Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9913/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(003)-2894/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh qarşı «çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. İddiaçı, həmçinin iddianın təmin tədbiri haqqında ərizə verərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək, Bakı şəhəri, Əzizbəyev rayonu (hazırda Xəzər rayonu) Mərdəkan qəsəbəsində 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 49.82 kv.m. yaşayış, 131.42 kv.m. köməkçi sahədən ibarət 1209 saylı bağ evinin üzərinə həbs qoyulması və evin özgəninkiləşdirilməsi ilə bağlı hərəkətlər etməyin cavabdehə qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(003)-2894/2021 saylı qərardadı ilə (hakim Zaur Tağıyev) ərizə təmin edilmiş və qərardad icraya yönəldilmişdir. Bundan sonra, cavabdeh məhkəmə prosesi gedişində 22 iyul 2021-ci il tarixdə “iddia ərizəsinə və evə həbs qoyulmasına dair” etiraz təqdim edərək, iddianın rədd olunmasını, evin üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan etirazı qərardaddan verilmiş şikayət kimi qəbul edərək, onu təmin etməmiş, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş aşağıda qeyd olunanların yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 160.1-ci maddəsinə əsasən, iddianı təmin etmək haqqında qərardad dərhal icra edilir. Həmin Məcəllənin 162.1-ci maddədinə əsasən, iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. MPM-in 163.1-ci maddəsinə əsasən, iddianı təmin etmək məsələləri üzrə bütün qərardadlardan şikayət vermək olar. Göründüyü kimi, iddianın təmin təmin tədbiri barədə qərardad dərhal icra edilməklə cavabdehin ondan şikayət vermək və ya ləğv edilməsi barədə ərizə ilə müraciət etmək hüququ nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin tədbiri barədə qərardadlardan verilmiş şikayətlərə MPM-in 269-cu maddəsinin tələbləri, iddianın təmin tədbirinin ləğvi barədə ərizəyə isə 162.2-ci maddənin tələbləri əsasında baxılır. Baxılan işdən görünür ki, rayon məhkəməsi tərəfindən 21 iyun 2021-ci il tarixdə iddianın təmin tədbiri barədə qərardad qəbul edilmiş və dərhal icraya yönəldilmişdir. Cavabdeh həmin qərardaddan “şikayət” verməmiş, məhkəmə prosesi gedişində 22 iyul 2021-ci il tarixdə “iddia ərizəsinə və evə həbs qoyulmasına dair” etiraz təqdim edərək, iddianın rədd olunmasını və əmlakın üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş etmişdir. Birinci insansiya məhkəməsi, həmin sənədə iddianın təmin tədbiri barədə qərardaddan şikayət kimi qiymət verməklə, ona MPM-in 269-cu maddəsinin tələblərinə uyğun baxmışdır. Məhkəmə kollegiyası, sözügedən “etiraz”ın forma və məzmunu, dəlilləri, rayon məhkəməsi tərəfindən həyata keçirilmiş prosessual hərəkətlərin ardıcıllığı baxımından hesab edir ki, cavabdehin əsl iradəsinin iddianın təmin tədbiri barədə qərardaddan şikayət vermək olduğu qənaətinə gəlmək mümkün deyil, rayon məhkəməsi tərəfindən də bu məsələ ilə bağlı dəqiqləşdirmə aparılmamışdır. Əksinə, işdən görünür ki, məhkəmə, 22 iyul 2021-ci il tarixdə daxil olmuş sözügedən “etiraz”ı əvvəlcə 27 iyul 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında elan etməklə, iş materiallarına əlavə etmiş, cavabdehin və vəkilinin həmin məhkəmə iclasında iştirak etməsinə baxmayaraq, bununla çatmaq istədikləri prosessual nəticəni dəqiqləşdirməmişdir. Sonradan isə, cavabdeh tərəfindən yeni heç bir prosessual sənəd (şikayət, ərizə və s.) daxil olmamasına baxmayaraq, həmin etiraza iddianın təmin tədbiri barədə 21 iyun 2021-ci il tarixli qərardadından verilmiş şikayət kimi baxmaqla rədd olunması və baxılması üçün işlə birlikdə apellyasiya məhkəməsinə göndərilməsi barədə 28 iyul 2021-ci il tarixli qərardad qəbul etmişdir. Nəzərə alınmalıdır ki, bu zaman məhkəmə qərardaddan verilmiş şikayətə baxılması üçün qanunla müəyyən edilmiş 3 günlük müddəti də ötürmüşdür (MPM, maddə 269.1). Digər tərəfdən, adından da göründüyü kimi etiraz, iddiaya qarşı verilməklə onda mübahisənin mahiyyəti ilə bağlı dəlillər irəli sürülmüş, iddianın təmin tədbiri barədə qərardadın ləğv edilməli olması ilə bağlı hər hansı bir əsaslandırma aparılmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi, yuxarıda qeyd edilən hallara diqqət yetirməmiş, yaranmış prosessual anlaşılmazlığı aradan qaldırmamışdır. Bu səbəbdən də hazırkı mərhələdə iş üzrə apellyasiya qeyri-mümkün hesab edilməklə, bu halların yoxlanılması məqsədilə iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «çıxarışın ləğv edilməsi, mülkiyyət hüququnun tanınması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2021-ci il tarixli, 2(003)-2894/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş “şikayət” üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş bu qərardadın əsaslandırma hissəsində qeyd olunmuş halların yoxlanılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9913/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9913/2021
23.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver