Məhkəmə qərarları › İş №2(103)-9797/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9797/2021

29.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9797/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4994/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı 21300 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçının Azərbaycan Respublikasının qanunlarına əməl etmədiyi, saxtakarlıq edərək vergi və gömrük rüsumlarını ödəməkdən yayındığı üçün və onun kimi Azərbaycan vətəndaşlarını aldadaraq pulunu mənimsədiyi üçün iddiaçının Azərbaycanda fəaliyyətinin qanuna uyğun olmadığı, onu aldatdığına, heç bir əsası olmadan onun vaxtını aldığına, işini yubatdığına görə yuxarıda sadalanan qanuni sənədləri ona təqdim etmədiyi üçün maddi və mənəvi təzminat olaraq ona 25 000 manat məbləğində pulun ödənilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4994/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərardadı ilə cavabdehin qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdeh tərəfindən qərardaddan verilmiş şikayət Məhkəmənin 03 sentyabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddia və onun iddiaçının nümayəndəsi və vəkili Vəkil şikayət ilə razılaşmayaraq ayrılıqda bildirdilər ki, qarşılıqlı iddia ərizəsi vaxtında verilməmişdir, məhkəmə də düzgün olaraq ərizəni geri qaytarmışdır, buna görə də şikayətin təmin edilməməsini xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qarşılıqlı iddia ərizəsi işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı əsasında əmələ gəlsin, lakin hazırki halda qarşılıqlı iddia ərizəsi işin baxılmasına başlandıqdan sonra, tərəflərin ilkin izahatları alındıqdan sonra verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinin tələbinə əsasən qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Yuxarıda qeyd olunanlardan da görünür ki, cavabdehin qarşılılıq iddia ərizəsi işə mahiyyəti üzrə baxılmasına başlanana qədər verilməmişdir. Bununla da müəyyən olunur ki, cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi vaxtında deyil, mahiyyəti üzrə araşdırma aparılması başlandıqdan, ilkin izahatlar alındıqdan sonra verilmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qənaətinə gəlməkdə haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 yanvar 2018-ci il tarixindən qüvvəyə minmiş) 31 oktyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının..., işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4994/2021 saylı, 24 avqust 2021-ci il tarixli qərardadı onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar