Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9944/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Bayramova Fidan Rafiq qzının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndəsi (vəkili) Vəkil Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “iş vaxtından artıq işə görə əlavə haqq və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(007)-2064/2021 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “əmək haqqı və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdehdən İddiaçı1 xeyrinə 42299 manat maddi və 5000 manat mənəvi zərərin, digər İddiaçı2 xeyrinə isə 18729 manat maddi və 5000 manat mənəvi zərərin əvəzinin, eyni zamanda ödənilmiş olan 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 2007-2019-cu illərdə cavabdeh MMC-də mühafizəçi kimi fəalliyyət göstərdiyi 12 il müddətində əlavə saatlara görə ödənilməli olan 27360 manat, gecə növbəsinə görə 7948 manat, bayram günlərinə görə 2355 manat, əlavə iş saatlarına görə isə 4636 manat olmaqla, cəmi 42299 manat; digər iddiaçı, İddiaçı2 isə MMC-də 3 il 3 ay müddətinə mühafizəçi kimi fəalliyyət göstərdiyi həmin müddətdə əlavə saatlara görə ödənilməli olan 11232 manat, gecə növbəsinə görə 5625 manat, bayram günlərinə görə 720 manat, əlavə iş saatlarına görə isə 1512 manat olmaqla, cəmi 18729 manat məbləğ ödənilməmişdir. Hazırda iddiaçılar həmin məbləğlərin və cavabdehin bu hərəkətləri nəticəsində onlara dəymiş mənəvi zərərin əvəzinin ödənilməsini tələb edirlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(007)-2064/2021 saylı qətnaməsi ilə (hakim Babək Qasımov) iddia təmin olunmamışdır. İddiaçılar qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: İddiaçılar apellyasiya şikayətini - iddia ərizəsində göstərilənlərə uyğun qaydada, həmçinin cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə əsasən İddiaçı2 iş günü hesab edilməyən bayram günləri işlədiyi, lakin ona ikiqat əmək haqqı ödənilmədiyi, bununla əlaqədar MMC-nin rəhbərliyinin İXM-in 192.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmasına, bu barədə qərarın məhkəmə qaydasında ləğv edilərək, yenidən baxılması üçün X4 Xidmətinə göndərilməsinə, yəni məhkəməyəqədər araşdırma aparılmasına baxmayaraq, məhkəmə tərəfindən 1 illik iddia müddətinin tətbiq olunmasının qanunsuz olması, şahidlərin dindirilməsi barədə vəsatətləri rədd edilməklə iş üzrə sübutlarının təqdim olunmasının qarşısının alınması və s. kimi əsaslandırmışlar. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçılar və onların nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verdikləri izahatlara uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. ƏM-nin 154-cü maddəsinin 1-ci bəndinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. İşin müəyyən edilmiş faktiki hallarına əsasən, İddiaçı1 onunla bağlanmış 01.09.2008-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də Xidməti şöbədə mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında aylıq əmək haqqı 144 manat məbləğində razılaşdırılmış, 01.04.2014-cü il tarixli əmək müqaviləsinə əlavəyə əsasən isə, cəmiyyətin 01.04.2014-cü il tarixli 48/K əmri ilə 368 manat olmaqla artırılmışdır. MMC-nin 22.02.2019-cu il tarixli, 19/K saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) həmin tarixindən xitam verilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş əmək haqqı cədvəllərindən görünür ki, İddiaçı1 2016-cı ilin yanvar ayından dekabr ayına kimi 3542 manat əmək haqqı, 447,68 manat axşam saatlarına görə əlavə, yemək pulu üzrə 318,36 manat, 170,42 manat bayram günü haqqı, 153,61 manat xəstəlik vərəqəsi pulu olmaqla, cəmi 4632,07 manat, vergilər çıxıldıqdan sonra 3775,387 manat; 2017-ci ilin yanvar ayından dekabr ayına kimi 2985,4 manat əmək haqqı, 274,05 manat axşam saatlarına görə əlavə, yemək pulu üzrə 211,09 manat, 142,6 manat bayram günü haqqı, 579,62 manat məzuniyyət pulu olmaqla, cəmi 4192,76 manat, vergilər çıxıldıqdan sonra 3539,8499 manat; 2018-ci ilin yanvar ayından dekabr ayına kimi 2347,58 manat əmək haqqı, yemək pulu üzrə 275,41 manat, 100,84 manat bayram günü haqqı, 59,46 manat xəstəlik vərəqəsi pulu, 409,64 manat məzuniyyət pulu, 170,89 manat işdən azad olarkən istifadə etmədiyi məzuniyyət pulu olmaqla, cəmi 2954,18 manat, vergilər çıxıldıqdan sonra 2502,71 manat; 2018-ci ilin mart ayından 2019-cu ilin fevral ayına kimi 3584,06 manat əmək haqqı, axşam saatlarına görə 217,9 manat əmək haqqına əlavə, yemək pulu üzrə 222,71 manat, 214,66 manat bayram günü haqqı, 179,2 manat xəstəlik vərəqəsi pulu, 409,64 manat məzuniyyət pulu, 252,32 manat işdən azad olarkən istifadə etmədiyi məzuniyyət pulu, 183,43 manat mükafat olmaqla, cəmi 5263,21 manat, vergilər çıxıldıqdan sonra 4513,8452 manat hesbalanmışdır. Digər İddiaçı2 onunla bağlanmış 21.09.2016-cı il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh MMC-də Xidməti şöbədə mühafizəçi vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında aylıq əmək haqqı 220 manat məbləğində razılaşdırılmış, 25.01.2019-cu il tarixli əmək müqaviləsinə əlavəyə əsasən isə 01.01.2019-cu il tarixdən ştat cədvəlinə əsasən 284 manat olmaqla ödənilməsi əmr edilmişdir. MMC-nin 25.12.2019-cu il tarixli, 115K saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən həmin tarixdən xitam verilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş əmək haqqı cədvəllərindən görünür ki, İddiaçı2 2017-ci ilin yanvar-dekabr ayları üzrə 2366,84 manat əmək haqqı, yemək pulu üzrə 279,66 manat, 129,26 manat bayram günlərinə görə əlavə, 59,28 manat xəstəlik vərəqəsi pulu, 146,37 manat məzuniyyət pulu olmaqla, cəmi 2981,41 manat, vergilər çıxıldıqdan sonra 2504,6259 manat; 2018-ci ilin yanvar-dekabr ayları üzrə 2347,58 manat əmək haqqı, ona 2347,58 manat əmək haqqı, yemək pulu üzrə 275,41 manat, 100,84 manat bayram günlərinə görə əlavə, 59,46 manat xəstəlik vərəqəsi pulu, 170,89 manat məzuniyyət pulu olmaqla, cəmi 2954,18 manat, vergilər çıxıldıqdan sonra 2502,71 manat; 2019-cu ilin yanvar-dekabr ayları üzrə 3031,7 manat əmək haqqı, 161,42 manat əmək haqqına əlavə, 310,96 manat məzuniyyət pulu, 185,78 manat bayram günlərinə görə əlavə, 24,57 manat xəstəlik vərəqəsi pulu, 2254,12 manat mükafat olmaqla, cəmi 6057,25 manat, vergilər çıxıldıqdan sonra 5591,69 manat hesbalanmışdır. Cavabdeh MMC-nin Əmək kitabçalarının təhvil-təslim kitabından görünür ki, İddiaçı1 əmək kitabasını 22 fevral 2019-cu il tarixdə, İddiaçı2 isə 25 dekabr 2019-cu il tarixdə təhvil almışdır. Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər İdarəsinin 09.06.2021-ci il tarixli **********3 saylı məktubundan görünür ki, adıçəkilən MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş İddiaçı2 aid olan sənədlərdən, iş vaxtının uçotu tabelindən və ödəniş cədvəlindən sonuncunun iş günü hesab edilməyən bayram günləri işlədiyi lakin, Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinə uyğun olaraq ona ikiqat əmək haqqı ödənilmədiyi müəyyən olunmuşdur. Bununla əlaqədar MMCnin rəhbərliyi barəsində inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Bu barədə qərardan MMC-nin direktoru tərəfindən verilmiş şikayət Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14.04.2021-ci il tarixli, 3(010)-6/2021 saylı qərarı ilə qismən təmin edilərək, X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 may 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati təhbeh haqqında qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin İdarəyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 sentyabr 2021-ci il tarixli, 3(103)- 2003/2021 tarixli qərarı ilə İdarənin apellyasiya şikayəti təmin edilməyərək, rayon məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçılar gecə növbəsi, əsas iş vaxtından əlavə, eyni zamanda iş günü hesab edilməyən bayram günləri işlədiklərini bildirərək, buna görə ödənilməmiş əmək haqqına əlavələrin və düşdükləri mənəvi zərərin əvəzinin ödənilməsini tələb edirlər. Cavabdeh isə, qanunvericilikdə nəzərdə tutulmuş ödənişlərin iddiaçılara tam həcmdə ödənildiyini, iddia tələblərinin əsassız olmasını bildirmiş, habelə iddia müddətinin tətbiqi barədə ərizə verərək iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı tərəfin vəsatəti əsasında şahid kimi ifadə vermiş X2 göstərmişdir ki, 2014-cü ildən 2019-cu ilədək cavabdeh MMC-də mühafizəçi işləmişdir. 2017-2018-ci illərdə Seymurla eyni obeyktdə işləmiş, Şəhriyarın isə yalnız adını eşitmişdir. Seymurla birlikdə işlədikləri müddətdə o, gündüz növbəsində saat 09:00-dan 18:00-dək işləmiş, işdən çıxanda postu Seymura təhvil vermiş və səhər saat 09:00-da ondan təhvil almışdır. Gecə növbəsi gündüz növbəsinə nisbətən çox işləyirdi, həftədə bir dəfə isə 24 saatlıq növbə olurdu. Onlar işə qəbul olunan zamanı belə bir rejimdə işləyəcəklərini bilmiş, bununla razılaşmışlar. İddiaçı tərəfin vəsatəti əsasında şahid kimi ifadə vermiş X5 göstərmişdir ki, 2011-ci ildən 2019-cu ilədək cavabdeh MMC-də mühafizəçi işləmişdir. Şəhriyarla eyni, Seymurla isə başqa obyektlərdə işləmiş, gecə növbəsində işlədiyi müddətdə iş saat 18:00-da başlamış, səhər saat 09:00-da başa çatmış, həmin gün evdə olmuş, işə növbəti gün axşam 18:00-da gəlmişdir. Yəni iş rejimi 1 gündən bir 15 saat, ayda 3 dəfə 24 saat şəklində olmuşdur. O, evdə olduğu gün Şəhriyar növbədə olmuş, bir yerdə işlədikləri müddətdə bəzən onu postu təhvil-təslim edəndə görmüşdür. Onlar işə qəbul olunan zamanı belə bir rejimdə işləyəcəklərini bilmiş, bununla razılaşmışlar. Qeyd edilməlidir ki, iddiaçılar iddia tələbinin əsası kimi istinad etdikləri halları əsaslandırmaq və sübut etmək yükünü daşıyırlar. Çünki, cavabdeh iddianı etiraf etmir, əksinə sübutlar (arayışlar və s.) təqdim edərək iddiaçılara bütün ödənişlərin həyata keçirilməsini, iddia olunan əlavə saatlara görə işləmədiklərini bildirir. Belə olan halda, sübutetmə yükü baxımından iş vaxtından daha artıq işlədiklərini sübuta yetirmək vəzifəsi iddiaçıların üzərinə düşür. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsi, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında da göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Buna baxmayaraq, iddia tərəfi məhkəməyə bu halları təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim edə bilməmişlər. İddiaçılar sübut kimi X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən cavabdeh MMCnin rəhbərliyi barəsində inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb olunmasına istinad etsələr də, işdən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 14.04.2021-ci il tarixli qərarı ilə X4 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 may 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati təhbeh haqqında qərar ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 sentyabr 2021-ci il tarixli qərarı ilə isə İdarənin apellyasiya şikayəti təmin edilməyərək, rayon məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmçinin, iddia tərəfin vəsatəti əsasında dindirilmiş şahidlərin ifadələri də zidiyyətli və natamam olmaqla, iddianın əsaslı olması üçün yetərli və mötəbər hesab edilə bilməz (şahid ifadələri iddiaçıların cavabdeh MMC-də konkret hansı rejimdə hansı saatlarda işlədiklərini məyyən etməyə imkan vermir və s.). Beləliklə, iddiaçı tərəfin təqdim etdiyi sübutlar mötəbər və yetərli olmamaqla, özüözlüyündə iddianın əsaslılığını ehtiva vermir. Hətta əksi olmuş olsa belə, iddiaçılar iddia müddətini ötürmüşlər. Məhz bu hal özüözlüyündə iddianın rədd olunması üçün müstəqil əsasdır (cavabdeh, iddia müddətinin tətbiq edilməsi haqqında məhkəməyə yazılı ərizə vermişdir). Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüquqən qounmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Mülki Məcəllənin (bundan sonra, MM) 372.1-ci və 372.2-ci maddələrinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.4-cü maddəsinə görə, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Əmək Məcəlləsinin (bundan sonra, ƏM) 296.3-cü və 296.4-cü maddələrinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. MM-in 375.1-ci və 375.2-ci maddələrinə görə, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi pulun və zərərin əvəzinin ödənilməsi ilə bağlı olduğu üçün qeyd edilən tələbə ƏM-in 296.4-cü maddəsində nəzərdə tutulmuş bir illik iddia müddəti şamil edilməlidir. İşdən görünür ki, iddiaçılardan İddiaçı1 əmək kitabçasını Cavabdeh MMC-dən 22.02.2019-cu il tarixdə, İddiaçı2 isə 25.12.2019-cu il tarixdə təhvil almışdır (iddia tərəf bu faktı mübahisələndirmir). Göründüyü kimi, iddiaçıların hüquqlarının pozulduğunu aşkar etdiyi gün ən geci müvafiq olaraq onlarla bağlanmış əmək müqavilələrinə xitam verildiyi gündür. Buna baxmayaraq onlar, iddia ərizəsini 08.04.2021-ci il tarixdə məhkəməyə verməklə qanunla müəyyənləşdirilmiş bir illik iddia müddətini ötürmüşlər. Məhkəmə kollegiyası, bu qənaətə gələrkən onu da vurğulayır ki, iddia tərəfi cavabdeh MMC barəsində X4 Xidməti tərəfindən inzibati xəta haqqında iş üzrə icraat aparılmasına və MMC-nin rəhbərliyinin inzibati məsuliyyətə cəlb olunmasına istinad etsə də, bu hal iddia müddətinin axımına təsir etmir. ƏM-in 294-cü maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuşdur ki, mübahisə zamanı məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli qərarından vurğulamışdır ki, X4 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə (Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti haqqında”) görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Göründüyü kimi, X4 Xidməti fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan olmadığından işçinin müraciəti əsasında işəgötürən barəsində onun tərəfindən müvafiq icraat açılması və qərarın qəbul edilməsi iddia müddətinin axımının başlanğıcının hesablanmasına təsir etməməklə bərabər, həm də müddətin ötürülməsinin üzrlü səbəbi kimi qəbul edilə bilməz. Belə ki, ƏM-in 296.6-cı maddəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Göründüyü kimi, qanunverici buraxılmış iddia müddətinin bərpasını yalnız üzrlü səbəblər (iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblər və s.) olduqda mümkün hesab etmiş, hansı halların üzrlü səbəb kimi qəbul edilə biləcəyini qismən müəyyən etsə də, konkret iş üzrə bu halların müəyyən edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu barədə formalaşdırdığı hüquqi mövqeyə görə, yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın (08 may 2008-ci il tarixli qərarı). Lakin iddia tərəfi iddia müddətinin ötürülməsi səbəbini X4 Xidmətinə müraciət etməsi ilə izah etsə də, bu hal iddiaçıların, eyni zamanda iddia ilə məhkəməyə müraciət etməsinə mane yaratmamaqla, iradələri daxilində baş vermişdir. Qeyd edilənlərə əsasən Kollegiya, iddia tələbinin “iş vaxtından artıq işə görə əlavə haqq” hissəsində əsassız olduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkməsinin iddianı həmin hissədə və onunla bağlı mənəvi zərərin əvəzinin ödənilməsi hissələrində rədd olunması barədə gəldiyi qənaət qanuni və əsaslıdır. Apellyasiya şikayətlərinin dəlilləri isə qətnamənin ləğvinə əsas ola bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh MMC-yə qarşı “iş vaxtından artıq işə görə əlavə haqq və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(007)-2064/2021 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2(007)- 2064/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9944/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9944/2021
02.11.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver