Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-986/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Tofiq Ağacanovun, cavabdehlər Cavabdeh7 və Cavabdeh6, üçüncü şəxs Cavabdeh8, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6 İnqilab oğlu, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı “müqavilənin avtomobilin dövlət qeydiyyat nişanına aid hissədə etibarsız hesab olunması, həmin nişanın başqa avtomobilə təhkim edilməsinin etibarsız hesab olunması və nişanın qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən şəxs Cavabdeh8 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə “BMW 735” markalı avtomobilə aid olan **-DG-*** dövlət qeydiyyat nişanı ilə bağlıdır. Avtomobil əvvəl iddiaçının mülkiyyətində olub, daha sonra iddiaçı onu özgəninkiləşdirib. İddiaçı iddia edir ki, avtomobil özgəninkiləşdirilərkən **-DG-*** dövlət qeydiyyat nişanından qanunsuz məhrum edilib. İddia ərizəsində 7 cavabdeh göstərilib: 1) Cavabdeh6; 2) Cavabdeh7; 3) Cavabdeh1; 4) Cavabdeh5; 5) Cavabdeh4; 6) Baş Dövlət Yol Polisi İdarəsi; 7) 21 saylı Notariat Ofisi. 1-ci Cavabdeh6 “BMW 735” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilk olaraq etibarnamə əsasında iddiaçıdan əldə edib. Cavabdeh6 bildirdiyinə görə avtomobil etibarnamə əsasında nağd pula ona “satılıb”. Daha sonra Cavabdeh6 2-ci Cavabdeh7 ilə avtomobilin alqı-satqısı barədə şifahi razılıq əldə edib. Cavabdeh6 xahişi əsasında iddiaçı avtomobilə dair 2-ci Cavabdeh7 adına etibarnamə verib. 2-ci Cavabdeh7 “BMW 735” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili 1-ci Cavabdeh6 əldə edib. Cavabdeh7 bildirdiyinə görə avtomobil etibarnamə əsasında nağd pula ona “satılıb”. Daha sonra Cavabdeh7 3-cü Cavabdeh1 ilə həmin avtomobilin alqı-satqısı barədə şifahi razılıq əldə edib. Cavabdeh7 xahişi əsasında iddiaçı avtomobilə dair 3-cü Cavabdeh1 adına etibarnamə verib. 3-cü Cavabdeh1 “BMW 735” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili 2-ci Cavabdeh7 əldə edib. Cavabdeh7 xahişi əsasında iddiaçı avtomobilə dair Cavabdeh1 adına 12.11.2016-cı il tarixdə 1 il müddətinə etibarnamə verib. O cümlədən Cavabdeh7 özü 11.02.2017-ci il tarixdə etibar edilmişi etibaretmə qaydasında Cavabdeh1 adına 9 ay 1 gün müddətinə etibarnamə verib. Hər 2 etibarnamə ilə avtomobilə dair sərəncam vermək səlahiyyəti də etibar edilib. Cavabdeh1 həmin etibarnamənin əsasında iddiaçının adından çıxış edərək 4-cü Cavabdeh5 ilə 25.09.2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlayıb. 4-cü Cavabdeh5 “BMW 735” markalı avtomobil 25.09.2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə edib. Onunla alqı-satqı müvqaviləsini iddiaçının adından etibarnamə əsasında çıxış edən 3-ci Cavabdeh1 bağlayıb. Avtomobil Cavabdeh5 satılarkən avtomobilə aid olan **-DG-*** dövlət qeydiyyat nişanı təhvil verilib. Dövlət qeydiyyat nişanının təhvil verilməsi 3-cü Cavabdeh1 (iddaçı tərəfindən adına etibarnamə verilmiş şəxsin) iradəsi əsasında olub. 5-ci Cavabdeh4 adına 29.09.2017-ci il tarixdə başqa avtomobil - “X1” markalı avtomobil rəsmiləşdirilib. “BMW 735” markalı avtomobilə aid olan, lakin həmin avtomobil satılarkən təhvil verilmiş **-DG-*** dövlət qeydiyyat nişanı “X1” markalı avtomobilə təhkim edilib. Dövlət qeydiyyat nişanının həmin avtomobilə təhkim edilməsi 3-cü Cavabdeh1 (iddiaçı tərəfindən adına etibarnamə verilmiş şəxsin) iradəsi əsasında olub. 6-cı cavabdeh BDYPİ iddiaçıya məxsus “BMW 735” markalı avtomobilə dair alqı-satqı müqaviləsini və həmin avtomobilə aid olmuş **-DG-*** dövlət qeydiyyat nişanı ilə bağlı əməliyyatları rəsmiləşdirib. 7-ci cavabdeh 21 saylı Notariat Ofisinin notariusu “BMW 735” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobiliə dair iddiaçı tərəfindən 3-cü Cavabdeh1 adına 12.11.2016-cı il tarixdə verilmiş etibarnaməni notariat qaydasında təsdiq edib. Apellyasiya şikayəti verən Cavabdeh8 başqa avtomobilin - “Lada 21214 Urban” markalı avtomobilin mülkiyyətçisidir. Mübahisə predmeti olan **-DG-*** dövlət qeydiyyat nişanı 13.06.2020-ci il tarixdə həmin avtomobilə təhkim edilib. Qətnamə qəbul edilənə qədər bu barədə məlumat mülki işdə olub (cild 1, iş v. 206, DYP arayışı), lakin birinci instansiya məhkəməsi Cavabdeh8 işdə iştrak etməyə cəlb etməyib. Cavabdeh8 apellyasiya icraatı zamanı üçüncü şəxs kimi tanınıb. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub: 1) “BMW 735” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin etibar edilməsinə dair iddiaçı ilə 3-cü Cavabdeh1 arasında 12.11.2016-cı il tarixdə 21 saylı Notariat Ofisində bağlanmış müqavilə iddiaçının mülkiyyətində olan **-DG-*** dövlət qeydiyyat nişanına aid hissədə etibarsız hesab edilsin; 2) “BMW 735” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair iddiaçı ilə 4-cü Cavabdeh5 arasında bağlanmış 25.09.2017-ci il tarixli alqı-satqı müqaviləsi **-DG- *** dövlət qeydiyyat nişanının 6-cı cavabdeh BDYPİ-nə təhvil verilməsi hissəsində etibarsız hesab edilsin; 3) iddiaçının mülkiyyətində olan **-DG-*** dövlət qeydiyyat nişanının 3-cü Cavabdeh1 tərəfindən 29.09.2017-ci il tarixdə 6-cı cavabdeh BDYPİ-də 5-ci Cavabdeh4 məxsus olan “X1” markalı avtomobilə təhkim edilməsi etibarsız hesab olunsun. 4) iddiaçının mülkiyyətində olan **-DG-*** dövlət qeydiyyat nişanı iddiaçıya qaytarılsın. Qətnamə ilə iddia təmin edilib və aşağıdakılar qət edilib: 1) iddiaçı ilə 3-cü Cavabdeh1 arasında 12.11.2016-cı il tarixdə 21 saylı Notariat Ofisində bağlanmış müqavilə **-DG-*** dövlət qeydiyyat nişanına aid hissədə etibarsız hesab edilsin; 2) iddiaçı ilə 4-cü Cavabdeh5 arasında bağlanmış 25.09.2017-ci il tarixli alqısatqı müqaviləsi **-DG-*** dövlət qeydiyyat nişanının 6-cı cavabdeh BDYPİ-nə təhvil verilməsi hissəsində etibarsız hesab edilsin; 3) **-DG-*** dövlət qeydiyyat nişanının 29.09.2017-ci il tarixdə 5-ci Cavabdeh4 məxsus olan “X1” markalı avtomobilə təhkim edilməsi etibarsız hesab olunsun; 4) **-DG-*** dövlət qeydiyyat nişanının üçüncü şəxs, yəni apellyasiya şikayəti verən şəxs Cavabdeh8 məxsus olan “Lada 21214 Urban” markalı avtomobilin üzərinə təhkim edilməsi etibarsız hesab olunsun; 5) **-DG-*** dövlət qeydiyyat nişanı iddiaçıya qaytarılsın. Şikayət və izahatlar: İşdə iştirak etməyə cəlb edilməyən şəxs Cavabdeh8 apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Apellyasiya icraatı zamanı Cavabdeh8 üçüncü şəxs kimi tanınmışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Cavabdeh8 və onun vəkili Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Tofiq Ağacanov, cavabdehlər Cavabdeh7 və Cavabdeh6 apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: Qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır. İddia onunla əsaslandırılıb ki, **-DG-*** dövlət qeydiyyat nişanı iddiaçının mülkiyyətidir, iddiaçı dövlət qeydiyyat nişanının öz adına saxlanması şərtilə avtomobilə dair etibarnamə verib, lakin Cavabdeh1 dövlət qeydiyyat nişanını Cavabdeh4 14.000 manata satıb. İddia əsassızdır. Belə ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı xüsusi mülkiyyətin obyekti ola bilməz, onun adında olan “dövlət” sözü də bunu təsdiq edir. Dövlət qeydiyyat nişanının anlayışı “Yol hərəkəti haqqında” Qanunun 29-cu maddəsinin 1-ci hissəsində müəyyən edilib. Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasına görə edilən ödəniş nişan üzərində mülkiyyət hüququnun yaranmasına səbəb olmur. Belə ki, “dövlət rüsumu” və “qiymət” anlayışları fərqləndirilməlidir. “Yol hərəkəti haqqında” Qanunun 29-cu maddəsinin 2-ci hissəsində qeyd olunub ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının verilməsi üçün qanunvericilikdə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir. Göründüyü kimi, dövlət qeydiyyat nişanına görə edilən ödəniş qiymət deyil, rüsumdur. Dövlət rüsumu dövlət orqanları tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən xidmətə və hüquqi hərəkətlərə görə ödənilən haqdır. Onun anlayışı “Dövlət rüsumu haqqında” Qanunun 1.1-ci maddəsində müəyyən edilib. Qiymət isə dəyərin pul ifadəsidir, müqavilənin icrası üzrə bir tərəfin digər tərəfə verdiyi ödənişdir. Qiymətlə bağlı qaydalar Mülki Məcəllənin 398-ci maddəsində müəyyən edilib. Qiymət ödənişi mülkiyyət hüququ yarada bilir, çünki dəyəri ifadə edir. Rüsum ödənişi mülkiyyət hüququ yaratmır, çünki dövlət qeydiyyat nişanının dəyərini ifadə etmir, o, dövlət orqanının hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərdiyi xidmətə və hüquqi hərəkətlərə görə ödənilir. Göründüyü kimi, dövlət qeydiyyat nişanı xüsusi mülkiyyət hüququnun obyekti deyil, mülki dövriyyədə iştirak edə bilməz və nişana dair əqdlər (alqı-satqı, bağışlama və s.) bağlana bilməz. Odur ki, mülkiyyət hüququnun müdafiəsi və əqdin etibarsızlığı barədə iddia təmin edilə bilməz. Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi zamanı dövlət qeydiyyat nişanının saxlanması, nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınması qaydaları “Yol hərəkəti haqqında” Qanunun 29-cu maddəsinin 3-cü hissəsində müəyyən edilib. Həmin qaydalardan görünür ki, bu məsələlərin həlli zamanı nəqliyyat vasitəsini satan şəxsin istəyi əsas götürülür. İddiaçı nəqliyyat vasitəsinin satılması ilə bağlı səlahiyyəti etibarnamə ilə Cavabdeh1 etibar edib. Etibarnamədə dövlət qeydiyyat nişanına münasibətdə hər hansı qeyd-şərt göstərilməyib. Ona görə də hesab olunur ki, Cavabdeh1 dövlət qeydiyyat nişanına münasibətdə iddiaçının istəyini BDYPİ qarşısında ifadə etmək səlahiyyətinə malik olub. Beləliklə, qətnamə ləğv edilməli və iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6 İnqilab oğlu, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhəri 21 saylı Notariat Ofisinə qarşı “müqavilənin avtomobilin dövlət qeydiyyat nişanına aid hissədə etibarsız hesab olunması, həmin nişanının başqa avtomobilə təhkim edilməsinin etibarsız hesab olunması və nişanın qaytarılması barədə” iddiası təmin edilməsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-986/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-986/2022
04.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver