Məhkəmə qərarları › İş №2(103)-9854/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9854/2021

29.09.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9854/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh MMC-nin nümayəndəsi eyni zamanda vəkili X1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi və.s. ödənişlərin ödənilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6970/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən İddiaçı2 xeyrinə 50000 manat məbləğində pul vəsaitinin tutulması və İddiaçı1 xeyrinə 50000 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 04 iyul 2020-ci il tarixində saat 20 radələrində Binəqədi rayonu, 7-ci mkr, 3126-cı məhəllədə yerləşən Cavabdeh MMC-yə məxsus “Sobsan” boya fabrikində baş vermiş yanğın nəticəsində ümumi sahəsi 2,4 ha olan boya fabrikinin 9500 kv.m ərazisində olan inzibati bina, anbar və istehsalat sahələrinin içərisində olan mallar və avadanlıqlarla birlikdə yanğının təsirindən yanaraq məhv olmuşdur. Bundan başqa baş vermiş yanğın genişlənərək qonşuluqda olan vətəndaş İddiaçı1 fərdi yaşayış evinə keçmişdir. Nəticədə ona daşınar və daşınmaz əmlak üzrə 100000 manatdan çox zərər dəymişdir. Vətəndaş İddiaçı1 vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı hüquq və tələblərinin bir hissəsini digər İddiaçı2 güzəşt etmişdir. Bu barədə cavabdehə bildiriş göndərilmişdir. İddia ərizəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6970/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmış, məhkəmə bu zaman ona əsaslanmışdır ki, iddiaçılar iddia ərizəsini əsaslandırmamış və onların hansı mülkiyyətinə, hansı əmlakına, hansı məbləğdə zərər vurulduğu konkret olaraq göstərilməmiş, iddiaçılar ümumi olaraq onlara 100000 manat zərər dəydiyini bildirməklə kifayətlənmişlər. Halbuki iddiaçı iddia ərizəsində ona vurulmuş zərərin ona məxsus olduğunu iddia etdiyi hansı əmlakına və konkret olaraq hansı məbləğdə zərər vurulduğunu əsaslandırmağa borcludur. İddiaçılar isə zərərin mahiyyətinə dair nə iddia ərizəsində hər hansı əsaslandırma aparmış, nə ona əlavə edilən sənədlərdə bununla bağlı hər hansı sübut təqdim etmişlər. Hər bir halda sübut təqdim edilmiş olsaydı belə, iddia ərizəsində irəli sürülən tələbə dair halları əsaslandırmağa borcludur. Lakin iddia ərizəsinin təvsilatı məhkəmə üçün qeyri-müəyyən olaraq qalır. Həmin qərardaddan İddiaçı2 verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi eyni zamanda vəkili şikayətin dəlillərinə etiraz edərək, əlavə olaraq bildirdi ki, hazırki iddia ərizəsində iki iddiaçı var, lakin dəymiş ziyan İddiaçı1 iddia ərizəsinə görə tələb edilir. Halbuki İddiaçı1 əmlakına dəyən ziyanın aradan qaldırılması ilə bağlı tərəflər arasında razılaşma olmuşdur. Hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçılar məhkəmə iclasında gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını və şikayətin dəlillərini araşdıraraq kollegiya hesab edir ki, şikayət təmin edilərək qərardad ləğv edilməli və ərizə üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinin həlli üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəlləninin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İddia ərizəsinin məzmunundan görünür ki, cavabdehə məxsus boya fabrikində yanğın hadisəsi baş vermiş və yanğın qonşuluqda olan İddiaçı1 məxsus əmlaka keçmişdir və nəticədə sonuncuya 100000 manat məbləğində ziyan dəymişdir, həmçinin İddiaçı1 tələbin bir hissəsini digər iddiaçıya güzəşt etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonraMPM) 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Göründüyü kimi iddia ərizəsinin əsasları aydın olmaqla hər iki iddiaçı (İddiaçı2 xeyrinə güzəşt edilən) cavabdehdən baş vermiş yanğın zamanı dəymiş ziyanı tələb edir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü məsələsinin yenidən müzakirə edilməsi üçün həmin məhkəməyə qaytarmalıdır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, birinci instansiya məhkəməsi - iddia ərizəsində iddiaçının ona vurulmuş zərərin ona məxsus olduğunu iddia etdiyi hansı əmlakına və konkret olaraq hansı məbləğdə zərər vurulduğunu əsaslandırmağa borclu olmasını göstərsə də, həmin hal iddia ərizəsinin geri qaytarılması üçün əsas deyil, belə ki, iddiaçılar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlaka dəymiş ziyanı tələb edirlər və konkret olaraq hansı əmlaka, əmlakın hansı hissəsinə eləcə də hansı məbləğdə ziyan dəyməsi məhz məhkəmə araşdırmasının mövzusudur. Ona görə də birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxarkən bu qərardadda göstərilənləri nəzərə almalı və onun əsasında qərar qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6970/2021 saylı, 02 sentyabr 2021-ci il tarixli qərardadı ləğv olunsun və mülki iş iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Vəfaddin İbayev Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar