Məhkəmə qərarları › İş №2(103)-988/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-988/2024

23.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-988/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 noyabr 2023-ci il tarixli, 2(006)-3934/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi ziyana görə 1936 manat, mənəvi ziyana görə 100 000 manat məbləğində kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 noyabr 2023-ci il tarixli, 2(006)- 3934/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə 12500 manat məbləğində mənəvi zərərin və hüquqi yardıma görə ödənilmiş 930 manat pul vəsaitinin əvəzinin ödənilməsi qət edilmişdir.

3. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi qətnamədən apellyasiya şikayəti verərək ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində icraat

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 dekabr 2023-cü il tarixli, 2(103)-7826/2023 nömrəli qərardadı ilə apellyasiya mümkün hesab edilmişdir.

5. Bundan sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti də baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmə kollegiyası yuxarıda göstərilən hüquq normalarının tələbini nəzərə alaraq, hesab edir ki, iddiaçının apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğu məsələsinə baxılması üçün iddiaçının apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad ləğv edilib, iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılmalıdır.

8. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 noyabr 2023-ci il tarixli, 2(006)-3934/2023 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(103)-7826/2023 nömrəli qərardadı ləğv edilsin, iş apellyasiya baxışından çıxarılmaqla birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar