Məhkəmə qərarları › İş №2(103)-990/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-990/2021

30.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-990/2021 30.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı Abdullayeva (Qurbanova) Nigar Eldar qızının Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilənin təsdiqlənməsi, maliyyə arayışının, protokoldan çıxarışın və layihə sənədlərinin verilməsi tələbi” barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 21 sentyabr 2020-ci il tarixli qətnamədən (İş № (001)-2383/2020) cavabdeh MTK-nın verdiyi apellyasiya şikayətinə, MTK-nın cavabdeh İddiaçı (Qurbanovaya) qarşı “müqavilənin və kassa mədaxil orderinin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsindən çıxarılma tələbi barədə" iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 25 fevral 2021-ci il tarixli qətnamədən (İş № (004)-879/2021) MTK-nın verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı vəkili (nümayəndəsi) Vəkil, MTK vəkili (nümayəndəsi) X1, MTK-nın nümayəndələri X3 və (direktor) X2 iştirakları ilə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İşlərin xronologiyası ilə bağlı qısa məlumat: Baxmayaraq ki, işlərin icraatının başlanması və yekunlaşması tarixinə görə 2(001)- 2383/2020 saylı iş birinci iş sayılır, işlərin kökünü təşkil edən iddiaların həlli aydın olsun deyə həmin iş bundan sonra şərti olaraq "xxxx", 2(004)-879/2021 saylı iş isə şərti olaraq "xxxx" adlandırılacaq və onların həlli bu növbəlik ilə təsvir ediləcək. "xxxx" barədə məlumat: İddiaçı MTK cavabdeh İddiaçı qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, MTK tərəfindən inşa edilmiş və Bakı şəhəri, Gəncə prospekti, 2942-ci məhəllədəki yaşayış binasının 1-ci korpusunda, 1-ci mərtəbəsində yerləşən 116,8 kv.metrdən ibarət qeyriyaşayış sahəsinə (bundan sonra – mübahisəli qeyri yaşayış sahəsi) dair onunla İddiaçı arasında 30.05.2005-ci il tarixdə bağlanmış “Çoxmənzilli binada mənzil tikintisi haqqında fərdi müqavilənin” və İddiaçı adına verilmiş 30.05.2005-ci il tarixli "xxxx" etibarsız hesab edilməsi, İddiaçı həmin qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MTK ilə İddiaçı arasında heç bir müqavilə bağlanmamış və o, MTK-nə heç bir vəsait ödəməmişdir. Müqavilə və "xxxx" sonradan tərtib edilmişdir və saxtadır. Müqavilədə İddiaçı ünvanı, şəxsiyyətini təsdiq edən sənəd göstərilməmişdir. Müqavilənin 1-ci bəndində müqavilənin predmetinin qeyri yaşayış sahəsi, yaxud mənzil olduğu göstərilməmişdir. Müqavilənin 2-ci bəndində qeyri yaşayış sahəsinin deyil, mənzilin ümumi sahəsinin 116,8 kv.metr olduğu göstərilmişdir. İddiaçı zəbt etdiyi sahə qeyri-yaşayış sahəsidir. Müqavilənin 2.2-ci bəndində həmçinin mənzilin və ya qeyri yaşayış sahəsinin hər kv.metrinin və ümumi sahənin dəyərinin neçə ABŞ dolları olduğu qeyd olunmamışdır. Bilinmir ki, İddiaçı neçə ABŞ dolları ödəməlidir. Müqavilənin məzmununa ödəniş vasitəsi olaraq ABŞ dollarının yazılması yolverilməzdir. Müqavilənin 3.1-ci bəndində İddiaçı müqavilənin ümumi dəyərinin 100%-ni ödəməyi öhdəsinə götürdüyü qeyd olunur. Ümumi dəyər nə qədərdir məlum deyil. Müqavilə MTK-nın möhürü ilə təsdiq edilməmişdir. İddiaçı müqavilədəki imzası ilə şəxsiyyət vəsiqəsindəki imzası fərqlidir. Bu da müqavilədəki imzanın İddiaçı məxsus olmadığını deməyə əsas verir. İddiaçı təqdim etdiyi 30.05.2005-ci il tarixli “Kassa mədaxil orderində” mənzil alınması üçün ödənildiyi, ödənilməli məbləğ qrafasında “Dəyəri tam ödənilmişdir” sözü qeyd olunmuşdur. Azərbaycan Respublikası Mərkəzi X11 10.04.2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası kredit təşkilatlarında kassa əməliyyatlarının aparılması və qiymətlilərin inkassasiyasının təşkili” Qaydalarıında göstərilir ki, kassir kassa əməliyyatlarını həyata keçirən maddi məsul şəxsdir. Kassa sənədi — kassa əməliyyatlarının aparılması üçün istifadə olunan ilkin uçot sənədidir. Kassa əməliyyatları mədaxil və məxaric kassa orderləri ilə sənədləşdirilir. Kassa əməliyyatlarım birbaşa kassir (xəzinadar) yerinə yetirir. Kassa əməliyyatları üzrə tərtib olunmuş bütün mədaxil və məxaric sənədlərində təşkilatın rəhbəri və ya onun bu sahəyə rəhbərlik edən struktur bölməsinin rəhbəri, baş mühasibi və ya onların səlahiyyətli nümayəndələri, xəzinədarı, habelə nağd pul alan və ya nağd pul verən şəxslər imza edirlər. Qəbzdə ödənilən məbləğ göstərilməmişdir. Qəbzdə düzəliş vardır. Qəbz baş mühasib və kassir tərəfindən imzalanmayıb. Qəbzdəki imza naməlum şəxsə məxsusdur. Qəbz yuxarıda qeyd olunan Qaydalara uyğun deyil. Beləliklə sübuta yetir ki, iddiaçının təqdim etdiyi 30.05.2005-ci il tarixli müqavilə və "xxxx" saxtadır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 25.02.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı MTK həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia ərizəsinin əsasları ilə eyni olan apellyasiya şikayətində qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. "xxxx" barədə məlumat: Bu iş üzrə İddiaçı cavabdeh MTK-ya qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onunla MTK arasında mübahisəli qeyri-yaşayış sahəsinə dair bağlanmış 30.05.2005-ci il tarixli müqavilənin və həmin müqaviləyə 1 nömrəli "xxxx" MMC tərəfindən təsdiqlənməsi, həmin qeyri-yaşayış sahəsinin dəyərinin onun tərəfindən ödənilməsini təsdiq edən "xxxx", qeyriyaşayış sahəyə dair protokoldan çıxarışın və layihə sənədlərinin iddiaçıya verilməsi vəzifəsinin MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə MTK arasında 30.05.2005-ci il tarixdə müqavilə bağlanmış, o cümlədən həmin tarixdə “Əsas tikinti işləri” barədə “Müqaviləyə №1 əlavə” imzalamaqla bağlamışlar. Həmin müqaviləyə əsasən İddiaçı sifarişinə uyğun olaraq MTK mübahisəli sahənin tikintisini öz öhdəsinə götürür, İddiaçı isə müqavilənin ümumi dəyərinin 100%-ni MTK-ya ödəməyi öhdəsinə götürür. İddiaçı sahənin dəyərini MTK-ya tam ödəmiş və ödənişin təsdiq edilməsinə dair MTK tərəfindən ona "xxxx" verilmiş, həmin qəbz MTK-nın möhürü ilə təsdiq edilmişdir. Sahənin yerləşdiyi binanın tikintisi 2008-ci ildə başa çatmış və sahə İddiaçı təhvil verilmişdir. Sahə 2008-ci ildən bəri İddiaçı istifadəsində olmuş və o, ötən dövr ərzində sahəni iki dəfə təmir etdirmişdir. Həmin sahə illərdir ki, ofis kimi fəaliyyət göstərir. Bu müddət ərzində həmin sahəyə dair hər hansı şəxs tərəfindən heç bir tələb, iddia olmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, 03.03.2015-ci il tarixdə MTK İddiaçı əlavə olaraq kommunal xidmət üçün 1.400 manat məbləğində pul da almış və bu barədə ona "xxxx" vermişdir. Bu yaxınlada MTK-nın rəhbərliyi tərəfindən İddiaçı bildirilmişdir ki, həmin sahəyə və binada yerləşən mənzillərə “Reyestrdən çıxarışların” verilməsi ilə bağlı sənədlər toplanır. Buna görə də İddiaçı sahəyə dair müqaviləni, ödəniş qəbzini götürüb MTK-nın ofisinə yaxınlaşmış, lakin MTK-nın rəhbərliyi ona protokoldan çıxarışı, yeni maliyyə arayışını və layihə sənədlərini verməkdən imtina etmişdir. İmtina belə əsaslandırılmışdır ki, müqavilə və 1 nömrəli əlavə hər iki tərəfdən imzalansa da, onlara MTK-nın möhürü vurulmamışdır. Belə olan halda MTK-nın arxiv sənədlərinə baxış keçirilmiş və məlum olmuşdur ki, qeyd olunan sahəyə dair arxivdəki sənədlər İddiaçı təqdim olunmuş sənədlərlə eynilik təşkil edir. MTK-nın rəhbərliyi nəzərə almamışdır ki, həmin müqavilə arxiv sənədlərində də eyni onda olduğu kimidir və bu hal onun səhvi və ya qüsuru deyil. Onun tərəfindən həmin sahə üçün ödənişin edilməsinə dair verilmiş kassa mədaxil orderi və illər sonra kommunal xidmət üçün edilmiş ödənişə dair qəbz cavabdehin möhürü ilə təsdiqlənmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 21.09.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, mübahisəli qeyri-yaşayış sahəsinin layihəsinin, İddiaçı tərəfindən həmin sahənin dəyərinin MTK-ya tam ödənilməsini təsdiq edən "xxxx" və həmin sahənin İddiaçı verilməsi barədə MTK-nın üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın İddiaçı təqdim edilməsi öhdəliyinin cavabdeh MTK-nın üzərinə qoyulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh MTK həmin qətnamədən də apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin əsasları “birinci işin” icraatının başlanmasına əsas olmuş iddia ərizəsinin əsasları ilə eynilik təşkil edir (Məhkəmə bu apellyasiya şikayətinin dəlilərinin geniş təsvir edilməsinə lüzum görmür). İşlərin bir icraatda birləşdirilməsi: Yuxarıda qeyd edilən hər iki mülki iş, işlər üzrə qəbul edilmiş qətnamələrdən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən Məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bu işlərin olduğunu müəyyən etdiyindən və həmin işlərin birləşdirilməsini məqsədəmüvafiq olmasını nəzərə alaraq işləri bir icraatda birləşdirmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 169.3-cü maddəsinə görə, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir necə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İşin baxılması ilə bağlı məlumat: Cavabdeh MTK-nın vəkili (nümayəndəsi) Z.Əsgərov, nümayəndələri M.Əmrahov və S.Murquzov apellyasiya baxışı iclasında iştirak edərək, hər iki iş üzrə MTK-nın verdiyi apellyasiya şikayətlərini müdafiə etdilər və şikayətlərin əsaslarına uyğun izahat verdilər. İddiaçı vəkili (nümayəndəsi) Vəkil apellyasiya baxışı iclasında iştirak edərək hər iki apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və təmsil etdiyi şəxsin "xxxx" üzrə verdiyi iddia ərizəsinin məzmununa, habelə hər iki iş üzrə birinci instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qətnamələrin əsaslarına uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, mübahisəli müqavilə MTK-nın əvvəlki direktoru tərəfindən imzalanmışdır. Müqavilədə MTK-nın möhürünün olmaması və müqavilədəki imzanın İddiaçı imzasına oxşamamsı müqavilənin etibarsızlığı üçün əsas ola bilməz. Çünki MTK tərəfindən verilmiş və MTK-nın möhürü ilə təsdiq edilmiş "xxxx" mövcudluğu təsdiq edir ki, İddiaçı ilə MTK arasında müqavilə bağlanmış və İddiaçı qeyri-yaşayış sahəsinin dəyərini MTK-ya ödəmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, MTK, İddiaçı həmin qeyri-yaşayış sahəsi üzərinə hüquqlarını tanıyaraq 03.03.2015-ci il tarixdə İddiaçı əlavə olaraq kommunal xidmət üçün 1.400 manat məbləğində pul almış və bu barədə sonuncuya "xxxx" vermişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hər iki iş üzrə MTK-nın verdiyi apellyasiya şikayətləri təmin edilməməli, hər iki iş üzrə birinci instansiya məhkəmələri tərəfindən qəbul edilmiş qətnamələr dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, X7 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 06.06.2020-ci il tarixli, **********447400 nömrəli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh Mənzil Tikinti Kooperativi 15.03.2005-ci il tarixdə qeydiyyata alınmış, 22.01.2014-cü il tarixdə Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə, 09.06.2020-ci il tarixdə isə yenidən Cavabdeh Mənzil Tikinti Kooperativinə çevrilmişdir. “Podratçı” olan Cavabdeh MTK ilə “Sifarişçi” olan İddiaçı (Qurbanova) arasında bağlanmış 30.05.2005-ci il tarixli müqavilədən görünür ki, həmin müqaviləyə əsasən, MTK mübahisəli sahənin inşasını və inşası başa çatdıqdan sonra sahəni İddiaçı vermək öhdəliyini öz üzərinə götürmüş, İddiaçı isə müqavilənin ümumi dəyərinin 100%-ni MTK-ya ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Həmin tarixdə MTK ilə İddiaçı imzaladıqları “Müqaviləyə əlavə №1”-dən görünür ki, “Əlavədə” tikinti işlərinin siyahısı göstərilmişdir. Qeyd edilən hər iki sənəd onlar tərəfindən imzalansa da, lakin MTK tərəfindən möhürlənməmişdir. MTK tərəfindən İddiaçı adına verilmiş 30.05.2005-ci il tarixli, 2 nömrəli "xxxx" görünür ki, İddiaçı MTK-ya olan borcunu MTK-ya ödəmişdir. Qeyd edilən "xxxx" görünür ki, orderdə qeyd edilmiş "xxxx" qrafasında imza qoyulmuş, order MTK-nın möhürü ilə təsdiqlənmışdir. MTK tərəfindən İddiaçı adına verilmiş 03.03.2015-ci il tarixli "xxxx" görünür ki, kommunal xidmətlərə görə MTK tərəfindən İddiaçı 1.400 manat məbləğində pul alınmışdır. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 15.007.2016-cı il tarixli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilədən” görünür ki, müqaviləyə mübahisəli qeyri-yaşayış sahəsinə dair bağlanmışdır. “Ödəniş qəbzlərindən” görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-yə və "xxxx" ASCyə ödənişlər məhz mübahisəli qeyri-yaşayış sahəsində elektrik enerjisinin və suyun istifadəsinə görə edilmişdir. Mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi binada yaşayan X5, X4 və X6 tərəfindən imzalanmış ərizənin məzmunundan görünür ki, onlar təsdiq edirlər ki, bina inşa edilib istismara veriləndən binanın 1-ci korpusunda, 1-ci mərtəbəsində yerləşən qeyri yaşayış sahəsi İddiaçı məxsusdur. Birinci instansiya məhkəməsi tərəfindən "xxxx" üzrə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, tanışı olan iddiaçıya məxsus qeyri-yaşayış sahəsi təmirsiz olduğundan o, 2016-2017-ci il ərəfəsində həmin yeri özü şəxsən təmir etmişdir. O, qeyd olunan yeri təmir edərkən binanın komendantı Xəqani müəllim onu və digər fəhlələri görmüşdür. O, həmin qeyri-yaşayış sahəsini təmir edərkən İddiaçı komendantdan işığa və suya görə arayışlar almışdır. Apellyasiya araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli 30.05.2005-ci il tarixli müqaviləyə əsasən, MTK İddiaçı üçün Bakı şəhəri, Gəncə prospekti, 2942 saylı məhəllədə tikilməkdə olan yaşayış binasının İ korpusunda, İ mərtəbədə yerləşən mübahisəli sahənin tikintisini öz üzərinə götürmüşdür. Həmin tarixdə imzalanmış “Müqaviləyə əlavə №1” də əsas tikinti işlərinin siyahısı göstərilmişdir. Hər iki sənəd imzalanmış, lakin MTK tərəfindən möhürlənməmişdir. Mənzilin dəyəri İddiaçı tərəfindən MTK-ya ödənilmiş, bununla bağlı MTK tərəfindən İddiaçı adına 30.05.2005-ci il tarixli, 2 nömrəli "xxxx" verilmişdir ki, həmin qəbz cavabdeh MTK tərəfindən imzalanmış və möhürlənmişdir. Hazırda İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması üçün maliyyə arayışının, həmin sahəyə dair protokoldan çıxarışın və layihə sənədlərinin MTK tərəfindən ona təqdim edilməsini xahiş edir. MTK isə qeyd edilən müqavilənin saxta olmasına istinad edərək İddiaçı tələbinə etiraz edir. MTK-nın istinad etdiyi hallar ondan ibarətdir ki, müqavilə MTK-nın möhürü ilə təsdiq edilməmiş, müqavilənin predmeti barədə məlumatlar düzgün göstərilməmiş, həmin müqavilə İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən imzlanmışdır. İddiaçı verilmiş "xxxx" də qanunveriliyin tələblərinə uyğun tərtib olunmamışdır. Bir sözlə, İddiaçı istinad etdiyi müqavilə və kassa mədaxil orderi saxta olduğu üçün hazırki tələbi irəli sürməyə onun hüququ yoxdur. "xxxx" üzrə icraatın başlanmasına əsas olmuş mülki mübahisənin həlli ilə bağlı Məhkəmə aşağıdakıları bildirir: MTK-nın iddia tələbinin hüququ əsası ondan ibarətdir ki, 30.05.2005-ci il tarixli müqavilə və 30.05.2005-ci il tarixli, 2 nömrəli "xxxx" forma tələblərinə uyğun tərtib olunmamış, MTK İddiaçı ilə heç bir müqavilə bağlamamış, həmin müqavilə və order saxtadır. Bu iddia tələbinə qarşı tərəfin etirazı isə ondan ibarətdir ki, mübahisəli əmlak MTK tərəfindən ona satılmış və dəyəri tərəfindən tam ödənilmişdir. Hər bir halda nəzərə alınmalıdır ki, iddiaçı MTK bu iddia üzrə tələbetmə müddətini ötürmüşdür. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə, bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (maddə 337.1.). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır (maddə 337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (maddə 337.4.). Həmin Məcəllənin 354.1-ci maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31.05.2019cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12.03.2020-ci il tarixli Qərarında göstərmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03.06.2013-cü il tarixli Qərarında təsbit edilmiş mövqeyə görə, mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Məhkəmə yuxarıda qeyd edilən müqavilənin etibarsız hesab edilməsi barədə tələbə kəsici müddətin tətbiqi ilə bağlı bildirir ki, hazırki iş üzrə həmin müddət tətbiq edilməlidir. Belə ki, 2005-ci ildən həmin əmlak İddiaçı sahibliyində və istifadəsində olmuş, sonuncu tərəfindən orada təmir işləri görülmüş, hətta MTK kommunal xidmətlər üçün 1.400 manatı İddiaçı qəbul edərək bununla bağlı MTK 03.03.2015-ci il tarixli "xxxx" vermişdir. Bu isə ona dəlalət edir ki, ən azından həmin vaxtdan etibarən MTK-ya bəlli idi ki, qeyri-yaşayış İddiaçı sərəncamında və istifadəsindədir. Əgər bunun hüquqi əsası yox idisə, onda MTK 5 ildən sonra deyil, həmin ərəfələrdə İddiaçı qarşı hazırki iddianı irəli sürə bilərdi. Lakin MTK bunu etməmişdir. Odur ki, Məhkəmə hesab edir ki, "xxxx" baxmış Yasamal Rayon Məhkəməsi MTKnın iddiasını təmin etməkdə haqlı olmuşdur. "xxxx" üzrə icraatın başlanmasına əsas olmuş mülki mübahisənin həlli ilə bağlı Məhkəmə aşağıdakıları bildirir: Yuxarıda qeyd edildiyi kimi, MTK ilə İddiaçı arşında bağlanmış 30.05.2005-ci il tarixli müqavilənin və eyni tarixli "xxxx" etibarsız hesab edilməsi mümkün deyil. Belə olan halda mübahisəli qeyri-yaşayış sahəsinin dəyərinin İddiaçı tərəfindən təsdiq edən maliyyə arayışının, həmin sahənin İddiaçı verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın, sahənin layihə sənədlərinin İddiaçı təqdim edilməsi MTK-nın vəzifəsidir. Çünki Mülki Məcəlləsinin 109.1-ci maddəsinə görə, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Məcəllənin 109.2-ci maddəsinə görə, kooperativ üzvü bu Məcəllənin tələblərinə cavab verən və kooperativin nizamnaməsində müəyyənləşdirilən qaydada və həcmdə üzvlük haqqı, mütləq və əlavə pay haqqı ödəmiş və kooperativə qəbul edilmiş, onun fəaliyyətində iştirak edən və səs hüququ (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) olan fiziki və (və ya) hüquqi şəxsdir. Məcəllənin 109-4.1 və 109-4.1.3-ci maddələrinə görə, kooperativin fəaliyyətinə dair məlumat almaq və onun maliyyə, eləcə də digər sənədləri ilə tanış olmaq kopperativin üzvünün hüququdur. Məcəllənin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məcəllənin 139-1.1 və 139-1.1.6-cı maddələrinə görə, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki Məcəllənin iş üzrə tərəflər arasında hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş 178.8-ci maddəsinə görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Məcəllənin 529.1-ci maddəsinə görə, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissəhissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Azərbaycan Respublikasının hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 109.1-ci maddəsinə görə, yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidənqurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyriyaşayış sahələrinin bu Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, "xxxx" baxmış Rayon Məhkəməsi maliyyə arayışının, protokoldan çıxarışın və layihə sənədlərinin iddiaçıya verilməsi öhdəliyinin MTK-nın üzərinə qoymaqla qanuni və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, müqavilədə MTK-nın möhürünün olmaması müqavilənin etibarsızlığı üçün əsas hesab edilə bilməz. Belə ki, Mülki Məcəllənin 331.1-ci maddəsinə görə, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Məcəllənin 331.2-ci maddəsinə görə, tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Qanunvericilikdə qeyd olunan müqavilənin möhürlə təsdiqlənməsi tələbi nəzərdə tutulmamışdır. Bunu tərəflər özləri aralarında razılaşma ilə müəyyənləşdirilə bilərlər. Lakin haırki iş üzrə tərəflər arasında belə bir razılaşmanın olması müəyyən olunmur. Bundan başqa, MTK bildirir ki, müqavilədəki imza İddiaçı məxsus deyil, belə olduğu halda müqavilə etibarlı hesab oluna bilməz. Məhkəmə MTK-nın bu dəlili ilə bağlı qeyd edir ki, hazırki halda müqavilədəki imzanın İddiaçı məxsus olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Çünki imza həqiqətən ona məxsus olmasaydı, bu o zaman etibarsızlığa səbəb olardı ki, İddiaçı müqaviləyə etiraz etmiş və müqavilə üzrə yaranmış hüquq və vəzifələrdən imtina etmiş olsun. Lakin əksinə İddiaçı müqaviləyə etiraz etmir və müqavilənin yaratdığı hüquqi nəticələri bəyənir. MTK-nın digər bir dəlili isə ondan ibarətdir ki, Azərbaycan Respublikasında pul vahidi manatdır və respublika ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Müqavilənin dəyərinin ABŞ dolları ilə göstərilməsi müqavilənin etibarsızlığı deməkdir. Məhkəmə MTK-nın bu dəlilinə münasibətdə bildirir ki, MTK-nın göstərdiyi bu əsas da müqavilənin (sazişin, əqdin) etibarsız hesab edilməsi üçün səbəb deyil. Çünki baxmayaraq ki, müqavilə üzrə İddiaçı pul öhdəliyi xarici valyutada ifadə oluna bilməzdi, yuxarıda qeyd edildiyi kimi MMC müqavilənin etibarsızlığı ilə bağlı qanunda nəzərdə tutulmuş kəsici müddəti ötürmüşdür. Apellyasiya baxışının nəticəsi: Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəmələri tərəfindən hazırki iş üzrə gəldikləri nəticələr qanuni, əsaslı və işin hallarına uyğundur. Hər iki apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamələrin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəmələri tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamələr dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri təmin edilmədiyindən, apellyasiya şikayətlərinin verilməsi üçün MTK tərəfindən ödənilmiş dövlət rüsumları, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Mənzil Tikinti Kooperativinin apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 21 sentyabr 2020-ci il tarixli qətnamə və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 25 fevral 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün Cavabdeh MTK-nın ödədiyi dövlət rüsumları onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar