Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9832/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, ərizəçi İddiaçı iştirakı ilə, ərizəçi İddiaçı Yadulla qızının Sabunçu Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin hərəkətindən şikayətə dair iş üzrə Sabunçu Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli qərardadından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 05.07.2007-ci il tarixli qətnaməsindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermək hüququna malik deyil, çünki o, işdə iştirak edən şəxs deyil və qətnamə onun hüquq və vəzifələrinə toxunmur. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət təmin edilə bilməz. Belə ki, Sabunçu Rayon Məhkəməsinin (hakim H.Əliyev) qəbul etdiyi 05.07.2007-ci il tarixli qətnamə ilə qət olunub ki, ərizəçi İddiaçı Yadulla qızının şikayəti təmin olunsun, Sabunçu rayonu, Ramana qəsəbəsi, 1-ci sahə, 28 saylı yerdə mərhum X1 ayrılmış 1.200 kv.m torpaq sahəsi İddiaçı Yadulla qızının adına rəsmiləşdirilsin. Həmin qətnamədə İddiaçı ərizəçi, Sabunçu Rayon İcra Hakimiyyəti isə maraqlı tərəf kimi göstərilib. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi qətnamədən apellyasiya şikayəti vermək hüququna malik deyil, çünki o, hazırkı işdə iştirak edən şəxs deyil və qətnamə onun hüquq və vəzifələrinə toxunmur. O cümlədən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi qətnaməni icra etmək vəzifəsi daşımır. Belə ki, DƏDRX iş üzrə cavabdeh olmayıb, qətnamə ilə onun üzərinə hər hansı vəzifə qoyulmayıb. Sabunçu Rayon Məhkəməsi hakiminin öz məktubu ilə qətnaməni icra edilməsi üçün DƏDRX-nə göndərməsi həmin dövlət orqanı üçün qətnaməni icra etmək vəzifəsi yaratmır. Məhkəmə başqaları üçün vəzifəni məktubla deyil, qətnamə ilə müəyyən edə bilər. Qətnamənin məcburi icrası isə icra vərəqəsi verilməklə təmin olunur, işdə cavabdeh olan tərəf icra vərəqəsində borclu kimi qeyd olunur və borclu qətnaməni icra etmək vəzifəsi daşıyır. Ona görə də məhkəmənin belə bir məktub göndərməsi qanunvericiliyin tələbinə uyğun deyil. Bundan başqa, həmin qətnamənin DƏDRX tərəfindən icrası mümkün deyil, çünki qətnamədə torpaq sahəsinə münasibətdə “rəsmiləşmə” deyiləndə nəyin nəzərdə tutulduğu aydın deyil. DƏDRX daşınmaz əmlaka hüququn əmələ gəməsinin, məhdudlaşdırılmasının, başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyatını həyata keçirir. Qətnamədə isə hüququn adı və onun əmələ gəlməsi əsası göstərilməyib. Qətnamə Sabunçu Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsinin hərəkətindən verilmiş şikayətə münasibətdə qəbul olunub, ona görə də qətnaməni İH mübahisələndirə bilər. Beləliklə, məhkəmə Mülki-Prosessual Məcəllənin 357.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasını qərara almaqla düzgün nəticəyə gəlib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-9832/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9832/2021
15.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver