Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9864/2021 03.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 MİK-in nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Həşimova (Soltanova) Brilyant Həşim qızının cavabdehlər "xxxx" MİK-nə, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “protokolun, maliyyə arayışının, çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)- 3827/2021 saylı, 28.07.2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı Həşimova (Soltanova) Brilyant Həşim qızı cavabdehlər "xxxx" MİK-nə, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “protokolun, maliyyə arayışının, çıxarışın və texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, Xarici Dairəvi yolu, ev 11, giriş 7, 151 saylı mənzilin Cavabdeh2 adına keçirilməsinə dair Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında imzalanmış 15.03.2006-cı il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilənin, "Gənc Alim” MİK-nin tərtib etdiyi idarə heyəti üzvlərinin 1 saylı protokolunun və həmin kooperativin adından tərtib edilmiş 16.12.2020-ci il tarixli, 114 saylı maliyyə arayışının etibarsız hesab edilməsi, həmin sənədlər əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış ********** saylı qeydiyyatın və həmin qeydiyyata əsasən Cavabdeh2 adına verilmiş 08.04.2021-ci il tarixli **********49-05301-093180 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və 08.04.2021-ci il tarixli 04/12331 inventar nömrəli texniki pasportun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 MTK ilə aralarında bağlanmış 24.11.2004-cü il tarixli, 69 nömrəli "Kooperativ mənzil tikinti haqqında” müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında yaşayış binasını inşa edərək 3 otaqlı 81 kv.m sahəsi olan mənzili ona təhvil verməyi, o isə, müqavilə ilə şərtləşdirilmiş qaydada və məbləğdə cavabdehə ödəniş etməyi öhdələrinə götürmüşdürlər. Müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş qaydada pul məbləğini cavabdehə ödəyərək həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etmişdir. Lakin səhhətində yaranmış problemlə bağlı uzun müddət yataq xəstəsi olduğundan, Cavabdeh1 MTK üzvlərinin ümumi yığıncağının protokolunu və maliyyə arayışını əldə etməsi mümkün olmadığından mənzilinə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əldə edə bilməmişdir. Cavabdeh1 Mənzil İstehlak Kooperativinin sədri Aydın Cəfərov 2020-ci ilin avqust ayından başlayaraq ona müxtəlif üsullarla təzyiq etməyə başlamış, guya onun Cavabdeh1 MİK-nə borcu olduğunu və həmin borcu ödəməli olduğunu bildirmişdir. Aydın Cəfərovdan borcun nə ilə bağlı olduğunu soruşduqda, bu borcun mənzilin kommunal xərclərinə görə yaranmış olduğu və 7000 manat təşkil etdiyi bildirilmişdir. Onun təmsil etdiyi Kooperativlə hər hansı bir müqaviləsinin olmadığını və müqavilədən gələn öhdəliklərinin olmadığını bildirmişdir. Bundan sonra, Aydın Cəfərovdan mənzilinə dair vaxtilə rəhbəri olduğu Cavabdeh1 MTK üzvlərinin ümumi yığıncağının protokolunu və maliyyə arayışını verməsini tələb etmiş, o isə, “Gənc Alim’’ MTK ilə aralarında olan müqaviləni və ödəniş qəbzlərini ona təqdim etdiyi halda kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış və maliyyə arayışını verəcəyini bildirmişdir. İstədiyi sənədləri ona təqdim etmiş, bundan sonra bəlalar başlamışdır. Aydın Cəfərov və onun tabeliyində olan Rəşad adlı komendant bir neçə dəfə mənzilinin qapısının kilidini sındırmışdırlar. Onların bu qanunsuz əməlləri ilə bağlı 102 qaynar xəttinə və Yasamal rayon 29 saylı polis şöbəsinə müraciət edərək, ölçü götürülməsini tələb etsə də, onların barəsində hər hansı bir tədbir görülməmişdir. Bütün bu qeyd edilənlərdən sonra Cavabdeh1 MTK-nin mövcud olub-olmamasını araşdırmağa başlamışdır. Vəkili vasitəsilə müvafiq sorğu verdikdən sonra məlum olmuşdur ki, Cavabdeh1 MTK 11.02.2005-ci il tarixdə ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Bundan başqa araşdırmalar nəticəsində müəyyən etmişdir ki, Cavabdeh1 MTK-nin adına oxşar adla 04.07.2006-ci ildə Cavabdeh1 MİK təsis edilmişdir. Aydın Cəfərova Cavabdeh1 Mənzil Tikinti Kooperativinin ləğv edildiyi halda onun hal-hazırda hansı statusdan çıxış etdiyini soruşmuş, o isə, hal-hazırda səlahiyyətlərin onun əlində olduğunu bildirmiş və mənzilin boşaldılmasını tələb etmişdir. AR Mənzil məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Qanunvericiliyin tələbindən də göründüyü kimi pay haqqını ödədiyindən artıq həmin əmlak üzərində mülkiyyət hüququnu əldə etmiş, vaxtı ilə Cavabdeh1 MTK-nin sədri olmuş Aydın Cəfərov tərəfindən mənzilin açarları ona təhvil verilmiş, tərəfindən mənzildə təmir işləri aparılmışdır. Həmçinin, bütün işıq, su sayğacları onun adına qeydiyyata alınmış, sərf edilən su və elektrik enerjisinə görə ödənişlər onun tərəfindən ödənilmiş və dövlət orqanları həmin mənzilin mülkiyyətçisi kimi onu tanıyırlar. Bütün bu qeyd edilənləri Cavabdeh1 MTK-nin sədri olmuş Aydın Cəfərova bildirsə də, hər-hansı bir nəticə əldə edə bilməmişdir. Bundan başqa, mənzilin dəyərini ödəsə də, hüquqi şəxs ləğv edildiyindən “mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının” Qərarı və Maliyyə arayışını əldə etməsi mümkün olmadığı üçün ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilə dair mülkiyyət hüququnu dövlət qeydiyyatına aldıra bilməmişdir. Cavabdeh1 MTK-nin sədri olmuş Aydın Cəfərov həmin mənzil üzərində hüquqlarını qeydiyyata aldıra bilmədiyindən xəbəri olduğundan həmin mənzili onun əlindən almağa dair müxtəlif addımlar atmağa başlamışdır. Belə ki, 13.04.2021-ci il tarixdə Cavabdeh1 MİKnin Rəşad adlı komendantı yenidən mənzilinin qapısını sındırmağa cəhd etmişdir. Mənzildə olan oğlu ona bu hərəkətlərinin qanunsuz olduğunu bildirmiş, komendant artıq mənzilin başqa sahibinin olduğunu, həmin mənzilə dair onun çıxarış və texniki pasporta sahib olduğunu bildirmiş və oğlundan mənzilin boşaltmasını tələb etmişdir. Mənzili boşaltdığı təqdirdə ödədiyi və mənzilə çəkdiyi pulların geri qaytarılacağı bildirmişdir. Bundan sonra araşdırma nəticəsində müəyyən etmişdir ki, Cavabdeh2 adlı şəxs, Cavabdeh1 MİK-nin tərtib etdiyi saxta idarə heyəti üzvlərinin 06.08.2020-ci il tarixli 1 saylı protokolundan çıxarış və həmin kooperativin adından 16.12.2020-ci il tarixli 114 saylı maliyyə arayışı tərtib etmiş və kooperativin möhürünü vuraraq Aydın Cəfərovun imzası ilə təsdiq edilmiş sənədlərlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək öz adına 08.04.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və 08.04.2021-ci il tarixli 04/12331 inventar nömrəli texniki pasport almışdır. Cavabdeh1 MTK ilə heç bir bağlılığı olmayan Cavabdeh1 MİK-nin onun mülkiyyətində və istifadəsində olan mənzilə dair sərəncam verərək belə bir sənəd tərtib etməsi artıq özü özlüyündə sənədlərin saxtalaşdırılmasıdır. MM-nin 61.12-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi bu barədə qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan başa çatmış, hüquqi şəxs isə mövcudluğuna son qoymuş sayılır. Cavabdeh1 MTK artıq 11.02.2005-ci il tarixdə ləğv edilmişdir. Cavabdeh1 MİK-nin isə Cavabdeh1 MTK ilə bağlılığı olmadığı halda ləğv edilmiş hüquqi şəxsin adından çıxış edə və ona məxsus olmayan onun balansında olmayan əmlak üzərində sərəncam verə bilməz.
3. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-3827/2021 saylı, 28.07.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2 ilə Cavabdeh1 Mənzil Tikinti Kooperativi arasında 15 mart 2006-cı il tarixdə imzalanmış kooperativ mənzil tikintisi haqqında müqavilə, "Gənc Alim” Mənzil İstehlak Kooperativinin tərtib etdiyi idarə heyəti üzvlərinin 06 avqust 2020-ci il tarixli 1 saylı protokolu və həmin kooperativin adından tərtib edilmiş 16.12.2020-ci il tarixli 114 saylı maliyyə arayışının etibarsız hesab edilməsi, Cavabdeh1 Mənzil İstehlak Kooperativinin tərtib etdiyi sənədlərə əsasən Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən aparılmış ********** saylı qeydiyyat və həmin qeydiyyata əsasən Cavabdeh2 adına verilmiş 08.04.2021-ci il tarixli **********49-05301-093180 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və 08.04.2021-ci il tarixli 04/12331 inventar nömrəli texniki pasportun etibarsız hesab edilməsi qət edilmişdir (sədrlik edən: Toğrul Axundov).
4. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MTK ilə Həşimova (Soltanova) Brilyant Həşim qızı arasında Kooperativ mənzil tikinti haqqında Müqavilə iddia ərizəsində göstərildiyi kimi 24 noyabr 2004-cü ildə deyil, 04 fevral 2004-cü ildə bağlanmışdır. Mənzilin dəyəri 10400 ABŞ dolları müəyyən edilmişdir. Göründüyü kimi Müqavilənin tarixi iddiaçı tərəfindən pozulub düzəldilmişdir. Həmçinin həmin Müqavilədə mənzilin hansı girişdə, hansı mərtəbədə yerləşməsi və mənzilin nömrəsi göstərilməyib. İddiaçı tərəfindən Müqavilədə nəzərdə tutulan məbləğdən 4100 ABŞ dolları ödənilməmişdir. Qalıq borc 4100 ABŞ dolları (dörd min bir yüz) təşkil edir. İddiaçı tərəfindən Müqavilənin tarixi saxtalaşdırıldığı üçün birinci ödəniş guya Müqavilə bağlanmamışdan əvvəl, yəni, 29 iyul 2004-cü ildə ödənilib. Əgər Müqavilə 24 noyabr 2004-cü ildə bağlanıbsa, iddiaçı 29 iyul 2004cü ildə ödənişi hansı məqsədlə edib? Bundan sonra dəfələrlə iddiaçıya müraciət olunaraq qalıq borcun ödənilməsi xahiş olunmuş və əks təqdirdə Kooperativ üzvlüyündən çıxarılacağı barədə xəbərdarlıq edilmişdir. 18.02.2006-cı ildə Soltanova (Həşimova) Brilyant Həşim qızına qalıq 4100 ABŞ dolları borcun ödənilməsi, əks təqdirdə MTK üzvlüyündən çıxarılacağı barədə XƏBƏRDARLİQ edilmişdir. Həmin xəbərdarlıq məktubunu şəxsən B.H. Soltanova imza edərək qəbul etmişdir. 01 may 2013-cü ildə poçt vasitəsi ilə Soltanova (Həşimova) Brilyant Həşim qızına məktub göndərilmiş və MTK ilə əlaqə saxlamağı xahiş edilmişdir. 10 noyabr 2013-cü ildə və 25 oktyabr 2017-ci ildə poçt vasitəsi ilə Soltanova (Həşimova) Brilyant Həşim qızına müraciət edilərək MTK-nın hesabına ödədiyi pulları geri alması xahiş edilmişdir. 01 fevral 2021-ci ildə məktubla Həşimova (Soltanova) Brilyant Həşim qızına MTK-nın hesabına ödədiyi pulları geri alması xahiş edilmişdir. Həmin məktubu iddiaçının keçmiş həyat yoldaşı Soltanov qəbul etmişdir. "xxxx" Mənzil Tikinti Kooperativ üzvlərinin 12.11.2003-cü ildə keçirilən 4 saylı ümumi iclasında və 12.12.2003-cü ildə keçirilən 6 saylı iclasında belə bir qərar qəbul edilmişdir: İki il müddətində tikinti üçün müəyyən edilmiş pay haqqını vaxtında ödəməyən MTK üzvü qeyd-şərtsiz MTK üzvlüyündən azad edilsinlər və onların yerinə 100 % ödəniş edən üzvlər qəbul edilsinlər. "xxxx" Mənzil Tikinti Kooperativ üzvlərinin 16.02.2006-cı ildə keçirilən ümumi iclasında borcu qalan BDU əməkdaşlarına təsir etmək üçün Universitetin rəhbərliyinə müraciət edilməsi qərara alınmışdır. "xxxx" Mənzil Tikinti Kooperativi üzvlərinin 05.03.2006-cı ildə keçirilən ümumi iclasında borclarını ödəmədikləri üçün bəzi Kooperativ üzvləri, o cümlədən X1 üzvlüyündən azad edilmiş və onların ödədikləri pulların geri qaytarılması barədə qərar qəbul edilmişdir. Soltanova B.H həmin qərarla tanış olmuş və bu barədə tərtib olunmuş siyahıya imza etmişdir. İddiaçı Kooperativ üzvlüyündən azad edildiyi və bu barədə artıq 05.03.2006-cı ildə məlumatlı olduğu üçün həmin şəxsin belə bir iddia qaldırmasına subyektiv hüququ yoxdur. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər. 1.Öz hərəkətlərinə hüquqi ixtiyar. 2..Başqa (borclu) şəxslərdən tələb etmək hüququ. 3.Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Cavabdeh2 ilə "xxxx" Mənzil Tikinti Kooperativi arasında 15.03.2006-cı ildə Kooperativ Mənzil Tikinti Haqqında 151 saylı Müqavilə imzalanmışdır. Həmin tarixdə M.Ə. Həsənova tərəfindən üç otaqlı mənzil üçün 24000 ABŞ dolları ödənilmişdir və bu barədə ona 38 saylı Maliyyə arayışı verilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi üzvlərinin 16.04.2006-cı ildə keçirilən ümumi iclasının 2 saylı Protokolu əsasında Cavabdeh2 MTK üzvlüyünə qəbul olunmuşdur. "xxxx" Mənzil Tikinti Kooperativi üzvlərinin 06 avqust 2020-ci il tarixli, 1 saylı iclasının qərarı ilə Cavabdeh2 mənzilin özəlləşdirilməsi üçün lazım olan sənədlərin verilməsi barədə qərar qəbul edilmişdir. Qətnamənin 4-cü səhifəsində iddianın təmin edilməməsini göstərən məhkəmə qətnamənin axırıncı səhifəsində nəyə görəsə öz fikrini dəyişir. Məhkəmə iddiaçının təqdim etdiyi və tarixi qəsdən pozulub, dəyişdirilmiş (bu pozuntu adi gözlə də görünür) Müqaviləyə istinad edir. Lakin həmin Müqavilədə göstərilməyən məlumatları Müqavilədə göstərilən kimi qeyd edir. Bu da məhkəmənin qeyri-obyektivliyinin bariz nümunəsidir. Belə ki, həmin Müqavilədə mənzilin hansı girişdə, hansı mərtəbədə yerləşməsi və mənzilin nömrəsi göstərilməyib. Həşimova (Soltanova) Brilyant Həşim qızı tərəfindən mübahisəli mənzilin dəyərinin bütünlüklə ödənilib-ödənilməməsi barədə heç bir fikir yoxdur. Əgər Müqavilə qətnamədə göstərildiyi kimi 24 noyabr 2004-cü ildə bağlanıbsa, iddiaçı müqavilə bağlanmamışdan qabaq, 29 iyul 2004-cü ildə ödənişi hansı məqsədlə edib? Qətnamədə göstərildiyi kimi "xxxx" MTK 11.02.2005-ci il tarixində ləğv edilərək hüquqi şəxslərin dövlət qeydiyyatından çıxarılmışdırsa, onda iddiaçı tərəfindən 2005-ci və 2006-cı ildə həyata keçirilən ödənişlər nə məqsədlə, hara (kimə) ödənilmişdir? Həmçinin qeyd etmək istəyirik ki, "xxxx" MTK 11.02.2005-ci il tarixində ləğv olunması barədə hüquqi şəxsə heç bir məlumat verilməyib və hətta həmin vaxtdan sonra da Vergi Orqanları tərəfindən "xxxx" MTK-da yoxlamalar aparılıb və həmin hüquqi şəxsin adından dövlət büdcəsinə ödəmələr həyata keçirilib. Məhkəməyə təqdim edilmiş "xxxx" Mənzil İstehlak Kooperativinin Nizamnaməsinin 1.1-ci bəndində deyilir: Kooperativ Bakı şəhər İH-i 13.08.1990-cı İ tarixli 6/126 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış "xxxx" mənzil-istehlak kooperativinin bazasında yaradılmışdır və onun hüquqi varisidir. Sadəcə olaraq qeydiyyat orqanı tərəfindən "xxxx" Mənzil Tikinti Kooperativinin əvəzinə texniki səhv ucbatından "xxxx" Mənzil İstehlak Kooperativi sözləri yazılmışdır. Əgər məhkəmə cüzi də olsa, obyektivlik göstərib təqdim edilən sənədlə- Bakı şəhər İH-nin 13.08.1990-cı İ tarixli 6/126 saylı qərarı ilə tanış olsaydı, onda həmin qərarda hansı qurumdan söhbət getdiyini aydın görərdi. Tərəflərin izahatları:
6. Kollegiya iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
7. Kollegiya iclasında iştirak edən Cavabdeh1 MİK-in nümayəndəsi Ə.Qasımov apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyası iclasın vaxtı və yeri barədə digər Cavabdeh2 və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər kollegiya iclasında iştirak etməmişdir.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər Cavabdeh2 və 3-cü şəxsin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
10. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:
11. Belə ki, iş materiallarında olan ”Gənc Alim” MTK ilə Həşimova (Soltanova) Brilyant Həşim qızı arasında bağlanmış 24.11.2004-cü il tarixli, 69 nömrəli "Kooperativ mənzil tikinti haqqında” müqavilənin surətindən görünür ki, kooperativ ünvan 1 ünvanında inşa ediləcək yaşayış binasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, Xarici Dairəvi yolu, ev 11, giriş 7, 151 3 otaqlı 81 kv.m sahəsi olan mənzili payçıya təhvil verməyi, payçı isə, mənzili qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş dəyərini kooperativə ödəməyi öhdələrinə götürmüşdürlər. Müqavilənin 3.2-ci bəndinin şərtinə əsasən mənzilin dəyərinin hər kv.m 130 USD olmaqla iki il müddətinə, hər kv.m 100 USD olmaqla birdəfəlik ödənilməsi nəzərdə tutulmuşdur.
12. İş materiallarına əlavə olunmuş mədaxil qəbzlərindən görünür ki, Həşimova (Soltanova) Brilyant Həşim qızı tərəfindən Cavabdeh1 MTK-nın hesabına mənzilə görə 29.07.2004-cü ildə 10,045 000 manat (Mərkəzi Bankın həmin dövrə olan məzənnəsi 4904 (10,045 000:4904)=2048 ABŞ dolları, 25.11.2004-cü ildə 1350 ABŞ dolları, 28.04.2005-ci ildə 4 900 000 manat (Mərkəzi Bankın həmin dövrə olan məzənnəsi 4807 (4,900 000:4807)=1019 ABŞ dolları, 13.05.2005-ci ildə, 8.160.000 manat (Mərkəzi Bankın həmin dövrə olan məzənnəsi 4904 (8,160 000:4904)=1663 ABŞ dolları, 16.11.2005-ci ildə 6.440.000 manat (Mərkəzi Bankın həmin dövrə olan məzənnəsi 4596 (6,440 000:4596)=1401 ABŞ dolları və 2006-cı ildə 30.04.2006-cı ildə 2666 ABŞ dolları, cəmi 29545000 manat (AZM) və 4016 ABŞ dolları ödəniş həyata keçirilmişdir.
13. Birinci instansiya məhkəməsinin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 30.06.2021-ci il tarixli, **********740900 saylı və **********741600 cavab məktublarından müəyyən olunur ki, 27.02.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmış Cavabdeh1 MTK 11.02.2005-ci il tarixdə ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Qurumun qeydiyyat qovluğunda təşkilatı hüquqi formanın dəyişməsinə dair məlumat aşkar edilməmişdir. Qurumun hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir.
14. İş materiallarında olan Cavabdeh1 Mənzil-Tikinti Kooperativi üzlərinin 05.03.2006-cı il tarixli iclasının 1 saylı protokolunun surətindən görünür ki, borclarını ödəmədikləri üçün bəzi Kooperativ üzvləri, o cümlədən X1 üzvlüyündən azad edilmiş və onların ödədikləri pulların geri qaytarılması barədə qərar qəbul edilmişdir.
15. İş materiallarında olan ”Gənc Alim” MTK ilə Cavabdeh2 arasında bağlanmış 15.03.2006-cı il tarixli, 151 nömrəli Kooperativ mənzil tikinti haqqında” müqavilənin surətindən görünür ki, kooperativ ünvan 4 ünvanında inşa ediləcək yaşayış binasında giriş 7, 6-cı mərtəbə, 3 otaqlı 78.2 kv.m sahəsi olan 151 saylı mənzili payçıya təhvil verməyi, payçı isə, mənzili qəbul etməyi və müqavilə ilə müəyyən edilmiş dəyərini kooperativə ödəməyi öhdələrinə götürmüşdürlər. Müqaviləyə əsasən mənzilin dəyəri 24000 ABŞ dolları manatı müəyyən edilmişdir. Müqavilənin 3.2-ci bəndinin şərtinə əsasən mənzilin dəyərinin hər kv.m 130 USD olmaqla iki il müddətinə, hər kv.m 100 USD olmaqla birdəfəlik ödənilməsi nəzərdə tutulmuşdur.
16. İş materiallarına əlavə olunmuş 15.03.2006-cı il tarixli, 38 nömrəli maliyyə arayışının surətindən görünür ki, qeyd olunan mənzilin dəyəri Cavabdeh2 tərəfindən tam ödənilmişdir və MTKya borcu yoxdur. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 08.04.2021-ci il tarixli **********49-05301- 093180 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal- 2, Xarici Dairəvi yolu, ev 11, giriş 7, 151 saylı mənzil Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. Hüquqi dəyərləndirmə:
17. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, Cavabdeh1 MTK ilə iddiaçı arasında bağlanmış 24.11.2004-cü il tarixli, 69 nömrəli "Kooperativ mənzil tikinti haqqında” müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında yaşayış binasını inşa edərək 3 otaqlı 81 kv.m sahəsi olan mənzili iddiaçıya təhvil verməyi, iddiaçı isə, müqavilə ilə şərtləşdirilmiş qaydada və məbləğdə cavabdehə ödəniş etməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuş qaydada pul məbləğini cavabdehə ödəyərək həmin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi icra etdiyini, lakin cavabdeh tərəfindən borcun ödənilməməsi əsas gətirilərək mənzilin Cavabdeh2 adına rəsmiləşdirilməsini iddia edir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25.10.2010-cu il tarixli Plenum Qərarına əsasən, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.
19. Kollegiya qeyd edir ki, iş materiallarında olan kassa mədaxil orderi qəbzlərinin notariat qaydada təsdiq edilmiş surətlərindən görünür ki, X2 tərəfindən 3 otaqlı mənzil tikintisi üçün Cavabdeh1 MTK-ya 29.07.2004-cü ildə 10,045 000 manat (Mərkəzi Bankın həmin dövrə olan məzənnəsi 4904 (10,045 000:4904)=2048 ABŞ dolları, 25.11.2004-cü ildə 1350 ABŞ dolları, 28.04.2005-ci ildə 4 900 000 manat (Mərkəzi Bankın həmin dövrə olan məzənnəsi 4807 (4,900 000:4807)=1019 ABŞ dolları, 13.05.2005-ci ildə, 8.160.000 manat (Mərkəzi Bankın həmin dövrə olan məzənnəsi 4904 (8,160 000:4904)=1663 ABŞ dolları, 16.11.2005-ci ildə 6.440.000 manat (Mərkəzi Bankın həmin dövrə olan məzənnəsi 4596 (6,440 000:4596)=1401 ABŞ dolları və 2006-cı ildə 30.04.2006-cı ildə 2666 ABŞ dolları, cəmi 29545000 manat (AZM) və 4016 ABŞ dolları ödəniş həyata keçirilmişdir.
20. Belə olan halda, iddiaçıya müqavilədə göstərilən ölçüdə mənzil təqdim edilməsə də təqdim edilən kvaduraturadan artıq olan pay haqqını tam ödədiyindən onun həmin əmlaka sahiblik və istifadə hüquqları yaranmışdır ki, bu da MTK tərəfindən sözügedən mənzilin başqa şəxsin adına rəsmiləşdirilməsini istisna edir.
21. Cavabdehlər apellyasiya şikayətində iddiaçının 4100 ABŞ dolları borcunun olduğunu bildirirlər. Kollegiya cavabdehlərin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının 4100 ABŞ dolları borcunun qalmasını təsdiq edən hər hansı bir sübut, məhkəməyə təqdim edilməmiş və iş materiallarında aşkar edilməmişdir. Cavabdehlər apellyasiya şikayətinin dəlili kimi 18.02.2006-cı ildə iddiaçının qalıq borcunun olması barədə xəbərdarlığa imza ataraq qəbul etməsi halına istinad edirlər. Kollegiya bununla bağlı qeyd edir ki, iş materiallarında olan Cavabdeh1 MTK tərəfindən verilmiş xəbərdarlıqdan (i.v. 149) görünür ki, xəbərdarlıq 16.02.2006-cı il tarixdə verilmişdir. Halbuki, iş materiallarında olan Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 30 iyun 2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 MTK 11.02.2005-ci il tarixində ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır.
22. Belə olan halda, xəbərdarlığın verildiyi 16.02.2006-cı il tarixində Cavabdeh1 MTK ləğv edildiyindən onun adından verilmiş xəbərdarlıq, qəbul edilmiş qərar, bağlanmış əqd və edilmiş hər hansı bir hüquqi hərəkət etibarsızdır. Bununla bağlı kollegiya aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri sayır:
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.
24. Həmin Məcəllənin 43.6-cı maddəsinə əsasən qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, hüquqi şəxslərin ittifaqları formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər.
25. Həmin Məcəllənin 44.1-ci maddəsinə görə hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.
26. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatının məlumatları, o cümlədən kommersiya təşkilatları üçün firma adı ümumi tanışlıq üçün açıq olan hüquqi şəxslərin dövlət reyestrinə daxil edilir.
27. Həmin Məcəllənin 59.1-ci maddəsinə görə hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.
28. Göründüyü kimi, Mülki qanunvericiliyin tələblərinə əsasən hüquqi şəxsin ləğvi onun hüquq və vəzifələrinə hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsidir. Beləliklə, Cavabdeh1 Mənzil-Tikinti Kooperativinin ləğvi strukturuna daxil olan müəssisə, təşkilat və cəmiyyətlərin, habelə filialların, nümayəndəliklərin, yanında, nəzdində və digər formalarda yaradılmış struktur bölmələrin fəaliyyətinin xitamı deməkdir. Hüquqi şəxsin hüquq qabiliyyəti olmadan hüquq və vəzifələrin yaranması mümkün deyildir.
29. Cavabdehlər apellyasiya şikayətində müqavilənin 24 noyabr 2004-cü ildə deyil, 04 fevral 2004-cü ildə bağlandığını və mənzilin dəyərinin 10400 ABŞ dolları müəyyən edildiyini bildirirlər və müqavilənin tarixinin iddiaçı tərəfindən pozulub düzəldiyini qeyd edirlər. Bundan başqa cavabdehlər apellyasiya şikayətində həmin mənzilin hansı girişdə, hansı mərtəbədə yerləşməsi və mənzilin nömrəsinin göstərilmədiyini qeyd edirlər.
30. Kollegiya cavabdehlərin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, düzəlişin iddiaçı tərəfindən edilməsi və cəmiyyətin möhürü ilə təsdiq edilməsi sübuta yetirilmir. Eyni zamanda, iş materiallarında olan iddiaçı ilə Gənc Alim MTK arasında bağlanmış iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş müqavilədən görünür ki, mənzilin dəyərinin 10400 ABŞ dolları olması ilə bağlı hər hansı şərt nəzərdə tutulmamışdır. Bundan başqa həmin müqavilədə mənzilin girişi, hansı mərtəbədə yerləşməsi və mənzilin nömrəsinin göstərilməməsi həmin mənzilin bu və ya digər şəxsə aid olmaması demək deyildir.
31. Kollegiya həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməsini zəruri hesab edir ki, qeyd edilən mənzilin iddiaçının istifadəsində olması məhkəmə kollegiyası tərəfindən 16.11.2021-ci ildə tərəflərin iştirakı ilə təşkil edilmiş yerli baxış əsasında da müəyyən edilmişdir. Bu hal həm də iş materiallarında olan kommunal ödənişlərin, vergilərin iddiaçı tərəfindən ödənilməsini göstərən qəbzlərlə bir daha öz təsdiqini tapır. Bundan başqa cavabdehin nümayəndəsi Əli Qasımovun yerli baxışda iddiaçının müqavilədə göstərilən mənzilin hal-hazıra göstərilən mənzil olması faktını təsdiq etmişdir.
32. Kollegiya işin hallarına əsasən qeyd edir ki, cavabdeh iddiaçının MTK üzvlüyündən xaric edilməsinə dair hər hansı qərarın mövcudluğu ilə bağlı iş materiallarında hər hansı bir sənəd mövcud deyildir. Başqa sözlə, cavabdeh MTK iddiaçının üzvlükdən xaric etməsi ilə bağlı hər hansı qərar qəbul etməmiş və iddiaçıya üzvlükdən xaric edilməsi ilə bağlı məlumat verməmişdir.
33. İş materiallarında olan 05.03.2006-cı il tarixli protokolun məzmunundan görünür ki, Soltanova Brilyantın MTK üzvlüyündən azad edilməsi və onların kooperativ hesabına keçirdikləri ödənişlərin onlara nəzərdə tutulan mənzillərin satılaraq geri qaytarılması qərara alınmışdır. Cavabdeh MTK həmin protokola sonradan əlavə edilmiş imzaların olduğu vərəqin surətinə istinad edərək iddiaçının həmin qərarla tanış olduğunu bildirir. Kollegiya bununla bağlı qeyd edir ki, MTK üzvlərinin imzalarının olduğu vərəqin surəti mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, həmin vərəq həm kserosurət olması, həm də ayrı-ayrı vərəqələr olduğundan protokolun davamı kimi qəbul edilə bilməməsi səbəbindən sübut kimi qətnamənin əsasını təşkil etmir.
34. Kollegiya ”Gənc Alim” MTK ilə Cavabdeh2 arasında bağlanmış 15.03.2006-cı il tarixli, 151 nömrəli Kooperativ mənzil tikinti haqqında” müqavilənin dəyəri ilə bağlı münasibət bildirməyi zəruri hesab edir. Müqaviləyə əsasən mənzilin dəyəri 24000 ABŞ dolları manatı müəyyən edildiyi göstərilsə də müqavilənin 3.2-ci bəndi ilə müqavilənin dəyəri ziddiyyət təşkil edir. Belə ki, müqavilənin 3.2-ci bəndinin şərtinə əsasən mənzilin dəyərinin hər kv.m 130 USD olmaqla iki il müddətinə, hər kv.m 100 USD olmaqla birdəfəlik ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilə şərtinə əsasən əgər həqiqətən müqavilə 2006-cı ildə bağlanmışdırsa cavabdeh ödənişi bir dəfəyə ödəmişdirsə onda cavabdeh 7820 ABŞ dolları ödəniş etməli idi. Lakin nədənsə cavabdehin ödədiyi ödənişin 24000 ABŞ dolları olması göstərilir ki, bu da təqribən mənzilin 1 kv.m qiymətinin 306 ABŞ dolları olması ilə nəticələnir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan MTK ilə digər Cavabdeh2 arasında olan müqavilələrdə şübhə doğurur. Belə ki, iş materiallarında olan alqı-satqı müqaviləsinin birində X4 digərində isə Cavabdeh2 və müqavilənin son vərəqində iddiaçının 09.01.2012-ci ildə aldığı şəxsiyyət vəsiqəsinin göstəriciləri qeyd edilmişdir bü isə özü özlüyündə həmin müqavilənin sonradan tərtib edilməsi faktını təsdiq edir. Bundan başqa iddiaçının nümayəndəsinin tələbinə baxmayaraq MTK ilə digər Cavabdeh2 arasında olan müqavilənin dəyərinin ödənilməsinə dair kassa mədaxil orderi məhkəməyə təqdim edilməmiş və buda bir daha həmin ödənişin qəbul edilməməsinə dəlalət edir.
35. Kollegiya belə qənaətə gəlir ki, qeyd edilən müqavilə şübhə doğurur və həmin dəlilə əsasən müqavilə etibarsız hesab edilməlidir.
36. Cavabdeh apellyasiya şikayətində bildirir ki, "xxxx" Mənzil Tikinti Kooperativi üzvlərinin 16.04.2006-cı ildə keçirilən ümumi iclasının 2 saylı Protokolu əsasında Cavabdeh2 MTK üzvlüyünə qəbul olunmuşdur. "xxxx" Mənzil Tikinti Kooperativi üzvəlrinin 06 avqust 2020-ci il tarixli, 1 saylı iclasının qərarı ilə Cavabdeh2 mənzilin özəlləşdirilməsi üçün lazım olan sənədlərin verilməsi barədə qərar qəbul edilmişdir.
37. Kollegiya MTK-nın qeyd edilən protokolu ilə bağlı vurğulayır ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, Xarici Dairəvi yolu, ev 11, giriş 7, 151 saylı mənzilin Cavabdeh2 adına keçirilməsinə dair Cavabdeh2 ilə Cavabdeh1 MTK arasında imzalanmış 15.03.2006-cı il tarixli kooperativ mənzil tikintisi haqqında müqavilənin, "Gənc Alim” MİK-nin tərtib etdiyi idarə heyəti üzvlərinin 1 saylı protokolunun və həmin kooperativin adından tərtib edilmiş 16.12.2020-ci il tarixli 114 saylı maliyyə arayışının hüquq fəaliyyəti olmayan, heç bir səlahiyyətli dövlət təşkilatında qeydiyyatdan keçməmiş, ləğv edilmiş MTK tərəfindən həyata keçirilmişdir ki, bu da həmin hərəkətlərin və qəbul edilmiş qərarların etibarsız hesab edilməsi üçün əsasdır.
38. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, cavabdeh MTK ilə digər Cavabdeh2 arasında olan müqavilənın 15.03.2006-cı il tarixində bağlanmasının etibarsızlığı ilə yanaşı, həmin müqavilədə qeyd edilən “2004” rəqəminin “2006” olaraq düzəliş edilməsi aydın görünür.
39. Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
40. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
41. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi).
42. Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır.
43. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
44. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.
45. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır... Qarşı tərəf əqdin etibarsızlığı faktının mövcudluğu ilə razılaşmadığı təqdirdə Mülki Məcəllənin 339.6-cı maddəsi zərərçəkənə məhkəmədə iddia irəli sürməklə mübahisəni həll etmək imkanını verir.”
47. Cavabdehlər apellyasiya şikayətində qeyd edir ki, Qətnamənin 4-cü səhifəsində iddianın təmin edilməməsini göstərən məhkəmə qətnamənin axırıncı səhifəsində nəyə görəsə öz fikrini dəyişir. Bununla bağlı kollegiya qeyd edir ki, qətnamənin mətnində məhkəmənin gəlddiyi yekun nəticə ilə bağlı “iddia təmin edilməməlidir” ifadəsi texniki səhv kimi qiymətləndirilməlidir və qətnamənin ləğvi üçün əsas deyildir. Cavabdeh Mülki Prosessual Məcəllənin tələblərinə əsasən birinci instansiya məhkəməsinə qətnamədəki yanlışlığın aradan qaldırılması ilə bağlı ərizə ilə müraciəet edə bilərdi.
48. Cavabdehlər apellyasiya şikayətində qeyd edir ki, Cavabdeh1 Mənzil İstehlak Kooperativinin nizamnaməsinin 1.1-ci bəndində Kooperativin Bakı şəhəri İH-i 13.08.1990-cı il tarixli 6/126 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış Cavabdeh1 Mənzil İstehlak Kooperativinin bazasında yaradılması və onun hüquqi varisidir. Səhv olaraq Cavabdeh1 Mənzil Tikinti Kooperativinin əvəzinə Cavabdeh1 Mənzil İstehlak Kooperativi yazılmışdır. Əgər məhkəmə cüzi də olsa obyektivlik göstərib təqdim etdiyimiz sənədlə Bakı şəhəri İH-i 13.08.1990-cı il tarixli 6/126 saylı qərarı ilə tanış olsaydı həmin qərarda hansı qurumdan söhbət getdiyini aydın görərdi.
49. Apellyasiya şikayətinin bu dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin VÖEN-i ********** olmuş, Cavabdeh1 Mənzil İstehlak Kooperativinin VÖEN-i isə ********** olmuşdur. Vergi ödəyicisinin eyniləşdirmə nömrələrindən də göründüyü kimi başqa-başqa hüquqi şəxslərdir. Həmçinin iş materiallarında olan Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 30 iyun 2021-ci il tarixli məktubundan (i.v. 77) görünür ki, Cavabdeh1 MTK 11.02.2005-ci il tarixində ləğv edilərək hüquqi şəxslərin dövlət reyestrindən çıxarılmışdır. Qurumun hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir.
50. Sadalanan xüsusatlara əsasən kollegiya hesab edir ki, iddia tələbinin təmin edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olduğundan, apellyasiya şikayətinin dəlilləri qənamənin ləğvi üçün əsas deyildir.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
52. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:
53. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
54. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdehlər "xxxx" MİK, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-3827/2021 saylı, 28.07.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.