Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-980/2020 16.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndəiştirakı ilə İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinədair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 oktyabr 2019-cu il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və iddiaçı tərəfindən verilmişapellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi, sonradan isə tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Aqrar İslahat komissiyasının 10.06.1998-ci il tarixli 66 saylı qərarına əsasən Kənd Bələdiyyəsi tərəfindən ailə üzvlərinin və onun şəxsi mülkiyyətlərinə 2,12 ha torpaq sahəsinin (fındıq bağının) verildiyini, 30.03.2009-cu il tarixində ailəsinə məxsus 50 sot fındıq sahəsinə onlara rəsmi xəbərdarlıq edilmədən Cavabdeh ASC-nin əməkdaşları tərəfındən müdaxilə olunduğunu, fındıq sahəsinə texnika yeridilərək məhv edildiyini, 30.03.2009-cu il tarixindən etibarən 125 fındıq topasından ibarət olan fındıq bağından istifadə edib gəlir götürə bilmədiklərini, bununla onlara külli miqdarda ziyan vurulduöunu, Cavabdeh ASC-yə dəfələrlə müraciət edib danışıq aparılmasını və dəyən zərərin ödənilməsini xahiş etdiyini, ASC-nin 08.09.2009-cu il tarixli cavab məktubunda “su kəmərinin planına düşən torpaq sahəsi mövcud qanunvericiliyə müvafiq olaraq həll ediləcək və hər kəs razı qalacaqdır”, Oğuz rayon İcra Hakimiyyətinin ona ünvanladığı 02.10.2009-cu il tarixli məktubda “su kəmərinin planına düşən şəxsi mülkiyyətiniz dövlət ehtiyacları üçün torpaqların geri alınması qaydasına uyğun olaraq həll ediləcəkdir” bildirilməsinə baxmayaraq hüquqlarının bərpa olunmadığını, Oğuz rayon İcra Hakimiyyətinin 21.11.2007-ci il tarixli 02 saylı sərancamına əsasən Oğuz-Qəbələ-Bakı Su kəmərinin altına düşən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin qiymətləndirilməsi barəsində komissiya təşkil edildiyini, həmin komissiya tərəfindən onun fındıq bağı ilə əlaqədar akt tərtib olunaraq 2008-ci ildə su kəmərinin altına düşən 50 sot torpağının 10 837 manat dəyərləndirildiyini, halbuki ona və ailəsinə dəymiş ziyanın qat-qat artıq olduğunu irəli sürmüş, buna görə də 65 375 manat maddi, 45 000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (birinci instansiya məhkəməsi) 21 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən İddiaçı xeyrinə dəymiş maddi zərərin əvəzi kimi 0,44 ha torpaq sahəsinə görə hər sotu 1000 manatdan hesablanaraq 44 000 manat, 125 ədəd fındıq topasına görə hər biri 100 manat olmaqla 12 500 manat, əldən çıxmış faydaya görə 6000 manat, mənəvi zərərə görə 500 manat olmaqla cəmi 63 000 (altmış üç min) manat pul vəsaitinin tutulması, iddiaçının ödədiyi 30 manat dövlət rüsumunun 15 (on beş) manatının Cavabdeh ASC-dən tutularaq ona ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 160 (bir yüz altmış) manatın 80 (səksən) manatının iddiaçıdan, 80 (səksən) manatının Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və Cavabdeh ASC-dən xeyrinə maddi zərərin əvəzi qismində 0,4403 ha torpaq sahəsinə görə hər sotu 1000 manatdan hesablanmaqla 44 300 manatın, 125 ədəd fındıq topasına görə hər biri 100 manatdan hesablanmaqla 12 500 manatın, əldən çıxmış faydaya görə 66 000 manatın, mənəvi zərərə görə 49 500 manatın, yəni cəmi 172 300 manatın tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin əldən çıxmış fayda məbləğini qətnamə qəbul olunan dövrədək hesablamalı olduğu halda bunu etmədiyini, 0,4403 ha torpaq sahəsinin zəbt olunmasına baxmayaraq həmin rəqəmi 0,44 ha kimi qəbul edib ziyan məbləğini səhvən 300 manat azaltdığını, məhkəmə xərclərini düzgün olmayaraq onun üzərinə qoyduğunu, mənəvi zərərin məbləğini az müəyyənləşdirdiyini irəli sürmüşdür. Qətnamədən Cavabdeh ASC-nin nümayəndəsi tərəfindən də apellyasiya şikayəti verilərək onun ləğv olunması və iddia tələblərinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdeh ASC-nin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə Oğuz- Qəbələ-Bakı su kəmərinin keçdiyi torpaq sahələrinin mülkiyyət və ya istifadə hüquqlarının itirilməsi ilə bağlı mübahisələr üzrə Cavabdeh ASC-nin cavabdeh qismində çıxış etməli olub-olmadığını, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi ilə bağlı kəmərin keçdiyi torpaq sahələrinin mülkiyyət və ya istifadə hüquqlarının itirilməsi və ya məhdudlaşdırılması istiqamətində Cavabdeh ASC tərəfindən hər hansı qanunsuzluğa yol verilib-verilmədiyini aydınlaşdırmamış, bununla əlaqədar zəruri araşdırmanı həyata keçirməmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 972 saylı 25 avqust 2005-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının, o cümlədən Qəbələ, İsmayıllı, Oğuz və Şamaxı rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair” tədbirlər planının 1.1-ci bəndinə əsasən, Oğuz, Qəbələ rayonlarının ərazilərindən Bakı şəhərinə yeni su kəmərinin çəkilməsinə dair təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi Nazirlər Kabinetinə və Cavabdeh ASC-yə tapşırılmışdır. Azərbaycan Respublikası X8 2006-cı il büdcəsi barədə Azərbaycan Respublikası Prezidentinin 346 saylı, 28 dekabr 2005-ci il tarixli Fərmanının 5-ci bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, X8 vəsaiti hesabına maliyyələşdirilən Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsi ilə bağlı işlərin həyata keçirilməsi üçün sifarişçi təşkilatları Azərbaycan Respublikası Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin və digər məsələləri həll etsin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 42s saylı, 24 fevral 2006-cı il tarixli Sərəncamına əsasən isə, X8 vəsaiti hesabına maliyyələşdirilən “Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi” obyektinin sifarişçisi kimi Cavabdeh ASC müəyyən edilmişdir. Sözügedən layihə dövlət layihəsi olduğuna görə layihənin həyata keçirilməsi zamanı su kəmərinin altında və ya mühafizə zolağında qalan torpaq sahələrinin mülkiyyətçilərinə və istifadəçilərinə onların müvafiq hüquqlarının itirilməsi ilə bağlı kompensasiya verilməsi qanunvericiliyin torpaqların dövlət ehtiyacları üçün alınmasına dair müddəaları ilə həll olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6-cı maddəsində göstərilir ki, dövlət həmin məcəllədə və digər qanunvericilik aktlarında göstərilən qaydada torpaq sahələrinin dövlət ehtiyaclarının təmin edilməsi məqsədi ilə geri alınması səlahiyyətinə malikdir. Məcəllənin 70-ci maddəsinin 1-ci bəndinin tələblərinə əsasən, mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələri dövlət ehtiyacları üçün geri alına bilər. Həmin maddənin 3-cü bəndinə əsasən, mülkiyyətdə və icarədə olan torpaqların dövlət ehtiyacları üçün özgəninkiləşdirilməsi müvafiq icra hakimiyyətinin qərarı ilə həyata keçirilir. Məcəllənin 70-ci maddəsinin 4-cü hissəsinə əsasən, xüsusi mülkiyyətdə olan torpaqların dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və şərtlərlə yol verilir. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Mülki Məcəllənin 246.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Mülki Məcəllənin 246.5-ci maddəsinə əsasən, bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da şamil edilir. “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, torpaqları dövlət ehtiyacları üçün alan orqan bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. Həmin Qanunun 9.1ci maddəsinə əsasən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilir. Həmin qərarla alan orqan müəyyən edilir və torpağın alınması barədə qərarın qəbul edilməsinə hazırlıq başlanılır. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 382 nömrəli, 15 fevral 2011-ci il tarixli Fərmanının 1.1-ci bəndində göstərilir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində həmin nəzərdə tutulan “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Oğuz-Qəbələ-Bakı su kəməri ilə bağlı 211s nömrəli, 14 avqust 2009-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 6-cı maddəsinin 5-ci abzasına və 70-ci maddəsinin 8-ci bəndinə əsasən, Oğuz-Qəbələ-Bakı su kəmərinin və bununla əlaqədar olan digər qurğuların Oğuz rayonunun inzibati ərazisindəki hissəsinin mühafizə zolağında yerləşən və xüsusi mülkiyyətdə olan 781,53 hektar torpaq sahələrinin dövlət mülkiyyətindən eyni ölçüdə torpaq sahələri ilə əvəzləşdirilməsi (xüsusi mülkiyyətçilərə verilməsi) barədə Oğuz Rayon İcra Hakimiyyətinin və göstərilmiş bələdiyyələrin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış təkliflərini nəzərə alaraq qəbul edilmişdir. Nazirlər Kabinetinin bu qərarından göründüyü kimi iddiaçıların bu mülki iş üzrə iddia ərizəsində qaldırdığı məsələlər həmin qərarın əsasında və qərarda adı çəkilən təşkilatlar tərəfindən həll edilməlidir və Cavabdeh ASC müvafiq normativ hüquqi aktlarla Oğuz- Qəbələ-Bakı su kəmərinin çəkilməsi ilə bağlı sifarişçi təşkilat kimi müəyyən edilsə də, onun su kəmərinin çəkilişinin təsirinə məruz qalan torpaqların dövlət ehtiyacları üçün alınması və ya əvəzləşdirilməsi məsələsinə heç bir aidiyyəti və səlahiyyəti yoxdur. Başqa sözlə, Cavabdeh ASC Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi ilə bağlı su kəmərinin çəkilişinin təsirinə məruz qalan torpaqların dövlət ehtiyacları üçün alınması və ya əvəzləşdirilməsi məsələləri, müvafiq torpaq sahələrinin mülkiyyət və istifadə hüqularının itirilməsi və ya məhdudlaşdırılmasına görə kompensasiya ödənilməsi tələbləri üzrə cavabdeh qismində çıxış etməli deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 42s saylı 24 fevral 2006-cı il tarixli Sərəncamına əsasən, X8 vəsaiti hesabına maliyyələşdirilən “Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi” obyektinin sifarişçisi kimi Cavabdeh ASC müəyyən edilmişdir. Cavabdeh ASC müvafiq qanunvericilik aktları ilə üzərinə qoyulan vəzifələri icra edərək müəyyən edilmiş və razılaşdırılmış sənədlərə uyğun olaraq su kəmərinin çəkilməsini müvafiq qanunvericilik aktlarına əsasən həyata keçirmişdir. Başqa sözlə, onun bu sahədə fəaliyyəti hər hansı hüquq normasına zidd olmamışdır. Müvafiq olaraq bu fəaliyyətlə bağlı hər hansı təqsirlilik elementi mövcud deyildir. Göstərilənlər təsdiq edir ki, su kəmərinin çəkilməsi zamanı hər hansı torpaq istifadəçisi və mülkiyyətçisinə ziyan dəymişdirsə, yəni o, müvafiq torpaq sahəsinə münasibətdə mülkiyyət və ya istifadə hüququndan məhrum olmuşdursa, bu, Cavabdeh ASC-nin fəaliyyəti ilə bağlı olmamışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçı teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar gələ bilmədiyini bildirmiş və prosesin təxirə salınmasını xahiş etmiş, məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi isə öz apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları, prosesin təxirə salınmasını xahiş edən iddiaçının əsas kimi göstərdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi, eləcə də şikayətlərə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq, işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab olunmuşdur. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, аpеllyаsiyа şikаyətlərinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayətlər qismən təmin olunmalı, qətnamə iddiaçının xeyrinə tutulmasına qərar verilmiş maddi ziyanın məbləği ilə bağlı hissədə dəyişdirilməli, məhkəmə xərclərinin həmçinin iddiaçıdan tutulması, eləcə də onun xeyrinə mənəvi ziyanın tutulması ilə bağlı hissələrdə ləğv edilməli, digər hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, Oğuz rayonu Aqrar İslahat Komissiyasının 10.06.1998-ci il tarixli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 2,12 hektar torpaq sahəsi verilmiş və bununla bağlı kodu 40507018 olan JN seriyalı, 056F saylı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib olunmuşdur. İşin müəyyən olunmuş halı həmçinin ondan ibarətdir ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi ilə əlaqədar sözügedən torpaq sahəsinin 0,4403 ha hissəsi su kəmərinin mühafizə zolağının altına düşmüşdür. İddiaçı məhz yuxarıda qeyd edilən hala əsaslanmaqla hazırkı apellyasiya baxışının predmeti olan iddia tələbləri ilə məhkəməyə müraciət etmiş, iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının vəAzərbaycan Respublikası Mülki Məcəlləsinin mülkiyyətin müdafiəsi ilə bağlı müddəalarına (Konstitusiyanın 13 və 29-cu maddələri, Mülki Məcəllənin 21-ci, 157-ci, 247-ci, 248-ci maddələri), həmçinin “Torpağın Dövlət ehtiyacları üçün alınması” haqqında Qanuna istinad etmişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqları haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Hər həs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 247.1-ci maddəsinə əsasən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır:247.1.1. torpağın bazar qiymətinin müəyyən edilməsi;247.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə, bərpa qiymətinin müəyyən edilməsi. Məcəllənin 247.2-ci maddəsinə görə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət ehtiyacları üçün alınacaq hər hansı torpaqla bağlı kompensasiyanın məbləği müəyyən edilərkən, aşağıdakı amillər nəzərə alınır:247.2.1. iddiaçılara ödəniləcək kompensasiya elə prinsipə əsaslanmalıdır ki, torpaqlarını tərk etmələrinin və başqa yerə köçürülmələrinin tələb olunması ilə bağlı və onun nəticəsində zərər və narahatlıq çəkən bütün şəxslərin əmlakları, dolanışıq üçün vasitələri, gəlirləri, yaşayış standartları onların məruz qaldıqları zərər və narahatlığın baş verdiyindən sonra ağlabatan müddətdə, köçürülənədək malik olduqları şəraitdən əlverişsiz şəraitə düşməmələri baxımından bərpa edilsin;247.2.2. ödəniləcək kompensasiya qiymətləndirilərkən, mövcud inflyasiya;247.2.3. torpağın (tikilinin) “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilmiş bazar qiyməti;247.2.4. alınmanın təsirinə məruz qalan şəxsdən torpağın müəyyən hissəsinin alındığı hallarda alınan torpağın həmin şəxsin saxlanılan (alınmayan) torpağından ayrılması nəticəsində şəxsə dəyə biləcək zərər;247.2.5. alınmanın təsirinə məruz qalan şəxsdən torpağa sahibliyin əldə edilməsi nəticəsində həmin şəxsin digər daşınar və ya daşınmaz əmlakına, yaxud həqiqi gəlirinə dəyən və ya dəyə biləcək zərər;247.2.6. alınma nəticəsində şəxs yaşayış, sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi və ya iş yerini dəyişməyə məcbur edilmişdirsə, belə yerdəyişmədən irəli gələn bütün xərclər və itkilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1.1-ci maddəsinə əsasən, dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alına biləcəyi dövlət ehtiyacıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Həmin Məcəllənin 112-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslər torpaq qanunvericiliyini pozmaq nəticəsində vurduqları zərəri ödəməyə borcludurlar. İşin müəyyən olunan hallarına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 fevral 2006-cı il tarixli 42 S saylı Sərəncamı ilə Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi üçün dövlət sifarişçisi Cavabdeh ASC təyin edilmiş, Nazirlər Kabinetinin 14 avqust 2009cu il tarixli 211s nömrəli Sərəncamının 1-ci bəndinə əsasən isə, Torpaq Məcəlləsinin 6-cı maddəsinin beşinci abzasına və 70-ci maddəsinin 7-ci bəndinə əsasən Oğuz-Qəbələ- Bakı su kəmərinin və bununla əlaqədar olan digər qurğuların Oğuz rayonunun inzibati ərazisindəki hissəsinin mühafizə zolağında yerləşən və xüsusi mülkiyyətdə olan 781,53 hektar torpaq sahələrinin eyni ölçüdə torpaq sahələri ilə əvəzləşdirilməsi (xüsusi mülkiyyətçilərə verilməsi) üçün dövlət mülkiyyətindən torpaq sahələrinin verilməsi barədə Oğuz rayon İcra Hakimiyyətinin və müvafiq bələdiyyələrin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış təklifləri qəbul olunmuşdur. Göründüyü kimi, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi ilə əlaqədar torpaq sahələrinin alınması deyil, su kəmərinin və bununla əlaqədar olan digər qurğuların Oğuz rayonunun inzibati ərazisindəki hissəsinin mühafizə zolağında yerləşən və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin eyni ölçüdə torpaq sahələri ilə əvəzləşdirilməsi Oğuz Rayon İcra Hakimiyyətinə həvalə edilmiş, kəmərin tikintisi üçün dövlət sifarişçisi isə Cavabdeh ASC müəyyənləşdirilmişdir. Buna görə də kollegiya hesab edir ki, iddiaçıya kompensasiya verilmədən ona məxsus torpaq sahəsində sifarişçi Cavabdeh ASC tərəfindən layihənin həyata keçirilməsi istiqamətində işlərin görülməsinə və mülkiyyətçilərin faktiki olaraq öz mülkiyyətlərindən məhrum edilmələrinə görə məsuliyyət həmin ASC-nin üzərinə düşür və ASC-nin apellyasiya şikayətinin bununla bağlı dəlilləri əsaslı deyildir. Bu qənaətə gələrkən kollegiya xüsusilə nəzərə alır ki, Cavabdeh ASC-nin həmin arqumenti bənzər mübahisələr üzrə də araşdırma predmeti olmuş və qanuni qüvvəsini almış məhkəmə aktları ilə təkzib edilmişdir. Mülki Məcəllənin 247.4-cü maddəsinə görə, Dövlət ehtiyacları üçün alınan torpaqlara görə kompensasiya aşağıdakı formalarda ödənilir:247.4.1. itirilmiş torpaqla müqayisə ediləcək keyfiyyətə, ölçüyə, istehsal potensialına malik olan torpaq sahəsi;247.4.2. itirilmiş yaşayış sahəsi və ya tikili ilə müqayisə ediləcək keyfiyyətə, ölçüyə və istifadə imkanına malik olan yaşayış sahəsi və ya tikili;247.4.3. kənd təsərrüfatı torpaqları itirildikdə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan torpaqdan əlavə kənd təsərrüfatı torpağında istifadə etmək üçün bitkilər və toxumlar;247.4.4. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş ümumi istifadədə olan əmlakla bağlı təminatlar;247.4.5. torpaq və digər kapital itkisinə görə bu fəslin müddəalarına uyğun olaraq, müəyyən edilmiş məbləğdə birdəfəlik pul ödənişi;247.4.6. yerdəyişmə nəticəsində azalmış və ya itirilmiş gəlirin təmin edilməsi və ya əvəz edilməsi üçün müəyyən müddətə ödənişlər;247.4.7. itirilmiş torpaqda əldə edilən qida məhsullarının və ya əvvəllər belə qida məhsullarını əldə etmək üçün istifadə olunmuş itirilmiş gəlirin əvəzinə müəyyən müddət ərzində qida məhsulları ilə mütəmadi təchizat;247.4.8. yerdəyişmə nəticəsində itirilmiş iş imkanlarının əvəz edilməsi məqsədi ilə iş əldə etmək üçün alınmanın təsirinə məruz qalan şəxslərə yeni vərdişləri aşılamaqla və ya torpağın alınması layihəsi nəticəsində açılan iş imkanlarından istifadə etməklə əlaqədar təlimin təmin edilməsi;247.4.9. alınmanın təsirinə məruz qalan şəxslərlə alan orqan arasında müəyyən edilən və ya razılaşdırılan digər kompensasiya formaları. Həmin Məcəllənin 247.5-ci maddəsinə əsasən, alınmanın təsirinə məruz qalan şəxs ona ödənilməli kompensasiyanın bir və ya daha çox növünü seçə bilər. İş materiallarında olan, bənzər mübahisə üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, Bakı-Qəbələ-Oğuz su kəmərinin tikintisi ilə əlaqədar dövlət ehtiyacları üçün özgəninkiləşdirilən və iddiaçının torpaq sahəsinə yaxın ərazidə yerləşən sahələrin hər 0,01 hektarının 2009-cu ilin əvvəlləri üçün qiymətlərinə uyğun dəyəri 0,01ha/1000,0 (bir min) manat təşkil etmişdir (iddiaçı da torpağının məhz həmin qiymətdə olduğunu irəli sürmüşdür); hazırkı iş üzrə təyin edilmiş ekspertizanın rəyinə, həmçinin iş materiallarında olan akta görə isə, iddiaçının kəmərin altına düşən torpaq sahəsində tam məhsul dövründə olan 125 fındıq topası məhv edilmiş, məhsuldarlığı 8-15 kq arasında dəyişən fındıq topalarının məhvinə görə ona ümumilikdə 18 500 manat (6000 manat əldən çıxmış fayda qismində, 12 500 manat fındıq topalarına görə) ziyan dəymişdir. Kollegiya birinci instansiya məhkəməsinin mübahisənin həlli zamanı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2019-cu il tarixli rəyini əsas götürməsini düzgün hesab edir və rəyin kifayət qədər əsaslandırılmış və aydın olduğunu, həmçinin iş materiallarındakı digər sübutlarla ziddiyyət təşkil etmədiyini vurğulayır. Bununla belə kollegiya qeyd edir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin 0,4403 ha hissəsinin su kəmərinin mühafizə zolağının altına düşdüyünün müəyyən edilməsinə və bu halın mübahisəli olmamasına baxmayaraq, ekspert öz rəyində müvafiq sahəni 0,44 ha kimi göstərmiş, məhkəmə də həmin səhvi təkrarlayaraq torpaq sahəsinin qiymətini yanlışlıqla 44 000 manat hesablamışdır. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi müvafiq hissədə dəyişdirilməli, iddiaçıya və onun ailə üzvlərinə məxsus 0,4403 ha torpaq sahəsinin Bakı-Qəbələ-Oğuz su kəmərinin tikintisi ilə əlaqədar zəbt olunması ilə əlaqədar Cavabdeh ASC-dən iddiaçının xeyrinə tutulmalı olan kompensasiya həmin torpaq sahəsinin hər 0,01 ha-na görə 1000,0 (bir min) manat hesablanmaqla 44 300 (0,4403 ha x 1000 manat) manat məbləğində müəyyənləşdirilməlidir. İddiaçıya fındıq topalarına görə 12 500 manat pul ödənilməsi hissəsində kollegiya qətnaməni əsaslı hesab edərək vurğulayır ki, həmin iddia tələbi üzrə də iddiaya cavab verməli olan subyekt məhz “Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi” obyektinin sifarişçisi olan Cavabdeh ASC-dir. Belə ki, iş materialında olan, Cavabdeh ASC-nin baş mütəxəssisi X1, Oğuz rayon İH-nin Aqrar Məsələlər şöbəsinin məsləhətçisi X3, “Turan Xəzinədaroğlu” tikinti quraşdırma firmasının bölmə rəisi Ceməl Avslənəğzin, Sincan kənd İcra namayəndəsi X4 və həyətyanı sahənin sahibi İddiaçı tərtib etdikləri aktdan görünür ki, Oğuz-Qəbələ Bakı su kəmərininin inşası ilə əlaqədar iddiaçının sahəsində 125 ədəd fındıq topası kəməraltı əraziyə düşmüşdür. Qeyd edilən aktın həqiqiliyi Cavabdeh ASC tərəfindən mübahisələndirilməmiş, su kəmərinin çəkilişi zamanı iddiaçıya məxsus ən azı 125 ədəd fındıq topasının məhv edilməsi isə təkzib edilməmişdir. Cavabdeh ASC tərəfindən verilən apellyasiya şikayətində iddia tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin dəlillərində iddiaçının xeyrinə 12 500 manat (125 fındıq topasına görə hər biri 100 manat olmaqla) pul tutulmasına etiraz ümumiyyətlə əsaslandırılmamışdır. Yuxarıda qeyd olunduğu kimi, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2019-cu il tarixli rəyi ilə iddiaçıya məxsus torpaq sahəsində məhv edilmiş bir ədəd fındıq topasının şərti qiymətinin 100 manat olduğu müəyyən edilmişdir. Kollegiyanın qənaətinə görə, torpaqlar əvəz olunarkən bağ və həyətyanı torpaqlarda olan əmlakların əvəzinə hər hansı şəkildə kompensasiyanın verilməsinin konkret normativ sənəddə nəzərdə tutulmaması, bununla bağlı vəsaitin ayrılmaması, eləcə də alan orqanın müəyyən edilməməsi vurulmuş əmlak zərərinin əvəzinin tutulmasından imtina üçün əsas ola bilməz. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh ASCdən iddiaçının xeyrinə məhv edilmiş 125 ədəd fındıq topasına görə hər biri 100 manat olmaqla 12 500 manat pul tutmaqda haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əldən çıxmış fayda kimi iddiaçının xeyrinə 6000 manat pulun tutulmalı olduğu qənaətinə gəlməkdə də haqlı olmuşdur. İddiaçı apellyasiya şikayətində həmin məbləğin 1 il üçün deyil, ötən 11 il üçün hesablanmalı olduğunu irəli sürsə də, nəzərə alınmalıdır ki, onun müvafiq tələbi olmamış, maddi zərərlə bağlı iddia tələbinin həcmi isə ümumilikdə 65 375 manat təşkil etmişdir. İddiaçının xeyrinə torpaq sahəsi və fındıq topalarına görə ümumilikdə 56 800 manat pul tutulmalı olduğu qənaətinə gəlindiyini və Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin (Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır) tələbini nəzərə almaqla kollegiya qeyd edir ki, hazırkı icraat çərçivəsində iddiaçının əldən çıxmış faydasının ötən 11 illik müddət üçün hesablanması və şikayətində irəli sürdüyü kimi 66 000 manat müəyyənləşdirilməsi mümkün deyildir. Bu zaman həm də nəzərə alınmalıdır ki, apellyasiya baxışı zamanı iddiaçının bənzər tələblə hələ 2012-ci ilin əvvəllərində iddia qaldırmış olduğu və Cavabdeh ASC-dən 20 025 manat pul tələb etdiyi, lakin məhkəmə iclasına gəlmədiyi üçün iddiasının baxılmamış saxlandığı müəyyən olunmuşdur; hazırkı iddianı 8 il sonra qaldırmış olması isə ötən müddət üçün əldən çıxmış faydanın hesablanmasına əsas vermir. Bununla belə kollegiya, iddiaçının mənəvi ziyan tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir; belə ki, həmin tələb kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş, onun əsaslı olduğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarında da Plenum izah etmişdir ki, “...mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Digər tərəfdən, həmin qərarda həm də izah olunmuşdur ki, “mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər”. “Kletsova Rusiyaya qarşı” iş üzrə 12.04.2007-ci il tarixli X7 Hüquqları Məhkəməsi də mübahisənin mahiyyətini, pozuntunun xarakterini nəzərə alaraq iddiaçının iddiasının təmin edilməsi barədə məhkəmə aktının qəbul edilməsini mənəvi zərərin ödənilməsinin ədalətli kompensasiyası hesab etmişdir. Kollegiya cavabdeh müəssisənin hərəkətlərinin pozuntu kimi tanınaraq ondan iddiaçının xeyrinə maddi ziyanın tutulmasını ona dəydiyini irəli sürdüyü mənəvi ziyanın ədalətli kompensasiyası olduğunu hesab edir və göstərilən səbəbdən həmin hissədə iddianın təmin edilməməli olması qənaətinə gəlir. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi ödənilmiş məhkəmə xərclərini həmçinin iddiaçıya aid etməklə də düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsində məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi nəzərdə tutulmuşdur; buna əsasən isə məhkəmə xərcləri məhz iddiaçının hüquqlarının pozulmasına yol açmış (səbəb olmuş) cavabdehə aid olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə; 384.0.3-cü maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-109/2019 saylı iş üzrə 21 oktyabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh ASC-dən torpaq sahəsinə görə hər sotu 1000 manatdan hesablanaraq 44 000 manatıntutulması” hissəsində dəyişdirilsin. Cavabdeh ASC-dən 0,4403 ha torpaq sahəsinə görə İddiaçı xeyrinə tutulmalı olan məbləğ 44 300 (qırx dörd min üç yüz) manat müəyyənləşdirilsin. Qətnamə “iddiaçının ödədiyi 30 manat dövlət rüsumunun 15 (on beş) manatının Cavabdeh ASC-dən tutularaq ona ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 160 (bir yüz altmış) manatın 80 (səksən) manatının iddiaçıdan, 80 (səksən) manatının Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə keçirilməsi” hissələrində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia ərizəsini verərkən iddiaçının ödəmiş olduğu dövlət rüsumunun (bank xidmət haqqı ilə birlikdə) əvəzi qismində 31 (otuz bir) manat Cavabdeh ASC-dən alınaraq ona ödənilsin; keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 160 (yüz altmış) Cavabdeh ASCdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM VÖEN **********, X2, Kod 210005, VÖEN **********, M/h-AZ85NABZ********************, SWİFT-BİK CTREAZ22, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcin əvəzi olan 60 (altmış) manat Cavabdeh ASC-dən tutularaq “xxxx” MMC-nin hesabına (hesab №: AZ23AİİB**********3701778107, “xxxx” ASC-nin 1 saylı Xətai Filialı)köçürülsün. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamə “mənəvi zərərə görə 500 manatın Cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməsi” ilə bağlı hissədə ləğv olunsun və iddia tələbi həmin hissədə də təmin edilməsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verməsi üçün iddiaçının ödədiyi rüsumun əvəzi qismində 15,50 (on beş manat 40 qəpik) Cavabdeh ASC-dən alınaraq ona ödənilsin; Cavabdeh ASC-nin ödədiyi rüsum məbləği isə onun özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-980/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-980/2020
16.01.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver