Məhkəmə qərarları › İş №2(103)-993/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-993/2024

24.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-993/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" İB-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-993/2024 (Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin və təbii qazdan istifadəyə görə borcun ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" İB-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4828/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 yanvar 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abonent kodu **********00022 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 2096,70 (iki min doxsan altı manat, yetmiş qəpik) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 2096,70 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2096,70 manat elektrik enerjisinin istehlakına görə borcun, ödənilmiş 41,37 manat dövlət rüsumu alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçı verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********00022 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 2096,70 (iki min doxsan altı manat, yetmiş qəpik) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elekrik enerjisinin haqqı olan 2096,70 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay Cavabdeh ünvanına gələrək sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etmələrini və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsini onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilərək iddia tələbi təmin edilməsi xahiş edilmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4828/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia rədd olunmuşdur.

7. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “iddiaçı "xxxx" ASC Mülki Məcəllənin 373.3-cü maddəsində irəli gələn öhdəliyin icrasına xitam vermə üçün nəzərdə tutulmuş 3 illik müddət qaydaları çərçivəsində borcun ödənilməsinə dair iddia ərizəsi ilə müraciət etdiyindən qeyd olunan üç illik müddət nəzərə alınmalıdır. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, **********00022 nömrəli abonentə 21 dekabr 2021-ci il tarixdə elektrik enerjisindən istifadə ilə bağlı ona məxsus ünvana baxış keçirilmiş və sayğacdan kənar xətt aşkar edilərək, 27 dekabr 2021-ci il tarixdə 1991,38 manat dəymiş ziyan hesablanmışdır. Məhkəmə 21 dekabr 2021-ci il tarixli aktın hansı şəraitdə tərtib edildiyini, akt tərtib edilən zaman cavabdehin iştirakı olmamasını və bu barədə video çəkiliş aparılmamasını nəzərə alaraq, eyni zamanda bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməli, Cavabdeh yalnız elektirik enerjisindən istifadə etməyə görə son 3 (üç) il ərzində yaranmış borc məbləği nəzərə alınmalı, qeyd olunan müddət ərzində yaranmış borc məbləği isə 21 dekabr 2021-ci il tarixli akt əsasında 1991,38 manat təşkil etdiyindən, qeyd olunan akt məhkəmə tərəfindən qanuni hesab edilmədiyindən iddia təmin olunmamalıdır.”

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3, 385.1-ci, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektik enerjisindən istifadə Qaydaları”nın 8.3, 8.4, 8.14 bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 107, 119, 217.4, 220.5 istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətlərinin dəlilləri

9. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, belə ki, Cavabdeh istifadəsində olan **********00022 saylı abonent kodunun təhlili zamanı onun 2096, 70 manat debitor borcu yarandığı görünür. Bundan əlavə elektrik enerjisindən qanunsuz olaraq sayğacdan kənar istifadə etdiyinə görə xx.xx.2021-ci il tarixli NDM 027412 saylı akt tərtib edilmişdir. Talan olunmuş elektrik enerjisinin bərpa edilməsi məqsədi ilə hesabat aparılmış və 1991,38 manat dəyərində elektrik enerjisinin dəyəri cavabdehin abunə koduna əlavə edilmişdir. Qətnamənin təsviri hissəsində Cavabdeh iddia tələbini qəbul etmədiyi və onun yazılmış xx.xx.2021-ci il tarixli NDM 027412 saylı aktdan xəbərsiz olduğu göstərilmişdir. Həqiqətdə isə cavabdeh məhkəmə iclası zamanı borcunun olduğunu, lakin bu borcu ödəmək qabiliyyətində olmadığını, evdə yaşayanların işsiz olduğunu bildirmişdir. Göründüyü kimi Məhkəmədə 21 dekabr 2021-ci il tarixdə ünvanda kənar xətt aşkar edildiyindən akt əsasında 27 dekabr 2021-ci il tarixli qərarla 1991.38 manat ziyan hesablanmış, akt tərtib edildikdən sonrakı dövrlərdə cavabdeh tərəfindən sərfiyyatdan artıq ödənişlərin olunduğunu, və bununla da cavavdehin aktı qəbul etdiyi, habelə aktın yazılmasından iki ilə yaxın keçməsinə baxmayaraq mübahisələndirmədiyi bildirilsə də, məhkəmə gəldiyi qərarı ilə təqdim olunan sübutlara qiymət verməmiş və maliyyə arayışında qeyd edilən borc məbləğini lazımınca araşdırmadığından səhvlərə yol verərək iddiaçı "xxxx" ASC-yə qarşı açıq-aşkar qərəzli mövqe göstərmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

13. Apellyasiya baxışında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;

15. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması;

16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 375.2 Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

22. Maddə. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

24. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;

25. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;

26. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilməsi “Elektrikhaqqında enerjisindən istifadə Qaydaları”

27. Bənd 1.3. Enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır.

28. Bənd 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir.

29. Bənd 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur.

30. Bənd 7.17. Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinin hesablaşma uçotunun sxeminin dəyişdiril-məsi, həmçinin uçot cihazlarını qidalandıran ölçü transformatorlarının yerlərinin dəyişdirilməsi və əvəz olunması müvafiq olaraq elektrik enerjisinin alqı-satqı münasibətlərində olan tərəfin rəsmi razılığı ilə yerinə yetirilə bilər .

31. Bənd 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.

32. Bənd 8.4. Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.

33. Bənd 8.16. İstehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

37. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

40. Hazırki iş üzrə iddiaçı tərəfindən qətnamədən bütövlükdə şikayət verildiyindən apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunliyinin və əsaslılığının bütünlüklə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib iddia qismən təmin edilməlidir.

42. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmişdir ki, bu da mübahisələndirilən qətnamənin ləğvi üçün əsaslar yaratmışdır.

43. İş materiallarından görünür ki, hazırki iş üzrə iddiaçının tələbinin bir hissəsini xx.xx.2021-ci il tarixli, 027412 saylı aktla rəsmiləşdirilmiş cavabdehin elektrik enerjisindən qanunsuz olaraq sayğacdan kənar istifadə etməsi nəticəsində dəymiş ziyanın ödənilməsi, digər bir hissəsi isə aktdan kənar, cavabdehin elektrik enerjisindən istifadəyə yaranan borcun ödənilməsi təşkil edir.

44. Hazırda kollegiya birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli aktın mötəbər sübut olmaması və iddianın həmin akta əsasən hesablanmış borcun tutulması hissəsində təmin edilməməsi ilə bağlı mövqeyi ilə razılaşır.

45. Belə ki, iş materialları ilə müəyyən olunur ki, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, abunə kodu: **********00022 olan abonent Cavabdeh 2015-cı il üçün 628,52 manat, 2016-ci il üçün - 81,58 manat, 2017-ci il üçün 35 manat, 2018-ci il üçün 10,64 manat, 2019-cu il üçün 40,04 manat, 2020-ci il üçün 57,69 manat, 2021-ci il üçün 1975,53 manat (akt üzrə), 2022-ci il üçün - 211,86 manat, 2023-cü il üçün 65,85 manat qalıq borc təşkil edir.

46. Yuxarıda da qeyd edildiyi kimi hazırki tələbin bir hissəsi xx.xx.2021-ci il tarixli, 027412 saylı aktla rəsmiləşdirilmiş cavabdehin elektrik enerjisindən qanunsuz olaraq sayğacdan kənar istifadə etməsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlıdır. Qeyd olunmalıdır ki, bu halda sübutetmə yükü enerji paylayıcısının, yəni iddiaçının üzərinə düşür. Hazırki işdən görünür ki, iddiaçı cavabdeh tərəfindən elektrik enerjisindən qanunsuz istifadəni təsdiq edən sübutlar qismində tərtib olunmuş akta istinad etmişdir.

47. Məhkəmə kollegiyası iş materiallarında olan və iddiaçının əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 027412 saylı aktın hüquqi qüvvəsinə münasibətdə qeyd edir ki, həmin akt öz-özlüyündə elektrik enerjisindən qanunsuz olaraq sayğacdan kənar qeyri-qanuni istifadəni təsdiq edən birmənalı sübut kimi qiymətləndirilə bilməz. Çünki həmin akt cavabdehin iştirakı ilə tərtib olunmamış və onun tərəfindən imzalanmamışdır, bu halda həmin aktda göstərilən məlumatın mötəbərliyi şübhə doğurur. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiya, həmçinin mövqeyini belə əsaslandırır ki, iddiaçı (enerjipaylayıcı) elektrik enerjisindən qanunsuz olaraq sayğacdan kənar istifadə olunma hallarına nəzarət etməli və belə hal aşkar etdiyi təqdirdə cavabdehin istifadə etdiyi qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla yeni sayğacın quraşdırılmasını təmin etməli idi. Daha sonra itirilmiş qazın elektrik enerjisinin bərpası məqsədilə dəymiş ziyanın ödənilməsini qanunvericiliyə uyğun olaraq cavabdehdən tələb edə bilərdi. Lakin iddiaçı elektrik enerjisindən qanunsuz olaraq sayğacdan kənar istifadə hallarının mövcud olmasını iddia etdiyi 2021-ci ildən indiyədək hər hansı tədbir görməmişdir.

48. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddia tələbi xx.xx.2021-ci il tarixli, 027412 saylı aktla rəsmiləşdirilmiş cavabdehin elektrik enerjisindən qanunsuz olaraq sayğacdan kənar istifadə etməsi nəticəsində dəymiş 1975,53 manat ziyanın ödənilməsi hissəsində əsassızdır və birinci instansiya məhkəməsinin mövqeyi qeyd edilən hissədə əsaslı olmuşdur

49. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qalan hissəsində, yəni aktdan kənar elektrik enerjisindən istifadəyə görə hesablanmış 121.17 manat (tələb olunan ümumi borcun məbləği 2096.70 – 1975.53 = 121.17) ödənilməmiş borca münasibətdə Mülki Məcəllənin 551-ci maddəsini tətbiq edərək müddətin keçməsi səbəbindən rədd edilməsi ilə bağlı mövqeyi ilə razılaşmayaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” xx.xx.2023-cü il tarixli Qərarını xatırlatmağı zəruri bilir. Bu Qərarda qeyd olunur ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməlidir. O cümlədən həmin qərarda qeyd olunmuşdur ki, Mülki Məcəllənin 551-ci maddəsində nəzərdə tutulan müddətlərin keçməsinin hüquqi nəticələri və bu müddətlərin axımının dayanması və kəsilməsinə dair sonrakı maddələrdəki müddəalar həmin müddətlərin kəsici müddət deyil, iddia müddətləri mahiyyətində olduğunu deməyə əsas verir. İddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır.

50. Göründüyü kimi qanunvericilik Mülki Məcəllənin 551-ci maddəsi ilə müəyyən olunan müddətləri kəsici müddət deyil, iddia müddətləri hesab etmişdir və kəsici müddətlərin tətbiq olunması ilə bağlı qarşı tərəfin bu barədə ərizəsi tələb olunmasa da, iddia müddətinin məhkəmə tərəfindən tətbiq oluna bilməsi üçün cavabdeh tərəfindən bu cür ərizənin verilib-verilməməsi mühüm önəm daşıyır. Lakin hazırki məhkəmə mübahisəsi ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda qeyd edilən normalarının tətbiqində səhvə yol verilmişdir. Belə ki, məhkəmə vaxtaşırı öhdəliklərlə bağlı iddia müddətinin 3 il olduğunu qeyd etsə də, həmin iddia müddətinin tətbiq edilə bilməsi üçün cavabdeh tərəfindən ərizə verilməsinin mütləq şərt olduğunu nəzərdən qaçırmış, bu müddətlərə kəsici müddət olaraq yanaşaraq iddiaçı tərəfindən hazırki iddia tələbi ilə bağlı hüququnun xitam olunması qənaətinə gəlmişdir. Bu da qanunvericiliyin tələbləri baxımından yolverilməzdir.

51. Beləliklə, məhkəmə kollegiyası iddia tələbinin 121.17 manat borcun ödənilməsi hissəsi ilə bağlı belə nəticəyə gəlir ki, bu hissədə tələb qanuni və əsaslı olub, həmin borc cavabdehdən tutulmalıdır.

52. Məhkəmə kollegiyası vurğulayır ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H.Belçikaya qarşı iş üzrə 1987-ci il 30 noyabr tarixli Qərar, § 53; Suominen Finlandiyaya qarşı iş üzrə 2003-cü il 1 iyul tarixli Qərar, § 36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X4rşı iş üzrə 1994-cü il 9 dekabr tarixli Qərar, § 30; Buzescu Rumıniyaya qarşı iş üzrə 2005-ci il 24 may tarixli Qərar, § 67).

53. İddia ərizəsinə və apellyasiya şikayətlərinə əlavə olunmuş qəbzlərdən görünür ki, iddiaçı iddianın qaldırılması görə 41.37 manat, apellyasiya şikayətinin verilməsinə görə isə 20.88 manat dövlət rüsumu ödəmişdir.

54. Kollegiya hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 121.70 manat pulun tutulması qənaətinə gəldiyindən tələbin təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumlarının əvəzi kimi cəmi 3.59 manat (iddia ərizəsinin verilməsinə görə 2.39 manat+ apellyasiya şikayətinə görə 1.20 manat) cavabdehdən tutulmalı, qalan hissədə isə iddiaçının özünə aid edilməlidir.

55. Şərh olunanlara əsasən kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli olan hüquq barəsində düzgün nəticəyə gəlmədiyindən, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verdiyindən qətnamə ləğv olunmalı, iddia qismən təmin edilərək Cavabdeh 121.17 manat borc və 3.59 manat dövlət rüsumlarının əvəzi, cəmi 124,76 manat pul tutularaq iddiaçı "xxxx" ASC ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

56. Kollegiya diqqətə çatdırır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

57. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

58. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

59. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

60. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

61. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4828/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmun olunsun. Cavabdeh 121.17 manat borc və 3.59 manat dövlət rüsumlarının əvəzi, cəmi 124,76 (yüz iyirmi dörd manat yetmiş altı qəpik) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar