Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9888/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Bədəlov Emil Nizami oğlunun, Cavabdeh “Təcili Yardım Avtobazası” Publik Hüquqi şəxsin nümayəndəsi Aslanov Rövşən İlham oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2010/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və “Təcili Yardım Avtobazası” Publik Hüquqi şəxsinə qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Həsənov Rahim Abdulla oğlunun törətdiyi inzibati xətaya görə əmlakı olan 2008-ci il buraxılışlı “Lexus İS 250” markalı RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş zərərə görə 20045 manat, vəkil xidmət haqqı olaraq ödədiyi 800 manat və “Medi Club” hospitala ödədiyi 191 manat müalicə və konsultasiya xərcləri, 5000 manat mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 26066 manat pulun cavabdehlər Təcili Yardım Avtobazası Publik Hüquqi şəxs və Həsənov Rahim Abdulla oğlundan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 09.11.2020-ci il tarixdə saat 16:35 radələrində Səbail rayonu, Xəqani küçəsi ilə Puşkin küçəsinin kəsişməsində 1963-cü il təvəllüdlü Cavabdeh1 idarə etdiyi, 3 saylı TTYS-na məxsus olan “Mercedes” markalı **- JG-*** dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobili ilə oğlu 1998-ci il təvəllüdlü Həsənov Rəhim Abdulla oğlunun idarə etdiyi iddiaçıya məxsus “Lexus İS 250” markalı RA- 001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində avtomobilinə ciddi ziyan dəymişdir. Həmçinin həmin vaxt oğlunun idarə etdiyi avtomobildə sərnişin qismində olmuş Mustafazadə Emiliya Yusif qızı xəsarət aldığı üçün “Medi Club” hospitala aparılmışdır. Hadisə ilə əlaqədar olaraq Səbail RPİ-nin PPXB-nün 3484 çağırışlı naryadı radiorabitə vasitəsilə Səbail RPİnin Növbətçi hissəsinə məlumat daxil olmuşdur. Səbail RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı C.Ə.Əsədov 1NK- 449 saylı təhqiqat materialı üzrə müvafiq təhqiqat hərəkətlərini aparmış bununla əlaqədar da 26.11.2020- cii il tarixli qərarı ilə cinayət işinin rədd edilməsi və şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul etmişdir. Həmin qərarın nəticə hissənindən göründüyü kimi, Mersedes Benz Sprinter 416 CDİ markal **-JG-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı tibbi yardım avtomobilim sürücüsü Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Səbail RPİ-nin DYPŞ-nə göndərilmişdir. Həmin qərardan da görünür ki, Cavabdeh1 törədiyi inzibati xətaya görə həmin hadisə baş vermiş və iddiaçıya maddi ziyan dəymişdir. Hadisə ilə əlaqədar olaraq qərarın təsviri-əsaslandırıcı hissəsində cavadehin hadisə ilə əlaqədar birbaşa məsuliyyət daşıdığı göstərilmişdir. Xəsarətlə əlaqədar olaraq Toyota Bakı Mərkəzi MMC-nin qiymətləndirmə aktından görünür ki, ona 22947 manat zərər dəymişdir. Diqqətinizə çatdırım ki, Paşa sığorta şirkəti tərəfindən Rahim vasitəsi ilə ona cəmi 2902 manat pul ödənilmişdir. Həmçinin yuxarıda qeyd etdiklərindən əlavə o, həmin vaxtı oğlunun idarə etdiyi avtomobildə sərnişin qismində olmuş Mustafazadə Emiliya Yusif qızı xəsarət aldığı üçün “Medi Club” hospitala aparılmağı, müalicə və konsultasiya üçün 119 manat pul ödəniş etmişdir. Ona görə də, 2008-ci il buraxılışlı “Lexus İS 250” markalı RA- 001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş zərərə görə 20045 manat, vəkil xidmət haqqı olaraq ödədiyi 800 manat, və “Medi Club” hospitala ödədiyi 191 manat müalicə və konsultasiya xərcləri, 5000 manat mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 26066 manat pulun cavabdehlər Təcili Yardım Avtobazası Publik Hüquqi şəxs və Həsənov Rahim Abdulla oğlundan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 törətdiyi inzibati xətaya görə 2008-ci il buraxılışlı “Lexus İS 250” markalı RA- 001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilinə vurulmuş zərərə görə 20045 manat maddi ziyan, vəkil xidmət haqqı olaraq ödədiyi 800 manat və “Medi Club” hospitala ödədiyi 191 manat müalicə və konsultasiya xərcləri, 5000 manat mənəvi ziyan və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 26066 manat pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2010/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, vurulmuş maddi zərərin əvəzi kimi sığorta ödənişi çıxılmaqla 3016,05 (üç min on altı manat beş qəpik) manat, müalicə və konsultasiya xərci olaraq 191 (bir yüz doxsan bir) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 800 (səkkiz yüz) manat olmaqla, cəmi 4007,05 (dörd min yeddi manat beş qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutulub İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh1 tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iddia tələblərinin təmin olunmamış hissəsində əsassızdır, bu səbəbdən də həmin hissədə ləğv edilərək, iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Qətnamənin qismən ləğv edilməsi üçün birinci əsas odur ki, birinci instansiya məhkəməsi, iş üzrə sübut qismində qəbul edilməli olmayan halları sübut qismində qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi, dəymiş zərərin məbləğini müəyyənləşdirərkən öz qətnaməsini onunla əsaslandırmışdır ki. avtomobil satış elanlarının paylaşıldığı “Autopapa.ge” internet saytında eyni buraxılış ili olan, eyni model avtomobillərin satış qiyməti, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində maddi ziyan dəymiş İddiaçı mülkiyyətində olan avtomobilin təmiri üçün hesablanmış məbləğdən aşağı olduğundan, iş üzrə sübut qismində təqdim edilmiş "xxxx" MMC-nin vermiş olduğu qüsur aktında göstərilmiş məbləğ şişirdilmiş məbləğdir. Əvvəla birinci instansiya məhkəməsinin internet saytlarında olan məlumatları sübut qismində qəbul etməsi əsassızdır. Belə ki, həmin internet saytlarında avtomobillərin qiymətləri müəyyən olunmuş hansısa qayda və qanun əsasında deyil, avtomobil satıcılarının öz şəxsi mülahizələri əsasında müəyyən olunur. Digər tərəfdən, qeyd edilən internet saytı Azərbaycan Respublikasında deyil. Gürcüstan Respublikasında fəaliyyət göstərən internet domenidir və məhz Gürcüstan Respublikası ərazisində satılan avtomobillər barədə elanlar həmin saytda paylaşdır. Digər tərəfdən, avtomobilin qiyməti müəyyən edilərkən, onun sadəcə vizual görünüşü deyil, həmçinin malik olduğu texniki xarakteristikaları, yürüşü, mühərrikinin, digər hərəkət hissələrinin xüsusiyyətləri və malik olduğu xüsusi opsiyalar da nəzərə almır. Bu səbəbdən də birinci instansiya məhkəməsinin iş üzrə cavabdehlə tərəfindən məhkəməyə təqdim edilmiş hər hansı bir internet saytından götürülmüş məlumatı iş üzrə mötəbər sübut kimi qəbul etməsi əsassızdır. Belə ki, həmin sənədin sübut kimi mötəbərliyi əsaslı şübhələr doğurur. Bu sübutların mötəbərliliyinin şübhə altında olması, iş üzrə verilmiş ekspert rəyinin də mötəbərliyini şübhə altına alır. Belə ki. ekspert də rəy verərkən birinci instansiya məhkəməsi tərəfindən istinad olunmuş hallara və sənədə istinad edərək, hansısa məlum olmayan səbəbdən iş materiallarında olan mötəbər sənəd olan Azərbaycan Respublikasında “Toyota” və “Lexus” markalı avtomobillərin satışı, servisi və təmiri üzrə ixtisaslaşmış, həmçinin əsas distribyutor olan "xxxx" MMC tərəfindən verilmiş qüsur aktını qəbul etməmişdir. Qətnamənin qismən ləğv edilməsi üçün digər bir əsas odur ki, birinci instansiya məhkəməsi onların haqlı vəsatətlərini rədd edərək, onları ədalətli məhkəmə araşdırması hüququndan məhrum elmişdir. Belə ki, sonuncu məhkəmə iclasında onlar ekspert rəyi ilə tanış olarkən və rəy vermiş ekspert məhkəmə iclasında dindirilərkən, ekspert rəyinin mötəbər sənədlər əsasında deyil, mötəbərliyi şübhə altında olan sənədlər, məlumatlar və mülahizələr əsasında verildiyini bildirərək, ekspert tərəfindən verilmiş rəylə razı olmadıqlarını bildirmişlər. Bundan sonra, tərəflərindən şifahi qaydada iş üzrə təkrar ekspertiza keçirilməsi barədə vəsatət verilmişdir. Lakin birinci instansiya məhkəməsi onların bu haqlı vəsatətlərini təmin etməmiş və dərhal iş üzrə qətnamə qəbul etmişdir. Bu hərəkəti ilə də birinci instansiya məhkəməsi, onların məhkəmədə müdafiə hüquqlarını və ədalətli məhkəmə araşdırması hüquqlarını pozmuşdur ki, bu da birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi üçün əsasdır. Qətnamənin ləğv edilməsi üçün üçüncü əsas odur ki, birinci instansiya məhkəməsi, heç bir əsas olmadan, yalnız cavabdehin formal mülahizələrinə istinad edərək, iş üzrə digər cavabdeh olan “Təcili Yardım Avtobazası” Publik Hüquqi şəxsini vurulmuş zərərin ödənilməsinə görə məsuliyyətdən azad edərək, iddianı ona münasibətdə təmin etməmişdir. Birinci instansiya məhkəməsinin “Təcili Yardım Avtobazası” Publik Hüquqi şəxsini vurulmuş zərərin ödənilməsinə görə məsuliyyətdən azad etməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə ziddir. Belə ki, Mülki Qanunvericilik, yüksək təhlükə mənbəyinin sahibinin həmin yüksək təhlükə mənbəyinin vurmuş olduğu zərərə görə məsuliyyətini birbaşa müəyyən etmişdir. Bundan əlavə, “Təcili Yardım Avtobazası” Publik Hüquqi şəxsi vurulmuş zərərin ödənilməsinə görə digər bir əsasla da məsuliyyət daşıyır ki, bu da işəgötürənin öz işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətidir. İşin araşdırılması zamanı müəyyən edilmiş hallarla müəyyən olunur ki. cavabdehi ərdən Cavabdeh1 “Mercedes benz Sprinter 416 CD!” markalı, ** JG *** dövlət qeydiyyat nişanlı avtomaşının yol vərəqi əsasında idarə etmişdir, bu isə, sübut edir ki, Cavabdeh1 “Təcili Yardım Avtobazası” Publik Hüquqi şəxsinin işçisidir. Bu səbəbdən də həm Əmək Qanunvericiliyinin, həm də Mülki Qanunvericiliyin tələblərinə görə “Təcili Yardım Avtobazası" Publik Hüquqi şəxsi vurulmuş zərərin ödənilməsinə görə birbaşa məsuliyyət daşıyır. Qətnamənin ləğv edilməsi üçün digər əsas, birinci instansiya məhkəməsinin iddianın vurulmuş mənəvi zərərin əvəzinin tutulması hissəsində təmin etməməsidir. Belə ki, birinci instansiya məhkəməsi, öz qətnaməsini bu hissədə onunla əsaslandırmışdır ki, iş materiallarına iddiaçı tərəfindən, baş vermiş hadisə nəticəsində ona mənəvi zərər dəyməsi barədə sübutlar əlavə edilməmiş, bununla da mənəvi zərərin vurulması müəyyən edilməmişdir. Qətnamədən həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin 800 manat vəkil xərci və 191 manat konsultasiya xərci hissədə ləğv edərək, yeni qətnamə qəbul edilməini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə hüquqi yardıma görə vəkilə ödənilmiş 800 (səkkiz yüz) manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi və konsultasiya xərci olaraq 191 (bir yüz doxsan bir) manat hissəsində əsassız hesab edilməlidir. Çünki hüquqi xidmət haqqı üçün nəzərdə tutulmuş 800 manat ağlabatan məbləğ deyildir. Bu məntiqlə tərəf vəkillə daha yüksək məbləğdə müqavilə bağlaya, tutulmasını tələb edə bilərdi. Eyni zamanda konsultasiya xidmətinə görə pulun tutulması absurddur, bunun yol nəqliyyat hadisəsi ilə heç bir bağlılığı yoxdur. Qeyd olunanlara əsasən qətnamə həmin hissələrdə əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Bədəlov Emil Nizami oğlu apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi. Məhkəmə kollegiyasından tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini və iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh “Təcili Yardım Avtobazası” Publik Hüquqi şəxsin nümayəndəsi Aslanov Rövşən İlham oğlu iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, hazırki mübahisədə “Təcili Yardım Avtobazası” Publik Hüquqi şəxsin heç bir məsuliyyəti yoxdur. Sürücü, yəni Cavabdeh1 bu hadisəyə görə məsuliyyət daşıyır və cavabdeh də odur. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasə işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir”. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh Zeynalov Rahim Murad oğlunun apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2010/2021 saylı 19 may 2021-ci il tarixli qətnaməsi “vurulmuş maddi zərərin əvəzi kimi sığorta ödənişi çıxılmaqla 3016,05 (üç min on altı manat beş qəpik) manat, müalicə və konsultasiya xərci olaraq 191 (bir yüz doxsan bir) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 800 (səkkiz yüz) manat olmaqla, cəmi 4007,05 (dörd min yeddi manat beş qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutulub İddiaçı ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, vurulmuş maddi zərərin əvəzi kimi sığorta ödənişi çıxılmaqla 3016,05 (üç min on altı manat beş qəpik) manat, müalicə və konsultasiya xərci olaraq 191 (bir yüz doxsan bir) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 800 (səkkiz yüz) manat olmaqla, cəmi 4007,05 (dörd min yeddi manat beş qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh “Təcili Yardım Avtobazası” Publik Hüquqi şəxsdən tutulub İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirimədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan AM5207195 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Lexus İS 250” markalı RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. İş materiallarında olan N191367890 nömrəli 10 noyabr 2019-cu il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı “Lexus İS 250” markalı RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilə dair Həsənov Rəhim Abdulla oğluna nəqliyyat vasitəsini 10 il müddətinə sərəncam hüquqi ilə bərabər idarə etmək hüququ vermişdir. İş materiallarında olan AD 861307 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz Sprinter 416 CDİ” Xüs.Təy. markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobil “Təcili Yardım Avtobazası” Publik Hüquqi şəxsinə məxsusdur. İş materiallarında olan 6360 nömrəli yol vərəqəsindən görünür ki, “Mercedes Benz Sprinter 416 CDİ” Xüs.Təy. markalı **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobil 01.11.2020-15.11.2021-ci il tarixləri əhatə edən dövr ərzində idarə olunması üçün “Təcili Yardım Avtobazası” Publik Hüquqi şəxsi tərəfindən Cavabdeh1 verilmişdir. İş materiallarında olan Səbail RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis polkovnik-leytenantı Əsədov Cəlil Əşrəf oğlu tərəfindən qəbul edilmiş 26.11.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi və şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi haqqında qərarından görünür ki, 09.11.2020-ci il tarixdə Səbail rayonu, Xəqani küçəsi ilə Puşkin küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Mustafazadə Emiliya Yusif qızının xəsarət alması barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Mercedes Benz Sprinter 416 CDİ“ markalı **-JG-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı tibbi yardım avtomobilinin sürücüsü Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surətinin Səbail RPİ-nin DYPŞ-nə göndərilməsi, “Ford Mustang” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Abbasov Murad Məqsəd oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 346.1 -ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surətinin Səbail RPİ-nin DYPŞ-nə göndərilməsi, “Kia Ceed” markalı **-SN- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cəfərov Hüseyn Fizuli oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 346-1.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surətinin Səbail RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 09 noyabr 2020-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan” surətindən görünür ki, 09.11.2021-ci il tarixdə törədilmiş yol nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh1 ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan 09 noyabr 2020-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan” surətindən görünür ki, 09.11.2021-ci il tarixdə törədilmiş yol nəqliyyat hadisəsi zamanı sürücü Cavabdeh1 ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin 618 saylı 18.11.2020-ci il tarixli rəyindən müəyyən olunur ki, adına tərtib olunmuş tibbi sənəddə qeyd olunanlara əsasən, qərarın təsviri hissəsində hadisə haqqında olan məlumatları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara müvafiq aşağıdakı nəticəyə gəlinir: Vət.E.Y.Mustafazadənin almış olduğu xəsarətlər - burunun, sağ dirsək oynaq nahiyəsinin arxa səthinin sıyrıqları, çənəaltı nahiyənin səthi əzilmiş yarası, sol bazunun yuxarı 1/3-nin arxa səthinin, hər iki diz oynağı nahiyələrinin ön səthlərinin, sol baldırın orta-yuxarı 1/2- nin ön səthinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni, 09 noyabr 2020-ci il tarixli avtomobil travması, o cümlədən hərəkətdə olan avtomaşınların toqquşması nəticəsində sərnişin qismində əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/5135 nömrəli, 20 noyabr 2020-cu il tarixli rəyinin nəticə hissəsindən görünür ki, nəzəri hesablama yolu ilə təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş 17.11.2020-ci il tarixli qüsur aktı məlumatlarına əsasən, 2008-ci il buraxılışlı “Lexus İS 250” markalı, RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 15798,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 12638,00 manat, təmir-bərpa işlərinin qiyməti - 3160,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 10946 manat, o cümlədən: Dəyişilməli hissələrin qiyməti - 7786,00 manat, təmir-bərpa işlərinin qiyməti - 3160,00 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 8/2103 nömrəli, 20 noyabr 2020-cu il tarixli rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz Sprinter 416 markalı, ** JG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən hərəkət üçün təhlükə yaranan anda Lexus İS 250 markalı, RA 001 HM dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafənin 10,5 metrdən kiçik məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü Həsənov Rahim Abdulla oğlunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır və onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır, hərəkət üçün təhlükə yaranan anda Lexus İS 250 markalı, RA 001 HM dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafənin 10,5 metrdən böyük məsafədə olmasının təhqiqat tərəfindən müəyyən edilməsi şəraitində sürücü Həsənov Rəhim Abdulla oğlunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 17 noyabr 2020-ci il tarixli qiymətləndirmə aktından görünür ki, İddiaçı məxsus Lexus İS 250 markalı, RA 001 HM dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 22947 (iyirmi iki min doqquz yüz qırx yeddi) manat müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş məxaric üzrə hesabdan çıxarışdan müəyyən olunur ki, Həsənov Rəhim Abdulla oğluna 2902,95 (iki min doqquz yüz iki manat doxsan beş qəpik) sığorta ödənişi edilmişdir. İş materiallarında olan 09 noyabr 2020-ci il tarixli qəbzdən görünür ki, “Mediclub LTDyə 191,51 (bir yüz doxsan bir manat əlli bir qəpik) manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan 23 yanvar 2021-ci il tarixli qəbzdən görünür ki, Həsənov Rəhim Abdulla oğlu tərəfindən “Yusifbəyli və partnyorları” Vəkil Bürosuna məxsus **********930709109 nömrəli hesaba 800 (səkkiz yüz) manat ödənilmişdir. İş materiallarında olan 09 noyabr 2020-ci il tarixli qəbzlərdən görünür ki, Mustafazadə Emiliya Yusif qızının müalicəsi məqsədilə həkimin konsultasiyası üzrə 118 manat, kiçik yara sarğısı üçün 9,44 manat, alın burun boşluqları rentgenoqrafiyası üçün 25,96 manat, terapevtin konsultasiyası üçün 38,11 manat, cəmi 191,51 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş “Toyota Əhmədli-Servis” Mərkəzinin 466 saylı 12 mart 2021-ci il tarixli rəyindən görünür ki, 2008-ci il buraxılışlı “Lexus İS 250” markalı, RA-001- HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin material-ehtiyat hissələrinin dəyəri 4619 manat, təmir xərcləri 1260 manat olmaqla, cəmi 5879 manat təşkil edir. Mülki iş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/1954 nömrəli, 13 mart 2021-ci il tarixli rəyinin təsviri hissəsindən görünür ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2008-cı il buraxılışlı, “Lexus İS250” markalı, RA 001 HM dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı mülki iş materiallarında olan 12.03.2021-ci il tarixli nöqsan aktı əsasında hesablanır. Aparılmış tədqiqat nəticəsində, qərarda qeyd edilən avtomobilin təmir-bərpa xərcinin müəyyən edilməsi zamanı iş materiallarında olan qüsur aktında qeyd edilən zədələnmiş və dəyişilməyə ehtiyacı olan hissələr nəzərə alınmaqla, Bakı şəhəri avtohissələr satışı bazarlarında (mağazalarında) və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə olunmuşdur. Yekun qiymətin müəyyənləşdirilməsi meyarlarını, qiymətin satış məntəqələrində və servis müəssisələrində sabitliyi, toplam stabil qiymətlərin ortalaşdırılması təşkil etmişdir. Həmin meyarlar əsasında müəyyənləşdirilən qiymətlər cədvəldə verilmişdir. Rəyin nəticə hissəsindən görünür ki, "xxxx" MMC-nin 17.11.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, 2008-ci il buraxılışlı “Lexus İS 250” markalı, RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərəçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 10800 (18000 m-40%) manat müəyyən edilir. Nəzəri hesablanma yolu ilə, "xxxx" MMC-nin 12.03.2021-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı “Lexus İS 250” markalı, RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 5919,0 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 4619,00 manat, təmir-bərpa işlərinin qiyməti - 1300,00 manat. Autopapa.ge Gürcüstan avtomobil saytından çıxarılmış məlumatdan görünür ki, 2008-ci il buraxılışlı “Lexus İS 250” markalı avtomobillərin satış qiyməti 6300 ABŞ dolları 7500 ABŞ dolları arasında qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İş materiallarında olan sübutlarla müəyyən edilir ki, “Mercedes Benz Sprinter 416 CDİ“ markalı **-JG-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı tibbi yardım avtomobili “Təcili Yardım Avtobazası” Publik Hüquqi şəxsinə məxsusdur. “Təcili Yardım Avtobazası” Publik Hüquqi şəxsi “Mercedes Benz Sprinter 416 CDİ“ markalı 99- JG-036 dövlət qeydiyyat nişanlı avtomobilinə dair Cavabdeh1 nəqliyyat vasitəsini 01 noyabr 2020-ci ildən 15 noyabr 2020-ci il tarixədək yol vərəqəsi əsasında idarə etmək hüququ vermişdir. Cavabdeh1 09.11.2020-ci il tarixdə saat 16:35 radələrində Səbail rayonu, Xəqani küçəsi ilə Puşkin küçəsinin kəsişməsində qəza törətmiş, Həsənov Rəhim Abdulla oğlunun idarə etdiyi iddiaçıya məxsus “Lexus İS 250” markalı RA-001-HM Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilin toqquşmuşdur və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmuşdur. Hadisə nəticəsində avtomobildə sərnişin qismində olmuş Mustafazadə Emiliya Yusif qızı xəsarət almışdır, eyni zamanda “Lexus İS 250” markalı avtomobilə maddi ziyan dəymişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən qeyd etmişdir ki, Cavabdeh1 təqsirli, hüquqazidd əməli (“Yol hərəkəti haqqında” Qanunun tələblərini pozmaqla) nəticəsində törətmiş olduğu yol-nəqliyyat hadisəsində etdiyi nəqliyyat vasitəsi ilə (yüksək təhlükə mənbəyi) İddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsinə birbaşa zərər vurulmuşdur. İddia tələbinə cavab verməli olan tərəf avtomobili qanuni əsasla idarə edən Cavabdeh1 oldugundan, iddianın “Təcili Yardım Avtobazası” Publik Hüquqi şəxsə aidiyyatı olmadıgından ona münasibətdə iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası birinci insansiya məhkəməsinin hazırki iş üzrə yuxarıda qeyd edilən hissədə gəldiyi nəticə ilə razılaşmamaqla qətnaməni həmin hissədə qanuni və əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə görə Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Kollegiya qeyd edir ki, “Təcili Yardım Avtobazası” Publik Hüquqi şəxs tərəfindən verilmiş “Mercedes Benz Sprinter 416 CDİ“ markalı 99- JG-036 dövlət qeydiyyat nişanlı avtomobilinə dair Cavabdeh1 nəqliyyat vasitəsini 01 noyabr 2020-ci ildən 15 noyabr 2020ci il tarixədək yol vərəqəsi əsasında idarə etmək hüququ vermişdir. İş materialları ilə müəyyən edilir ki, işçi müvafiq hüquqi şəxsin tapşırığı ilə fəaliyyə göstərmişdir (avtomobili idarə etmişdir). Qanunvericiliyin yuxarıda göstərilən müddəsından da məlum olduğu kimi, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh1 “Təcili Yardım Avtobazası” Publik Hüquqi şəxsin işçisi olmaqla sonucu tərəfindən verilmiş yol vərəqəsi əsasında “Mercedes Benz Sprinter 416 CDİ“ markalı 99- JG-036 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətdiyindən “Təcili Yardım Avtobazası” Publik Hüquqi hüquqi şəxs olaraq öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. Hazırki halda İddiaçı vurulmuş maddi zərərin əvəzi kimi hadisəsinin törətməkdə təqsirli olan Cavabdeh1 tələb etməkdə haqlı olmasa da, cavabdeh “Təcili Yardım Avtobazası” Publik Hüquqi şəxsə qarşı iddia tələbi irəli sürməkdə haqlı olmuşdur. Kollegiya xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə cavabdeh olan “Təcili Yardım Avtobazası” Publik Hüquqi şəxsin qətnamə ilə müəyyən edilmiş məbləğ ödənildikdən sonra Cavabdeh1 ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Vurulmuş zərərin məbləğinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının əmlakına vurulmuş maddi ziyanın məbləği mülki iş üzrə təyin edilmiş ekspert rəyində müəyyən edilmiş məbləğ əsas götürülməli, həmin rəylə müəyyən edilmiş 5919 (beş min doqquz yüz on doqquz) manat vəsaitdən araşdırma zamanı müəyyən edilmiş və iddiaçı şəxsin özünün də müvafiq iddia ərizəsində qeyd etdiyi-sığorta şirkəti tərəfindən ödənilmiş 2902,95 (iki min doqquz yüz iki manat doxsan beş qəpik) manat məbləği çıxıldıqdan sonra qalan 3016,05 (üç min on altı manat beş qəpik) manat (5919-2902,95=3016,05) müəyyən edilərək, İddiaçı maddi zərər tələbinə dair iddiası qismən - müəyyən edilmiş 3016,05 (üç min on altı manat beş qəpik) manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması hissəsində - təmin edilməlidir. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, mülki iş üzrə təyin edilmiş ekspertiza rəyindən, ekspertin məhkəmə iclasında vermiş olduğu ifadədən də müəyyən olunur ki, "xxxx" MMC-nin 17.11.2020-ci il tarixli qüsur aktındakı sözügedən avtomobilə dəymiş zərərin qiyməti (ehtiyat hissələri və təmir xərcləri) hadisə baş verən dövr üzrə orta bazar qiymətlərindən, hətta həmin avtomobilin orta bazar qiymətindən də yüksəkdir. Belə olan halda məhkəmə haqlı olaraq avtomobilə dəymiş maddi ziyanın məbləğini mülki iş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/1954 nömrəli, 13 mart 2021-ci il tarixli rəyi ilə müəyyən edilmiş 5919 (beş min doqquz yüz on doqquz) manat məbləğini ağlabatan hesab etmişdir. Məhkəmə, eyni zamanda, haqlı olaraq qeyd etmişdir ki, “Lexus İS 250” markalı avtomobildə olan sərnişin Mustafazadə Emiliya Yusif qızının xəsarət alması və müalicəsi üçün 191,51 (bir yüz doxsan bir manat əlli bir qəpik) manat ödəniş edildiyi iş materiallarında olan sənədlərlə sübut olunduğundan iddia tələbi həmin hissədə də əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası İddiaçı mənəvi zərər tələbi ilə bağlı da qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə haqlı olaraq qeyd etmişdir ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə təmin olunmamalıdır. Məhkəmə, iddiaçının hüquqi xidmətə görə vəkilə ödədiyi 800 manat tələbi ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, iş materiallarında olan 23.01.2021-ci il tarixli qəbzlə həmin məbləğin ödənildiyi sübuta yetirildiyindən, iddia həmin hissədə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalı, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu “Təcili Yardım Avtobazası” Publik Hüquqi tutulub İddiaçı xeyrinə, aparılmış ekspertiza tədqiqatının xərci olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti isə cavabdeh “Təcili Yardım Avtobazası” Publik Hüquqi şəxsindən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, cavabdeh Zeynalov Rahim Murad oğlunun apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2010/2021 saylı 19 may 2021ci il tarixli qətnaməsi “vurulmuş maddi zərərin əvəzi kimi sığorta ödənişi çıxılmaqla 3016,05 (üç min on altı manat beş qəpik) manat, müalicə və konsultasiya xərci olaraq 191 (bir yüz doxsan bir) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 800 (səkkiz yüz) manat olmaqla, cəmi 4007,05 (dörd min yeddi manat beş qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutulub İddiaçı ödənilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, vurulmuş maddi zərərin əvəzi kimi sığorta ödənişi çıxılmaqla 3016,05 (üç min on altı manat beş qəpik) manat, müalicə və konsultasiya xərci olaraq 191 (bir yüz doxsan bir) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 800 (səkkiz yüz) manat olmaqla, cəmi 4007,05 (dörd min yeddi manat beş qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh “Təcili Yardım Avtobazası” Publik Hüquqi şəxsdən tutulub İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirimədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh Zeynalov Rahim Murad oğlunun apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2010/2021 saylı 19 may 2021-ci il tarixli qətnaməsi “vurulmuş maddi zərərin əvəzi kimi sığorta ödənişi çıxılmaqla 3016,05 (üç min on altı manat beş qəpik) manat, müalicə və konsultasiya xərci olaraq 191 (bir yüz doxsan bir) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 800 (səkkiz yüz) manat olmaqla, cəmi 4007,05 (dörd min yeddi manat beş qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh1 tutulub İddiaçı ödənilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Vurulmuş maddi zərərin əvəzi kimi sığorta ödənişi çıxılmaqla 3016,05 (üç min on altı manat beş qəpik) manat, müalicə və konsultasiya xərci olaraq 191 (bir yüz doxsan bir) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 800 (səkkiz yüz) manat olmaqla, cəmi 4007,05 (dörd min yeddi manat beş qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh “Təcili Yardım Avtobazası” Publik Hüquqi şəxsdən tutulub İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertizası tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdeh “Təcili Yardım Avtobazası” Publik Hüquqi şəxsdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9888/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9888/2021
27.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver