Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-996/2022 01.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı təyin olunmuş müavinətin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 2(005)-4748/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyun 2014-cü il tarixli 2(005)- 2110/2014 saylı qətnaməsi ilə “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dən İddiaçı xeyrinə tutulmuş 360 manat müavinətin məbləğinin artırılaraq hər ay üçün 840 manat müəyyən olunması və cavabdehdən iddiaçının xeyrinə hər ay 840 manat müavinət tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 10 may 2010-cu il tarixdə "xxxx" ASC tərəfindən inşa olunan yüksək mərtəbəli binanın tikintisi zamanı günəmuzd işləyərkən yıxılıb xəsarət almış, nəticədə əmək qabiliyyətini itirmiş və ona ikinci qrup əlillik təyin edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyun 2014-cü il tarixli 2(005)-2110/2014 saylı qətnaməsi ilə cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dən İddiaçı xeyrinə hər ay 360 manat məbləğində müavinət tutulması qət edilmişdir. Ötən müddətdə ölkəmizdə yaşayış minimumu artdığından, iddiaçı hesab edir ki, təyin olunmuş müavinətin məbləği də artırılmalıdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2021-ci ildə respublikamızda tikinti sahəsində muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 861,1 manat təşkil edir. Ayda 24 iş gününün olması nəzərə alınsa, tikintidə muzdla çalışan işçinin gündəlik əmək haqqı 35 manat olmaqla 1 ay üçün əmək haqqı 840 manat təşkil edir. Buna görə də müavinətin məbləği artırılaraq 840 manat məbləğində müəyyən edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 2(005)- 4748/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi bu qənaətə gəlmişdir ki, məhkəmə araşdırması zamanı İddiaçı məhkəmə qətnaməsi ilə təyin olunmuş müavinət məbləğinin artırılması üçün qanuni əsaslar məyyən olunmamışdır. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1118-ci maddəsinin tələblərini pozaraq gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, əsassız olaraq iddianı rədd etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 2(005)-4748/2021 saylı qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyun 2014-cü il tarixli 2(005)-2110/2014 saylı qətnaməsindən görünür ki, İddiaçı iddiası qismən təmin edilərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən iddiaçı X1 xeyrinə hər ay 360 manat müavinət tutulması qət edilmişdir. Həmin qətnamədən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 dekabr 2014-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyun 2014-cü il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 may 2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 17 dekabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial X3 rayon şöbəsi tərəfindən verilmiş 000843 №-li vəsiqədən görünür ki, İddiaçı 2-ci qrup əlilidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Bakı Apellyasiya Məhkəməsinə verdiyi 15 fevral 2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı “Sol aşağı ətrafın süst parezi. Bel fəqərəsinin travmatik osteoxondrozu. L2 fəqərəsinin bitişmiş kompression sınığı. Sol ayaq pəncəsinin İİ-V daraq sümüklərinin əyri bitişmiş sınığı” diaqnozu ilə şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsi zamanı müalicə tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti nəzərə alınaraq müalicənin davam etdirilməsi tövsiyə olunmuşdur. Həmin məktuba əsasən İddiaçı əlavə müalicəyə ehtiyacı var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1118.3-cü maddəsinə əsasən bu Məcəllənin 1118-ci maddəsinə uyğun olaraq zərərçəkənə ödənilməli zərərin əvəzinin həcmi və miqdarı qanunla və ya müqavilə ilə artırıla bilər. Həmin Məcəllənin 1124.2-ci maddəsinə əsasən yaşayış minimumu artırıldığı halda itirilmiş qazancın (gəlirin), zərərçəkənin sağlamlığının pozulması və ya ölümü ilə əlaqədar təyin edilmiş digər ödənişlərin əvəzinin ödənilməsi miqdarı yaşayış minimumunun artımına mütənasib surətdə artırılır. Göründüyü kimi, mülki qanunvericilik konkret halda sağlamlığın pozulmasına görə təyin olunmuş müavinətin miqdarının artırılmasını yaşayış minimumunun artırılması ilə şərtləndirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyun 2014-cü il tarixli qətnaməsi ilə 360 manat məbləğində müavinət təyin edilərkən həmin dövr üçün yaşayış minimumu ölkə üzrə 125 manat olmuş, hazırkı iddia qaldırılan 2021-ci ildə isə yaşayış minimumu artaraq ölkə üzrə 196 manat olmuşdur. Beləliklə, 2014-cü ilə nisbətən 2021-ci ildə ölkə üzrə yaşayış minimumu 63,8 faiz artdığından, təyin olunmuş müavinətin də miqdarı mütənasib surətdə artırılaraq 589 manat məbləğində müəyyən edilməlidir. (360 + (360 x 63,8 : 100) = 589) Buna görə də məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddianı rədd etməklə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmədiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddianın qismən təmin olunmasına dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli 2(005)- 4748/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyun 2014-cü il tarixli 2(005)- 2110/2014 saylı qətnaməsi ilə cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dən İddiaçı xeyrinə tutulan aylıq müavinətin miqdarı artırılaraq 589 manat məbləğində müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-996/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-996/2022
01.03.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver