Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-979/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X2 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-876/2020 saylı, 28 fevral 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul və mənəvi zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh onun xeyrinə 7.800 manat əsas, 30 manat dövlət rüsumunun və 3.000 manat mənəvi ziyan olmaqla, cəmi 10.830 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X6 2015-ci ilin iyun ayının əvvəllərindən tanıyır. Cavabdeh özünün həkim-anestezioloq olması, ixtisasca həkim olan həyat yoldaşı Həmid Əmiraslanovla bir yerdə həkim işləməsi barədə yalan məlumat verərək, özünə və qaynanası Səidəyə qızıl lazım olduğunu bildirib, satılası qızıl əşyalarını ona satmağı xahiş etmişdir. O, cavabdehin onun həyat yoldaşı ilə bir yerdə işlədiyinə və onun sözlərinin həqiqiliyinə inanaraq, 2015-ci ilin iyun ayında cavabdehə hər biri 750 əyarlı olan 19 qram çəkidə, 1.000 manat dəyərində bir ədəd qızıl zəncir (kulonu ilə birlikdə), 18 qram çəkidə, 900 manat dəyərində bir cüt İtalya istehsalı olan qızıl sırğa, 20 qram çəkidə, 1.100 manat dəyərində bir ədəd İtalya istehsalı olan qızıl qolbaq, 18 qram çəkidə, 940 manat dəyərində bir ədəd italiya istehsalı olan qızıl qolbaq, 13 qram çəkidə, 700 manat dəyərində bir ədəd qızıl qolbaq, 55 qram çəkidə, 3.100 manat dəyərində ərəb istehsalı olan 1 ədəd qızıl dəsti (qiymətli qara qaşlarla bəzədilmiş sırğa-üzük, klon, zəncir), 15 qram çəkidə, 700 manat dəyərində bir cüt “Baltik” qızıl sırğa, 20 qram çəkidə, 1.000 manat dəyərində qızı Sevinc Şadlinskayaya məxsus bir ədəd qızıl sırğa-üzük dəsti, 40 manat dəyərində Türkiyə istehsalı olan bir ədəd qadın şalvarı, 30 manat dəyərində Türkiyə istehsalı olan bir ədəd uşaq paltarı, 20 manat dəyərində Türkiyə istehsalı olan bir ədəd qadın koftası, 70 manat dəyərində Türkiyə istehsalı olan iki ədəd kişi köynəyi vermişdir. Aralarında olan şifahi razılaşmaya görə cavabdeh ondan götürdüyü qızıl-zinət və sair əşyaların dəyəri olan 9.600 manat pulu hissə-hissə, lakin ayda 1.000 manatdan az olmayaraq ödəməsi öhdəliyini üzərinə götürmüşdür. Lakin o, həmin 9.600 manat puldan ona yalnız 2016-cı ilin yanvar ayında 500 manat, həmin ilin iyun ayında 400 manat, 2017ci ilin mart ayında 300 manat, həmin ilin noyabr ayında 300 manat və 2018-ci ilin yanvar ayında 300 manat ödəməklə, ümumilikdə 1.800 manat ödəmiş, 7.800 manat borclu qalmışdır. Cavabdeh Sevinc Mirzəyevanın onun etibarından sui-istifadə edərək 9.600 manat dəyərində qızıl-zinət əşyalarını dələduzluq məqsədi ilə mənimsəməsi barədə Bakı şəhəri Səbail rayon Polis idarəsinin 9-cu Polis Bölməsinə şikavət vermiş, təhqiqat zamanı ifadə verən cavabdeh ondan 9.600 manat dəyərində qızıl-zinət əşyalarını almasını etiraf etmişdir. Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin baş təhqiqatçısı X1 19.11.2015-ci il tarixli qərarı ilə şikayəti əsasında toplanmış 586 saylı material üzrə mülki xarakterli motivinə əsasən cinayət işinin qaldırılması rədd edilmişdir. Bundan başqa, Cavabdeh borcun vaxtında geri qaytarmamaqla ona mənəvi zərər da vurmuşdur. Belə ki, cavabdehin bu hərəkətləri nəticəsində o, bu günə kimi mənəvi sarsıntı və psixi cəhətdən rahatlığını itirərək iztirablar keçirir. Odur ki, cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərər 3.000 manat pul ilə əvəz edilməklə cavabdeh tərəfindən ona ödənilməlidir. İşə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılarkən məhkəmə öz təşəbbüsü ilə Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-876/2020 saylı, 28 fevral 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “pulun tutulması və vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayətləri vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 876/2020 saylı, 28 fevral 2020-ci il tarixli qətnaməsi qanunsuz, əsassız, ədalətsizdir və ona görə də ləğv olunmalıdır. Belə ki, Maraqlı şəxs həqiqətən Cavabdeh ona olan borcunu Həmid Əmiraslanov adlı şəxsə ödəməsini bildirmiş və bunun təsdiqi kimi Maraqlı şəxs tərəfindən məhkəməyə üzərində “Həmid müəllim” sözləri ilə başlanan əlyazma təqdim etmişdir. Cavabdeh məhkəməyə təqdim edilmiş əlyazmada göstərilmiş Həmid Əmiraslanov adlı şəxsin onun əri X7 olmasını sübut edə bilməmiş və əlyazmada göstərilmiş Həmid Əmiraslanov adlı şəxslə onun əri X3 eyni şəxs otmasını təsdiq edən dəlil gətirə bilməmişdir. Əri rəsmi olaraq məhkəməyə dəvət edilməmiş və izahatı alınmamışdır. Bundan başqa, Cavabdeh ona olan borcunu hansı səbəbdən və nəyə əsasən əri X4 ödənilməsini də (əyər həqiqətən də ödənilmişdirsə) əsaslandırmalı və məhkəmə baxışı zamanı sübut etməli idi. Lakin cavabdeh tərəf məhkəmə baxışı zamanı bunu edə bilməmişdir. Məhkəmə baxışı zamanı da, sübuta yetirilmişdir ki, Cavabdeh ona olan 7800 manat məbləğində borc nə onun özü, nədə ki, keçmiş qaynatası Maraqlı şəxs tərəfindən ona ödənilməmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-876/2020 saylı, 28 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6859/2020 nömrəli iş üzrə 23 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Məmmədov - sədrlik edən və məruzəçi, Ş.Məhərrəmova və R.Həsənov) İddiaçı apelyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 28 fevral 2020-ci il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması və vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasının qismən təmin edilməsi, 6.800 (altı min səkkiz yüz) manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, qeyd olunan dəftər cavabdehin iddiaçıya borcunun olması nəticəsinə gəlməyə imkan vermir. Çünki bu dəftərdəki qeydlər qeyri-dəqiqdir və hansı əsasla tərtib olunduğu aydın deyil. Həmin qeydlərin cavabdehin iddiaçıya olan borcunun ödənildiyini təsdiq etməsi müəyyən olunmur. Qeyd dəftərindən görünür ki, müəyyən məbləğlərin Həmid adlı şəxsə verilməsi və Elxan adlı şəxsdən alınması qeyd edilmiş və hər birində imza var. Lakin həmin məbləğlərin Cavabdeh aldığı əşyaların dəyəri kimi ödənilməsi məlum deyil. Beləliklə, cavabdeh iddiaçıya olan borcunun ödənilməsini təsdiq edə bilmir, borcun ödənilməsi ilə bağlı mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Halbuki, MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdehin təqdim etdiyi yeganə sübut qeyd olunan dəftərdir. Lakin yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, həmin dəftər cavabdehin borcunun ödənilməsini təsdiq edən sübut kimi qəbul oluna bilməz. Tərəflərin məhkəmələrə verdikləri izahatlardan məlum olur ki, tərəflər arasında alğısatqı münasibətləri yaranmış, cavabdeh iddiaçıdan müəyyən əşyalar almış və aldığı əşyaların dəyərinin hissə-hissə ödənilməsi ilə bağlı üzərinə öhdəlik götürmüş, lakin cavabdeh götürdüyü öhdəlikləri icra etmişdir. Məhkəmə tərəflər arasında mövcud mübahisənin həlli ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Hazırkı halda tərəflər arasında şifahi alğı-satqı müqaviləsi var. İddiaçı cavabdehə 9.600 manat dəyərində qızıl-zinət və geyim əşyaları satdığını bildirsə də, cavabdeh 8.600 manat məbləğində qızıl-zinət əşyalarını aldığını etiraf edir, digər hissədə iddianı qəbul etmir. İddiaçı daha artıq məbləğdə əşyaların satılmasını sübut edə bilmir. Buna görə də Məhkəmə hesab etmişdir ki, alğı-satqı müqaviləsi üzrə 8.600 manat məbləğində əşyaların cavabdehə satılması müəyyən olunur. Həmçinin, iddiaçı, iddia ərizəsində cavabdehin ümumi borcdan 1.800 manat məbləğində pulu ödədiyini təsdiq edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, cavabdehin iddiaçıya 6.800 manat borcu var. Apelyasiya instansiyası məhkəməsi iddiaçının pul tələbi üzrə gəldiyi hüquqi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1, 425.1, 567, 600, 601.1-ci maddələri ilə əsaslandırmişdir. İddiaçının cavabdehə qarşı irəli sürdüyü digər tələb-mənəvi ziyana görə ona vurulmuş 3.000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsindən ibarətdir. Məhkəmə iddiaçının bu dəlili ilə bağlı qeyd etmişdir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsiilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, “mənəvi zərər” anlayışı anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqların, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Göstərilənləri nəzərə alan Məhkəmə hesab etmişdir ki, iddiaçı ona mənəvi ziyan vurulmasını sübut edə bilməmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında borcun iddiaçının əri Həmid Əmiraslanova qaytarılmasını təsdiq edən yazılı sübut olmasına, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin məlumatına əsasən iddiaçı ilə 01.04.1943-cü il təvəllüdlü X7 arasında 28.09.1971-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində nikahın bağlandığına və iş materiallarında onların arasında bağlanmış nikahın pozulması, ayrı yaşamaları, barədə hər hansı məlumatın olmamasına baxmayaraq, apelyasiya instansiyası məhkəməsi bu halları nəzərə almamış, qəbul etdiyi qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 88, 217.1, 218.1, 417.1.3 və 418.3-cü maddələrinin tələblərinə əsasən hesab etmişdir ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığından qanuni və əsaslı sayıla bilməz. Kassasiya məhkəməsinin mövqeyinə görə, aşağıdakı əsaslara görə apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. (46-47) İşin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh dəyərini hissə-hissə ödəmək şərti ilə İddiaçı qızıl-zinət və geyim əşyaları almışdır. Lakin razılaşdıqları müddətlərdə həmin əşyaların dəyərini ödəməmişdir. Bununla bağlı iddiaçı Bakı şəhəri Səbail rayon Polis idarəsinə şikayət edərək, cavabdehə nisyə satdığı və ümumi dəyəri 8.600 manat olan əşyaların pulunu ondan geri ala bilmədiyini bildirmiş və bu məsələdə ona köməklik göstərilməsini xahiş etmişdir. Aparılmış araşdırmanın nəticələrinə dair qəbul edilmiş 19 noyabr 2015-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Qərara əsasən iddiaçının ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Hazırda iddiaçı cavabdehə hər ay 1.000 manat ödəmək şərti ilə ümumi dəyəri 9.600 manat olan qızıl-zinət və geyim əşyaları satdığını, ötən dövr ərzində bu məbləğin cəmi 1.800 manat hissəsinin ödənildiyini, qalan 7.800 manat pulun bugünədək ödənilmədiyini iddia edir və bu məbləğin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddiaçıdan ümumi dəyəri 9,600 manat deyil, 8.600 manat olan əşyaları nisyə şərtlərlə aldığını etiraf etmiş, lakin bu məbləğin tam olaraq, o cümlədən qaynatası Maraqlı şəxs vasitəsi ilə qaytardığını və hazırda ona hər hansı məbləğdə borcunun qalmadığını bildirmişdir. Üçüncü şəxs Maraqlı şəxs Cavabdeh İddiaçı olan borcunu şəxsən iddiaçının həyat yoldaşı X4 ödənişlərin hissə-hissə aparılmasını təsdiq edən dəftərdə qeydlər aparılmaqla qaytardığını və hazırda cavabdehin iddiaçıya hər hansı məbləğdə borcunun qalmadığını qeyd etmişdir. İddiaçının vəkili və nümayəndəsi Vəkil1 cavabdehin bu mövqeyini qəbul etməmiş, iddiaçının Həmid Əmiraslanov adlı ərinin olub-olmaması barədə məhkəməyə dəqiq məlumat verməmiş, iddiaçı tərəfindən “Əmiraslanov Həmid” adlı şəxsə cavabdehin ona olan borcunu almaq tapşırığının verilmədiyini bildirmiş, həmçinin, hazırda Azərbaycanda yalnız qeydiyyatda olan şəxslər arasında 10 nəfərdən çox “Əmiraslanov Həmid” adlı şəxsin olduğunu qeyd edərək, cavabdehdən bu şəxsin iddiaçının əri olmasının sübuta yetirilməsini, o cümlədən onun kimliyini müəyyənləşdirməklə şahid qismində məhkəməyə dəvət edilməsinin təmin edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin məlumatına əsasən iddiaçı ilə 01.04.1943-cü il təvəllüdlü X7 arasında 28.09.1971-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində nikah bağlanmışdır. Həmin şəxs barədə məlumatlar elektron məhkəmə portalından çıxarılmış və birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs Maraqlı şəxs bu məlumata əlavə edilmiş şəkildən X5 tanımış və pulları məhz bu şəxsə verdiyini bildirmişdir. Göründüyü kimi cavabdeh hazırkı iş üzrə mübahisə predmeti olan borcun qayınatası Maraqlı şəxs tərəfindən cavabdehin əri olan “Əmiraslanov Həmid” adlı şəxsə qaytarıldığını bildirərək bu halı təsdiq edən ödənişlərin hissə-hissə aparılmasını təsdiq edən dəftəri məhkəməyə təqdim etmişdir. Bununla bağlı iddiaçının dəlili ondan ibarət olmuşdur ki, onun tərəfindən “Əmiraslanov Həmid” adlı şəxsə cavabdehin ona olan borcunu almaq tapşırığı verilməmişdir. Həmçinin, hazırda Azərbaycanda yalnız qeydiyyatda olan şəxslər arasında 10 nəfərdən çox “Əmiraslanov Həmid” adlı şəxs vardır, ona görə də cavabdeh bu şəxsin iddiaçının əri olmasını sübuta yetirməli, o cümlədən onun kimliyini müəyyənləşdirməklə şahid qismində məhkəməyə dəvət edilməsini təmin etməlidir. Lakin apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni işin yuxarıda qeyd edilən hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmamış, nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnamədə dəftərdəki qeydlərin qeyri-dəqiq olmasına görə həmin dəftəri sübut kimi qəbul etmədiyini göstərdiyi halda bu qeyri-dəqiqliyin nədən ibarət olmasını göstərməmiş, dəftərin hansı əsasa görə tərtib edildiyi barədə izahatlar verilsə də nəyə görə bu izahatları qəbul etmədiyini göstərmədiyi halda öz mülahizəsinə əsasən dəftərin hansı əsasla tərtib edildiyinin aydın olmadığını göstərmişdir. Bundan başqa borc məbləğinin iddiaçının əri H.Əmiraslanova qaytarılması barədə borclunun və üçüncü şəxin izahatlarını və iddiaçı tərəfindən H.Əmiraslanovun şahid qismində məhkəmədə dindirilməsinin təmin edilməməsini nəzərə almadan apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, qaytarılan borc məbləğinin cavabdehin aldığı əşyaların dəyəri kimi ödənilməsi məlum deyildir. Məhkəmə kollehiyası qeyd edir ki, belə olan halda apelyasiya instansiyası məhkəməsi həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı və iddiaçıya əri Həmid Əmiraslanovun şahid qismində dəvət edilməsini təklif etməli, eyni zamanda iş materiallarında olan ödənişlərin hissə-hissə aparılmasını təsdiq edən dəftərdəki imzaların iddiaçının əri Həmid Əmiraslanova məxsus olub-olmamasını araşdırmalı olduğu halda, qeyd edilən hallarla bağlı araşdırma aparmamış və iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmayan qətnamə qəbul etmişdir. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Qeyd edilənlərə əsasən kassasiya instansiyası məhkəməsi qətnaməni ləğv edərək, yeni apelyasiya baxışına qaytarılmasını qərara almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin Qərarındakı göstərişləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilsədə, apelyasiya instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən, yəni pul tələbi hissəsində təmin edilmiş, mənəvi zərər hissəsində isə təmin edilməmişdir və iddia tələbinin təmin edilməyən hissəsi iddiaçı tərəfindən kassasiya qaydasında mübahisələndirilməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni pul tələbi hissəsində yоxlanılmalıdır. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən cavabdeh Bayram Allahverdiyevin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında İddiaçı verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirdi, iddia ərizəsində göstərdiklərinə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-876/2020 saylı, 28 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh və onun vəkili Vəkil2 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiklərini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 876/2020 saylı, 28 fevral 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq iş materiallarını araşıdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, mülki işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarından görünür ki, Cavabdeh dəyərini hissə-hissə ödəmək şərti ilə İddiaçı 8600 manat dəyərində qızılzinət və geyim əşyaları almışdır. İş materiallarında olan ödənişlərin hissə-hissə aparılmasını təsdiq edən dəftərdə pulları ödəyən şəxs qismində Maraqlı şəxs, pulları alan şəxs qismində isə Əmiraslanov Həmid (onun qızı) göstərilmiş və qeydlərin sonunda 8.600 manat pulun verildiyi göstərilməklə “bağlandı” sözü qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin məlumatına əsasən iddiaçı ilə 01.04.1943-cü il təvəllüdlü X7 arasında 28.09.1971-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində nikah bağlanmışdır. Həmin şəxs barədə məlumatlar elektron məhkəmə portalından çıxarılmış və birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs Maraqlı şəxs bu məlumata əlavə edilmiş şəkildən X5 tanımış və pulları məhz bu şəxsə verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, tərəflər arasında əşyanın nisyə satılması haqqında müqavilədən irəli gələn münasibətlər yaranmışdır. Həmin münasibətlər çərçivəsində iddiaçı cavabdehə hissə-hissə ödəmə şərti ilə ümumi dəyəri 8.600 manat olan əşyaları nisyə satmış və bu əşyaları cavabdehə təhvil vermişdir (İddiaçı bu əşyaların dəyərini manatla göstərir və ümumilikdə 9.600 manat dəyərində olduğunu iddia etsə də, bu halı sübuta yetirə bilmir. Məsələ ilə bağlı hüquqmühafizə orqanlarına etdiyi şikayətdə də əşyaların dəyərinin məhz 8.600 manat olduğunu bildirir. Cavabdeh də ümumi dəyərin 8.600 manat olduğunu göstərir. Bu səbəbdən məhkəmə əşyaların məhz 8.600 manat olduğu qənaətinə gəlir). Cavabdeh də bu əşyaları iddiaçıdan qəbul edərək, onların dəyərinin hissə-hissə ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Məhkəmə iddia tələbinin “pulun tutulması” hissəsi (əşyaların tam dəyərinin bugünədək ödənilməməsi) ilə bağlı qeyd etmişdir ki, cavabdeh iddiaçıdan nisyə aldığı əşyaların dəyərini keçmiş qaynatası Maraqlı şəxs tərəfindən iddiaçının əri Həmid Əmiraslanova tam olaraq ödənildiyini bildirir və bunun sübutu olaraq ödənişlərin hissəhissə aparılmasını təsdiq edən dəftəri təqdim edir. Həmin dəftərdə pulları qəbul edən şəxs qismində Maraqlı şəxs, pulları alan şəxs qismində isə Əmiraslanov Həmid (onun qızı) göstərilmiş və qeydlərin sonunda 8.600 manat pulun verildiyi göstərilməklə “bağlandı” sözü qeyd edilmişdir. İddiaçı tərəf (nümayəndə və vəkilin şəxsində) bu dəftəri qəbul etmir, iddiaçının Həmid Əmiraslanov adlı ərinin olması ilə bağlı məhkəməyə dəqiq məlumat vermir (halbuki, iddiaçı iddia ərizəsinin məzmununda da həyat yoldaşının adının Həmid Əmiraslanov olduğunu qeyd etmişdir) və iddiaçının belə bir şəxsə cavabdehdən pulları almaq barədə hər hansı tapşırıq vermədiyini vurğulayır. Lakin aparılmış araşdırma nəticəsində iddiaçının 28.09.1971-ci il tarixdən 01.04.1943-cü il təvəllüdlü X7 adlı şəxslə nikahda olduğu və cavabdehin iddiaçıya olan borcunun Maraqlı şəxs tərəfindən hər ay məhz bu şəxsə ödənildiyi müəyyən edilmişdir. Onların arasında bağlanmış nikahın pozulması, ayrı yaşamaları, habelə iddiaçının qızı ilə münasibətinin olmaması barədə hər hansı məlumat yoxdur. İddia ərizəsinin məzmununda da onların birgə təsərrüfat apardıqları öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə hesab edir ki, öhdəliyin icrasını qəbul edən Əmiraslanov Həmid bu məsələdə ixtiyarsız şəxs olmamış və öhdəliyin icrasını məhz iddiaçının buna razılıq verməsi nəticəsində qəbul etmişdir. Bununla belə məhkəmə qeyd edilən dəftərdə borcun məbləğinin, borcu alan və ödəyən şəxsin adının, icranın vaxtının, habelə digər aidiyyəti məlumatların göstərildiyini nəzərə alıb, bu dəftəri tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsindən irəli gələn öhdəliyin icrasının iddiaçı tərəfindən hissə-hissə qəbul edilməsini təsdiqləyən sənəd kimi (mötəbər sübut kimi) qəbul edib, hesab edir ki, iddiaçının bu müqavilədən irəli gələn tələb etmə hüququ cavabdeh tərəfindən tam olaraq qarşılanmışdır. X7 da iddiaçının buna razılığı əsasında bu öhdəliyin icrasını qəbul etmişdir. Başqa sözlə, cavabdeh iddiaçı qarşısında yaranmış öhdəliyini onun xeyrinə lazımınca icra etmiş, iddiaçı da bu icranı qəbul etmişdir. Bununla da onların arasında yaranmış münasibətlərdən irəli gələn öhdəliyə onun tam icrası əsası ilə xitam verilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırki iddiası cavabdehə nisyə satılmış qızıl-zinət əşyalarının qiymətinin sonradan artması nəticəsində məbləğdə yaranmış fərqin əvəzinin tutulması ilə bağlı olduğu təqdirdə də Mülki Məcəllənin 600.2-ci maddəsinin tələbləri baxımından əsassızdır və rədd edilməlidir. Məhkəmə, iddia üzrə “pulun tutulması” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəldiyini, iddia tələbinin “vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi” hissəsinin törəmə tələb olduğunu və bu hissənin təmin-olunub olunmamasının bilavasitə “pulun tutulması” hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia tələbi “vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi” hissəsində də əsassızdır və rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 433.2, 528, 529.1, 529.2, 529.3, 529.7, 600.2, 600.4, 601.1, 601.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə kollеgiyası hesab edir ki, cavabdehin iddiaçıya onların arasında yaranmış nisyə alqı-satqı münasibətlərindən irəli gələn hər hansı məbləğdə borcunun qalmaması və bu səbəbdən iddia tələbinin “pulun tutulması” hissəsində əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında məhz bu mövqeydən çıxış edir (“Mahmudov Rusiyaya qarşı”, “Qavazov Bolqarıstana qarşı” və sair işlər). Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apelyasiya şikayətində Cavabdeh ona olan 7800 manat məbləğində borcunun nə onun özü, nədə ki, keçmiş qaynatası Maraqlı şəxs tərəfindən ona ödəmədiyini göstərsə də, həmin pulun cavabdeh tərəfindən ödənilmədiyini sübuta yetirə bilməmişdir. Həmçinin kassasiya instansiya məhkəməsinin qərarına əsasən məhkəmə kollegiyası tərəfindən İddiaçı onun əri X3 dindirilməsi üçün məhkəməyə dəvət edilməsi təklif edilsə də, iddiaçı əri Həmid Əmiraslanovun hazırda xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğunu və məhkəmədə iştirakının mümkün olmayacağını bildirmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mənasına görə tələblərinin əsası kimi istinad etdiyi halları tərəf özü sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, İddiaçı apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin iddiaçı Bayram Allahverdiyevin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-876/2020 saylı, 28 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə İddiaçı apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-876/2020 saylı, 28 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-979/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-979/2022
09.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver