Məhkəmə qərarları › İş №2(103)-9802/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9802/2019

27.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9802/2019 27.09.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində prosesə cəlb olunmuş QSC “xxxx” KB-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməklə ləğv olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə (Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsini və QSC “Bank Standart” KB-ni üçüncü şəxslər qismində göstərməklə) məhkəməyə müraciət edərək, əvvəllər X6, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə, Əliyeva Natəvan Adəm qızına, “xxxx” QSC-yə və X8 qarşı iddia qaldırmaqla ünvan 1 ünvanında yerləşən 0,0799 ha torpaq sahəsinə dair X4 mülkiyyət hüquqlarına dair xx.xx.2008-ci il tarixdə **********77 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın etibarsız hesab edilməsini və ********** nömrəli çıxarışın ləğv olunmasını tələb etdiyini, həmin iddia tələbini, sözügedən ünvanda yerləşən 378 kv.m torpaq sahəsinin Nərimanov Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 6 saylı protokolu əsasında 15 il müddətinə ona icarəyə verildiyi, xx.xx.2006-cı il tarixli 41 saylı müqaviləyə əsasən həmin vaxtdan mütəmadi olaraq tərəfindən hər il 302,40 manat icarə haqqı ödənildiyi, Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 374 nömrəli sərəncamı əsasında X6 onun istifadəsinə verilmiş torpaq sahəsində fərdi ev tikilməsinə dair sərəncam verdiyindən aralarında məhkəmə mübahisəsi başladığı, torpaq sahəsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində mübahisə getdiyi bir vaxtda X4 Nərimanov bələdiyyəsi ilə əlbir olub sənədləri saxtalaşdıraraq həmin vaxtda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində başqa bir hakimin icraatında iş başlatdığı, qanunsuz və əsassız qətnamə çıxarılmasına nail olduğu, həmin qətnamə hüquqlarına toxunduğundan onu mübahisələndirdiyi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə şikayətinin təmin edildiyi, həmçinin qətnamənin icrasında dönüş olunduğu, onun doğurduğu bütün hüquqi nəticələrin ləğv edildiyi, mübahisə ilə bağlı keçirilmiş bütün məhkəmə proseslərində iş üzrə bütün maraqlı şəxslərin, o cümlədən AR DTXK-nin Bakı şəhər şöbəsinin, Nərimanov Bələdiyyəsinin və X4 da iştirak etdikləri, bütün bunlara baxmayaraq, X4 məhkəmə qərarı ilə xx.xx.2008-ci il tarixli **********77 reyestr nömrəli ********** nömrəli çıxarış əsasında torpaq sahəsini əvvəl X8, daha sonra isə dolayı yolla xx.xx.2014-cü il tarixdə Cavabdeh satdığı, DƏDRX-nin Bakı şəhər Ərazi və DTXK-nin Bakı şəhər şöbəsinin əməkdaşlarının üzərlərinə düşən vəzifə borclarını yerinə yetirmədiklərini və X4 da bundan cinayətkarcasına sui-istifadə etdiyi, torpaq sahəsinə verilmiş hüquqi qüvvəsi olmayan çıxarışla alqı-satqı əməliyyatının aparıldığı, bu qanunsuz əməlləri yenidən məhkəmə müstəvisində mübahisələndirdiyi və nəticədə həmin çıxarışın ləğv olunduğu, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi əsasında daşınmaz əmlakın dövlət reyestrində X4 adına aparılmış mülkiyyətə dair qeydiyyatın etibarsız hesab edildiyi ilə əsaslandırdığını bildirmiş, mülkiyyətə dair X4 adına aparılmış qeydiyyat etibarsız hesab edildiyindən onun doğurduğu nəticələrin də ləğv edilməli olduğunu irəli sürməklə, ünvan 2 ünvanında yerləşən 0,0799 ha torpaq sahəsinin alqı-satqısına dair xx xxxxxx 2014-cü il tarixli AN-1 seriyalı ******* saylı müqavilənin və həmin müqavilə əsasında Cavabdeh adına verilmiş xx xxxxxx 2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın etibarsız hesab edilməklə ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmuşdur. Həmin qətnamədən X12 apellyasiya şikayəti verərək onun ləğv, iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin maddi və prosessual hüquq normalarını pozduğu, işə iştirakı olmadan baxdığı, sübutlara düzgün hüquqi qiymət vermədiyi, hüquq normasının tətbiqində səhvə yol verdiyi, mübahisəsi gedən əmlakın vicdanlı alıcısı olduğuna əhəmiyyət vermədiyi, müəyyən etdiyi hallar üzrə səhv nəticəyə gəldiyi və gəldiyi nəticəni ümumiyyətlə əsaslandırmadığı arqumentləri ilə əsaslandırmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Şəfa Camalzadə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, təmsil etdiyi şəxs mübahisəli torpaq sahəsinin dördüncü əldən vicdanlı alıcısı olmaqla sahəni QSC “xxxx” KB-dən alqı-satqı yoluyla dəyərini tam ödəyərək almış, torpağın ilkin mülkiyyətçisi olan Xıdır İbrahimovun adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsindən, ümumiyyətlə torpaq sahəsi ilə bağlı hər hansı mübahisənin mövcudluğundan məlumatı olmamışdır. Cavabdeh vicdanlı alıcı olduğu üçün, onun alıcı qismində tərəf olduğu xx xxxxxx 2014-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilə bilməz və müqavilə əsasında əldə etdiyi mülkiyyət hüquqları müdafiə olunmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən QSC “xxxx” KB-nin ləğvedicisinin nümayəndəsi Əfifə Əsgərova iddianın əsassız olduğunu və apellyasiya şikayətini müdafiə etdiklərini bildirərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı ərazi idarəsinin nümayəndəsi məhkəməyə gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə həmin qurumun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin bir dəlili də məhkəmə prosesləri barədə məlumatlandırılmamış olmasıdır; bu arqument isə birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının pozuntusuna yol veribvermədiyinin araşdırılmasını zəruri edir. İş materiallarında Cavabdeh məhkəmə iclaslarının yeri-vaxtı barəsində məlumatlandırılmasına dair heç bir sübut mövcud deyildir və belə görünür ki, məhkəmə, iclasın yeri və vaxtı barədə cavabdehi lazımi qaydada məlumatlandırmadan işə baxmaqla ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi əsasında həyata keçirilməli olduğuna dair təməl prinsipi pozmuşdur. Mülki Prosessual Məcəllənin 387.2.2-ci və 387.2.4-cü maddələrinə əsasən isə işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Digər tərəfdən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, iddia tələbinin mahiyyətini düzgün təhlil etməmişdir; halbuki, MPM-in 220-ci maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, Nərimanov rayon Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 06 saylı iclasının protokolu ilə ünvan 3 ünvanında yerləşən 378 kv.m torpaq sahəsinin İddiaçı tərəfindən istifadə edilməsi faktı təsdiq edilərək qeydə alınması qərara alınmış, həmin torpaq sahəsinə dair onunla 15 il müddətinə icarə müqaviləsinin bağlanması İqtisadi İnkişaf şöbəsinə tapşırılmış, xx.xx.2006-cı il tarixdə İddiaçıla Bakı şəhəri Nərimanov rayon Bələdiyyəsi arasında “Torpaq sahəsinin icarəyə verilməsinə dair” 41 saylı müqavilə bağlanmış və sözügedən ünvandakı 378 kv.m torpaq sahəsi 15 il müddətinə onun istifadəsinə verilmişdir. İşin müəyyən olunan digər halına görə, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 374 saylı sərəncamı ilə sözügedən ünvanda X9 tərəfindən fərdi evin tikintisinə icazə verilmiş, Nərimanov rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı iclasının “fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin vətəndaşın mülkiyyətinə verilməsi barəsində” protokoluna əsasən isə həmin ünvanda yerləşən 799 kv.m. torpaq sahəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmış layihəyə uyğun olaraq Xıdır İbrahimovun mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və qanuni qüvvəsini aldıqları mübahisələndirilməyən məhkəmə aktları ilə müəyyən edilmişdir ki, X4 Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı “vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərindən şikayətə dair” iddiasına Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmış, həmin məhkəmənin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Nərimanov rayon Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli aktına əsasən satılmış ünvan 5 ünvanında yerləşən 799 kv.m torpaq sahəsinə onun mülkiyyət hüququnun tanınması, Nərimanov rayon Bələdiyyəsi ilə Xıdır İbrahimov arasında bağlanmış torpağın alqısatqısına dair aktın təsdiq edilməsi, həmin sahəyə dair torpaq kadastr planının tərtib edilərək ona təqdim olunması qət edilmiş, qətnamə əsasında sözügedən torpaq sahəsinə dair Xıdır İbrahimovun adına xx.xx.2007-ci ildə “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmiş, bununla belə sözügedən qətnamə İddiaçı sonradan maraqlı şəxs qismində verdiyi apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2012-ci il tarixli qətnaməsi ilə ləğv edilərək Xıdır İbrahimovun iddiası rədd olunmuş və qətnamənin icrasından geriyə dönüş edilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə tapşırılmışdır. Həmin məhkəmə aktlarından aydın olur ki, Xıdır İbrahimov DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş **********77 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0799 ha torpaq sahəsini AN-İ seriyalı ******* nömrəli xx.xx.2009-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 200 000 manata satmış, sonuncunun həmin torpaq sahəsi üzərindəki mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla ona MH seriyalı ******* saylı çıxarış verilmişdir. Sözügedən məhkəmə aktları ilə həmçinin müəyyən olunmuşdur ki, İddiaçı mübahisəli torpaq sahəsinə dair Xıdır İbrahimovanın adına verilmiş xx.xx.2008-ci il tarixli **********77 reyestr nömrəli, 57116309 qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı məhkəmə qaydasında mübahisələndirmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin olunaraq, Xıdır İbrahimovun adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi qət edilmiş, həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (müvafiq olaraq Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1150/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3865/2018 saylı xx xxxx 2018-ci il qərarına əsasən). Həmin məhkəmə aktları ilə o cümlədən, mübahisəli torpaq sahəsinin Nərimanov Bələdiyyəsinə ayrılmış torpaq sahələrinin hüdudlarından kənarda yerləşməklə, dövlət mülkiyyətində qalan torpaq sahələrinə aid olduğu, Bələdiyyənin həmin torpaq sahəsi üzərində istifadə, sahiblik və sərəncam hüququnun olmadığı da müəyyən olunmuşdur. Apellyasiya baxışı zamanı həmçinin müəyyən olunmuşdur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qətnaməsi ilə Qapalı Səhmdar Cəmiyyəti “Bank Standart” X1rşı iddiası qismən təmin edilmiş, sonuncudan kredit borcunun tutularaq Banka verilməsi, həmin məbləğin ipoteka ilə yüklü edilmiş və Həsən Nəsirova məxsus ünvan 2-də yerləşən 0,0799 ha torpaq sahəsinin açıq hərracdan satılması hesabına ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq xx.xx.2012-ci il tarixdə icraya yönəldilmiş, keçirilmiş hərracların nəticəsində torpaq sahəsi Banka satılmış və xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə Bankın adına qeydiyyata alınmışdır. İşin müəyyən olunan halına görə, QSC “Bank Standart” KB AN-İ seriyalı ******* nömrəli xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mübahisə mövzusu olan sözügedən torpaq sahəsini 310 000 manata Cavabdeh satmış, sonuncunun həmin torpaq sahəsi üzərindəki mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla ona xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarış verilmişdir. İş materiallarından həmçinin aydın olur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə Həsən Nəsirovun iddiası qismən təmin edilərək mübahisəli torpaq sahəsinə dair “xxxx” MMC tərəfindən tərtib edilmiş “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında” xx.xx.2012-ci il tarixli hesabatın ləğv edilməsi, “X2 Mərkəzi” MMC tərəfindən xx.xx.2013-cü il tarixdə keçirilən hərracın və onun nəticələri haqqında Y-38 nömrəli protokolun etibarsız, banka verilmiş xx.xx.2014-cü il tarixli çıxarışın, bankla Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh verilmiş çıxarışın ləğv edilməsi, Həsən Nəsirovun torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa edilməsi qət olunmuş, iddia qalan hissədə təmin edilməmişdir; Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti tam, bankın apellyasiya şikayəti isə qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi - iddianın təmin olunmuş hissəsində qismən, yəni “mübahisəli torpaq sahəsinə dair QSC “Bank Standart” KB-na verilmiş xx.xx.2014-cü il tarixli çıxarışın, bankla Cavabdeh arasında bağlanmış, xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin və həmin alqı-satqı müqaviləsi əsasında sonuncuya verilmiş çıxarışın ləğv edilməsi, Həsən Nəsirovun torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının bərpa olunması” hissələrində ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən aydın olur ki, apellyasiya instansiyası Cavabdeh mübahisəli torpaq sahəsini əldə edərkən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrindən verilmiş müvafiq çıxarışa əsasən bankın mülkiyyətində olduğunu, onlar arasında xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanarkən reyestrdə əmlak üzərində yüklülük, habelə reyestrdəki qeydə dair etirazın qeydə alınmadığını vurğulamaqla onu əmlakın vicdanlı alıcısı hesab etmiş, əldə etdiyi mülkiyyət hüququnun müdafiə edilməli olması nəticəsinə gəlmişdir. İddiaçı, mübahisəli torpaq sahəsinin etibarsız hesab edilmiş qeydiyyat və çıxarış əsasında əvvəlcə Həsən Nəsirova, daha sonra isə dolaylı yolla Cavabdeh satıldığını, həmin alqı-satqı əməliyyatlarının hüquqi qüvvəsi olmayan çıxarışla aparıldığını, Xıdır İbrahimovun adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsi səbəbindən onun doğurduğu nəticələrin də ləğv edilməli olduğunu iddia etməklə hazırkı iddia tələblərini irəli sürmüşdür. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi alqı-satqı müqaviləsinin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlandığı, habelə bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olduğu mübahisə mövzusu deyildir, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə ümumiyyətlə irəli sürülməmişdir. Nəzərə alınmalıdır ki, mübahisəli torpaq sahəsi ilkin olaraq Xıdır İbrahimovun adına mülkiyyət hüququ üzrə qeydə alındıqdan sonra onun barəsində sonuncu ilə Həsən Nəsirov arasında xx.xx.2009-cu il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, bundan sonra Həsən Nəsirov bankdan götürdüyü kreditin təminatı kimi mülkiyyətində olan həmin əmlakı bank qarşısında ipoteka ilə yüklü etmiş, krediti ödəyə bilmədiyindən əleyhinə qətnamə çıxarılaraq icraya yönəldilmiş, keçirilmiş hərracların nəticəsində torpaq sahəsi banka satılmış və məhz bundan sonra bank mülkiyyətindəki sözügedən torpaq sahəsini notarial qaydada bağlanmış xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh satmışdır. Göründüyü kimi, mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən məhz bankın mülkiyyətində olmuş və o (Bank), mülkiyyətində olan daşınmaz əmlaka dair müvafiq əqdi (alqı-satqı müqaviləsini) bağlamağa tam səlahiyyətli olmuşdur; həmçinin “müqavilə azadlığı” prinsipi çərçivəsində onlar (bank və Cavabdeh) tam sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtlərini qarşılıqlı razılıq çərçivəsində müəyyənləşdirmişlər; beləliklə mübahisələndirilən alqı-satqı müqaviləsi forma və məzmunca qanunvericiliyin tələblərinə müvafiq tərtib edilmişdir. İddiaçının, Xıdır İbrahimovun adına aparılmış qeydiyyatın etibarsızlığının ondan sonra həyata keçirilmiş bütün əqdlərin etibarsızlığını da ehtiva etməsi arqumentinə münasibətdə isə kollegiya qeyd edir ki, birincisi, Cavabdeh həmin əmlaka dair Daşınmaz Əmlakın Dövlət Reyestrində Xıdır İbrahimovun adına aparılmış qeydin əsassız olduğunu bilə bilməzdi (bilmirdi və bilməli də deyildi); digər tərəfdən o (Cavabdeh) mübahisəli əmlakı Xıdır İbrahimovdan deyil, onun üçüncü mülkiyyətçisi olan bankdan almış və yuxarıda da göstərildiyi kimi, alqı-satqı müqaviləsi bağlanarkən mübahisəli əmlak müvafiq çıxarışa əsasən məhz bankın xüsusi mülkiyyətində olmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 149.2-ci maddəsinin tələblərinə görə isə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2008-ci il taraixli qərarında da göstərildiyi kimi, “vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı”. “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli qərarına görə isə, “əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir”. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, mübahisə mövzusu olan torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında mülkiyyət hüququ ilə əldə edən Cavabdeh həmin əmlakı vicdanlı əldə etmişdir və onun mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranmasının əsasını təşkil edən alqı-satqı müqaviləsinin etibarsızlığı üçün qanunda nəzərdə tutulan dispozitiv şərtlər mövcud deyildir. Bu qənaətə gələrkən kollegiya həmçinin nəzərə alır ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsində də həmin işə baxan məhkəmə kollegiyası, “...Cavabdeh vicdanlı əldə edən olduğunu şübhə altına alan hər hansı sübutlar olmadığını” xüsusi olaraq qeyd etməklə anoloji nəticəyə gəlmiş (yəni onu əmlakın vicdanlı alıcısı hesab etmiş), onun (Cavabdeh) əldə etdiyi mülkiyyət hüququnun müdafiə edilməli olması barədə gəldiyi qənaətə uyğun olaraq da xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsinin (həmçinin çıxarışın) ləğv olunması barədə iddia tələbini rədd etmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X3rşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2015-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Şərh olunanları nəzərə almaqla kollegiya hesab edir ki, iddia tələblərinin təmin edilməsi mübahisəli torpaq sahəsinin vicdanlı alıcı olan cavabdehin (Cavabdeh) əldə etdiyi və qanuni əsaslarla yaranmış əmlak (əşya) hüquqlarının pozulması nəticəsini doğurmaqla bu hüquqlara qeyri-taraz müdaxilə olardı. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək baxımından ədalətli və qanunidir. Bununla yanaşı kollegiya iddiaçıya izah edir ki, mübahisəli torpaq sahəsinin bir hissəsinə hüquqlarından məhrum olması ilə bağlı ona dəymiş zərərin əvəzinin ödənilməsi tələbi ilə təqsirli şəxslərə qarşı ayrıca iddia irəli sürmək hüququna sahibdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4229/2018 saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv olunmaqla iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməklə ləğv olunması” tələblərinə dair iddiası təmin edilməsin. İddia ərizəsi, habelə apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumları onları ödəmiş tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar