Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-990/2025 10.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2(006)-3213/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı qanunsuz olaraq azadlıqdan məhrum edildiyi dövrdə ona həm maddi, həm də mənəvi ziyan vurulduğunu iddia edərək, ümumilikdə 186.500 manat məbləğində pul vəsaitinin kompensasiya olunaraq ona ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019- cu il tarixli, 1(101)-108/2019 saylı hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı 27-29 noyabr 2017-ci il tarixlərində şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün, 08 dekabr 2017-ci il tarixdən 11 yanvar 2018-ci il tarixədək həbsdə saxlanıldığı 33 (otuz üç) gün və 11 yanvar 2018-ci il tarixdən hökmdən çıxarıldığı 19 fevral 2019-cu il tarixədək ev dustaqlığında olduğu bütün müddət cəzaçəkmə müddətinə daxil edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 dekabr 2017-ci il tarixdən hesablanmışdır. İddiaçı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2019-cu il tarixli, 1(103)-587/2019 saylı qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(102)-154/2021 saylı qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin 31 may 2019-cu il tarixli, 1(103)-587/2019 saylı qərarı ləğv edilməklə, cinayət işi Bakı Apellyasiya Məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(102)-154/2021 saylı qərarında cinayət işində olan ziddiyətli məqamlara aydınlıq gətirilməsi və iş üzrə düzgün nəticəyə gəlinməsi üçün əhəmiyyətli olduğunu nəzərə alaraq məhkəmə baxışının qismən istintaqla aparılmasını zəruri hesab etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(103)-659/2021 saylı qərarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(101)108/2019 saylı hökmü ləğv edilmiş və iş üzrə yeni hökm qəbul edilmişdir. İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə bəraət verilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməklə o, məhkəmə iclas zalında dərhal həbsdən azad olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(103)-659/2021 saylı qərarından dövlət ittihamçısı Emil Mirzəyev kassasiya protesti və zərərçəkmiş şəxs X2 isə kassasiya şikayəti vermişlər. Yekunda Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(102)- 908/2022 saylı qərarına əsasən, kassasiya protesti və kassasiya şikayəti təmin olunmamışdır. İddiaçı və X10 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi 4 ildən çox kobud qanun pozuntuları ilə davam edən ibtidai istintaq və məhkəmə yekunda bəraətverici əsaslarla icraata xitam verilməsi ilə nəticələnmiş və İddiaçı həmin dövrdə qanunsuz olaraq 35 (otuz beş) ay (1065 gün) həbsdə saxlanılmışdır. Məhkəmənin diqqətinə çatdırılır ki, İddiaçı cinayət təqibinə məruz qalanadək ticarət və digər fəaliyyət növləri ilə məşğul olmuş, aylıq sabit gəliri olmuşdur. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı özünə məxsus “Hyundai H1” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə sərnişindaşıma müqaviləsinə əsasən 12 dekabr 2015-ci il tarixdə 05 yanvar 2018-ci il tarixədək çalışmış və aylıq əmək haqqı 1450 (min dörd yüz əlli) manat təşkil etmişdir. Bundan başqa, iddia ərizəsinə əlavə edilmiş yuxarıda qeyd edilən şirkətdən daxil olmuş 14 may 2024-cü il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı özünə məxsus “Hyundai H1” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə sürücü təqdim etməklə sərnişindaşıma müqaviləsinə əsasən 01 avqust 2014-cü il tarixdən 05 yanvar 2018-ci il tarixədək "xxxx" MMC-dən əldə etdiyi gəlir aylıq 1450 (min dörd yüz əlli) manat təşkil etmişdir. Qeyd edilənlərdən əlavə xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci tarixə, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, həmçinin xx.xx.2019-cu il tarixdən 14 dekabr 2021-ci il tarixə kimi cinayət prosesini həyata keçirən orqanın səhvi və qanunsuz hərəkətləri nəticəsində onun əsassız olaraq istintaq təcridxanasında və cəzaçəkmə müəssisəsində saxlanılmaqla azadlığından məhrum olunduğu müddət ərzində ailə üzvləri tərəfindən ona yemək və ərzaq gətirilməsinə, həmçinin hüquqlarını müdafiə edən vəkilin İstintaq Təcridxanasına aparılıb gətirilməsinə ümumilikdə 50.000 (əlli min) manatdan çox pul sərf olunmuşdur ki, həmin məsrəfi də iddiaçı ibtidai istintaq orqanının qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışdır. Təkcə onu qeyd etmək kifayətdir ki, İddiaçı məxsus “Hyundai H1” markalı avtomobillər onun cinayət təqibinə məruz qaldığı müddətdə, yəni 2018-ci il tarixdə satılaraq özgəninkiləşdirilmişdir. (Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktub və iddiaçıya məxsus avtomobillər haqqında məlumatlar iddia ərizəsinə əlavə edilir.) Bundan əlavə İddiaçı günahsız olduğu halda 35 (otuz beş) ay (xx.xx.2017-xx.xx.2017=2 gün; xx.xx.2017xx.xx.2018=33 gün; xx.xx.2019-xx.xx.2021=33 ay 25 gün+1 ay=35 ay) müddətə haqsız yerə azadıqdan məhrum olduğu üçün, eləcə də heç bir əsas olmadan törətmədiyi cinayət əməlində ittiham olunduğu üçün ona böyük mənəvi ziyan da dəymişdir. Belə ki, ibtidai istintaq orqanının və məhkəmələrin qanunsuz hərəkətləri nəticəsində çəkdiyi əzab-əziyyət onda əsəb pozğunluğu və ürək ağrısına gətirib çıxarmışdır. Belə ki, barəsində heç bir əsas olmadan Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanmış və üç ilə yaxın həbsxanada qalmağa məcbur olmuşdur. Nəticədə isə çox böyük psixoloji sarsıntılar, əsəb gərginlikləri keçirmişdir. Qanunsuz hərəkətləri nəticəsində iddiaçının dəymiş mənəvi ziyanın dəyərini haqlı olaraq tələb etmək hüququ vardır. Bu səbəbdən hesab edilir ki, maddi ziyanla yanaşı, həmçinin 35.000 (otuz beş min) manat məbləğində mənəvi ziyan da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticədə, İddiaçı istintaq orqanının səhvi nəticəsində ümumilikdə (35 ay x 1000 manat = 35.000 manat, 35 ay x 1450 manat = 50.750 manat, 35 ay x 1450 manat = 50.750 manat, 50.000 manat, 35.000 manat + 50.750 manat + 50.750 manat + 50.000 manat) 186.500 (yüz səksən altı min beş yüz) manat məbləğində qazancından məhrum olmuşdur. Məhkəmənin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun “Rəsul Cəfərov Azərbaycan qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən X3 Azərbaycan Respublikası CM-nin 179.3.2, 192.2.2, 213.1, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat qaydasında baxaraq X7 barəsində bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsi və onun qanunsuz olaraq həbsdə saxlanılması və azadlıqdan məhrum edilməsini nəzərə alaraq mənəvi ziyana görə 57.173,30 AZN ödənilməsi qərara alınmışdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun “İlqar Məmmədov Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarına uyğun olaraq X5 Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat qaydasında baxaraq X8 barəsində bəraətverici əsaslarla cinayət təqibinə xitam verilməsi və onun qanunsuz olaraq həbsdə saxlanılması və azadlıqdan məhrum edilməsini nəzərə alaraq mənəvi ziyana görə 234.000 manat ödənilməsi qərara alınmışdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(102)-5251/2021 saylı və xx.xx.2021-ci il tarixli 2(102)-4616/2021 saylı qərarlarından, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-5198/2022 saylı qərarından görünür ki, formalaşdırılmış hüquqi praktika belədir ki, qanunsuz olaraq həbsdə saxlanılan şəxsin hər ayı üçün 1.000 manat məbləğində mənəvi ziyan kompensasiya edilir. Göründüyü kimi, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun formalaşdırdığı mövqeyə görə qanunsuz olaraq həbsdə saxlanılma və azadlıqdan məhrum etmə ilə bağlı kifayət qədər yüksək məbləğdə mənəvi zərər ödənilir. Göstərilənlərə əsasən ibtidai istintaq orqanının qanunsuz hərəkətləri nəticəsində əsassız ittiham olunması, cinayət təqibinə məruz qalması və qanunsuz həbsə alınması səbəbindən İddiaçı dəymiş maddi və mənəvi ziyana görə ümumilikdə 186.500 (yüz səksən altı min beş yüz) manat məbləğində pul vəsaitinin kompensasiya olaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin nümayəndəsi X9 iddia ərizəsinə etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2(006)- 3213/2024 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə 41.500 (qırx bir min beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçıya vurulmuş maddi ziyanla bağlı hissədə iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı maddi ziyan kimi həbs edilməmişdən əvvəl ticarət və digər fəaliyyət növləri ilə məşğul olduğunu, aylıq sabit gəlirə malik olduğunu, həbs edildikdən sonra isə həmin məbləğdən məhrum olduğunu, həmçinin həbsdə olduğu müddət ərzində valideynlərinin onun yanına gəlib-getməsini, yemək və ərzaq gətirdiklərini, bundan əlavə məhkəmə prosesləri dövründə hüquqlarının müdafiəsi üçün vəkil xərcləri ödədiyini iddia etsə də, həmin hissədə iddiasını əsaslandıra biləcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddiaçının həbs edilməmişdən əvvəl ticarətlə məşğul olması, əmək münasibətlərində olmasını və sabit gəlirə malik olması və həbs edildikdən sonra həmin gəlirlərdən məhrum edilməsinə münasibətdə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi iddiaçının həbs edilməmişdən əvvəl mülkiyyətində iki avtomobil olmuş (**-TH-*** və **-ZH-***), həmin avtomobillərdən birini icarəyə vermiş, digəri ilə isə özü sərnişindaşıma müqaviləsinə əsasən çalışıb, hər iki avtomobil üzrə ayrı-ayrılıqda aylıq 1450 manat məbləğində əmək haqqı almışdır. Lakin iş materiallarında olan "xxxx" şirkətinin vermiş olduğu əmək münasibətlərinə dair arayış mötəbər sübut növü kimi qəbul edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsində müvafiq anlayışlar verilmişdir: işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 5-ci maddəsində əmək müqaviləsi (kontraktı)işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək Məcəlləsinin 8-ci maddəsinə əsasən iş yeri-işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir . Həmin Məcəllənin 9-cu maddəsinin “d” bəndi, 43cü maddəsinin “ə” bəndində əmək müaviləsinin şərtləri və məzmunu qeyd edilmiş və həmin bəndlərdə mütləq qaydada olaraq əmək haqqının əmək müqaviləsindən yarandığı qeyd edilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı ilə qeyd edilən şirkət arasında əmək müqaviləsi mövcud olmamış (mülki işin icraatı zamanı təqdim edilməmiş və iddiaçı tərəf bunu təqdim edə bilməyəcəyini məhkəməyə bildirmişdir) və mövcud olmayan bir əmək müqaviləsi üzrə də əmək haqqından da söhbət gedə bilməz. Bundan əlavə isə iddiaçı tərəf qeyd edilən şirkət tərəfindən iddiaçıya məxsus bank hesabına hər hansı bir pul köçürmələri barədə sübutları da təqdim edə bilməmişdir. İddiaçı yalnız formal bir arayış təqdim etməklə iddia irəli sürmüşdür. Məhkəmə həmçinin iddianın maddi ziyanın iddiaçıya məxsus avtomobili “Cartrech Firm” şirkətinə vermiş olduğu nəqliyyat vasitəsi üzrə icarə haqqında məhrum olunduğu uçün dəymiş ziyan hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə də əsassız olduğundan təmin edilə bilməz. Belə ki, mülki iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus nəqliyyat vasitəsi müvafiq etibarnamə əsasında satılmışdır. Yəni iddiaçının həbsdə olması həmin nəqliyyat vasitəsinin hüquqi və fiziki cəhətdən icarəyə verilməsinə əngəl ola bilməzdi. Bu yalnız qarşı tərəfin (şirkətin) könüllü iradəsindən asılı olmuş və müqaviləyə (varsa əgər) könüllü qaydada xitam verilmişdir. Bundan əlavə isə iddiaçı həmin icarə münasibətlərini də Azərbaycan Respublikası Mülki Məcəlləsinin yol vermiş olduğu etibarnamə institutundan istifadə etməklə də həmin hüququ davam etdirmək hüququ mövcud olmuşdur (necəki sözügedən nəqliyyat vasitəsini həbsdə olduğu müddətə özgəninkiləşdirə bilmişdir). Göründüyü kimi iddiaçının ona maddi ziyan dəyməsi barədə iddiası qanunvericiliklə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyindən əsassız hesab edilməklə rədd edilməlidir. Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab etmişdir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur. İşin mübahisəsiz halıdır ki, iddiaçı barəsində 27 noyabr 2017-ci il tarixdən 29 noyabr 2017-ci il tarixədək 2 gün, 08 dekabr 2017-ci il tarixdən 11 yanvar 2018-ci il tarixədək 33 gün, 19 fevral 2019-cu il tarixdən 14 dekabr 2021-ci il tarixədək 34 ay müddətinə, ümumilikdə 35 ay müddətinə «həbs» qətimkan tədbiri, 11 yanvar 2018-ci il tarixdən 19 fevral 2019-cu il tarixədək isə 13 ay müddətinə «ev dustaqlığı» qətimkan tədbiri seçilmişdir. Onun həbs edilməsi, barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi iddiaçıda narahatlıq, məyusluq hissləri yaratmış və ona stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla, ailələrinin cəmiyyətdəki nüfuzuna xələl gətirmiş, bu müddət ərzində mənəvi sarsıntı keçirmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə görə ümumilikdə 41.500 manat («həbs» qətimkan tədbirinə görə 1 ay üçün 1.000 manat olmaqla, ümumilikdə 35.000 manat, «ev dustaqlığı» qətimkan tədbirinə görə 1 ay üçün 500 manat olmaqla, ümumilikdə 6.500 manat) məbləğində müəyyən olunmalıdır. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamədə iddiaçıya dəymiş maddi ziyan düzgün qiymətləndirilməmişdir. Verilmiş sorğu əsasında "xxxx" MMC dən daxil olmuş, iddia ərizəsinə əlavə edilmiş 16 sentyabr 2024-cü il tarixli arayışdan müəyyən edilir ki, İddiaçı sərnişindaşıma müqaviləsinə əsasən özünə məxsus “Hyundai H1” minik markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobilini sürücü təqdim etməklə xx.xx.2014-cü il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət ərzində çalışdırmış və bunun müqabilində aylıq 1450 (min dörd yüz əlli) manat xidmət haqqı almışdır. Həmçinin "xxxx" MMCdən daxil olmuş xx.xx.2024-cü il tarixli arayışdan da görünür ki, İddiaçı sərnişindaşıma müqaviləsinə əsasən özünə məxsus olan **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək şirkətdə çalışmış və aylıq 1450 (min dörd yüz əlli) manat məbləğində məvacib almışdır. "xxxx" MMC-dən qeyd edilən sərnişindaşıma müqavilələrinin surətlərinin götürülməsinə cəhd edilsə də, müqaviləyə xitam verilməsindən 5 ildən artıq müddət keçdiyi üçün sənədlərin məhv edilməsi haqqında aktın tələblərinə əsasən onların məhv edilməsi üçün aidiyyyəti üzrə göndərildiyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş Baş Dövlət Yol Polisi İdarəsindən əldə edilmiş xx.xx.2024-cü il tarixli məktub və ona əlavə edilmiş arayışdan da görünür ki, “Hyundai H1” markalı, **-ZH-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətində olmuşdur. Həmin arayış əsasında "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış sərnişindaşıma müqaviləsinə xitam verildiyi tarixə baxılarkən müəyyən edilir ki, həmin müqavilə İddiaçı həbs edildikdən çox qısa müddət sonra (28 gün sonra) sonlandırılmışdır. Göründüyü kimi, İddiaçı həbs edildikdən sonra onun əmək fəaliyyyəti də məhdudlaşdırılmışdır. Sonuncunun azadlığının məhdudlaşdırılması səbəbindən o, aylıq gəlirlərindən də məhrum edilmişdir. Yəni şəxs həbsdə olduğu üçün onun avtomobilləri idarə edə bilməməsi və onlara nəzarəti həyata keçirməməsi səbəbindən gəlirlərindən məhrum edilmişdir. Həmçinin heç bir dövlət qurumu və ya şirkət dələduzluqda ittiham edilən bir şəxslə müqaviləsini davam etdirmək, onunla işləmək və ya işgüzar münasibətdə olmaq istəməz. İddiaçı faktiki olaraq istintaq orqanlarının səhvi nəticəsində qanunsuz olaraq həbsdə saxlanılmış və bununla aylıq gəlirlərindən məhrum olmuşdur. Digər tərəfdən iddiaçının məhz saxlanılaraq müəyyən müddətə azadlıqdan məhrum edilməsi onun aylıq sabit gəlirindən məhrum olmasına gətirib çıxarmışdır. Bundan əlavə, şəxsin mülkiyyətində olan iki avtomobildən məhrum olaraq maddi ziyana uğramışdır. Belə ki, qətnamədə mülkiyyətində olan avtomobillərdən birinin etibarnamə əsasında satılması xüsusilə vurğulanmış və iddiaçının həbsdə olmadan mülkiyyəti idarə etməsinin mümkün olması qeyd edilmişdir. Bununla bağlı qeyd edir ki, iddiaçının həbsdə saxlanıldığı üçün ailə üzvlərinin maddi imkanı olmadığından həmin nəqliyyat vasitəsini satmaq məcburiyyətində qalmışlar. İddiaçının həbsdə saxlanıldığı zaman çəkdiyi iztirab və ailə üzvlərinin maddi sıxıntısını nəzərə alaraq hesab edir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3213/2024 qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməmiş maddi ziyan hissəsində təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Bununla yanaşı İddiaçı qanunsuz olaraq həbsdə saxlanılarkən onun mülkiyyətində olan avtomobili maddi sıxıntılar səbəbi ilə etibarnamə əsasında satılmışdır. Bundan elə nəticəyə gəlmək olar ki, Nazim həbsdə saxlanılmasaydı istifadəsində olan avtomobildən istifadə edərək sabit gəlir əldə edəcəkdir. Lakin qanunsuz saxlanıldığı, həmçinin saxlanıldığı zaman ailəsinin onu ziyarət etmək üçün yanına gedib-gəlmələrinin zəruri olduğu nəzərə alınsa, bunların hamsının müəyyən xərclər tələb etməsi işin mübahisəsiz halıdır. Belə ki, İddiaçı ziyarətinə ailə üzvləri getdikləri zaman ona yemək, ərzaq və digər sovqatları mütəmadi olaraq aparmışlar. Həmçinin müdafiəçilərin İstintaq Təcridxanasına hər dəfə aparılıb-gətirilməsi, müdafiəçiyə hüquqi yardım göstərilməsi ilə bağlı müqavilələrin bağlanması səbəbindən çəkilən xərclərə ümumillikdə 50.000 manatdan çox pul vəsaiti sərf olunmuşdur ki, həmin məsrəfi iddiaçı məhz istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində həbsdə olduğundan sərf etmək məcburiyyətində qalmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamış və bu hissədə iddianı təmin etməmişdir. Odur ki, hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir. Eyni zamanda İddiaçı qanunsuz olaraq həbsdə saxlanıldığı zaman sahibliyində olan nəqliyyat vasitəsinin satılması bunun Nazimin həbsdə ola ola biznesini davam etdirə bilməsi kimi absurd fikir yox, əksində istintaq orqanlarının səhvi nəticəsində qanunsuz olaraq aylarla həbsdə saxlanılması ucbatından maddi ziyana uğramasının nəticəsi olaraq qiymətləndirilməlidir. Göstərilənlərə əsasən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-3213/2024 saylı qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, iddia tələbi dövlət büdcəsinə yönəldiyindən məhkəmə tərəfindən iş üzrə təqsirkar vəzifəli şəxslərin məhkəmə prosesinə cəlb olunması, onların təqsirinin müəyyən edilməsi və dövlətin həmin şəxslərə qarşı reqres hüququndan istifadə edə bilməsi üçün hüquqi faktların məhkəmə qərarında göstərilməsi barədə qanunsuz hərəkətə yol vermiş vəzifəli şəxs məhkəmə prosessinə cəlb olunmalı idi. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır və belə olan halda yuxarıda sadalanan pozuntular nəticəsində qəbul edilən məhkəmə qərarının icrası ümumiyyətlə mümkünsüzdür. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuşdur və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair şəxsi qeyri əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Dəymiş mənəvi zərər isə fiziki və mənəvi iztirabları ehtiva edir. Lakin iş materiallarından da aydın olur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya onun hüquqlarını pozan, fiziki və mənəvi iztirablara məruz qoyan heç bir zərər vurulmamış və ümumiyyətlə qeyd olunanlarla bağlı məhkəmə tərəfindən hər hansı bir sübut tədqiq olunmadan iddiaçıya 41.500 manat məbləğində vəsaitin ödənilməsi qət edilmişdir. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir. Eyni zamanda mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir. (ona qarşı xüsusilə ağır cinayət törədildikdə-üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə-yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə-əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə-on bir manat). Göründüyü kimi mövcud qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Cinayət-Prosessual Məcəllənin yuxarıda sadalanan norması kontekstində iddiaçıya mənəvi zərərə görə 41.500 manat məbləğində kompensasiya hesablanması tamamilə əsassızdır. Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, mənəvi zərərlə də bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Nəsimi Rayon Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi. Göstərilənlərə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli e- 2(006)-3213/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsində işə baxılarkən Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında nümayəndələrinin iştiraklarını təmin etmədiklərindən işə onların nümayəndələrinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının həddi: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Qətnamədən iddiaçı tərəf apellyasiya şikayəti verərək, qətnaməni iddia tələbinin təmin edilməyən hissəsindən, cavabdeh isə iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Cinayət Prosessual Məcəllə: 56.0. Aşağıdakılar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər: 56.0.1. bəraət almış təqsirləndirilən şəxs; 56.0.2. bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs; 56.0.3. Bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs; 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. 58.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: 58.3.1. məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 58.3.2. müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 58.3.3. ödənilmiş məhkəmə xərcləri; 58.3.4. müdafiəçiyə ödənilmiş pul məbləği; 58.3.5. hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə. 60.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir. 61.2. Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir.
63. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.
«Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə: 1) məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; 2) müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları Tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; 3) ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə; 4) hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər; 5) vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz.
Mülki Məcəllə:
21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı.
Mülki Prosessual Məcəllə:
4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası ilk olaraq iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, işin mübahisəsiz hallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə ittiham olunaraq 27 noyabr 2017-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 29 noyabr 2017-ci il tarixdə həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və həbsdən azad edilmiş, 08 dekabr 2017-ci il tarixdən həbs qətimkan tədbiri seçilmiş, 11 yanvar 2018-ci il tarixli qərar əsasında həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmiş, daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(101)-108/2019 saylı hökmünə əsasən iddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 5 (beş) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 dekabr 2017-ci il tarixdən hesablanmış, onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsə alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2019-cu il tarixli, 1(103)-587/2019 saylı qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)- 154/2021 saylı qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 may 2019-cu il tarixli, 1(103)- 587/2019 saylı qərarı qismən ləğv dilməklə cinayət işi Bakı Apellyasiya Məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 1(103)-659/2021 saylı hökmünə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2019-cu il tarixli, 1(101)-108/2019 saylı hökmü ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə bəraət verilmiş, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, həmin hökm Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli, 1(102)-908/2022 saylı qərarına əsasən dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı qanunsuz olaraq azadlıqdan məhrum edildiyi dövrdə ona həm maddi, həm də mənəvi ziyan vurulduğunu iddia edərək, ümumilikdə 186.500 manat məbləğində pul vəsaitinin kompensasiya olunaraq ona ödənilməsini tələb etmiş, birinci instansiya məhkəməsi isə iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. Hazırda iddiaçı birinci instansiya məhkəməsinin maddi ziyan tələbinin rədd edilməsi ilə bağlı nəticəsi ilə razılaşmayaraq apellyasiya şikayətində bildirir ki, iddiaçının saxlanılaraq müəyyən müddətə azadlıqdan məhrum edilməsi onun aylıq sabit gəlirindən məhrum olmasına gətirib çıxarmışdır. Bundan əlavə, şəxsin mülkiyyətində olan iki avtomobildən məhrum olaraq maddi ziyana uğramışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ona maddi ziyan dəyməsini iddia etsə də, bu dəlilini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, ona məhz bu məsələ ilə əlaqədar hər-hansı məbləğdə maddi ziyan dəydiyini sübut etməmişdir. Halbuki Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göründüyü kimi iddiaçı maddi ziyan kimi həbs edilməmişdən əvvəl ticarət və digər fəaliyyət növləri ilə məşğul olduğunu, aylıq sabit gəlirə malik olduğunu, həbs edildikdən sonra isə həmin məbləğdən məhrum olduğunu, həmçinin həbsdə olduğu müddət ərzində valideynlərinin onun yanına gəlib getməsini, yemək və ərzaq gətirdiklərini, bundan əlavə məhkəmə prosesləri dövründə hüquqlarının müdafiəsi üçün vəkil xərcləri ödədiyini iddia etsə də, həmin hissədə iddiasını əsaslandıra biləcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı ilə qeyd edilən "xxxx" şirkəti arasında əmək müqaviləsi mövcud olmamış (mülki işin icraatı zamanı təqdim edilməmiş və iddiaçı tərəf bunu təqdim edə bilməyəcəyini məhkəmə kollegiyasının nəzərəinə çatdırmışdır) və mövcud olmayan bir əmək müqaviləsi üzrə də əmək haqqından da söhbət gedə bilməz. Eyni zamanda iddiaçı tərəf qeyd edilən şirkət tərəfindən iddiaçıya məxsus bank hesabına hər hansı bir pul köçürmələri barədə sübutları da təqdim edə bilməmişdir. İddiaçı yalnız formal bir arayış təqdim etməklə iddia irəli sürmüşdür. İddiaçının istinad etdiyi **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçıya məxsus olmasına dair iş materiallarında olan "xxxx" MMC-nın xx.xx.2024-cü il tarixli arayışını isə məhkəmə kollegiyası sübut kimi qəbul etmir. Belə ki, arayışda sərnişindaşıma müqaviləsinə əsasən onun özünə məxsus olan **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək şirkətdə çalışmış və aylıq 1450 (min dörd yüz əlli) manat məbləğində məvacib almasının göstərilməsi sözügedən avtomaşının ona məxsus olmasını təsdiq etmir. Çünki, iş materiallarında olan DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin məktubuna əlavə edilmiş çıxarışdan görünür ki, iddiaçının mülkiyyətində yalnız **-ZH- *** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Bununla yanaşı mülki işin materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçıya məxsus nəqliyyat vasitəsi müvafiq etibarnamə əsasında satılmışdır. Yəni iddiaçının həbsdə olması həmin nəqliyyat vasitəsinin hüquqi və fiziki cəhətdən icarəyə verilməsinə (həbs yerində olsa da qanunvericiliklə müəyyən edilmiş qaydada etibarnamə verilməsi yolu ilə) əngəl ola bilməzdi. Bu yalnız qarşı tərəfin (şirkətin) könüllü iradəsindən asılı olmuş və müqaviləyə (varsa əgər) könüllü qaydada xitam verilmişdir. Bundan əlavə isə iddiaçı həmin icarə münasibətlərini də Azərbaycan Respublikası Mülki Məcəlləsinin yol vermiş olduğu etibarnamə institutundan istifadə etməklədə həmin hüququ davam etdirmək hüququ mövcud olmuşdur (necəki sözügedən nəqliyyat vasitəsini həbsdə olduğu müddətə özgəninkiləşdirə bilmişdir). Beləliklə işin faktiki halları ilə iddiaçıya hər-hansı məbləğdə maddi ziyan dəyməsi müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı maddi zərərin tutulması ilə bağlı hüquqi mövqeyini sübut edə bilməmiş və birinci instansiya məhkəməsi haqlı olaraq göstərilən hissədə iddianın təmin edilməməsinə dair düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri isə qismən razılaşır, Belə ki, iddiaçı tələbinin mənəvi ziyanla bağlı hissəsində qeyd etmişdir ki, 35.000 (otuz beş min) manat məbləğində mənəvi ziyan da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin hissədə tələbini onunla əsaslandırmışdır ki, günahsız olduğu halda 35(otuz beş) ay (xx.xx.2017-xx.xx.2017=2 gün; xx.xx.2017 xx.xx.2018=33 gün; xx.xx.2019-xx.xx.2021=33 ay 25 gün+1 ay=35 ay) müddətə haqsız yerə azadıqdan məhrum olduğu üçün, eləcə də heç bir əsas olmadan törətmədiyi cinayət əməlində ittiham olunduğu üçün ona böyük mənəvi ziyan da dəymişdir. Birinci instansiya məhkəməsi isə iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə görə ümumilikdə 41.500 manat («həbs» qətimkan tədbirinə görə 1 ay üçün 1.000 manat olmaqla, ümumilikdə 35.000 manat, «ev dustaqlığı» qətimkan tədbirinə görə 1 ay üçün 500 manat olmaqla, ümumilikdə 6.500 manat) məbləğində müəyyən olunması nəticəsinə gəlmişdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsinə mənəvi ziyanla bağlı 35.000 manat tələb etsə də, birinci instansiya məhkəməsi iddiaçının həbsdə qaldığı 1 ay üçün 1000 manat, ev dustaqlığına görə isə 1 ay üçün 500 manat müəyyən etməklə mənəvi ziyanı ümumilikdə 41.500 manat müəyyən etməklə iddia tələbindən kənara çıxmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsi isə tələbdən kənara çıxmanın müstəsna hallarına dair hər hansı əsaslandırma etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normasının tələbləri pozulduğundan, cavabdehin apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmaqla qətnamə iddia tələbinin təmin edilməsi hissəsində qismən, yəni 6500 manat hissədə ləğv edilməklə mənəvi ziyanın məbləği iddia tələbində göstərilən həddə, yəni 35.000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməməsi, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə vəsaitin ödənilməsi qənaətinə gəlməsi və eyni zamanda mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalı olmasına dair dəlili ilə bağlı qeyd edir ki, apellyator sözügedən maddənin müddəaları nəzərə alınmalı olmasını göstərməklə faktiki olaraq onu təsdiq edir ki, o, iddiaçıya mənəvi zərər vurulmasını bir növ qəbul edir və bu ziyanın göstərdiyi CPM normasın tələblərinə uyğun tutulmalı olmasına da bir növ etiraz etmir. Həmçinin də CPM-nin sözügedən maddəsində zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilsə də (xüsusilə ağır cinayət törədildikdəüç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə-yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə-əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə -on bir manat) yuxarıda da qeyd edildiyi kimi artıq mənəvi ziyanın dəyərinin aylara bölünməsi və mənəvi ziyanın hər ay üçün 1.000 manat dəyərində müəyyən edilməsi hazırda formalaşmış məhkəmə təcrübəsi mövcuddur ki, bu təcrübə əsasında qanuni qüvvəsini almış məhkəmə qərarları qəbul edilmişdir. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməməsi dəlili ona görə əsassızdır ki, qanunvericiliyə əsasən mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Belə olan halda mənəvi zərərin ödənilməsi tələbi, yəni iddiaçı barəsində 27 noyabr 2017-ci il tarixdən 29 noyabr 2017-ci il tarixədək 2 gün, 08 dekabr 2017-ci il tarixdən 11 yanvar 2018-ci il tarixədək 33 gün, 19 fevral 2019-cu il tarixdən 14 dekabr 2021-ci il tarixədək 34 ay müddətinə, ümumilikdə 35 ay müddətinə «həbs» qətimkan tədbiri əsasında həbsdə olması faktının özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu faktın əlavə sübuta ehtiyacı olmur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən dəlillərə verilən hüquqi qiymət apellyasiya şikayətinin yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə vəsaitin ödənilməsi qənaətinə gəlinməsinə dair cavabdehin şikayətinin dəlillərinin əsassız olmasını təsdiq edir. Məhkəmə kollegiyası həmçinin şikayətin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1101-ci maddəsində konkret dövlət büdcəsi nəzərdə tutulmamasına dair dəlili ilə bağlı qeyd edir ki, dövlətin səlahiyyətlərini Maliyyə Nazirliyinin həyata keçirilməsi qanunvericiliklə tənzimlənir. Belə ki, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Cavabdehin apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı kollegiya qeyd edir k iş üzrə iddiaçı ilə cavabdeh arasında hər-hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə kollegiyası hesab edir ki, zərərin ödənilmə mənbəyi "dövlət büdcəsinin vəsaiti", zərəri ödəməli olan subyekt isə "Azərbaycan Respublikası" kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, "Azərbaycan Respublikası" dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Göründüyü kimi cavabdehin müzakirə edilən dəlilləri əsassız olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə iddia tələbinin təmin edilən 6500 manat hissədə ləğv edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə tutulmalı olan mənəvi zərərin əvəzi 35000 (otuz beş min) manat məbləğində müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, e-2(006)- 3213/2024 nömrəli qətnaməsi iddia tələbinin təmin edilən 6500 manat hissəsində ləğv edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına İddiaçı xeyrinə tutulmalı olan mənəvi zərərin əvəzi 35000 (otuz beş min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Sabit Bəhrəmzadə Vahid Sadıqov