Məhkəmə qərarları › İş №2(103)-988/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-988/2022

27.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-988/2022 27.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Tanrıverdiyev Anar Vəzir oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Mehdiyeva Mənsurə Ənvər qızının katibliyi, İddiaçı, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC-yə, Cavabdeh3 MMCyə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC-ni cəlb etməklə “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(004)- 4568/2021 saylı qətnaməsindən Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2 MMC-yə və "Bakcell” MMC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən mənəvi ziyana görə 10.000 (on min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Yasamal rayon məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun adından razılığı olmadan telefon nömrələrinin verilməsi sübuta yetirilmiş və cavabdehlərdən onun adına olan nömrələrin adından çıxarılması öhdəliyi onların üzərinə qoyulmuşdur. Lakin cavabdehlərin bu qanunsuz hərəkətləri nəticəsində o, mənəvi əzab və stress keçirmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onun adına telefon nömrələri verilmiş və həmin nömrələrdən müəyyən qanuna zidd hərəkətlər edilmişdir. Bu səbəbdən nömrənin sahibi kimi onu həm Bakı şəhəri, həm də Azərbaycanın müxtəlif rayonlarının polis idarələrinə çağırıb ondan izahatlar almışlar və ona qarşı iddialar irəli sürmüşlər. O, çağırıldığı polis idarələrinə günahsız olmasını sübut edənə qədər, onunla cinayət törətmiş şəxsə kömək edən şəxs kimi davranmışlar. Bununla da o, mənəvi iztirab keçirmiş və təqsirsizliyini sübut etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni təqdim edərək, iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək, cavabdehlərin hər birindən 3.330 manat olmaqla, cəmi 9.990 (doqquz min doqquz yüz doxsan) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(004)- 4568/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 MMC-dən və "Bakcell” MMC-dən vurulmuş mənəvi zərərə görə hər birindən ayrı-ayrılıqda 500 (beş yüz) manat olmaqla, cəmi 1500 (bir min beş yüz) manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Hazırda qətnamədən Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv edilməsini və iddia tələbinin Cavabdeh2 MMC-yə münasibətdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi tam araşdırmamış, nömrənin yanlış abunəçinin adına rəsmiləşdirilməsi zamanı cavabdehin təqsirinin (hərəkətin təqsirliliyi şərti) nədə ifadə olunmasını, bu iki hərəkət arasında səbəbli əlaqənin hansı məzmunda olmasını və bu zaman mümkün mənəvi zərərin vurulmasına görə "xxxx" MMC-nin məsul hesab edilməsinin əsaslarını qətnamədə müəyyən etməmiş və bu hallar sübuta yetirilməmişdir. Nömrənin cavabdeh tərəfindən satılmadığına dair sübutlar məhkəməyə təqdim edilmişdir. Nömrələrin qanunsuz satışının cavabdeh tərəfindən deyil, başqa hüquqi şəxs ("xxxx" MMC (VÖEN **********)) tərəfindən həyata keçirilməsi iş üçün əhəmiyyətli hal olsa da, məhkəmə bu barədə təqdim edilmiş sübutlara qiymət verməmiş, öz qətnaməsində bu məsələyə münasibət bildirməmişdir. Bu da cavabdehə münasibətdə yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə baş vermiş hadisədə cavabdehin hərəkət və ya hərəkətsizliyinin olub-olmaması və səbəbli əlaqə ilə bağlı gəldiyi nəticəni qətnamədə qeyd etməmişdir. Mənəvi zərərin vurulmasına gətirib çıxarmış nömrə satışının cavabdeh tərəfindən həyata keçirilməsi sübut edilməmişdir. Əksinə, nömrə satışının cavabdeh tərəfindən həyata keçirilmədiyini göstərən sübutlar məhkəməyə təqdim edilmişdir. "xxxx" MMC-nin hansı hərəkəti, bu hərəkətin hansı qanunu pozması, bu hərəkətin hansı hal ilə nəticələnməsi, hərəkət ilə hal arasında hansı səbəbli-əlaqənin olması şərh edilməmiş, bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı apellyasiya şikayətinə etiraz təqdim edərək bildirmişdir ki, cavabdeh nömrələrin "xxxx" MMC tərəfindən satıldığını göstərsə də, nəticə etibarilə nömrələrin açılması və müqavilələrin təsdiqi cavabdehlər tərəfindən aparılır. Bu müqavilələrdə onun imzası belə olmamışdır. Odur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(004)-4568/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı və digər cavabdehlər tərəfindən apellyasiya şikayəti verilməmiş, cavabdeh "xxxx" MMC apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini iddianın ona aid olan hissəsində mübahisələndirdiyindən apellyasiya baxışının predmetini mübahisələndirilən qətnamənin həmin hissəsi təşkil edir. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-3297/2020 saylı, 29.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMCyə, Cavabdeh2 MMC-yə və Cavabdeh3 MMC-yə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilmiş, iddiaçıya məxsus ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, 070 294-23-33, ***-***-**-** saylı nömrələrin İddiaçı adından çıxarılması vəzifəsi cavabdeh Cavabdeh1 MMC-nin, iddiaçıya məxsus ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı nömrələrin İddiaçı adından çıxarılması vəzifəsi Cavabdeh2 MMC-nin və iddiaçıya məxsus ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı nömrələrin İddiaçı adından çıxarılması vəzifəsi Cavabdeh3 MMC-nin üzərinə qoyulmuşdur. Həmin qətnamədən eyni zamanda görünür ki, ***-***-**-**,***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı nömrələr Cavabdeh1 MMC tərəfindən, ***-***-**-**, ***-***-**- **, 050-655- 87-85, ***-***-**-**, 050-319-72- 79, ***-***-**-** saylı nömrələr "Azercell Telekom” MMC tərəfindən, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**. 055- 671-87- 07, ***-***-**-**, ***-***-**-** saylı nömrələr isə İddiaçı razılığı olmadan, onunla hər hansı müqavilə bağlanmadan adına qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin çağırış vərəqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırılan HK-1192 saylı istintaq materialı ilə əlaqədar olaraq Bakı şəhəri Nərimanov rayon Pİ-nin İstintaq Şöbəsinini müstəntiqi, polis baş leytenantı Kənan Məmmədzadənin yanına gəlib iş üzrə izahat verməsi, üzrlü səbəb olmadan gəlməkdən imtina etdikdə Azərbaycan Respublikası Cmnin 298-ci maddəsi ilə cinayət məsuliyyəti daşımağı barədə xəbərdar edilmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlmişdir ki, qanuni qüvvəsini almış Yasamal rayon Məhkəməsinin 2(004)-3297/2020 saylı, 29.10.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı razılığı olmadan onun adına müqavilələrin bağlanması öz təsdiqini tapmışdır. Məhkəmə hesab etmişdir ki, İddiaçı razılığı olmadan onun adına müqavilələrin bağlanması, eyni zamanda bu hüquqazidd hərəkət nəticəsində iddiaçının adına qeydə alınmış nömrələrin istifadəçisi olaraq polis idərələrinə çağırılması, ondan ifadə alınması müəyyən edildiyindən iddiaçının bu səbəbdən mənəvi sarsıntı keçirməsi qaçılmazdır. Mənəvi zərərin ağlabatan məbləğini məhkəmə hər cavabdeh üzrə 500 manat müəyyən etməyi lazım bilir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh2 MMC-dən və "Bakcell” MMC-dən vurulmuş mənəvi zərərə görə hər birindən ayrı-ayrılıqda 500 (beş yüz) manat olmaqla, cəmi 1500 (bir min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır. Kollegiya hesab edir ki, məhkəmənin iddianın qismən təmin edilməsi barədə qənaəti qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Kollegiya qeyd edir ki, mənəvi zərər cavabdehin hüquq pozuntusunun (təqsirli hərəkətlərinin) nəticəsi olduğuna görə iddiaçı haqlı olaraq mənəvi zərərin ödənilməsini tələb etmişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Cavabdeh apellyasiya şikayətində nömrələrin satışının onun tərəfindən deyil, baş hüquqi şəxs tərəfindən həyata keçirildiyini, məhkəmənin bu halı nəzərə almadığını bildirmişdir. Kollegiya hesab edir ki, nömrələrin müstəqil hüquqi şəxs olan "xxxx" MMC tərəfindən həyata keçirilməsi iddianın cavabdehə münasibətdə rədd edilməsi üçün əsas deyildir. Belə ki, həmin nömrələrin "xxxx" MMC tərəfindən satılmasını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, qeyd edilən SİM nömrələr qanunvericiliyin tələbinə əsasən dövlətin mülkiyyəti hesab olunsa da, bu nömrələrin satışının təşkili, habelə onlardan istifadə edilməsinə nəzarət və xidmətin göstərilməsi kimi funksiyalar "xxxx" MMC həyata keçirşr. «Telekommunikasiya haqqında» Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinə əsasən müvafiq telefommunikasiya xidmətlərinin göstərilməsi qanunvericiliyin tələbləri və operator, provayder və abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Göründüyü kimi, qanunvericilikdə telekommunikasiya xidmətinin göstərilməsinin yalnız abunəçi ilə operator arasında bağlanmış müqavilə əsasında həyata keçirilməsi mümkünlüyü nəzərdə tutulmuşdur. Bu səbəbdən cavabdeh "xxxx" MMC-nin iddiaçının adına olan nömrəni onların deyil, onlarla diler müqaviləsi bağlamış "xxxx" MMC-nin satması, buna görə də hazırkı iddiaya onların deyil, "xxxx" MMC-nin cavab verməli olmasına dair dəlillərini məhkəmə kollegiyası əsassız sayır. Kollegiya hesab edir ki, apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi (dəyişdirilməsi) üçün əsas deyildir. Hazırkı mülki iş üzrə iddianın qiyməti 5000 manatdan az olduğuna görə, bu qətnamədən kassasiya şikayəti nəzərdə tutulmamışdır. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(004)-4568/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar