Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9929/2021 08.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-6051/2021 saylı, 03.09.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC- qarşı «Cavabdeh MMC-nin əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsi, video və ya fotoçəkiliş aparılmasının xüsusi qaydalarının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli, e-2(006)- 6051/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı «Cavabdeh MMC-nin əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsi, video və ya fotoçəkiliş aparılmasının xüsusi qaydalarının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsinin qəbulundan imtina edilməsi və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması qərara alınmışdır. (sədrlik edən: Ramin Xəlilov). Həmin qərardaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, e-2(006)- 6051/2021 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 sentyabr 2021ci il tarixli, e-2(006)-6051/2021 saylı qərardadından verilmiş şikayət təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə şikayəti müdafiə edərək, birinci instansiya məhkəməsiinin qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Kollegiya cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını qərara almış və qarardadı onunla əsaslandırmışdır ki, «iddiaçının Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-nin əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsi, video və ya fotoçəkiliş aparılmasının xüsusi qaydalarının müəyyən edilməsi kimi tələblər məhkəmə predmeti ola bilməz, bununla bağlı iddiaçı ilə cavabdeh arasında razılığın olması müəyyən edilməlidir. Bu tələb islehlakçı hüquqlarına aid olmamaqla, istehlak etmək anlayışına əsasən hər hansı əşyanın qəbul edilməsi, alınması, istismara götürülməsi və s . kimi başa düşülməli, marketin əməkdaşının hərəkətinin qanunsuz hesab edilməsi islehlakçı hüquqlarına məxsus olmaması kimi dəyərəndirilməlidir. Məhkəmə onu da qeyd edir ki, qeyd olunan market xüsusi mülkiyyət və ya icarə hüquqi ilə cavabdehə məxsus olduğundan daxili qaydalarının müəyyən edilməsi də özlərinə məxsus hüquqdur. Digər şəxslər bu qaydaların dəyişdirilməsi ilə bağlı ilk öncə özlərinə pretenziya qaydasında müraciət etməlidir.» Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, İddiaçı iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olmuş və onun şikayətində göstərdiyi dəlillər əsaslıdır. Belə ki, müəssisədaxili qaydalar işəgötürən və işçilər arasında olan münasibətləri tənzimlədiyindən sözügedən qaydaların üçüncü şəxslərə (istehlakçı) bəyan edilməsi, onların daxili qaydalarla tanış edilməsi şəraitinin yaradılması, eləcə də videogörüntülərə baxış keçirilməsinə razılıq verilməsi, istehlakçıların məhsulların seçilməsi ilə birbaşa əlaqədə olduğu üçün bu, istehlakçıların hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin qəbulundan iddiaçının cavabdehə pretenziya qaydasında müraciət etməməsi halına istinad etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan ərizədən (i.v. 20) görünür ki, iddiaçı cavabdeh müəssisəyə ərizə ilə müraciət etmişdir. Ərizədə 16.07.2021-ci il tarixində, saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi ilə Z.Xəlilov küçələrinin kəsişməsində yerləşən Cavabdeh MMC-yə məxsus marketdə hüquqların pozulmasına və məhdudlaşdırılmasına səbəb olmuş şəxslərin şəxsiyyətinin müəyyən edilməklə onlar barədə müvafiq araşdırma apararaq və təqsirli şəxslər barəsində qanuna müvafiq tədbirlər görülməsini, həmçinin həmin supermarketdə həmin gün kameraya çəkilmiş video görüntülərə baxış keçirilməsinə və daxili qaydalar ilə tanış olmağa şərait yaradılması xahiş edilmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qəbulundan imtina edərkən həm də o hala əsaslanmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsi verərkən dövlət rüsumu ödənilməmişdir. Kollegiya bununla bağlı Dövlər rüsumu haqqında Qanuna istinad edərək vurğulayır ki, istehlakçı hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad edilirlər. Birinci instansiya məhkəməsi həmçinin iddiaçının hazırki mübahisə ilə bağlı müvafiq polis orqanına müraciət etmək hüquqununun olmasını qeyd etmişdir. Kollegiya qeyd edir ki, iddiaçının polis orqanına müraciət etmək hüququ onu mülki icraat qaydasında məhkəməyə müraciət edib hüquqlarının bərpasını və mənəvi zərərin ödənilməsini tələb etmək hüququndan məhrum etmir. Odur ki, iddia ərizəsinin pretenziya qaydasında müracət edilməməsi səbəbindən geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadı əsassız olmuşdur. Şərh olunanlara əsasən, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-6051/2021 saylı, 03.09.2021-ci il tarixli qərardadı ləğv edilməli, mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-6051/2021 saylı, 03.09.2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-9929/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9929/2021
08.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver