Məhkəmə qərarları › İş №2(103)-9884/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9884/2021

15.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9884/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 15 fevral 2021-ci il il tarixli, 2(001)-541/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 92000 ABŞ dolları məbləğində borcun, gecikdirilməyə görə əlavə 10000 ABŞ dolları məbləğində faizin, mənəvi zərərə görə 5000 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir ki, Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yaşayır. Həmin şəhərdə ərzaq məhsullarını satmaqla ailəsinin dolanışıq təlabatlarını ödəyib. Hazırkı iş üzrə Cavabdeh ilə Moskvada yaxşı münasibətləri yaranmışdır. O, bizneslə məşğul olduğundan, cavabdeh də orada qalıb işləmək fikrində olduğundan, o cavabdehə hər cür şərait yaratmaqla, orada ona himayədarlıq etmiş, öz mənzilində yer verərək bir mənzildə yaşamışlar. Beləliklə tərəflər arasında etibarlı münasibətlər yaranmışdır. 2013-cü ilin iyun ayınının əvvəllərində cavabdeh ona Bakı şəhərində ev almaq istədiyini bildirərək borc pul istəmişdir. O, özünə kreditlə “Mazda 6” markalı avtomobil aldığından, mülkiyyətində olan ikinci “Mercedes Benz S klass” markalı avtomobili 05.06.2013-cü il tarixdə mülki etibarnamə ilə 50000 ABŞ dolları dəyərində cavabdehə vermişdir. Sonradan əlavə olaraq 22000 ABŞ dolları məbləğində və iddiaçının Bakı şəhərində yaşayan bacısı oğlu X5 tərəfindən 20000 ABŞ dolları pul verilmişdir. Razılaşmaya əsasən cavabdeh aldığı borcu 2013-cü ilin sonuna kimi qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin bundan sonra cavabdeh bir daha Moskva şəhərinə qayıtmamış və borcun ödəməkdən yayınmışdır. Sonrada iddiaçıya məlum olmuşdur ki, cavabdeh Çinə və Gürcüstana gedib-gəlir. Hər dəfə cavabdehə telefonla zəng vurduqda üzrxahlıq edərək qısa müddət ərzində borcu qaytaracağını bildirmişdir. Lakin sonradan telefon nömrələrini dəyişmiş, qohumlarına edilən müraciətlər də heç bir nəticə verməmişdir. Buna görə də cavabdehdən müxtəlif orqanlara, o cümlədən DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etdikdən sonra, cavabdeh ona zəng vuraraq bu hərəkətinə görə iradını bildirmiş, borcunu imkan olan kimi qaytaracağını demişdir. O, cavabdehə inanmadığı üçün iltizam yazmağı təklif etmiş, cavabdehin isə 17.12.2016-cı il tarixdə öz xətti il iddiaçıya borclu olmağı barədə iltizam vermiş və iltizamda qeyd etmişdir ki, X2 qaytarmalı olduğu 20000 ABŞ dollarını fevral ayının sonunadək, İddiaçı qaytarmalı olduğu 72.000 ABŞ dollarından 30000 ABŞ dollarını fevral ayından may ayının sonunadək, qalan 42000 ABŞ dollarını isə may ayının sonundan 2017-ci ilin sonunadək ödəyəcəyinə söz vermişdir. Göründüyü kimi cavabdeh borcunu etiraf etmiş, lakin borcunu qaytarmamış, iddiaçının vəsaiti hesabına varlanmış, gəlir əldə etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 15 fevral 2021-ci il il tarixli, 2(001)-541/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 72000 (yetmiş iki min) ABŞ dolları məbləğində əsas borc, gecikdirilmiş borc üçün 3600 (üç min altı yüz) ABŞ dolları məbləğində pul (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 15 fevral 2021-ci il il tarixli, 2(001)- 541/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin 20000 ABŞ dollarının təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə, şikayətdə qeyd olunur ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Buna görə də qətnamə ləğv edilərək, iddia tələbi bütövlükdə təmin edilməlidir. Cavabdeh Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 15 fevral 2021-ci il il tarixli, 2(001)- 541/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləvğ edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə qətnaməni düzgün əsaslandırmamış, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün bütün mühüm əhəmiyyətli olan faktiki hallara düzgün hüquqi qiymət verilməmiş, iş üzrə bir sıra hallar aydınlaşdırılmamışdır. Məhkəmə öz qətnaməsini əsaslandırmağa çalışarkən qətnamədə iş üzrə tədqiq olunmuş “sübutlara” istinad edərkən göstərmişdir ki, “əlyazma ilə 17.12.2016-cı il tarixdə yazılmış iltizamın surətindən görünür ki, X2 qaytarmalı olduğu 20.000 ABŞ dollarını fevral ayının sonunadək, İddiaçı qaytarmalı olduğu 72.000 ABŞ dollarından 30.000 ABŞ dollarını fevral ayından may ayının sonunadək, qalan 42.000 ABŞ dollarını isə may ayının sonundan 2017-ci ilin sonunadək ödəyəcəyinə söz vermiş, öhdəliyi icra etmədiyi halda barəsində qanuna müvafiq ciddi tədbir görüləcəyinə dair xəbərdarlıq edilmişdir.” Göründüyü kimi işə baxan məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş 17.12.2016-cı il tarixli iltizamın həqiqiliyini müəyyən etmədən, onun əslini tələb etmədən, həmin iltizamın kserosurətini sübut kimi qəbul edib və ona istinad etmişdir. Hazırkı halda isə işə baxan məhkəmə iddiaçı tərəfindən sübut kimi təqdim edilmiş iltizamın əsli və ya lazımi qaydada təsdiq olunmuş surətini deyil, özünün də qətnamədə qeyd etdiyi kimi iltizamın surətini sübut kimi qəbul etmiş və ona əsaslanmışdır. Cavabdeh tərəfindən məhkəməyə “sübutların təmin edilməsi barədə” 27.11.2020-ci il tarixli vəsatətlə müraciət edilərək, hazırkı mülki işin hərtərəfli, tam və obyektiv araşdırılması, eləcə də ədalətli və qanuni qərarın qəbul edilməsi üçün iş üzrə mühüm əhəmiyyətə malik olan, Nəsimi rayon Məhkəməsinin icraatında olmuş, iddiaçı Cavabdeh X3 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı 2(006)-4431/2017 saylı mülki işin materiallarının öyrənilməsi üçün tələb edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası DİN-nin BMCMİ-də toplanmış materiallar isə məhkəməyə təqdim edilmədən və həmin materiallar öyrənilmədən iş üzrə qətnamə qəbul edilmişdir. Belə ki, 16 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin müstəntiqi Moşu Paşayev cavabdehə zəng edərək onu həmin idarəyə dəvət etmişdir. Cavabdeh də müstəntiqin çağırışı əsasında məsələnin nə olduğunu aydınlaşdırmaq üçün həmin idarəyə getmişdir. Buna baxmayaraq 10 dekabr 2016-cı il tarixdə saat 10-00 radələrində cavabdeh müstəntiq Moşu Paşayevin çağırışı əsasında yenidən Azərbaycan Respublikası DİN-nin BMCMİnə getmiş, həmin vaxtdan müstəntiq M.Paşayev tərəfindən qanunsuz olaraq idarədə saxlanılmaqla, olmazın psixi, fiziki təzyiqlərə məruz qalmaqla 7 (yeddi) gün işgəncələr altında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi olan Moşu Paşayev aşkar şəkildə göstərişin Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini Vilayət Eyvazov tərəfindən verildiyini bildirmişdir. Bundan sonra müstəntiq öz otağında cavabdehə hədə-qorxu və təzyiq altında, qanunsuz olaraq iltizam yazdırmış, onu Araz Əsədovla görüşdürmüş və Arazın hazırkı iş üzrə cavabdeh İddiaçı yaxın qohumu, yəni bacısı oğlu olduğunu bildirərək onunla notariusa gedib borc barədə müqavilə imzalamağını, əks təqdirdə onu həbs edəcəyini bildirmişdir. Bundan sonra 17 dekabr 2016-cı il tarixdə müstəntiq cavabdehi sərbəst buraxmış və İddiaçı dediyi kimi müqavilə bağlamayacağı təqdirdə yenidən həbs olunacağını bildirmişdir. Sonra onlar birlikdə Bakı şəhərində bir neçə notariat kontoruna getmiş, lakin heç bir notarius belə bir müqaviləni təsdiq etməmişdir. Sonunda, 20 dekabr 2016-cı il tarixdə onunla birlikdə, onun tanışının işlədiyi 54 saylı notariat kontoruna gedərək orada zorakılıq və hədə-qorxu nəticəsində, cavabdeh məcburiyyət qarşısında qalaraq ailəsinin və özünün təhlükəsizliyi üçün sənədlərə imza etmişdir. Qeyd olunan həmin mülki iş üzrə İddiaçı şahid qismində iştirak etmiş, izahatında Cavabdehlə Azərbaycan Respublikası DİN-nin BMCMİ-də görüşdüyü bildirmiş, eyni zamanda həmin mülki iş üzrə şahid ifadələri ilə də müəyyən edilmişdir ki, Cavabdeh 10 dekabr 2016-cı il tarixdən 17 dekabr 2016-cı il tarixədək qanunsuz olaraq Azərbaycan Respublikası DİN-nin BMCMİ-də saxlanılmışdır. Həmin mülki işin mahiyyəti hazırkı işlə tam eynidir. Ümumiyyətlə həmin iltizamdan başqa iddiaçı tərəfin borcun olmasını təsdiq edə biləcək hər hansı bir sübutu yoxdur, ola da bilməz. Çünki cavabdehin iddiaçıya hər hansı bir məbləğdə borcu yoxdur. Eyni zamanda, həmin iltizam Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə təzyiq altında, qanunsuz olaraq alınmışdır. İstintaq orqanının belə bir səlahiyyəti yoxdur. Bundan başqa, həmin iltizamın təzyiq altında, məcburetmə şəkildə yazdırılması elə iltizamın özünün məzmunundan da açıq-aşkar görünür. Belə ki, təqdim olunmuş iltizamın məzmununda qeyd olunmuşdur ki, “...Öhdəliyi icra etmədiyi halda barəsində qanunamüvafiq ciddi tədbir görüləcəyinə dair xəbərdar edildim”. Bundan əlavə, əgər Cavabdeh iddiaçıya borcu var idisə və Cavabdeh həqiqətən də borcun etirafı barədə belə bir “sənəd” təqdim edəcəkdirsə, nəyə görə bunu əvvəlcədən deyil, məhz iddiaçının şikayəti əsasında qanunsuz və əsassız olaraq BMCMİ-də uzun müddət saxlanıldıqdan sonra, orada yazmışdır? Necə ola bilər ki, Cavabdeh idarədə dindirilərkən İddiaçı borcunun olmadığını bildirdiyi halda, sonradan həmin idarədə iltizam yazsın? Məhkəmə qətnaməsini “əsaslandırarkən” qeyd etmişdir ki, “Həmçinin məhkəmə tərəflərin nəzərinə çatdırır ki, artıq qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12276/2019 saylı 31.10.2019-cu il tarixli qətnaməsində qeyd olunmuşdur ki, mübahisələndirilən müqavilənin etibarsız sayılması, İddiaçı Cavabdeh verdiyi müəyyən edilən borc məbləğini ümumi əsaslarla ondan tələb etməsinə maneə yaratmır və o, hazırki iş müəyyən olunan hallardan çıxış edərək müvafiq iddianı irəli sürmək hüququna sahibdir.” Bununla bağlı qeyd edilməlidir ki, məhkəmənin istinad etdiyi həmin qətnamədə ümumi olaraq İddiaçı məhkəməyə müraciət etmək hüququnun izah olunması, heç bir halda Cavabdeh ona borclu olmasını təsdiq edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, həmin qətnamə ilə Cavabdeh borcunun olması və əgər borcludursa, borcun hansı məbləğdə olması müəyyən edilməmişdir. Hazırkı mülki işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən iddia müddətinin tətbiqinə dair 05.11.2020-ci il tarixli ərizə ilə məhkəməyə müraciət olunmuş, məhkəmə maddi hüquq normasının tələblərinə pozaraq, ümumiyyətlə ərizəyə münasibət bildirməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 cavabdehin apellyasiya şikayətini qəbul etməyərək, öz apellyasiya şikayətini müdafiə etdi, öz şikayətlərinin təmin edilərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 15 fevral 2021-ci il il tarixli, 2(001)- 541/2021 saylı qətnaməsinin ləğv edilərək, iddianın tam təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddiaçının apellyasiya şikayətini qəbul etmədi, öz apellyasiya şikayətlərini müdafiə edərək, öz şikayətlərində göstərilənlərə uyğun məzmunda izahat verdi, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini hər iki tərəf apellyasiya şikayəti verdiklərindən tam olaraq yoxlanılması təşkil edir. Kollegiya ilk olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlili olmaqla yanaşı, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilsə də, birinci instansiya məhkəməsi həmin ərizəyə münasibət bildirməmiş, maddi hüquq norması olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Qeyd olunanlara əsasən kollegiya tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, qətnamə cavabdeh tərəfin apellyasiya şikayətinin maddi hüquq normasının pozulması dəlilinə görə ləğv edilməli, işdə olan sübutlar əsasında yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, iş materiallarında olan: - AR DİN BMCMİ-də Cavabdeh 17.12.2016-cı ildə alınmış əlyazma ilə olan iltizamın surətindən görünür ki, Cavabdeh X2 qaytarmalı olduğu 20000 ABŞ dollarını fevral ayının sonunadək, İddiaçı qaytarmalı olduğu 72000 ABŞ dollarından 30000 ABŞ dollarını fevral ayından may ayının sonunadək, qalan 42000 ABŞ dollarını isə may ayının sonundan 2017-ci ilin sonunadək ödəyəcəyinə söz vermiş, öhdəliyi icra etmədiyi halda barəsində qanunamüvafiq ciddi tədbir görüləcəyinə dair xəbərdarlıq edilmişdir. - X6 ilə Cavabdeh arasında bağlanmış 20.12.2016-cı il tarixli borcun etirafı müqaviləsindən görünür ki, Cavabdeh 2016-cı il mart ayında X1 92000 ABŞ dolları məbləğində borc pul aldığını etiraf etmiş, 20000 ABŞ dollarını 2017-ci ilin yanvar ayından 2017-ci ilin fevral ayının sonunadək, 30000 ABŞ dollarını 2017-ci ilin mart ayının əvəlindən 2017-ci ilin may ayının sonunadək qaytarmağı, qalan 42000 ABŞ dollarını isə 2017-ci ilin iyun ayından başlayaraq hər ay 6000 ABŞ dolları olmaqla, 2017-ci ilin dekabr ayının sonunadək tam qaytarmağı öz öhdəsinə götürmüşdür. - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4431/2017 saylı, 02.06.2017-ci il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri 54 saylı notariat kontorunda 20.12.2016-cı il tarixdə, 3M-491 nömrəli reyestr üzrə təsdiq edilmiş, X5 ilə Cavabdeh arasında bağlanılmış 92000 ABŞ dolları məbləğində borcun etirafı haqqında müqavilənin etibarsız hesab edilməsi qət edilmiş, həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. - tərcümə olunaraq təsdiq edilmiş Moskva şəhər notariat palatasının 2013-cü il üzrə 1A saylı reyestrindən çıxarışdan görünür ki, 05 iyun 2013-cü ildə 1A-557 reyestr nömrəsi ilə verilmiş etibarnamə ilə İddiaçı tərəfindən Cavabdeh 2006-ci il buraxılışlı “Mercedes Benz S550 4 Matic” markalı avtomobilə dair nəqliyyat vasitəsini idarə etməyə və üzərində sərəncam verməyə dair üç mil müddətinə etibarnamə verilmişdir. İş materiallarından görünür ki, İddiaçı 30.09.2016-cı ildə AR DİN BMCMİ-də izahat verərkən qeyd etmişdir ki, Cavabdeh ondan biznesə görə 100000 ABŞ dolları borc almış, onun Sklass 221 markalı avtomobilnə görə 30000 ABŞ dolları, qohumu Arazdan 20000 ABŞ dolları almışdır. Beləliklə Cavabdeh ona 150000 ABŞ dolları borcu vardır. Göründüyü kimi, iddiaçının hazırkı tələbi ilə özünün iş materiallarında olan müxtəlif dövlət orqanlarına yazdığı ərizə və verdiyi izahatlar arasında borc məbləği ilə bağlı ziddiyyət vardır. İş materiallarından görünür kir, Cavabdeh 17.10.2016-cı ildə AR DİN BMCMİ-də izahat verərkən qeyd etmişdir ki, onun İddiaçı maşına görə 11000 ABŞ dolları borcu qalmış, 6 ay sonra borcunu bağlamışdır. Bundan əvvəl isə faizlə 11500 ABŞ dolları, sonra 30000 ABŞ dolları pul almış, 5000-8000 ABŞ dolları civarında pul ödəmişdir. Sonra isə imkanı olmadığından ödəyə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Hazırki halda, sübutetmə yükünün bölüşdürülməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehdən 92000 ABŞ dolları borcunu tələb etsə də, cavabdeh hazırda borcunun olmadığını bildirir. Lakin cavabdehin iş materiallarında olan izahatlarından görünür ki, onun iddiaçıya 11000 ABŞ dolları, 11500 ABŞ dolları və 30000 ABŞ dolları olmaqla, cəmi 52500 ABŞ dolları borcu olmuşdur. Cavabdeh borcunun bir hissəsini qaytardığını qeyd etsə də, bununla bağlı sübutlar təqdim etməmişdir. Göründüyü kimi tərəflər arasında yaranmış münasibətlər üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi iş materialları ilə təsdiq olunur. Buna görə də, kollegiya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385,1, 386.1, 425.1, 427.3, 442, 448 və 739.1-ci maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, cavabdehin iddiaçıya 52500 ABŞ dolları borcunun olması təsdiq olunduğundan, iddia tələbi qismən əsaslıdır. Kollegiya qeyd edir ki, iddiaçı tərəfin cavabdehdən AR DİN BMCMİ-də 17.12.2016-cı ildə alınmış əlyazma ilə olan iltizama sübut kimi istinad etməsi əsaslı hesab edilə bilməz. Belə ki, həmin iltizam cavabdeh AR DİN BMCMİ-də saxlanılarkən 17.12.2016-cı ildə alınmış, bundan üç gün sonra- 20.12.2016-cı ildə oxşar məzmunla X6 ilə Cavabdeh arasında borcun etirafı müqaviləsi bağlanmışdır ki, həmin müqavilə qüvvədə olan məhkəmə qətnamələri ilə etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.10.2019-cu il tarixli, 2(103)- 12276/2019 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01 iyul 2020-ci il tarixli, 2(102)-2656/2020 saylı qərarı ilə müəyyən olunmuşdur ki, 20.12.2016-cı ildə bağlanmış borcun etirafı müqaviləsi Cavabdeh AR DİN BMCMİ-nə çağırılmasından və orada saxlanılmasından sonra təzyiq altında alındığından, etibarsız hesab edilməlidir. Buna görə də, kollegiya hesab edir ki, 17.12.2016-cı ildə Cavabdeh alınmış iltizam (məzmunda qeyd olunur ki, öhdəliyi icra etmədiyi halda barəsində qanunamüvafiq ciddi tədbir görüləcəyinə dair xəbərdarlıq edildi) cavabdehin AR DİN BMCMİ-də nə çağırılmasından və orada saxlanılmasından sonra təzyiq altında alındığından, mötəbər sübut kimi qəbul oluna bilməz. Beləliklə, iddiaçının da tələbindən göründüyü ki, cavabdeh borcunu 2013-cü ilin sonuna kimi ödəməli idi. Göründüyü kimi, cavabdehin borc müqaviləsi üzrə öhdəliyinin icra müddəti 2013-cü ilin dekabr ayında bitmişdir. İddiaçı tərəf Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən 3 ildən artıq müddət keçəndən sonra, iddia müddətini keçirməklə, 25 avqust 2020-ci ildə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəf isə iddia müddəti keçirildiyi üçün, ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında qeyd olunmuşdur ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad edilməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. MM-nin 375.2 maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Buna görə də, kollegiya cavabdehin apellyasiya şikayətinin dəlilini əsaslı hesab edərək, iddia müddətinin tətbiq edilərək, iddianın təmin edilməməsi qənaətinə gəlir. Qeyd olunanlara əsasən kollegiya iddiaçı tərəfin apellyasiya şikayətini əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 15 fevral 2021-ci il il tarixli, 2(001)-541/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar