Məhkəmə qərarları › İş №2(103)-990/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-990/2024

23.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-990/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X11 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızına qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-553/2023 nömrəli, 08 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı iddia edir ki, cavabdehlərin (сavabdehlər iddiaçının bacılarıdır) qeyriqanuni hərəkətləri nəticəsində iddiaçıya məxsus əmlaklar yararsız vəziyyətə düşməklə, sonuncuya maddi ziyan vurulmuşdur. Cavabdehlər iddiaçıya vurduqları maddi ziyanı ödəməkdən boyun qaçırdıqlarından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsində icraat: İddiaçı X6 cavabdehlər Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızına qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və ailəsinin mülkiyyət toxunulmazlığı hüquqlarını pozan cavabdehlər Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızından ona və ailəsinə vurmuş olduğu 5300 (beş min üç yüz) manat məbləğində zərərin alınaraq ona verilməsi və məhkəmə üçün ödənilmiş 75 (yetmiş beş) manat rüsumun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdehlər Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızının psixi vəziyyətinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-psixoloji ekspertizasının təyin edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1998-ci il tarixdə İddiaçı ilə ailə quraraq, ərinin yaşadığı ünvan 1 ünvanına gəlin köçmüşdür. Həyat yoldaşı yüksək rütbəli zabitdir-polkovnikdir. Birinci və X4 torpaqların azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına iştirak etmiş və dəfələrlə orden və medallarla təltif olunmuşdur. Müharibə şəraitində çox vaxt o, həyat yoldaşı ilə bərabər ön cəbhə bölgələrində yaşamağa məcbur olurdu. Bu səbəbdən də ərinə məxsus olan ünvan 1 ünvanındakı fərdi yaşayış evinə vaxtaşırı gəlirdilər. Hər dəfə ərinə məxsus həmin evə gələndə ailə münaqişəsi zəminində baldızları-Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızı ilə aralarında mübahisələr yaranırdı. Ancaq ən son olaraq, onlar həmin ünvandakı evlərində olmadıqları zaman, fürsətdən istifadə edən baldızları onların evini elektrik cərəyanı ilə təmin edən elektrik naqillərini sıradan çıxarmış, bunun nəticəsində evlərini isidən kombinin qısa qapanma nəticəsində sxemi pozularaq tam yararsız vəziyyətə düşmüşdür. Həmin kombini onlar keçən il “Dəmirdöküm” firmasından 1700 manata almışlar. Həmçinin, Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızının bu qanunsuz əməlləri nəticəsində evlərində olan “Samsung” markalı soyuducu da xarab olmuşdur. Soyuducunun içində olan xeyli sayda ərzaqlar da xarab olmuşdur. Həmin soyuducunun qiyməti 1200 (min iki yüz) manat təşkil edir. Habelə, onların qanunsuz əməlləri nəticəsində evlərində olan kamera yaddaşlı disk və 2 (iki) ədəd kamera da sıradan çıxmışdır. Bu kameraların sıradan çıxması nəticəsində onlara 450 (dörd yüz əlli) manat məbləğində zərər dəymişdir. Baldızlarının belə qanunsuz əməlləri nəticəsində, yenicə təmir etdikləri mənzilə xeyli ziyan vurulmuşdur. Belə ki, kombinin işləməməsi nəticəsində mənzilin daxilində rütubət və nəmişlik əmələ gəlmiş və mənzilin döşəmələri yararsız vəziyyətə düşmüşdür. Onların keçən il təxminən 1950 (min doqquz yüz əlli) manat məbləğində çəkdikləri təmir xərcləri havaya uçmuşdur. Nəticədə, Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızının onların ailəsinə qarşı qanunsuz əməlləri nəticəsində 5300 (beş min üç yüz) manat məbləğində maddi ziyan dəymişdir. Onların qanunsuz hərəkətlərinin foto və video görüntülərini, onu və ailəsini təhqiredici sözlərinin səs yazılarını da məhkəməyə təqdim edir. Hesab edir ki, cavabdehlərin ona və ailəsinə qarşı etdikləri bu hərəkətlər cəmiyyətdə psixoloji yöndən sağlam insanların etdikləri normal hərəkətlər deyil. Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızının hisslərini cilovlaya bilməməsi, aqressiv hərəkətlər etməsi, onu və ailəsini nalayiq söyüşlərlə təhqir etməsi, ailəsinə vurduğu maddi ziyan və digər hərəkətləri onlarda psixoloji problemlərin olduğunu göstərməkdədir. Onların belə psixoloji pozuntularının olması həm onların ailəsi, həm yaxın qonşular və həm də cəmiyyət üçün çox təhlükəlidir. Belə ki, onların bu hərəkətləri onun övladlarının düzgün tərbiyəsinə mane olmaqda və hətta gələcəkdə ailəsinin dağılmasına da səbəb olmaqdadır. Həmçinin, qonşuların və yaxın qohumların da düşüncələri onun fikirləri ilə üst-üstə düşür. Baldızlarının belə qeyri-adi hərəkətləri onda, qonşularında və yaxın qohumlarında onların psixoloji vəziyyətlərinin yerində olmaması şübhələri oyatmaqdadır. Bu hadisə barədə Sabunçu Rayon Prokurorluğuna və Sabunçu Rayon Polis İdarəsinə də ərizə ilə müraciət edilmişdir. Daha sonra iddiaçı X2 yazılı razılığı əsasında, o, əsl İddiaçı ilə əvəz edilmişdir. Bununla yanaşı İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddiaçının və ailəsinin mülkiyyət toxunulmazlığı hüquqlarını pozan cavabdehlər Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızından iddiaçıya və ailəsinə vurmuş olduğu 5700 (beş min yeddi yüz) manat məbləğində pulun alınaraq ona verilməsi və məhkəmə üçün ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını, cavabdehlər Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızının psixi vəziyyətinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-psixoloji ekspertizasının təyin edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə təqdim edərək, ziyan olaraq 5700 manatın 5500 manat kimi düzəliş edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində ifadə vermiş şahid X8 ifadəsində bildirmişdir ki, o, iddiaçı və cavabdehlərlə uzun illərdir ki, qonşudur. O, işdən gələndə axşam saatlarında İddiaçı demişdir ki, işıq sönüb kamera işləmir, sayğaca baxmaq lazımdır. O, sayğaca baxanda avtomatdan söndürüldüyünü görmüşdür. Səhəri gün Gülağa yenidən ona zəng edib işığı yoxlamasını xahiş etmişdir. O, yenidən baxdıqda işığın avtomatdan söndürüldüyünü görmüşdür. Daha sonra Nailə ona demişdir ki, “sən kimsən ki, biz söndürən işığı yandırırsan”. Nailə orada yaşamır, anasıgilə gəlmişdir. Onun işığı yandırdığını Nailəyə yəqin ki, qonşular demişdir. O, işığı yandıranda kamera sınıq idi, başı yuxarı vəziyyətdə dayanmışdır. Kameranı kimin sındırdığını görməmişdir. Birinci instansiya məhkəməsində ifadə vermiş şahid X9 ifadəsində bildirmişdir ki, o, Gülağanın qaynı, Gülnarənin qardaşıdır, tez-tez bacısına baş çəkmək üçün onlara gedir. O, ancaq kamera görüntülərindən Nailə və Naibənin işıqları söndürmələrini və kameranı sındırmalarını görmüşdür. Gülağaya bacıları tərəfindən zərər vurulmasının şahidi olmamışdır. Dəymiş maddi zərərlə bağlı tərəflər arasında yaranmış mübahisənin obyektiv həlli, iddiaçının evinə həqiqətən zərər dəyib-dəyməməsi və əgər zərər dəymişdirsə, bu zərərin miqdarının müəyyən edilməsi və digər əhəmiyyətli halların aydınlaşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/1427- 9/1493 nömrəli rəyindən görünür ki, işığın kəsilməsi nəticəsində zərər dəyibdəyməməsinin və işığın kəsilməsi ilə dəymiş zərər arasında səbəbli əlaqənin olubolmamasının müəyyən olunması mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmadı. Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi Bala Əfəndiyev küçəsi 8 saylı evə dəymiş zərərin aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun (tikinti materialları və xidmət haqqı daxil olmaqla) dəyəri təqribən 1917,0 manat məbləğində müəyyən olunur. Ekspertiza tədqiqatına təqdim edilən əşyalar işlək vəziyyətdə olmadığından, onların hansı hissələrinin dəyişilməsini və ya təmir bərpasına çəkiləcək xərci müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-553/2023 nömrəli, 08 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızından müştərək qaydada maddi ziyana görə 1917 manat məbləğində pul vəsaitinin və 39.17 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, məhkəmə tikintitexniki ekspertizası tədqiqatının dəyəri olan 100 manatın cavabdehlər Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızından müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1115-ci maddələrinə istinad etməklə mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində iddiaçıya məxsus əmlaklar yararsız vəziyyətə düşməklə, sonuncuya maddi ziyan vurulmuşdur. Cavabdehlər iddiaçıya vurduqları maddi ziyanı ödəməkdən boyun qaçırdıqlarından iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qiymətləndirmə hesabatına əsasən əmlaklara dəymiş ziyan 5500 manat müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdehlərin hüquqazidd hərəkətləri nəticəsində iddiaçıya maddi ziyan vurulması işin mübahisəsiz halıdır, məhkəmə tədqiqi zamanı bu hal öz təsdiqini tapmışdır. İş üzrə mübahisəli hal, yalnız dəymiş maddi ziyanın həcmi ilə bağlıdır. Cavabdehlər Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızının Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdehlər Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduqları maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini onlardan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə, istinad olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər mülki hüquq pozuntusu (delikt) törətdiklərindən, vurduqları maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidirlər. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatına əsasən iddiaçıya məxsus əmlakara 5500 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən əmlaklara dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, verilmiş ekspert rəyi ilə iddiaçının mənzilinə dəymiş zərərin aradan qaldırılması üçün yerinə yetirilməli olan təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 1917 manat müəyyən edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə keçirilmiş ekspertizanın rəyində qeyd olunmuşdur ki, “işığın kəsilməsi nəticəsində zərər dəyib-dəyməməsinin və işığın kəsilməsi ilə dəymiş zərər arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən olunması mühəndis texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılmadı”. Görünüyü kimi məhkəmə iclasında işığın kəsilməsi nəticəsində zərər dəyib-dəyməməsi və işığın kəsilməsi ilə dəymiş zərər arasında səbəbli əlaqənin olub-olmaması müəyyən olunmasa da, hakim heç bir mötəbər sübuta əsaslanmadan, şəxsi mülahizələrinə əsasən zərərin məhz cavabdehlər tərəfindən vurulması qənaətinə gəlmişdir. Məhkəmə qanuvericiliyin mülki hüquq pozuntusundan irəli gələn normalarını formal olaraq öz qətnaməsində sadalasa da, zərərin məhz cavabdehlər tərəfindən vurulmasını, habelə cavabdehlərdən hansı tərəfindən vurulmasını təsdiq edəcək mötəbər sübut olmadığı halda iddianın qismən təmin olunması barədə qətnamə çıxarmışdır. Bundan başqa məhkəmə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi və iş üzrə şahid qismində məhkəmə iclasında dindirilmiş X5 ifadəsinə sübut kimi istinad etsə də, şahid 3-cü şəxsin (iddiaçının) sözlərinə istinadən ifadə vermiş, işığın cavabdehlər tərəfindən söndürülməsini görmədiyini bildirmişdir. Şahidin bu cür, yəni iddiaçının sözlərinə istinadən verdiyi ifadəsi iş üzrə sübut əhəmiyyəti daşıya bilməz. İş üzrə məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim olunaraq dindirilmiş digər şahid X9 ifadəsində iddiaçının qohumu (qaynı), olduğunu bildirsə də, məhkəmə onun ifadəsinin nə dərəcədə mötəbər olmasını ümumiyyətlə nəzərə almamışdır. Göründüyü kimi məhkəmə iş üzrə yekun nəticəyə gələrkən şahid ifadələrini mötəbər sübut kimi qəbul etsə də, onların mötəbərliliyini müzakirə etməmiş, yalnız şəxsi mülahizələrinə əsaslanaraq əsassız və qanunsuz qətnamə çıxarmışdır. Proses iştirakçılarının izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamə iddia tələbinin təmin olunmuş hissəsində yoxlanılır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləüv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzıün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən kifayət qədər araşdırmadığından, eləcə də maddi və prosessual hüquq normalarının tələblərini pozduğu üçün qəbul etdiyi qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməli olmasına dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə X7 xx.xx.1998-ci ildə nikah bağlamışlar, nikah bağlandıqdan sonra arvada Cəlilova soyadı verilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu rayon Prokurorluğunun xx.xx.2022ci il tarixli məktubundan görünür ki, qohumları tərəfindən ona maddi ziyanın vurulması barədə məhkəməyə müraciət etmək hüququnun olması X3 bildirilmişdir. Həmçinin iş materiallarında olan Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 barəsində müraciətdə qeyd olunan məsələ mülki xarakterli olduğundan, məhkəməyə müraciət etmək hüququnun olması X3 bildirilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 374/E nömrəli xx.xx.2023-cü il tarixli qiymətləndirmə hesabatından görünür ki, X2 müraciətinə əsasən qeyd olunan əmlaklara dəyən zərərin miqdarı 5500 (beş min beş yüz) AZN məbləğində dəyərləndirilir. İddiaçı tərəf vurulmuş ziyanın əsası kimi cavabdehlərin evini elektrik cərəyanı ilə təmin edən elektrik naqillərini sıradan çıxarması ilə əsaslandırmış və iddia etmişdir ki, Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızının onların ailəsinə qarşı qanunsuz əməlləri nəticəsində 5300 (beş min üç yüz) manat məbləğində maddi ziyan dəymişdir. Ziyanın əsası kimi evlərində olan “Samsung” markalı soyuducu onun içində olan xeyli sayda ərzaqların, soyuducunun xarab olmasına, kamera yaddaşlı disk və 2 (iki) ədəd kamera da sıradan çıxmasına, soyuducunun xarab olması ilə 1200 (min iki yüz) manat, kameraların sıradan çıxması nəticəsində 450 (dörd yüz əlli) manat məbləğində zərər dəyməsinə, evlərində yenicə təmir etdikləri mənzildə kombinin işləməməsi nəticəsində mənzilin daxilində rütubət və nəmişlik əmələ gəlməklə, mənzilin döşəmələri yararsız vəziyyətə düşərək, keçən il təxminən 1950 (min doqquz yüz əlli) manat məbləğində çəkdikləri təmir xərcləri havaya uçmasına istinad edilmişdir. Məhkəmə kollegiyası ilk qeyd edir ki, mülki qanunvericiliyin 21, 1096 və 1097-ci maddələrinin mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Birinci instansiya məhkəməsi cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində iddiaçıya məxsus əmlaklar yararsız vəziyyətə düşməklə, sonuncuya maddi ziyan vurulmasını müəyyən edilməsini göstərsə də bu nəticəsinin əsası kimi hansı konkret hallara istinad edilməsini əsaslandırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia etdiyi kimi cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya hər hansı bir ziyan dəyməsi məhz cavabdehlər tərəfindən törədilmiş hərəkətlər nəticəsində yaranmasına dair iş materiallarında mötəbər və tutarlı sübutlar olmasına diqqət yetirməmişdir. Belə ki, iş materiallarından görünür ki, hazırki mübahisənin yaranmasına səbəb cavabdehlər tərəfindən iddiaçının evinin elektrik cərəyanı ilə təmin edən elektrik naqillərinin sıradan çıxarılması olmuşdur, lakin qeyd edildiyi kimi həmin qanunsuz hərəkətlərin məhz cavabdehlər tərəfindən həyata keçirilməsini təsdiq edən sübutların nədən ibarət olması aydın deyildir. Məhkəmə kollegiyasının iclasında iş materiallarına əlavə olunmuş flaşkart tədqiq edilmiş və iddiaçının iddia ərizəsində göstərdiyi dəlillərin flaşkartda da öz əksini tapmadığı müəyyən edilmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi baxışı zamanı təyin edilmiş ekspert rəyində işığın kəsilməsi nəticəsində zərər dəyibdəyməməsinin və işığın kəsilməsi ilə dəymiş zərər arasında səbəbli əlaqənin olubolmamasının müəyyən olunması mühəndis-texniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından, bu sual üzrə tədqiqat aparılması qeyd edilmiş, lakin birinci instansiya məhkəməsi həmin rəyi işin faktiki hallarına münasibətdə düzgün qiymətləndirməmişdir. Ekspert rəyində Sabunçu rayonu Balaxanı qəsəbəsi Bala Əfəndiyev küçəsi 8 saylı evə dəymiş zərərin aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinin müəyyən edilməsi heç də o demək deyildir ki, bu məhz cavabdehlərin qanunsuz əməlləri nəticəsində baş vermişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi baxışı zamanı dindirilmiş şahidlər ifadələrində “işığın söndürüldüyünü gördüklərini” bildirsələr də, istinad edilən kamera görüntüləri məhkəməyə təqdim edilməmiş, təqdim edilən flaşkartda isə görüntülər qeyd edilənlər işin digər sübutları ilə öz təsdiqini tapmamışdır. Həmçini də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən yeganə sübut vasitəsi şahid ifadələridir ki, həmin şahid ifadələrini də hansı əsaslara görə mötəbər sübut kimi qiymətləndirilməli olmasına dair qənaətini birinci instansiya məhkəməsi iş üzrə qəbul edilmiş qətnaməsində əsaslandırmamışdır. Belə ki, mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri də şahid ifadələr olsa da bu ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyətli olan hallar barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirilmə zamanı verdiyi məlumatlardır. Şahid işin gedişi ilə hüquqi baxımdan maraqlı olmayan və işə dair məlumatı olan fiziki şəxsdir. İşin nəticəsində başqa cür maraqlı olmaları (iş üzrə tərəflərdən biri ilə dostluq, bir yerdə işləmək, qonşu olmaq, yaxud əksinə, qərəzçilik münasibətləri) şahidə aid olan vəzifələrin yerinə yetirilməsinə mane ola bilməz, lakin bu hallar onların ifadələrinin qiymətləndirilməsi zamanı məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır və şahidlərin verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmaqla onların MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci, şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci, şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan veribverməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Məhkəmə kollegiyası hesab edir ki, bu tələblərə birinci instansiya məhkəməsi tərəfindən riayət olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsi X5 ifadəsinə sübut kimi istinad etsə də, şahid 3-cü şəxsin (iddiaçının) sözlərinə istinadən ifadə verməsinə, digər şahid X9 ifadəsində iddiaçının qohumu (qaynı) olmasına diqqət yetirməyərək onların verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olmamaqla ifadələrinin işdə olan başqa hər hansı bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamasına düzgün hüquqi qiymət verilməmişdir. Göründüyü kimi iddiaçıya məxsus əmlakların yararsız vəziyyətə düşməsinin məhz cavabdehlərin qeyri-qanuni hərəkətləri nəticəsində, yəni onların təqsiri üzündən baş verməsi müəyyən edilmədiyi halda birinci instansiya məhkəməsi əsassız olaraq cavabdehlər Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızının Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulması kimi səhv hüquqi nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmadığından cavabdehlər iddiaçı tərəfin qarşısında heç bir mülki məsuliyyat daşıyıcısı olmadıqları üçün apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası bununla bağlı hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməli, həmçinin iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilməli, eyni zamanda birinci instansiya məhkəməsi baxışı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 100 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-553/2023 nömrəli, 08 sentyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Özən (Cəlilova) Naibə Ümid qızına qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Xumar Mərdanova Hakimlər Elnur Həsənov Sabit Bəhramzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar