Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-982/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-982/2024 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndə-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-440/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə 14 fevral 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2022-ci il tarixində Cavabdeh MMC-də (Azərtürkmed laser clinic) həmin klinikanın həkimi Təbəssüm Qurbanova tərəfindən “alt və üst dodaqdan süni gel çıxarılması və “Kessering” əməliyyatları edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərər qismində 2600 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə, vurulmuş mənəvi zərər qismində 3000 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, hüquqi yardım göstərilməsi üçün ödənilən 600 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, 12 iyul 2022-ci il tarixdə Cavabdeh MMC (Azərtürkmed laser clinic) həkimi Qurbanova Təbəssüm tərəfindən İddiaçı “alt və üst dodaqdan süni gel çıxarılması və “Kessering” əməliyyatları icra edilmişdir. İddiaçı sözügedən əməliyyatın uğursuz keçdiyini hesab edir. Cavabdeh MMC (Azərturkmed laser clinic) tərəfindən təqdim edilən epikrizdə qeyd edilmişdir ki, əməliyyat fəsadsız keçmişdir. Ekipkrizdə qeyd edilənlərin əksinə “dodaqlardan süni gelin çıxarılması və Kessering əməliyyatları uğursuz keçmişdir və İddiaçı sağlamlığına zərar dəymişdir. Belə ki, 16 avqust 2022-ci il tarixdə İddiaçı “Funda” Hospitalda USM (yumuşaq toxumalar) müayinəsi keçmişdir. Həmin USM müayinəsinin nəticələrinə əsasən İddiaçı “Üst dodaq sağ tərəfdə dodaqaltı nahiyədə qalınlıq 16 mm, solda 5.5 mm ölçüldü. Dodağın sağ tərəfindən və sağ bucağında 5.9 mm, 5 mm, 6 mm ölcüdə zəif sərhədlərə malik izoexogen əlavələr (dolğu) izlənildi. Üst dodağın sol tərəfində aydın sərhədləri olan əlavələr izlənilmədi. Həmin nahiyənin exogenliyi qarışıqdır, bəzi nahiyələrdə izoexogen əlavələr izlənilir. Alt dodaqda aydın sərhədlərdə olan əlavələr qeyd olunmadı”. 24 avqust 2022-ci il tarixdə "xxxx"-ın həkimi Dr.Aslanova Xuraman tərəfindən verilən “ultrasound diqagnostics” nəticələrinə əsasən İddiaçı “Üst dodaqda sol tərəfdə ölçüsü 5.4 mm, alt dodaqda sol tərəfdə ölçüsü 3.3 mm, alt dodaq sağ tərəfdə ölcçüsü 1.18sm x 0.37, üst dodaqda mərkəzdə ölçüsü 0.98 sm x 0.4 sm olan dolğu sahələri” izlənilir. İddiaçı yenidən əməliyyat etmək üçün diğər klinikalarda üst dodaq üçün 1300 manat, alt dodaq üçün 1300 manat pul vəsaiti tələb edirlər. İddiaçı üst dodağına bədən tikişləri vurulduğu açıq aşkar bilinir və alt dodaqda simmetriya mövcüd deyil. İddiaçı yenidən əməliyyat olunması zəruridir. Vurulmuş maddi ziyanın dəyəri məhkəmə icraatı zamanı mütəxəssis rəyi ilə dəqiqləşdiriləcək və Məhkəmə icraatı zamanı iddianın dəyəri Mülki-prosessual Məcəllənin 53 maddəsinə əsasən dəyişdirilə bilər (2600 manat vurulmuş maddi zərərə dair). 29 sentyabr 2022-ci il tarixdə Cavabdeh MMC-yə (Azərturkmed laser clinic) dəymiş maddi zərər qismində 2600 manat, 3000 manat mənəvi kompensasiya və vəkil xərclərinin ödənilməsi üçün 5 gün vaxt verilmişdir. Buna baxmayaraq cavabdeh MMC-nin rəhbərliyi sözügedən pretenziyaya cavab verməmişdir. Bu hüquq pozuntuları nəticəsində İddiaçı mənəvi sarsıntı və iztirab keçirib. Beləliklə, Cavabdeh MMC (Azərturkmed laser clinic) həkimi Qurbanova Təbəssümün təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində iddiaçı iztirab və sarsıntı keçirdib və mənəvi zərər vurulduğunu hesab edir. İddiaçı mənəvi zərər qismində Cavabdeh MMC-dən (Azərturkmed laser clinic) 3000 manat kompensasiya və pozulmuş hüquqların bərpası üçün çəkməli olduğu xərclər-maddi zərər (yenidən əməliyyat olunması üçün) qismində 2600 manat pul vəsaiti tələb edir.
4. Cavabdehin nümayəndəsi və vəkili iddia ərizəsinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cəmiyyətin həkimi Təbəssüm Qurbanova tərəfindən iddiaçıya "alt və üst dodaqdan süni gel çıxarma və kessering” əməliyyatları icra edilmişdir. İddiaçı iddia edir ki, əməliyyatlar uğursuz keçmiş, uğursuz əməliyyat nəticəsində o, yenidən əməliyyat olunmalı, uğursuz əməliyyat nəticəsində o, mənəvi əzab və izdirab keçirmişdir, ona görə də cavabdeh MMC-dən 2.600 manat maddi ziyan, 3.000 manat mənəvi ziyan, hüquqi xidmət üçün ödənilmiş 600 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. İddia ərizəsi əsassızdır və təmin edilməməlidir. Bununla bağlı bildirir ki, iddiaçı “ATM Xətai" Məhdud Məsuliyyətli Cəmiyyətinin həkimi, Təbəssüm Qurbanovaya müraciət edərək, bir neçə il əvvəl alt və üst dodaq nahiyyəsinə başqa bir həkim tərəfindən yad cism (süni gel) vurulduğunu, hazırda isə dodaqlarında şişkinlik, simmetiriya pozğunluğu olduğunu, yad cismin yerini dəyişdiyini və ona narahatçılıq verdiyini, estetik olaraq çox pis görsəndiyini bildirmiş, bu səbəbdən alt və üst dodaq nahiyyələrinə vurulmuş yad cismin çıxarılmasını xahiş etmişdir. MMC-nin həkimi Təbəssüm Qurbanova tərəfindən iddiaçının dodaqları müayinə edilmiş, hər iki dodaqların eyni zamanda əməliyyatının düzgün olmaması və dodaqlardakı yad cismin (süni gel) ayrıayrı vaxtlarda çıxarılması tövsiyyə edilmişdir. Lakin passientin təkidi ilə hər iki dodaq nahiyyəsində olan gellərin çıxarılması qərara alınmışdır. Əməliyyat zamanı iddiaçı dodaqlarında olan süni gelin çıxarılması ilə bağlı həmçinin üst dodağında “konturplastika” əməliyyatının icra edilməsini xahiş etmişdir. Həkim tərəfindən iddiaçıya bildirilmişdir ki, biz aramızda ancaq dodaqlarda olan süni gellərin çıxarılması razılaşdırmışıq. Lakin iddiaçı inadla və təkidlə üst dodağında “konturplastika” əməliyyatının icra etməsini də həkimdən xahiş etmişdir. Həkim tərəfindən hər iki əməliyyat eyni gündə icra edilmiş və əməliyyat uğurla tamamlanmışdır. Belə ki, cavabdeh MMC-nin həkimi Təbəssüm Qurbanova tərəfindən xx.xx.2022-ci il tarixdə klinika şəraitində iddiaçının həm üst həm alt dodaqlarına lokal anesteziya ilə müdaxilə edilmiş və həmin yad cism (süni gel) iddiaçının dodaqlarından xaric edilmiş, üst dodaqların “konturplastika” əməliyyatı uğurla icra edilmişdir. Cərrahi müdaxilədən sonra iddiaçıya “Agumentin” adda antibiotik və “Metrogil Denta” adlı dərman pereparatları- təyin edilmişdir. Həmçinin xəstəyə stasionar şəraitdə müalicə alması təklif olunmuş, lakin o, bundan imtina etmişdir. Dodaqlarda aparılmış cərrahi müdaxilədən sonra cavabdehə 8-14 gün sağalma müddəti izah edilmiş, (xəstənin immun sistemi ilə əlaqədar sağalma müddətləri təxminən sözügedən əməliyyatla bağlı 8- 14 gün təşkil edilir) icra edilmiş əməliyyat tikişlərinin ancaq 8-14 gündən sonra sağalma vəziyyətinə uyğun olaraq söküləcəyi barədə xəstəyə təlimat verilmişdir. Dodaqlardan çıxarılmış süni gellərdən sonra dodaqlar qaldırılaraq, tikişlər dodaqların kontur adlanan nahiyyəsində aparıldığı üçün həmin tikişlərə qəti şəkildə toxunmaq və hər hansı müdaxilənin olmaması barədə tənbeh edilmiş, ancaq sağaldıqdan sonra həkim tərəfindən sökülməsi təlimatlandırılmışdır. Lakin cavabdeh əməliyyatdan 1 həftə sonra əməliyyatı icra edən Təbəssüm Qurbanovaya zəng edərək, nişan mərasimində iştirak edəcəyini bildirmiş və dodaqlarında olan tikişləri sökmək istədiyini bildirmişdir. MMC-nin həkimi Təbbəsüm Qurbanova sağalma dərəcəsinə və tikişlərin sökülüb-sökülməyəcəyini müəyyən etmək üçün iddiaçıdan dodaqlarının müayinə olunmasının zəruri olduğunu izah etmişdir. İddiaçı dodaqlarının şəklini çəkərək X1 nömrəsinə göndərmişdir. İddiaçının dodaqlarına baxan həkim hələ tikişlərin sağalmadığını, dodaqlardan tikişlərin sökülməsinin çox tez olduğunu bildirmişdir. Tez söküləcəyi təqdirdə dodaq konturlarda simmetiriyanın pozulacağı iddiaçıya izah edilmişdi. Tikişlər dodaq nahiyyəsinin kontur xətti deyilən hissəsindən keçdiyi üçün onlara toxunmanın təhlükəli olduğunu və dodaqların formasına və estetikasına xələl gətirə biləcəyi barədə təlimatlandırılmışdır. Çünki, həmin tikişlər bərabər və dodaq konturları ilə eyni olduğundan ancaq sağalması gözləyib sonra tikişləri sökmək olar. Lakin cavabdeh əməliyyatı icra edən Təbəssüm xanıma nişan mərasimində iştirak edəcəyini, belə vəziyyətdə mərasimdə iştirak edə bilməyəcəyini bildirərək tikişlərin sökülməsini təkidlə tələb etmişdir. X5 isə tikişlərin sökülməməsini iddiaçıya bildirmişdir. İddiaçı səhəri gün yenə Təbbəsüm Qurbanovaya zəng vuraraq tikişlərin sökülməsini tələb etmişdir. Təbəssüm Qurbanova hazırda Bakı şəhərində olmadığı üçün ancaq gələndən sonra və ancaq tikişlərə baxdıqdan sonra tikişlərin-sökülüb sökülməyəcəyi barədə qərar qəbul edəcəyini bildirmişdir. Lakin iddiaçı Təbəssüm Qurbanovanın icazəsi olmadan klinikaya yaxınlaşmış, həkimin iştirakı olmadan, klinikada hansısa tibb bacısına yaxınlaşmış, həkimin təyinatına zidd olaraq, tibb bacısının yanında özü şəxsən dodaqlarında olan tikiş saplarını sökməyə başlamışdır. Əməliyyatdan sonrakı tikişlərin hələ sağalmamasına baxmayaraq iddiaçı nişan mərasimində iştirakını təmin etmək məqsədi ilə həkimin məsləhətinə və təyinatına zidd olaraq ona verilən təlimatları düzgün icra etməmiş, özü şəxsən dodaqlarında olan tikiş saplarını həkimin iştirakı və icazəsi olmadan sökmüşdür. Odur ki, əgər hal-hazırda iddiaçının dodaqlarında hansısa fəsad (simmetriya və ya digər) olmuşsa o da iddiaçının öz təqsiri üzündən, həkim məsləhətinə qulaq asmadan həkimin icazəsi və müdaxiləsi olmadan özü şəxsən dodaqlarında olan tikişləri sağalmadan sökülməsi nəticəsində yaranmışdır. Belə ki, iddiaçı əməliyyatı MMC-nin həkimi tərəfindən qüsursuz icra edilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh MMC tərəfindən verilmiş, epikrizdə (xəstəlik kartoçkası) də qeyd edilir ki, əməliyyat fəsadsız icra edilmişdir. Göründüyü kimi iddiaçının dodaqlarında icra edilmiş cərrahiyyə əməliyyatları texniki və taktiki cəhətdən düzgün yerinə yetirilmişdir. Lakin iddiaçı həkim tərəfindən verilmiş əməliyyatdan sonrakı təlimatlara əməl etməmiş, tikişləri yara sağalmamış özü şəxsən sökmüş, nəticədə də hansısa fəsad baş vermişdir. Çünki həkim tərəfindən sağalmamış yaranın sökülməsinin qətiyyən olmaması barədə iddiaçıya təlimat verilmişdir. İddiaçının dodaqlarında yaranmış qüsur “ATM Xətai" MMC-də aparılmış əməliyyata görə yox, tikişlərin vaxtından əvvəl, həkim təyinatına və təlimatına zidd olaraq, vaxtından əvvəl iddiaçının özü tərəfindən sökülməsi nəticəsində baş vermişdir. Həmçinin iddiaçının iddia ərizəsində ziyanın vurulması ilə bağlı heç bir sübut yoxdur. İddiaçının dodaqlarında yaranmış fəsadların cavabdeh MMC-də aparılan əməliyyatla heç bir səbəbli əlaqəsi yoxdur. Belə olan halda da, iddiaçının cavabdeh MMC-dən ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin tələb edilməsi barədə tələbi əsassızdır. Həmçinin iddiaçının mülki hüquq pozuntusu əsası ilə cavabdehlərdən zərərin əvəzinin ödənilməsi üçün aşağıdakı halların mövcudluğu zəruridir: zərərin olması; zərəri vuran şəxsin təqsiri; zərər və mülki hüquq pozuntusu arasında səbəbli əlaqənin olması. Lakin, hazırda iddiaçıya vurulduğu iddia ediən zərərə görə məhz cavabdehin təqsirli olmasını təsdiq edən hər hansı sübut işdə yoxdur, iddiaçı tərəf məhəkəməyə bu barədə hər hansı sübut təqdim etməmişdir. Bunlardan başqa bildirir ki, iddiaçı ona vurulmuş maddi zərərin 2.600 manat olmasını təsdiq edən hər hansı sübut Məhkəməyə təqdim etməmişdir. İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü maddi zərərin əvəzinin ödənilməsi barədə tələb əsassız olduğuna görə, hesab edirik ki, həmin tələbdən irəli gələn mənəvi zərərlə bağlı tələb də əsassızdır. İddiaçı həmin iddia ilə cavabdeh MMC-dən 2.600 manat maddi ziyanın, 3.000 manat mənəvi ziyanın tələb edir. İddiaçının dodaqlarında hazırda yaranmış fəsadların (üst dodaq konturlarının simmetriyasının pozulması və sair kimi) məhz MMC-nin həkimi Təbəssüm Qurbanova tərəfindən icra edilmiş əməliyyatlar uğursuzluğu nəticəsində yaranmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-440/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 21.2, 1096.1, 1099.1, 1112-ci maddələri, “Əhalinin sağlamlığının qorunması haqqında» Qanunun 59-cu maddəsi, «Özəl tibbi fəaliyyət» haqqında Qanunin 9-cu və 16-cı maddələri, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarı, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarı və Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 107, 119.1, 121.1, 124.2, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslanlandırılmış və əlavə olaraq göstərilmişdir ki, iş materiallarında olan maddi sübutlar - “AzərTurkmed laser clinic” tərəfindən təqdim edilən epikriz, "xxxx" tərəfindən təqdim edilən “ultrasound diagnostics” nəticələri, “Funda Hospital” tərəfindən təqdim edilən “USM” nəticələri, 38-saylı Şəhər Poliklinikası tərəfindən təqdim edilən xəstəlik tarixçəsi (kartoçka), Yasamal Hospital tərəfindən verilən rəy və .s sübutlar və video çəkiliş materialları iddiaçının keçirdiyi əməliyyatın uğursuz olduğunu sübut edir. Məhkəmə maddi sübutlara hüquqi qiymət verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı cavabdehin nümayəndə-vəkilinin etiraz ərizəsi daxil olmuşdur.
10. Apellyasiya şikayətinə etiraz birinci instansiya məhkəməsində təqdim edilmiş iddia ərizəsinə etirazla oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, göstərilmiş tibbi xidmətlərin keyfiyyətinin müəyyən edilməsinin xüsusi bilik tələb edən sahəyə aid olduğundan birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tibbi ekspertizası təyin olunmuşdur. Verilmiş rəydən də görünür ki, təyin edilmiş diaqnoza uyğun olaraq lokal anesteziya altında hər iki dodaq nahiyəsindən “Süni gelin çıxarılması və “Kessering” əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir...İddiaçı alt və üst dodaqlarında süni gelin elementlərinin mövcud olması ilə xx.xx.2022-ci il tarixdə lokal anesteziya altında aparılmış “Süni gelin çıxarılması” və “Kessering” əməliyyatı arasında səbəbli əlaqə olmamışdır. Göründüyü kimi keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə də iddiaçının iddiası təqzib olunur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsi tərəfindən verilmiş rəy yaranmış hüquq münasibəti zamanı iddiaçıya qarşı cavabdehin peşə fəaliyyəti ilə bağlı təqsirli (hüquqa zidd) əməlini istisna edir. Odur ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsi tərəfindən verilmiş rəy mötəbər sübut kimi qəbul etməklə düzgün hüquqi nəticəyə gəlmişdir. İddiaçı trəfindən məhkəməyə təqdim edilmiş digər (özəl klinikalardan verilmiş) birtərəfli qaydada “tanışlıq” vasitəsi ilə alınmış rəylər mötəbər sübut kimi qəbul edilməsiə yol verilməzdir, qanuna ziddir. Çünki, həmin hüqiqi və fiziki şəxslər rəy verən zaman qanun qarşısında məsuliyyət daşımadıqlarından düzgün rəy vermələri sübhə altına alınır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsi tərəfindən verilmiş rəy qabacadan verilmiş yalan rəyə görə cinayət məsuliyyəti daşımaları barədə xəbərdar olunduqlarından, və həmin rəy həqiqəti əks etdirdiyindən, həmin rəy iş üzrə mötəbər sübut olaraq nəzərə alınmalı idi. Rəydən görünür ki, İddiaçı mütəxəssislər tərəfindən ətraflı şəkildə müayinə olunmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə əvvəlcə onun “Komisyon ekspertizalar şöbəsi”ndə məhkəmə-tibbi müayinəsi keçirilmişdir. Daha sonra İddiaçı mütəxəssis müayinəsinə göndərilmiş, “X8”nin plastik və estetik cərrahı R.Babayev tərəfindən müayinə olunmuşdur. Nəticədə 1993-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, aparılmış tibbi və mütəxəssis müayinələrinə əsasən qərardad üzrə qoyulan bütün suallara aydın şəkildə cavab verilmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin həkimi Dr.Anadh Xalid tərəfindən verilmiş rəy isə yalnız vizual müayinəyə əsaslanmaqla, kifayət qədər əsaslandırılmamışdır və verdiyi rəyə görə məsuliyyət daşıması barədə xəbərdar edilmədiyindən mötəbər sübut sayıla bilməzdi. Odur ki, birinci instansiya məhkəməsi həmin (özəl klinika tərəfindən verilmiş) rəyləri mötəbər sübut kimi qəbul etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. İddiaçı apelyasiya şikayətində qeyd edir ki, Cavabdeh MMC (Azərturkmed laser clinic) həkimi Qurbanova Təbəssüm təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində iztirab və sarsıntı keçirdib və ona mənəvi zərər vurulmuşdur. Lakin iş materiallarında, və məhkəmə araşdırması zamanı cavabdehin hərəkətində (və ya hərəkətsizliyində) iddiaçıya münasibətdə hər hansı bir hüquq pozuntusu olması aşkar edilməmiş, iddiaçıya mənəvi ziyan dəyməsi sübut olunmamışdır. Odur ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş mənəvi ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilmədiyindən iş üzrə mənəvi ziyana dair iddia tələbi də əsaslı deyildir.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsi xahiş etdi.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
13. Maddə 125, hissə 7. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
15. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
16. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
18. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
19. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
20. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. «Əhalinin sağlamlığının qorunması haqqında» Qanun
21. Maddə 59. Tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
«Özəl tibbi fəaliyyət» haqqında Qanun
22. Maddə 9. Özəl tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan şəxslərin verdiyi sənədlər və rəylər dövlət nümunəli tibbi sənədlərlə eyni hüquqi qüvvəyə malikdir. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslər Azərbaycan Respublikasının normativ hüquqi aktlarında göstərilən bütün statistik qeydiyyat və hesabatları aparmağa borcludurlar və onların doğruluğuna görə məsuliyyət daşıyırlar.
23. Maddə 16. Tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək, xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək, xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
27. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
28. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
29. Maddə 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır.
36. İş materiallarında olan “Azərtürkmed laser clinic” tərəfindən verilmiş xx.xx.2022ci il tarixli epikrizdən görünür ki, İddiaçı lokal anesteziya altında, hər iki dodaqdan süni gelin çıxarılması və “Kessering” əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. Yara birincili sağalır. Xəstə kafi vəziyyətdə hospitaldan yazılır.
37. “Funda” Hospital tərəfindən verilmiş 16 avqust 2022-ci il tarixli sənəddən görünür ki, 16 avqust 2022-ci il tarixdə İddiaçı USM (yumuşaq toxumalar) müayinəsi keçmişdir. Üst dodaq sağ tərəfdə dodaqaltı nahiyədə qalınlıq 16 mm, solda 5.5 mm ölçüldü. Dodağın sağ tərəfindən və sağ bucağında 5.9 mm, 5 mm, 6 mm ölcüdə zəif sərhədlərə malik izoexogen əlavələr (dolğu) izlənildi. Üst dodağın sol tərəfində aydın sərhədləri olan əlavələr izlənilmədi. Həmin nahiyənin exogenliyi qarışıqdır, bəzi nahiyələrdə izoexogen əlavələr izlənilir. Alt dodaqda aydın sərhədlərdə olan əlavələr qeyd olunmadı.
38. "xxxx" MMC-nin həkimi Dr.Aslanova Xuraman tərəfindən verilən xx.xx.2022-ci il tarixli “ultrasound diqagnostics” nəticələrindən görünür ki, 1993-cü il təvəllüdlü İddiaçı “Üst dodaqda sol tərəfdə ölçüsü 5.4 mm, alt dodaqda sol tərəfdə ölçüsü 3.3 mm, alt dodaq sağ tərəfdə ölçüsü 1.18sm x 0.37, üst dodaqda mərkəzdə ölçüsü 0.98 sm x 0.4 sm olan dolğu sahələri izlənilir.
39. "xxxx" ASC 79687833 saylı qəbzdən görünür ki, İddiaçı tərəfindən “Kamandar Nəsibov və partnyorları” vəkil bürosuna Vəkil1 təyinatı üzrə 600 manat ödənilmişdir.
40. İddiaçının nümayəndəsi və vəkili tərəfindən cavabdehə ünvanlanmış 29 sentyabr 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən 5 gün ərzində 3000 manat pul vəsaitini və vəkil xərclərinin ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
41. "xxxx" MMC Dr.Avadh Xalid tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli rəydə qeyd edilir ki, İddiaçı 15 avqust 2023-cü il tarixində "xxxx"a "Alt və üst dodaqların əməliyyatdan sonrakı deformasiya" diaqnozu ilə qəbul olunub. Vizual müayinə zamanı, perioral nahiyyədə üst dodağında çoxsaylı çapıqlar qeyd olunur. Üst dodağın sol tərəfində qırmızı haşiyə, sağ tərəfə nisbətən aşağıdadır. Və buna görə, üst dodaqda asimmetriya yaranıb. "Arcus Cupid" nahiyyəsinin xətti pozulub. Ağızdaxili müayinə zamanı üst dodaqda "vermilion" xətti pozulub və asimmetrikdir. Üst və alt dodaqlarında çoxsaylı əməliyyatlardan sonraki çağıqlar və asimmetriya qeyd olunur. Son kliniki diaqnoz: Alt və üst dodaqdan süni gel çıxarılması və "Kesselring" əməliyyatlarından sonrakı deformasiyalar. İddiaçı keçirdiyi" Lokal anesteziya altında hər iki dodaqdan süni gel çıxarılması və "Kesselring" əməliyyatı uğursuz kimi sayılır. İddiaçı üst dodağında çoxsaylı tikişlərin çapığı deformasiya şəkilində yerləri qeyd olunur. Üst və alt dodaqlarında asimmetriya qeyd olunur. İddiaçı dodaqlarında olan qüsurlar "Lokal anesteziya altında hər iki dodaqdan süni gel çıxarılması və "Keselring" əməliyyatı ilə əlaqədardır.
42. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məlumat rəydən görünür ki, İddiaçı dodaqlarında olan qüsurların aradan qaldırılması üçün “üst və alt dodaqların rekonstruksiyası” əməliyyatı icra olunmalıdır. Bu əməliyyatın dəyəri 2100 AZN olacaq.
43. 1993-cü il təvəllüdlü İddiaçı adına “X9 Xətai” MMC-də tərtib edilmiş ambulator xəstənin tibbi kartasından görünür ki, o, xx.xx.2022- ci il tarixdə “Alt və üst dodaqlardan süni gel çıxarılması” diaqnozu ilə daxil olmuşdur. Daxil olarkən şikayəti estetik narahatçılıq və dodaqlarda bərkimədəndir. Allergik reaksiyalar qeyd edilmir. Yolxucu xəstəliyi yoxdur.
44. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsi tərəfindən İddiaçı adına tərtib edilmiş 385/KEŞ saylı məhkəmə-tibbi ekspert rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı “Komisyon ekspertizalar şöbəsi”ndə məhkəmə-tibbi müayinəsi keçirilmişdir. Deməsinə görə, 2022-ci ilin yay aylarında daha əvvəl dodaqlara süni gel vurulduğu və həmin gelin çıxarılması məqsədilə Cavabdeh MMCə müraciət etmişdir. Həmin klinikada işləyən Təbəssüm doktorun müayinəsindən sonra cərrahiyyə əməliyyatının aparılması təklif olunmuşdur. xx.xx.2022-ci il tarixdə Alt və üst dodaqlarına vurulmuş gel “Kessering” əməliyyatı ilə çıxarılsa da, lakin əməliyyat uğursuz olmuş, asimmetriya və süni gelin çıxarılmadığını müəyyən etmişdir. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi köklükdədir. Məhkəmə-tibbi müayinəsi zamanı halhazırda şikayəti üst dodaqda asimmetriyanın olması, xarici və daxili tikişlərin kelloidləşməsindən, qeyri-estetik olmasından və aşağı dodaqda keyliyin olmasındandır. İddiaçı mütəxəssis müayinəsinə göndərildi. “X8”nin plastik və estetik cərrahı R.Babayevin müayinəsi zamanı pasientin anamnezinə əsasən, alt və üst dodaq nahiyələrinə süni gelin vurulduğu məlum olmuşdur. xx.xx.2022-ci il tarixdə “Alt və üst” dodaqlarında “Kessering” əməliyyatı icra edilmişdir. Hazırda əməliyyata uyğun çapıq toxumaları qeyd olunur. Dodaqların palpasiyası zamanı bəzi nahiyələrində süni gelin izlənildiyi qeyd edilir. Süni gelin yeridilməsi zamanı və biopolimerin tərkib hissəsindən asılı olaraq toxumalara siraət edir, bunların tam olaraq çıxarılması mümkün deyildir. 1993-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlmişdir: 1) Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı “X9 Xətai” MMC-yə xx.xx.2022-ci il tarixdə “Alt və üst dodaqların süni gel köçürülməsindən sonrakı deformasiya”sı diaqnozu ilə daxil olmuşdur. Təyin edilmiş diaqnoza uyğun olaraq lokal anesteziya altında hər iki dodaq nahiyəsindən “Süni gelin çıxarılması və “Kessering” əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. 2) İddiaçı mütəxəssis müayinəsi zamanı onda hal-hazırda keçirdiyi cərrahiyyə əməliyyatına uyğun çapıq toxumaları, alt və üst dodaqların bəzi nahiyələrində süni gelin elementləri vardır. Süni gelin yeridilməsi zamanı biopolimerin tərkib hissəsindən asılı olaraq, süni gel toxumalara sirayət edir və bu səbəbdən də bunun cərrahi yolla tam olaraq çıxarılması mümkün deyildir. 3) İddiaçı alt və üst dodaqlarında süni gelin elementlərinin mövcud olması ilə xx.xx.2022-ci il tarixdə lokal anesteziya altında aparılmış “Süni gelin çıxarılması” və “Kessering” əməliyyatı arasında səbəbli əlaqə olmamışdır.
45. İddia tələbindən aydın olur ki, iddiaçı dodaqlarında yaranmış deformasiyanın Cavabdeh MMC-də həmin MMC-nin həkimi T.Qurbanova tərəfindən icra edilmiş “Süni gelin çıxarılması” və “Kessering” əməliyyatlarının uğursuz həyata keçirilməsi nəticəsində yarandığını iddia edir və bu səbəbdən həmin fəsadların aradan qaldırılması üçün çəkməli olduğu xərci-maddi ziyanın və keçirdiyi mənəvi sarsıntı, gərginlik və s kimi reaksiyaların kompensasiyası olaraq mənəvi zərərin ödənilməsini cavabdehdən tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir və bildirir ki, iddiaçının dodaqlarında hər hansı qüsur vardırsa, bu tətbiq edilmiş “Süni gelin çıxarılması” və “Kessering” əməliyyatlarının nəticəsində deyil, iddiaçının öz təqsiri üzündən, həkim məsləhətinə və təyinatına məhəl qoymadan əməliyyat zamanı qoyulan tikişləri özbaşına sökməsi nəticəsində yaranmışdır.
46. Kollegiya hesab edir ki, iddia tələbinin əsaslı olub-olmadığına hüquqi qiymət verilməsi üçün tələbin qanuni əsasını təşkil edən normanın, yəni mülki hüquq pozuntusunun törədilməsi ilə bağlı vurulmuş zərərin ödənilməsinə həsr olunmuş normanın dispozisiya şərtlərinin mövcudluğu araşdırılmalıdır, yalnız həmin dispozisiya şərtlərinin mövcudluğu halında mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranmasından bəhs edilə bilər. Sözügedən şərtlərə aşağıdakılar daxildir: 1.zərərin mövcud olması; 2.zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; 3.zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu 4. zərər vuran şəxsin təqsirliliyi.
47. Kollegiya işdə olan sübutları hərtərəfli qiymətləndirərək hesab edir ki, hazırkı mübahisədə İddiaçı səhv əməliyyat olunması və bunun nəticəsində ona ziyan dəyməsi sübut olunmur. Belə ki, iddiaçı tələbinin əsaslı olmasını təsdiq edəcək, başqa sözlə dodaqlarında əmələ gəlmiş fəsadların məhz MMC-nin həkimi Təbəssüm Qurbanova tərəfindən icra edilmiş əməliyyatların uğursuzluğu nəticəsində yaranmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
48. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin həkimi Dr.Anadh Xalid tərəfindən verilmiş rəyə münasibətdə isə kollegiya qeyd edir ki, həmin rəy kifayət qədər əsaslandırılmadığından, yalnız vizual müayinəyə əsaslanmaqla verildiyindən mötəbər sübut kimi qəbul oluna bilməz. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
49. Kollegiya hesab edir ki, göstərilmiş tibbi xidmətlərin keyfiyyətinin müəyyən edilməsi, əməliyyatın uğurlu və ya uğursuz keçməsi kimi halların aydınlaşdırılması daha çox tibbi sahədə xüsusi biliyə malik ixtisaslı mütəxəssislərin – həkimlərin köməyi ilə mümkün olduğundan, birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyi digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməli və mübahisənin həllində nəzərə alınmalıdır. Qeyd edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik hüquqi şəxsi tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı mütəxəssislər tərəfindən ətraflı şəkildə müayinə olunmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə əvvəlcə onun “Komisyon ekspertizalar şöbəsi”ndə məhkəmə-tibbi müayinəsi keçirilmişdir. Daha sonra İddiaçı mütəxəssis müayinəsinə göndərilmiş, “X8”nin plastik və estetik cərrahı R.Babayev tərəfindən müayinə olunmuşdur. Nəticədə 1993-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, aparılmış tibbi və mütəxəssis müayinələrinə əsasən qərardad üzrə qoyulan bütün suallara aydın şəkildə cavab verilmişdir. Aparılan tədqiqatın nəticəsi olaraq gəlinən nəticə isə belə olmuşdur: təyin edilmiş diaqnoza uyğun olaraq lokal anesteziya altında hər iki dodaq nahiyəsindən “Süni gelin çıxarılması və “Kessering” əməliyyatı icra edilmişdir. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir...İddiaçı alt və üst dodaqlarında süni gelin elementlərinin mövcud olması ilə xx.xx.2022-ci il tarixdə lokal anesteziya altında aparılmış “Süni gelin çıxarılması” və “Kessering” əməliyyatı arasında səbəbli əlaqə olmamışdır.
50. Beləliklə, iş üzrə verilmiş ekspert rəyi cavabdehin iddiaçıya qarşı hər hansı hüquqazidd, təqsirli hərəkətə yol verməsi halını təkzib edir.
51. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
52. Beləliklə, kollegiya iddia tələbinin maddi ziyanla bağlı hissəsində birinci instansiya məhkəməsinin gəldiyi qənaət ilə razılaşaraq hesab edir ki, həmin hissədə iddia tələbi əsassızdır və təmin edilə bilməz.
53. İddianın mənəvi zərərin ödənilməsinə aid olan hissəsində isə kollegiya qeyd edir ki, mənəvi zərər, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin və zərərvuran şəxsin təqsirinin olması ilə bağlıdır. İddianın maddi zərərlə bağlı hissəsi yoxlanılarkən qeyd olunan halların mövcudluğu araşdırılmış və iddiaçının dodaqlarında əmələ gələn qüsurların cavabdehin iddiaçıya münsibətdə hər hansı qanunsuz əməli ilə əlaqəli olmadığı müəyyən edilmişdir. Bu səbəbdən kollegiya “vurulmuş mənəvi zərər qismində 3000 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində də iddianı əsassız hesab edən birinci instansiya məhkəməsinin qənaətini haqlı sayır.
54. İddiaçıya hüquqi yardım göstərilməsi üçün ödənilən 600 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə kollegiya mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilmiş müddəalrına əsasən hesab edir ki, iddiaçının dəymiş zərərlə bağlı tələbinin təmin olunması üçün əsaslar müəyyən edilmədiyindən, həmin tələbdən irəli gələn tələbinin digər hissəsi də (hüquqi yardım göstərilməsi üçün ödənilən 600 manat pul vəsaitinin tutulması) təmin edilməməlidir.
55. Şərh olunanlardan kollegiya belə nəticə gəlir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır, iddiaçının apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, həmin qətnamənin ləğvi üçün əsas ola bilməz.
56. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
57. Kollegiya qeyd edir ki, bu kateqoriya mübahisələrdə tələbin mənəvi zərər hissəsi maddi ziyanın vurulmasından irəli gəldiyi üçün qətnamədən kassasiya şikayətinin veilə bilməsi tələb edilən maddi ziyanın məbləğinə əsasən müəyyən edilir. Hazırki iş üzrə iddiaçı vurulmuş maddi zərərə görə cavabdehdən 2600 manat pulun tutulmasını tələb edir və həmin hissədə tələbi təmin edilmədiyi üçün onun qətnaməni mübahisələndirəbiləcəyi hissədə məbləğ beş min manat həddi keçmir. Beləliklə, iddiaçının qətnaməni mübahisələndirə biləcəyi hissəsində iddianın qiyməti beş min manatdan az olduğu üçün hazırki qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-440/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Günay Axundova Cəmilə Musayeva