Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-986/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" MMC, Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru və Cavabdeh1nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: aktın ləğv edilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi cavabdehlər "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC, Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru və Cavabdeh1nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e2(003)-3495/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Borcverən "xxxx" MMC ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/1910 saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı şəxsi məqsədlər üçün 36 ay müddətinə illik 32 faiz olmaqla 30000 manat məbləğində pulu borcalan İddiaçı verməyi, borcalan isə müəyyən edilmiş müddətdə əsas borcu faizilə birgə qaytarmağı öhdəsinə götürmüşdür.
2. xx.xx.2022-ci il tarixli 2022/1910-İP saylı ipoteka müqaviləsinə əsasən 2022/1910 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin təminatı kimi X1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.İmanov küçəsində yerləşən 32a nömrəli evin 9 nömrəli mənzili "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. "xxxx" MMC tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli 2772 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ərizədən görünür ki, notariat orqanından X1 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə tutmanın yönəldilməsi, ilkin satış qiymətinin 75000 manat olmaqla daşınmaz əmlakın açıq hərracdan satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması barədə icra qeydinin aparılması xahiş edilmişdir.
4. xx.xx.2023-cü il tarixli 8İ-13728 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinə əsasən ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilə tutma yönəldilmişdir (öhdəliyi müəyyən edən 3M-1115 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 25406,90 manat əsas borc, 5022,04 manat faiz borcu, 10680 manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 41108,94 manat təşkil edir) .
5. Cavabdeh tərəfində apellyasiya şikayətinin verilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. O cümlədən, cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar hüquqi xidmətə görə 320 manat məbləğində pul ödənilmişdir.
İş üzrə qəbul olunmuş məhkəmə aktları
6. İddiaçı cavabdehlər "xxxx" MMC, Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru və Cavabdeh1nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 8İ-13728 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2022/1910 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" MMC-dən şəxsi məqsədlər üçün illik 32% dərəcəsi ilə 36 ay müddətinə 30.000 manat məbləğində kredit almışdır. Həmin kredit müqaviləsinin təminatı kimi onun, "xxxx" MMC-nin və X1 arasında xx.xx.2022-ci il tarixdə 2022/1910-İP nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən 2022/1910 nömrəli xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin təminatı kimi X1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.İmanov küçəsində yerləşən 32a nömrəli evin 9 nömrəli mənzili "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, yüklülüyə dair xx.xx.2022-ci il tarixdə "xxxx" MMC-yə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Kredit müqaviləsi bağlanandan sonra müqavilə üzrə öhdəliyini vaxtında icra etmişdir. Lakin, sonradan ailəsində maddi problemlər yarandığından o, kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra edə bilməmişdir. "xxxx" MMC-nin müraciətinə əsasən Bakı şəhəri 25 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli 8İ-13728 reyestr nömrəli icra qeydinə əsasən 25.406,90 manat əsas borc, 5022.04 manat faiz borcu və 10.680 manat dəbbə pulu olmaqla, cəmi 41.108,94 manat məbləğində kredit borcu üzrə tutma X1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.İmanov küçəsində yerləşən 32a nömrəli evin 9 nömrəli mənzilə yönəldilmişdir. Cavabdeh1 icra məmuru Yaqub Qafarov tərəfindən icra şöbəsinə dəvət edilən zaman icra qeydindən məlumatlı olmuşdur. Həmin günə qədər "xxxx" MMC tərəfindən ona nə şifahi, nə də yazılı qaydada xəbərdarlıq edilməmiş, icra qeydi ona təqdim edilməmişdir.
8. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e2(003)-3495/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri 25 saylı Dövlət Notariat ofisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8İ13728 reyestr nömrəli icra qeydinin ləğv edilməsi qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işin araşdırılmış hallarından görünür ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş formada tərtib edilmiş bildiriş ipoteka saxlayan tərəfindən ipotekaqoyana təqdim edilmişdir. Lakin, notariat orqanı tərəfindən qəbul edilən icra qeydi borcluya təqdim edilməmişdir. Borclunun icra qeydinə münasibəti ümumiyyətlə öyrənilməmişdir. Belə olan halda da icra qeydinin tərtib edilməsinə əsas olmuş öhdəliyin mübahisəsiz öhdəlik olması hesab edilə bilməz. Həmçinin, icra qeydinin tərtib edilməsinə əsas olmuş öhdəlikdən görünür ki, borclunun əsas borcuna münasibətdə qeyd olunan cərimə məbləği tənasübsüz olaraq çox hesablanmışdır. Bu halın özü də öhdəliyin mübahisəsiz olması ilə bağlı olan halı aradan qaldırır. Məhkəmə borcverən tərəfindən hesablanan cərimənin borcalanın borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 317, 458.1, 467ci maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1, 34.1.3 və 34.1.4-cü, 36.1, 36.2, 36.3, 36.4.2-ci maddələri, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76, 79-cu maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 218.3, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.
11. Qətnamədən cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-3495/2024 saylı xx.xx.2024-cü tarixli qətnaməsini tamamilə ləğv edərək, İddiaçı iddia tələbinin təmin edilməməsi və hazırki apellyasiya şikayəti ilə əlaqədar ödənilmiş 50 (əlli) manat dövlət rüsumu, vəkilin göstərdiyi hüquqi yardıma görə 320 (üç yüz iyirmi) manat xidmət haqqının İddiaçı tutularaq "xxxx" MMC-yə ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayətində göstərilmişdir ki, Bakı şəhəri 25 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 8İ-13728 reyestr nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydindən görünür ki, ipoteka müqaviləsi üzrə tərəf ipoteka saxlayan "xxxx" MMC-nin tələbi ilə ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsində yerləşən 32a nömrəli evin 9 nömrəli mənzilinə tutma yönəldilmişdir. İcra qeydi xx.xx.2023-cü il tarixində aparılmışdır. Bakı şəhəri 25 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2023-cü il tarixli 8İ-13728 reyestr nömrəli İcra qeydinin aparılması qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. İcra qeydi üzrə verilmiş icra vərəqəsi Cavabdeh1 icraatına daxil olmuşdur. Qeyd etmişdir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi "xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı bildiriş göndərilmişdir. Belə ki, həmin bildiriş poçt xidmətinə xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. Poçt qəbzində yazılmışdır ki, bildirişi qəbul edən şəxsin soyadı- Mirzəyeva (iş materiallarına bildirişin çatdırılmasına dair poçt qəbzi əlavə edilmişdir). Lakin İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən məhkəməyə şikayət verilməmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipoteka qoyana göndərilməsi, müəyyən edilmiş müddət ərzində qeydiyyat orqanına müraciət edilməsi "xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. E-2(003)-3495/2024 saylı mülki iş üzrə cavabdeh "xxxx" MMC tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə digər cavabdeh Bakı şəhəri 25 saylı Notariat Ofisinə müraciət edilmiş, sonuncu tərəfindən də icra qeydinin aparılması zamanı qanunvericiliyin tələblərinə əməl olunmuşdur. Bundan öncə isə ipoteka saxlayan "xxxx" MMC “İpoteka haqqında” Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı (müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; icra olunmalı öhdəlik barədə məlumat; ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası) əks etdirən bildirişi ipoteka qoyan iddiaçının ünvanına göndərmiş, iddiaçı həmin bildirişi xx.xx.2023-cü il tarixində qəbul etmiş, bundan sonra ipoteka saxlayan bildirişi ipotekanın dövlət qeydiyyatı orqanına təqdim etmiş, bununla da tutmanın yönəldilməsi proseduruna riayət etmişdir.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
13. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, iddiaçıya göndərilən bildirişi və poçt qəbzini təqdim etmişlər. Bildirişi aldıqdan sonra iddiaçı 21 gün ərzində şikayət edə bilərdi. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanuna əsasən məlumatlar ipoteka qoyanın ünvanına göndərilmişdir. İcra qeydinin aparılması qanunvericiliyin tələblərinə uyğun edilmişdir. Qətnamədə qeyd edilmişdir ki, notariat orqanı tərəfindən qəbul edilən icra qeydi borcluya təqdim edilməmişdir. Borclunun icra qeydinə münasibəti ümumiyyətlə öyrənilməmişdir. Belə olan halda da icra qeydinin tərtib edilməsinə əsas olmuş öhdəliyin mübahisəsiz öhdəlik olması hesab edilə bilməz. Məhkəmə bu nəticəyə gələrkən hansı nomralara istinad etməsini göstərməmişdir. Həmçinin hüquqlarını müdafiə etdiyim şəxs tərəfindən ödənilmiş dövlət rüsumu və vəkilin göstərdiyi hüquqi yardıma görə xidmət haqqına görə münasibət bildirilməyini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası iddiaçı və digər cavabdehlərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiklərini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq normaları:
15. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: Maddə 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; Maddə 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. Maddə 36.2. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: Maddə 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; Maddə 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; Maddə 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; Maddə 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Maddə 36.3-1. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınması barədə ipoteka saxlayanın ərizəsi elektron imza ilə təsdiqlənmiş elektron sənəd formasında təqdim edildikdə, ipotekanın dövlət qeydiyyatı orqanının səlahiyyətli şəxsi ərizəni elektron imzası ilə təsdiqləməklə elektron formada ərizəçiyə qaytarır. Maddə 36.4. Tutmanın yönəldilməsi proseduru aşağıdakı hallarda davam edə bilməz: Maddə 36.4.1. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsinə uyğun olaraq təqdim edildikdən sonra 3 iş günü ərzində ərizə ipotekanın dövlət qeydiyyatı orqanına təqdim edilmədikdə; Maddə 36.4.2. tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunla nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən etibarsız sayıldıqda. Maddə 36.5. İpoteka saxlayan tutmanın yönəldilməsi haqqında bildirişi bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat orqanına təqdim etmədikdə, o, ipoteka qoyan, hər hansı başqa ipoteka saxlayan və ipoteka predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Maddə 36.6. İpoteka saxlayan ipoteka predmetinin satışının başlanılmasınadək tutmanın yönəldilməsi haqqında bildirişin ləğv olunması barədə qeydiyyat orqanına müraciət edə bilər. 37.1. İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. 37.3. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır. 38.1. Bu Qanunun 37.1-ci maddəsinə uyğun olaraq ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir. 38.2. İpoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır.
16. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 76. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.3. İş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. 119.4. İşdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2. Məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5. İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 384.0.5. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, mülki iş üzrə icraata xitam verilməlidir.
19. Belə ki, borcverən "xxxx" MMC ilə borcalan İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/1910 saylı kredit müqaviləsinə əsasən kredit təşkilatı şəxsi məqsədlər üçün 36 ay müddətinə illik 32 faiz olmaqla 30000 manat məbləğində pulu borcalan İddiaçı verməyi, borcalan isə müəyyən edilmiş müddətdə əsas borcu faizi ilə birgə qaytarmağı öhdəsinə götürmüşdür, kredit müqaviləsinin təminatı olaraq X1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi R.İmanov küçəsində yerləşən 32a nömrəli evin 9 nömrəli mənzili "xxxx" MMC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli 2022/1910-İP saylı ipoteka müqaviləsi imzalanmışdır.
20. Bakı şəhəri 25 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli 8İ-13728 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydi verilmişdir.
21. İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, icra qeydinin ləğv edilməsini xahiş edir. Tələbini belə əsaslandırmışdır ki, kredit müqaviləsi bağlanandan sonra müqavilə üzrə öhdəliyini vaxtında icra etmişdir. Lakin, sonradan ailəsində maddi problemlər yarandığından o, kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra edə bilməmişdir. Cavabdeh1 icra məmuru Yaqub Qafarov tərəfindən icra şöbəsinə dəvət edilən zaman icra qeydindən məlumatlı olmuşdur. Həmin günə qədər "xxxx" MMC tərəfindən ona nə şifahi, nə də yazılı qaydada xəbərdarlıq edilməmiş, icra qeydi ona təqdim edilməmişdir.
22. İşə baxan məhkəmə isə iddia tələbini əsaslı hesab edərək təmin etmişdir. Məhkəmənin mövqeyinə görə icra qeydi borcluya təqdim edilməmişdir. Borclunun icra qeydinə münasibəti ümumiyyətlə öyrənilməmişdir. Belə olan halda da icra qeydinin tərtib edilməsinə əsas olmuş öhdəliyin mübahisəsiz öhdəlik olması hesab edilə bilməz. Həmçinin, icra qeydinin tərtib edilməsinə əsas olmuş öhdəlikdən görünür ki, borclunun əsas borcuna münasibətdə qeyd olunan cərimə məbləği tənasübsüz olaraq çox hesablanmışdır.
23. Notariat haqqında Azərbaycan Respublikası Qanunun 76-cı massəsinə görə tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.
24. Qanunvericiliyin tələbindən göründüyü kimi, tələbkarın tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmək öhdəliyi müəyyən edilmişdir.
25. İş materiallarından göründüyü kimi, "xxxx" MMC tərəfindən bu tələbə əməl edilmiş, borcalan İddiaçı və ipotekaqoyan X2 09 oktyabr 2023-cü il tarixli, 242 nömrəli bildiriş göndərilmişdir. Bildirişdə qeyd edilir ki, 1910/1922 saylı kredit müqaviləsi üzrə öhdəliklər 21 gün ərzində tam icra edilmədiyi halda Azərbaycan Respublikası “İpoteka haqqında” qanunun 34-38-ci maddələrinə əsasən ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldiləcəkdir. Bildiriş 09 oktyabr 2023-cü il tarixdə sifarişli poçt vasitəsilə göndərilmiş və xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən qəbzə imza edilməklə qəbul edilmişdir.
26. Qanunun 76-cı maddəsində qeyd edilir ki, icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.
27. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı icra qeydinin aparılacağı barədə bildirişi aldıqdan sonra heç bir etiraz bildirmədiyi, icra qeydinin aparılmasına səbəb olan tələbi mübahisələndirmədiyi halda, xx.xx.2024-cü il tarixdə icra qeydinin ləğv edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
28. Kollegiya qeyd edir ki, notariat haqqında qanunvericiliyə görə tələbkarın üzərinə icra qeydinin aparılacağı barədə bildiriş göndərmək vəzifəsi qoyulmuşdur. İpoteka haqqında qanunvericiliyə görə isə ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edilmədikdə, tutma ipoteka saxlayanın ipoteka müqaviləsinə, yaxud ipoteka kağızına əsaslanan tələbi üzrə notariusun icra qeydi əsasında həyata keçirilir.
29. Göründüyü kimi, qanunvericilik icra qeydinin aparılacağı barədə bildirişi göndərmək vəzifəsini tələbkarın üzərinə qoymuşdur. Məhkəmə icra qeydinin verilməsinə qədər qanunvericilikdə göstərilən qaydada icra qeydinin aparılacağı barədə bildirişin göndərilməsi və bildirişin alınmasını yoxlayır. Borclu borcun məbləğini icra qeydinin aparılacağı barədə bildirişi aldıqdan sonra mübahisələndirmək imkanına malik olur. Əgər borclunun icra qeydinin aparılacağı barədə bildirişi alması sübut olunmursa o zaman icra qeydinin ləğvi tələbinə məhkəmədə baxılır. Çünki borclu icra qeydinin aparılacağı barədə bildirişi almadığı halda icra qeydi verilirsə o zaman borclunun hüquqi müdafiə imkanı tükənmiş olur. Bu halda məhkəmə icra qeydinin ləğvi tələbinə baxır.
30. Hazırki işdə isə icra qeydinin aparılacağı barədə bildiriş göndərilmiş və iddiaçının bildirişi alması sübut olunur. Bildirişi aldıqdan sonra iddiaçı tələbi mübahisələndirə bilərdi. Lakin bildirişi almış və tələbi mübahisələndirməmişdir. Nəticədə, notarius tərəfindən icra qeydi verilmişdir. İcra qeydi verildikdən sonra iddiaçı tələbi mübahisələndirir. Bu halda Kollegiya hesab edir ki, icra qeydinin ləğvi tələbinə məhkəmədə baxıla bilməz.
31. Beləliklə, kollegiya qeyd edir ki, cavabdeh "xxxx" MMC apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e2(003)-3495/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər "xxxx" MMC, Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru və Cavabdeh1nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilməli, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat, hüquqi xidməti üçün ödənilmiş 320 manat məğləğində məhkəmə xərci iddiaçıdan cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin e2(003)-3495/2024 nömrəli, xx.xx.2024- cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər "xxxx" MMC, Bakı şəhəri 25 saylı Dövlət Notariat Kontoru və Cavabdeh1nə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat, hüquqi xidməti üçün ödənilmiş 320 (üç yüz iyirmi) manat məğləğində məhkəmə xərci İddiaçı cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulsun. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Xəyal Sarıyev Fərrux Qasımov