən müddətdə avtomobilə qanuni əsaslarla sahiblik edən X8 qeyd olunan avtomobili heç bir qanuni əsas olmadan Cavabdeh1 vermişdir. Buradan da aydın olur ki, qeyd olunan hadisədə Cavabdeh2 MMC-nin hər-hansı birbaşa və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməli olmamışdır və hər hansı delikt törətməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə etdi, şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İş üzrə iddiaçı "xxxx" ASC-yə və cavabdeh X6 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh2 MMC-yə aid təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, Cavabdeh2 MMC qətnaməni özünə aid hissədə mübahisələndirmiş, digər cavabdeh X10 qətnamədən apellyasiya şikayəti verməmişdir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 1(004)-491/14 saylı, 13.11.2014-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh1 08.01.2014-cü il tarixdə sürücülük hüququ olmadan orta alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi “Aznur" MMC-yə məxsus, X2 istifadəsində olan LF7162C markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı maşınla ünvan 1 ünvanın qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 1 və 8-ci bəndlərinin, 42-ci maddəsinin 1-ci hissəsinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə tələblərinə riayət etməmiş, nəticədə qeyd olunan ünvanın qarşısında hərəkət yolunun əks istiqamətində hərəkətdə olan zaman X5 məxsus yolun səki hissəsində hərəkətsiz dayanmış “Mersedcs Benz E-220 CDİ” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq zərər çəkmiş M.Ağayevə 4474 manat, Cavabdeh2 MMC-yə 4200 manat məbləğində maddi ziyan vurmaqla yol hərəkəti qaydalanın pozmuşdur. Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək, 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan AA968333 nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinin surətindən görünür ki, “Aznur" MMC-yə məxsus “LF7162C” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 05.04.2013-cü il tarixdən 04.04.2014cü il tarixinədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. İş materiallarından Cavabdeh2 MMC tərəfindən 18.12.2013-cü ildə verilmiş etibarnamənin surətindən görünür ki, Cavabdeh2 MMC-nin mülkityyətində olan “LF7162C” markalı, ** PJ *** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi 18.03.2014-cü il tarixədək X4 etibar edilmişdir. İş materiallarına əlavə edilmiş “Fortiz Konsaltinq” tərəfindən verilmiş 15.05.2014-cü il tarixli qüsur aktın əsasən “Mercedes Benz E-220 CDİ” minik markalı, 90-SL488 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 7003 manat məbləğində məyyən edilmiş və 11.07.2014-cü il tarixli sığorta aktına 5000 manat məbləğində sığorta ödənişinin zərərçəkənə ödənilməsi qərara alınmışdır. **********07538 nömrəli 14.07.2014-cü il tarixli ödəniş tapşırğına əsasən sığorta şirkəti tərəfindən zərərçəkən şəxsin şəxsi hesabına 5000 manat məbləğində köçürmə həyata keçirilmişdir. Birinci instansiya məhkəməsi “Yol həoəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36, 81-ci maddələrinə, “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1ci hissəsinə, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 883.1, 1096.1, 1108.1, 1108.2-ci maddələrinə istinad eədərək, qeyd etmişdir ki, tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, yol-nəqliyyat hadisəsi baş verən zaman sürücü Cavabdeh1 avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmadığından, nəqliyyat vasitəsini orta alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyindən sığorta şirkətinin cavabdehlərə qarşı subraqasiya hüququ vardır. Göründüyü kimi, tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, “LF7162C” markalı, **- PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh2 MMC-yə məxsusdur və həmin nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi baş verən zaman X2 istifadəsində olmuş və sonuncu tərəfindən idarə olunması üçün sürücülük hüququ olmayan və orta alkoqol sərxoşluğu vəziyyətində olan Cavabdeh1 idarə olunması üçün verilmişdir. Cavabdeh1 təqsiri qüvvədə olan məhkəmə hökmü ilə müəyyən olunmuşdur. Kollegiya hesab edir ki, avtomobil qanuni əsaslarla X2 istifadəsində verildiyindən, avtomobilin sürücülük hüququ olmayan və orta alkoqol sərxoşluğu vəziyyətində olan Cavabdeh1 istifadəsinə verilməsinə görə Cavabdeh2 MMC hər hansı maddi məsuliyyət daşımadığından, birinci instansiya məhkəməsi iddianı Cavabdeh2 MMC-yə qarşı təmin etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə də, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12 noyabr 2020-ci il tarixli, 2(004)- 5184/2020 saylı qətnaməsi mübahisələndirilən- iddianın Cavabdeh2 MMC-yə aid təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh2 MMC-yə aid hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar