Məhkəmə qərarları › İş №2(103)-9903/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9903/2021

27.10.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9903/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehlərin nümayəndəsi və vəkili Bayramov Cabbar Bayram oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1900/2021 saylı, iş üzrə 06 iyul 2021-cı il tarixli qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili Bayramov Cabbar Bayram oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 0,10 hektar sahəsi olan 105A nömrəli bağ sahəsinin və üzərindəki evin Cavabdeh1 və Cavabdeh2 qanunsuz zəbtindən azad edilməsi, onların həmin torpaq sahəsindən və üzərindəki evdən çıxarılması və torpaq sahəsinin üzərindəki evlə birlikdə İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 fevral 1992-ci il tarixli, 24115 nömrəli müqavilə əsasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 0.10 hektar sahəsi olan 105A nömrəli bağ sahəsi iddiaçının istifadəsinə verilmişdir. Bağ sahəsində ev tikmiş və ailəsi ilə birlikdə istifadə etmişlər. İddiaçı uzun illər ölkədə olmadığından, bağın faktiki istifadəsini həyat yoldaşının qardaşı Cəfərov Vaqif Ağamehdi oğlu həyata keçirmişdir. İlin bütün fəsillərində, ən çox da, yay aylarında Cəfərov Vaqif Ağamehdi oğlu, onun ailə üzvləri bağda istirahət etmişlər. Təxminən 2005-ci il tarixdə Cəfərov Vaqif Ağamehdi oğlu Əli adlı dostunun yay vaxtlarında ailəsi ilə birlikdə bağda istirahət etmək istədiyini, bağ boş olanda ailəsi ilə birlikdə orada gəlib qala bilməsini bildirmişdir. İddiaçı Vaqif Cəfərovla yaxın olduqlarından heç bir etirazı olmamışdır. 2020-ci ilin iyul-avqust aylarına qədər Cavabdeh1la aralarında hər-hansı problem olmamışdır. Bağ sahəsinin özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi müraciət etdikdə, bağ sahəsi digər şəxslər tərəfindən istifadə olunduğundan idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işinin aparılmasına şərait yaradılmadığından imtina edilmişdir. Cavabdeh1 bağın açarlarını dəyişmiş və mühəndislər bağa gələrkən, onları içəri buraxmaqdan imtina etmişdir. Vaqif Cəfərov Cavabdeh1 onun hərəkətlərinin mənasını soruşduqda, o, heç kimi bağa buraxmayacağını bildirmişdir. Ona görə də, məcburiyyət qarşısında qalıb iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1900/2021 saylı, iş üzrə 06 iyul 2021-cı il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 0.10 hektar olan 105A saylı bağ sahəsi və üzərində inşa edilmiş yaşayış evindən çıxarılması, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 0.10 hektar olan 105A saylı bağ sahəsi və üzərində inşa edilmiş yaşayış evi İddiaçı təhvil verilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlərin nümayəndəsi və vəkili Bayramov Cabbar Bayram oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəməyə müraciət edərəkən MPM-nin 77-ci maddəsində nəzərdə tutulmuş tələblərə riayət etməyərək tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, onunla Bağlar Təsərrüfatı İdarəsi arasında 26.02.1992-ci ildə bağlanmış icarə müqaviləsinin müddəti 26.02.2002-ci il tarixində bitmişdir. Məhkəmə iddiaçının ehtimal olunan hüququna münasibətdə tətbiq edilməsi ilə bağlı yalnışlığa yol vermişdir. Belə ki, iddiaçının mübahsə predmetini təşkil edən torpaq sahəsinə dair icarə hüqunun mövcud olduğu müddətdə həmin torpaq sahəsinə dair mülkiyyət hüqunun rəsmiləşdirməmiş, 26.02.2002-ci il tarixdə həmi torpaq sahəsi üzərində iddiaçının icarə hüququna xitam verilmişdir. İddiaçının mübahisə predmetini təşkil edən torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmamışdır. Məhkəmənin təsviriəsaslandırıcı hissədə qeyd etdiyi “qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir” ifadəsindəki qanunvericiliklə müəyyən olunmuş hissəsi məhz Mülki Məcəllənin 178-ci maddəsində göstərilən tələbləri ehtiva edir. İddiaçı tərəfindən, “Torpaq islahatı haqqında” AR Qanununun qüvvəyə mindikdən icarə müqaviləsinin bitməsi vaxtına qədər müvafiq quruma müraciət edilməməsi şəxsin həmin torpaq sahəsinə olan hüququnun yaranmasını istisna edir. Mövcud olmayan hüquq pozula bilməz, pozulmuş hüququnun möcvud olmaması isə, iddiaçının bununla bağlı subyektiv hüquqnun olmadığını göstərir. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili Bayramov Cabbar Bayram oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1900/2021 saylı, iş üzrə 06 iyul 2021-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 26.02.1992-ci il tarixli bağın icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, İddiaçı Türkan qəsəbəsində 0.10 hektar bağ sahəsini icarəyə təhvil almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İddiaçı 31.08.2020-ci il tarixdə ünvanladığı bildirişin surətindən görünür ki, ünvan ünvanında yerləşən əraziyə mütəxəssislər tərəfindən çöl ölçmə işləri aparılarkən məlum olmuşdur ki, ona məxsus torpaq sahəsi digər fiziki şəxslər tərəfindən istifadə edilməkdədir və bağ sahəsi digər şəxslər tərəfindən istifadə olunduğundan idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işinin aparılmasına şərait yaradılmadığından imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 30.06.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu,Türkan bağ massivində yerləşən, 0.10 hektar torpaq sahəsi olan 105a saylı bağ sahəsinin icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanılmış 26.02.1992-ci il tarixli, 24115 nömrəli müqavilə İdarənin arxivində mövcuddur. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Cəfərov Vaqif Ağa Mehdi oğlu bildirmişdir ki, Rasim qohumumdur, cavabdeh Əlini isə uzun müddətdir tanıyır. İddiaçı onun bacısınıın əridir. Torpaq sahəsi isə babasına məxsus olmuşdur. Babası öləndən sonra torpaq sahəsinin 12 sotu onun adına, 12 sotu isə bacısının adına sənədləşdirilmişdir. Hər iki bağ sahələrində 1992-ci ildən evlərin tikilməsi başlanılmış, 1993-cü ildə isə evlərin bünövrələrinin tikintisini tamamlanmışdır. Bağ sahəsinin bir hissəsində böyük ev, digər, hazırda Əlinin zəbt etdiyi torpaq sahəsində isə balaca ev tikilmişdir. Ona məxsus torpaq sahəsində böyük evin tikintisi dayanmışdır. Hazırda da tamamlanmamışdır. Həmin vaxt balaca tikilidə fəhlələr yaşamışdır. Daha sonra isə o qalmışdır. 2000-ci ildən sonraki illər olardı, Əli ona bildirmişdir ki, yay aylarında bağda qalmaq istəyir, o, da etiraz etməmişdir və ona razılıq vermişdir. Hazırda isə oranı zəbt etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyesrt Xidmətindən mühəndislər gələn zamanı o, da orda olmuşdur. Ondan əvvəl Əli ilə danışmışlar və o, söz vermişdir ki, bir həftəyə bağ sahəsindən çıxacaqdır. Lakin çıxmamış və mühəndisləri içəri buraxmamışdır. Torpaq sahəsinə dair ona Əli tərəfindən pul verilməmişdir. İşə düzəlməsi üçün Əli ona köməklik etdiyinə görə, ona Keşlə qəsəbəsində yerləşən evinin tikintisində köməklik etmişdir. Ona aid olan torpaq sahəsinin sənədlərini Əliyə vermişdir. O da özü Bağlar İdarəsinə yaxınlaşaraq öz adına keçirmişdir. Ona aid torpaq sahəsinin sənədinin Əliyə verməkdə məqsəd ondan ibarət olmuşdur ki, Əli onu işə düzəlməkdə köməklik etdiyinə görə 3000 ABŞ dolları məbləğində pul və hər ay əmək haqqından 100 manat verməsini tələb etmişdir. Onunda pulu verilməyə imkanı olmadığından borcunun təminatı kimi torpaq sahəsinə dair sənədləri ona vermişdir. Bağ sahəsinin 2 girişi var, bir böyük darvaza, digəri isə balaca qapıdan ibarətdir. Darvazanın açarlarının bir nüsxəsini Əliyə vermişdir. Əli də gedib balaca tikilidə ailəsi ilə birlikdə qalmışdır. Bağda olan ağacları o, əkmiş və sulamışdır. Bağda nar ağacları, tut ağacları olmuşdur. Barlarını da 2020-ci ilədək özü yığmışdır. 2020-ci ildə isə Əli oranı zəbt etmişdir. Əli bağ sahəsini satandan sonra bilmişdir ki, ona aid olan bağ sahəsini öz adına rəsmiləşdirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş İbrahimova Rəmayə Hidayət qızı bildirmişdir ki, bağ sahəsinin yerləşdiyi yerdə qonşuluqda olan evə 1991-ci ildə gəlin gəlmiş və həmin ildən orada yaşayır. Hazırda Əlinin yaşadığı balaca tikili Rasim tərəfindən 1992-1993-cü illərdə tikilib. Həmin vaxt bağ sahəsinin onların torpaq sahəsinə yaxın hissəsində başqa bir ev var idi və Rasim ailəsi ilə orda yaşayırdı. Əli, 2006-2007-ci illərdə bağ sahəsinə gəlmişdir və orda olan balaca evdə yaşayırlar. Bağ sahəsində olan 2 evin ortasında hasar olmayıb. Bağ sahəsi ümumi daş hasarla əhatələnmişdir. O, böyük ev olan tərəfdə qonşuluqda yaşayır. Onlarla yaxınlıqda olan ev sökülüb və yerində böyük ev tikilib. Rasimlə əri ünsiyyət edib, evlər tikilən zaman. Rasimin arvadı isə ustalar üçün hazırladığı yeməyi onların evdə qızdırmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Dadaşov Səxavət Balabəy oğlu bildirmişdir ki, 16-17 yaşından qonşudurlar. Torpaq sahəsində Vaqif birinci balaca ev tikmişdir. Həmin evin tikintisində və daş alınmasında o da köməklik etmişdir. Bir otaqlı tikili olub, sonradan arakəsmə ilə iki hissəyə bölünmüşdür. Evin tikilməsində Vaqif pul xərcləmişdir. Torpaq hissəsinin bir hissəsi Vaqifin bacısına məxsus olub, orda da tikili olmuşdur. Yəni torpaq sahəsində 2 ev tikilibdir. Böyük ev isə sonradan tikilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Rzayev Nəsimi Rəşid oğlu bildirmişdir ki, bağ sahəsini Vaqif Əliyə satmışdır. Bu barədə Vaqif özü ona demişdir. 17-18 il əvvəl Əli evi təmir edəndə o da köməklik etmişdir. Həmin vaxt evin 4 divarı var idi. Evə beton tökülməsində, tavanın vurulmasında köməklik etmişdir. Atmanın tikilməsində, suvağın vurulmasında köməklik etmişdir. Vaqif bütün bağ sahəsini Əliyə vermişdir. Bağ sahəsinin ortasında hasar görməmişdir. Əli ilə Keşlə qəsəbəsində qonşuluqda yaşamışdır. Bağ sahəsində digər tikili də olubdur. Həmin tikiliin kimin tərəfindən tikilməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Məmmədov Fətulla Rasim oğlu bildirmişdir ki, Əli ilə qonşuluqda yaşayır. 2005-ci ildən qonşudurlar. Həmin ildən Əli, ailəsi ilə birlikdə qonşuluqda yaşayır. Əlinin yaşadığı ev 2 otaqdan ibarətdir. Yaşadığı bağ sahələrinin qapılarının aralarında məsafə 10 metr olar. Əlinin uşaqları ilə dostdurlar münasibətləri vardır. Bağ sahəsindən Əli və onun ailəsi tərəfindən istfiadə edilməsini görmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesb edilir. 30 aprel 1992-ci il tarixli İcarə haqqında Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 5-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. 16 iyul 1996-cı il tarixdə qüvvəyə minmiş Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 26 fevral 1992-ci il tarixli, 24115 nömrəli icarə müqaviləsi əsasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 0,10 hektar sahəsi olan 105A nömrəli bağ sahəsi qanuni əsaslarla İddiaçı icarəsində olduğu ərəfədə artıq 16 iyul 1996-cı il tarixli Torpaq İslahatı haqqında Azərbaycan Respublikası Qanunu mövcud olmuşdur. Həmin qanunun da, tələbinə əsasən də, sözügedən bağ sahəsinin, qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi artıq təsbit olunmuşdur. Eyni zamanda iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” 31 avqust 2020-ci il tarixli bildirişdən də, görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivi ünvanında yerləşən 105A saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası ona görə mümkün olmamışdır ki, qeyd olunan bağ sahəsinə idarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərrinin aparılmasına şərait yaradılmamışdır. Yuxarıda göstərilənlərdən aydın olur ki, hər bir vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən torpaq sahəsi iddiaçının adına reyestrdə qeydə alınmasa da, onunla Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi arasında torpaq sahəsinin icarəsi müqaviləsi mövcuddur. Onun həmin torpaq sahəsinin adına rəsmiləşdirilməməsinə səbəb isə ona məxsus torpaq sahəsi digər fiziki şəxslər tərəfindən istifadə edilməsidir. Odur ki, o, zəbt edilmiş torpaq sahəsinin boşaldılmaqla ona təhvil verilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, İddiaçı iddia tələbi təmin edilməklə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində 0.10 hektar olan 105A saylı bağ sahəsi və üzərində inşa edilmiş yaşayış evindən çıxarılmalı, həmin bağ sahəsi və üzərində inşa edilmiş yaşayış evi İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Cavabdehin apelyasiya şikayətinin əsas dəlili odan ibarətdir ki, iddiaçı məhkəməyə müraciət edərəkn MPM-nin 77-ci maddəsində nəzərdə tutulmuş tələblərə riayət etməyərək tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, onunla Bağlar Təsərrüfatı İdarəsi arasında 26.02.1992-ci ildə bağlanmış icarə müqaviləsinin müddəti 26.02.2002-ci il tarixində bitmişdir. Məhkəmə iddiaçının ehtimal olunan hüququna münasibətdə tətbiq edilməsi ilə bağlı yalnışlığa yol vermişdir. Kollegiya apellyasiya şikayətinin qeyd edilən edilən dəli ilə razılaşmır. Belə ki, 30 aprel 1992-ci il tarixli İcarə haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 5-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlili qanunun istinad olunan norması ilə istisna olunur. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayətinin qeyd olunan dəlili əsaslı sayıla və təmin edilə bilməz. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələrdir və yuxarıda qeyd edilənlərlə təkzib edilməklə həmin qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1900/2021 saylı, iş üzrə 06 iyul 2021-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehlərin nümayəndəsi və vəkili Bayramov Cabbar Bayram oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1900/2021 saylı, iş üzrə 06 iyul 2021-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar