Məhkəmə qərarları › İş №2(103)-996/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-996/2024

11.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-996/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: vurulmuş maddi ziyanın ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X17 (sədrlik edən və məruzəçi), X11 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4855/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri 19 nömrəli notariat ofisinin xx.xx.2022-ci il tarixli 1124 nömrəli məktubun məzmunundan və ona əlavə edilmiş X28 X2 müəyyən edilir ki, İddiaçı mərhum həyat yoldaşı X7 hazırda yeganə qanuni vərəsəsidir. Həyat yoldaşı Hafiz Abbasov xx.xx.2020-ci il tarixində vəfat etdikdən sonra, Bakı şəhəri 19 nömrəli notariat ofisində onun ərizəsi əsasında 02 mart 2021-ci il tarixində vərəsəlik işi açılmış və mərhum ərinin adına olan bütün əmlaklarla bağlı iddiaçıya 18 iyun 2021-ci il tarixli müvafiq X28 X5 verilmişdir.

2. Cavabdeh İddiaçı oğlu Vüqar Abbasov ilə 2018-ci ildən 2020-ci ilədək faktiki nikah münasibətində olmuşdur.

3. Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi X6 407 nömrəli material üzrə qəbul etdiyi 05 iyun 2023-cü il tarixli qərardan görünür ki, həmin Qərarın təsviri hissəsində göstərilənlərə əsasən X13 ərizəsi, o cümlədən İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və qəbul edilmiş qərar barədə maraqlı tərəflərə məlumat verilməklə, qəbul edilmiş qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və mülki qaydada məhkəməyə şikayət etmək hüququnun olması izah edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, qeyd edilən material üzrə təyin edilmiş müvafiq ekspertizalara əsasən, 23 may 2023-cü il tarixli 4/476-4/481 nömrəli məhkəmə fonoskopik ekspertizasının və 30 dekabr 2020-cı il tarixli 6/2800-9/6014 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyləri əldə edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasının təmin edilməsini və iddia ərizəsinə əlavə edilmiş 30 dekabr 2020-cı il tarixli 6/2800-9\6014 nömrəli ekspertiza rəyində sadalanan mərhum əri Hafiz Abbasova məxsus olmuş qızıl-zinət əşyalarının üzərində brilyant qaşları olan cəmi çəkisi 253 qram çəkidə 750 əyarlı 25 ədəd qızıl üzüklər; cəmi çəkisi 452 qram 585 əyarlı quran şəkilli medalyonları ilə birlikdə qızıl; cəmi çəkisi 452 qram 750 əyarlı 35 ədəd qızıl boyunbağılar (üzərində 3 qalın, nazik, quran hərfli, böyük yumru medalyonlar); cəkisi 35 qram 750 əyarlı üzərində san sirkon göy qaşları olan 1 dəst (qızıl sırğa cütü və üzük); 20 qram çəkidə 750 əyarlı üzərində san sirkon qaşları olan 1 dəst italyan qızılı (sırğa cütü və üzük); 25 qram çəkidə 585 əyarlı 1 dəst ağ sirkon qaşlı qızıl (sırğa cütü və üzük); 28 qram çəkidə 585 əyarlı 1 dəst qızıl (sırğa cütü və üzük); 23 qram çəkidə 1 dəst italyan qızıl (sırğa cütü və üzük); 28 qram çəkidə 1 dəst italyan qızılı (sırğa cütü və üzük); 30 qram çəkidə 750 əyarlı 1 ədəd (yumru sallanan) qızıl biləzik; 23 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl biləzik; 40 qram çəkidə 585 əyarlı kiçik ölçülü qızıl boyunbağılar; üzərində brilyant qaşı olan 750 əyarlı qızıl boyunbağı; üzərində qırmızı rəngli sirkon qaşlı olan 10 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl boyunbağı; 15 qram çəkidə 750 əyarlı 1 ədəd qədim “Paxlava” şəkilli üzük; “Mələk” şəkilli 180 qram çəkidə 750 əyarlı 1 dəst (sırğa cütü və üzük) və 2 ədəd 10 qəpiklik üzərində “Nikolay” həkk olunmuş sikkənin (həmin əşyalar naturada mövcud olmadıqda onun dəyərinin - 50.000 manat pul vəsaitinin) Cavabdeh alınaraq ona ödənilməsi və hazırki iddiasının verilməsi üçün ödənilmiş 240 manat dövlət rüsumunun əvəzinin də cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

5. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X7 hazırda yeganə qanuni vərəsəsidir. Belə ki, onun həyat yoldaşı Hafiz Abbasov xx.xx.2020-ci il tarixində vəfat etdikdən sonra, Bakı şəhəri 19 nömrəli notariat ofisində ərizəsi əsasında 02 mart 2021-ci il tarixində vərəsəlik işi açılmış və mərhum ərinin adına olan bütün əmlaklarla bağlı iddiaçıya 18 iyun 2021-ci il tarixli müvafiq vərəsəlik şəhadətnamələri verilmişdir. Ərinin sağlığı dövründə, yəni 13 iyul 2020- ci il tarixində doğma oğlu X22 Bakı şəhəri Yasamal RPİ-nə rəsmi ərizə ilə müraciət edərək, qardaşı Vüqar Abbasovun, yəni onun kiçik oğlunun arvadı hazırki iş üzrə cavabdeh olan Cavabdeh 2020-ci ilin fevral ayından may ayına kimi olan müddət ərzində yaşadıqları ünvan 1 ünvanından onların ailə üzvlərinə məxsus ümumi dəyəri təxminən 50.000 (əlli min) manat təşkil edən qızıl-zinət əşyalarını gizli yolla taladığını bildirərək, Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsini, ailəyə məxsus həmin qızıl-zinət əşyalarının və ya onun dəyərinin qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Lakin təəssüflər olsun ki, onun doğma oğlu X13 həmin şikayəti üzrə hazırki vaxtadək, Bakı şəhəri Yasamal RPİ-i tərəfindən 6 dəfə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilmişdir. Hər dəfə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilərkən, oğlu X13 verdiyi şikayətlər əsasında istər yuxarı prokurorluq orqanı, istərsə də məhkəmə tərəfindən həmin qərarlar qanunsuz sayılaraq ləğv edilmiş və yenidən iş üzrə hərtərəfli araşdırma aparılması üçün material Yasamal RPİ-nin İŞ-nə geri göndərilmişdir. Sonuncu dəfə məhz onun şikayəti üzrə Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi X12 407 nömrəli material üzrə 08 may 2022-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı Bakı şəhəri Yasamal rayon məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərarı ilə ləğv edilmiş və həmin material üzrə yenidən araşdırma aparılmışdır. Həmin araşdırmanın da nəticəsində Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi X12 407 nömrəli material üzrə 05 iyun 2023cü il tarixində sonuncu dəfə yenidən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Sonuncu dəfə məhz iddiaçının şikayəti üzrə həmin Polis İdarəsində araşdırma aparılarkən, iş üzrə məhkəmə fonoskopik ekspertizası keçirilmiş və həmin ekspertizanın 23 may 2023-cü il tarixli 4/476-4/481 nömrəli rəyindən müəyyən edilmişdir ki: 1.Еspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. 2.Ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi X14 «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh məxsusdur. Həmin səs yazısından o fakt müəyyən edilir ki, əslində Cavabdeh vaxtilə onun ərinə məxsus olan qızılları mərhum ərinin və onun izni olmadan onları cavabdeh özü şəxsən götürmüşdür. Həmçinin araşdırma zamanı əldə edilmiş 30 dekabr 2020-cı il tarixli 6/2800-9/6014 saylı ekspertiza rəyindən aydın olur ki, aparılmış fizikikimyəvi tədqiqatın nəticələrinə əsasən təqdim olunmuş məmulatların 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti 414,0 manat müəyyən edilmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, məhz 414,0 manat dəyərində olan qızılları bir qismini vaxtilə Cavabdeh götürdükdən sonra onlara qaytarmışdır. Əslində isə polisdə aparılan araşdırma zamanı, təqdim edilməyən və ekspertza qərarında adları və göstəriciləri qeyd olunmuş məmulatların 2020-ci ilin fevral ayına olan nəzəri qiymətləri 127230,0 manat müəyyən edilmişdir. Həmin qızıl zinət əşyaları aşağıdakılardan ibarət olmuşdur: Üzərində brilyant qaşları olan cəmi çəkisi 253 qram çəkidə 750 əyarlı 25 ədəd qızıl üzüklər; cəmi çəkisi 452 qram 585 əyarlı quran şəkilli medalyonları ilə birlikdə qızıl; Cəmi çəkisi 452 qram 750 əyarlı 35 ədəd qızıl boyunbağılar (üzərində 3 qalın, nazik, quran hərfli, böyük yumru medalyonlar); cəkisi 35 qram 750 əyarlı üzərində san sirkon göy qaşları olan 1 dəst (qızıl sırğa cütü və üzük); 20 qram çəkidə 750 əyarlı üzərində san sirkon qaşları olan 1 dəst italyan qızılı (sırğa cütü və üzük); 25 qram çəkidə 585 əyarlı 1 dəst ağ sirkon qaşlı qızıl (sırğa cütü və üzük); 28 qram çəkidə 585 əyarlı 1 dəst qızıl(sırğa cütü və üzük); 23 qram çəkidə 1 dəst italyan qızıl (sırğa cütü və üzük); 28 qram çəkidə 1 dəst italyan qızılı (sırğa cütü və üzük); 30 qram çəkidə 750 əyarlı 1 ədəd (yumru sallanan) qızıl biləzik; 23 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl biləzik; 40 qram çəkidə 585 əyarlı kiçik ölçülü qızıl boyunbağılar; üzərində brilyant qaşı olan 750 əyarlı qızıl boyunbağı; üzərində qırmızı rəngli sirkon qaşlı olan 10 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl boyunbağı; 15 qram çəkidə 750 əyarlı 1 ədəd qədim “Paxlava” şəkilli üzük; “Mələk” şəkilli 180 qram çəkidə 750 əyarlı 1 dəst (sırğa cütü və üzük) və 2 ədəd 10 qəpiklik üzərində “Nikolay” həkk olunmuş sikkələrdir. Buna baxmayaraq onun ailə üzvləri cavabdehdən həmişə cəmisi 50.000 manat dəyərində olan qızılları tələb etmişdilər. Lakin cavabdeh hər dəfə bir bəhanə ilə onları qaytarmaqdan imtina etmişdir. Bundan başqa, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi X12 407 nömrəli material üzrə 05 iyun 2023-cü il tarixində sonuncu dəfə yenidən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qəbul etdiyi qərarında qeyd edilmişdir ki, “Hazırda isə iş üzrə əlavə araşdırma zamanı əldə edilmiş 23 may 2023-cü il tarixli 4/476-4/481 saylı ekspertiza rəyi ilə ekspertizaya təqdim edilmiş müvafiq diskdə olan səs və nitqin Cavabdeh məxsus olması faktı müəyyən edilsə də, məhz bu faktın özü hələ həmin şəxsin oğurluq cinayətini törətməsini sübut etmir. Belə ki, hazırda İddiaçı öz şikayətində vaxtilə mərhum əri ilə birgə yaşadığı evdən faktiki olaraq əri Hafiz Abbasova məxsus olmuş 50000 manat dəyərində qızıl-zinət əşyalarının məhz gəlinləri Cavabdeh tərəfindən oğurlandığı bildirilsə də, araşdırma zamanı izahatı alınmış Cavabdeh qızıl-zinət əşyalarının onun tərəfindən götürülməsindən məhz əri Vüqar Abbasovun xəbərinin və izninin olmasını, qızılların saxlanıldığı yerinin əri tərəfindən ona göstərildiyini və həmin qızılları əslində oğurlamadığını, faktiki olaraq həmin qızıllarla ərinin borclarını ödədiyini bildirmişdir. Göründüyü kimi, baş vermiş həmin hadisə əslində ailə daxili mülki mübahisə kimi qiymətləndirilməlidr”. Həmin qərardan oda müəyyən edilir ki, polis orqanı hazırda öz qərarında istinad etdiyi bir sıra Mülki və Ailə Məcəlləsinin norma və tələblərini əsas götürülməklə, belə nəticəyə gəlmişdir ki, vaxtilə iddiaçının mərhum əri Hafiz Abbasova məxsus olmuş 50.000 manat dəyərində qızıl-zinət əşyalarına görə onun hazırda sağ olan həyat yoldaşı İddiaçı özü də mərhum ərinin vərəsəsi kimi iddia tələbi ilə mülki qaydada məhkəmə orqanına müraciət etmək hüququ vardır. Məhz istintaq orqanının əldə etdiyi Cavabdeh səs yazısına dair ekspertiza rəyinə əsasən, Səidənin həmin qızılları vaxtilə izinsiz götürməsi faktı artıq müəyyən edildiyindən, o, hesab edir ki, məhkəmə tərəfindən həmin qızılların dəyəri məhz həmin cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, göstərilənlərə əsasən iddiaçı hazırki iddia tələbini cavabdehə qarşı irəli sürmüşdür.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4855/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, iddia ərizəsinə əlavə edilmiş 30 dekabr 2020cı il tarixli 6/2800-9\6014 nömrəli ekspertiza rəyində sadalanan İddiaçı mərhum əri Hafiz Abbasova məxsus olmuş aşağıdakı qızıl-zinət əşyaları: üzərində brilyant qaşları olan cəmi çəkisi 253 qram çəkidə 750 əyarlı 25 ədəd qızıl üzüklər; cəmi çəkisi 452 qram 585 əyarlı quran şəkilli medalyonları ilə birlikdə qızıl; cəmi çəkisi 452 qram 750 əyarlı 35 ədəd qızıl boyunbağılar (üzərində 3 qalın, nazik, quran hərfli, böyük yumru medalyonlar); çəkisi 35 qram 750 əyarlı üzərində san sirkon göy qaşları olan 1 dəst (qızıl sırğa cütü və üzük); 20 qram çəkidə 750 əyarlı üzərində san sirkon qaşları olan 1 dəst italyan qızılı (sırğa cütü və üzük); 25 qram çəkidə 585 əyarlı 1 dəst ağ sirkon qaşlı qızıl (sırğa cütü və üzük); 28 qram çəkidə 585 əyarlı 1 dəst qızıl (sırğa cütü və üzük); 23 qram çəkidə 1 dəst italyan qızıl (sırğa cütü və üzük); 28 qram çəkidə 1 dəst italyan qızılı (sırğa cütü və üzük); 30 qram çəkidə 750 əyarlı 1 ədəd (yumru sallanan)qızıl biləzik; 23 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl biləzik; 40 qram çəkidə 585 əyarlı kiçik ölçülü qızıl boyunbağılar; üzərində brilyant qaşı olan 750 əyarlı qızıl boyunbağı; üzərində qırmızı rəngli sirkon qaşlı olan 10 qram çəkidə 585 əyarlı 1 ədəd qızıl boyunbağı; 15 qram çəkidə 750 əyarlı 1 ədəd qədim “Paxlava” şəkilli üzük; “Mələk” şəkilli 180 qram çəkidə 750 əyarlı 1 dəst (sırğa cütü və üzük) və 2 ədəd 10 qəpiklik üzərində “Nikolay” həkk olunmuş sikkələr Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdehlərdən iddiaçının xeyrinə bu qətnamə ilə alınmalı olan həmin qızıl zinət əşyaları qətnamə icra olunan vaxt mövcud olmazsa, onların cəminin dəyəri 50000 manat məbləğində pul cəsaiti cavabdehdən alınaraq iddiaçıya verilsin.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki mülki işə baxan məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin 407 nömrəli material üzrə qəbul etdiyi 05 iyun 2023-cü il tarixli qərarında qeyd edilən xüsusatlar, yəni hazırki mübahisəyə baxılarkən məhkəmə üçün iddiaçının öz iddia ərizəsində qeyd etdiyi hadisənin olub-olmaması və iş üzrə tərəflərin hazırda həmin hadisəyə aidiyyəti hissəsində məcburi olması faktı kimi hallar nəzərə alınmalıdır. Hazırda iddia ərizəsinə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, məhkəmə-fonoskopik ekspertizasının 23 may 2023-cü il tarixli 4/476-4/481 nömrəli rəyindən müəyyən edilmişdir ki: 1.Еspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. 2.Ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi X14, «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh məxsusdur. Belə ki, həmin səs yazısından o faktlar müəyyən edilir ki, əslində Cavabdeh vaxtilə iddiaçının özünə və onun mərhum ərinə məxsus olan qızılları onların icazəsi olmadan götürmüşdür. X9 ilə Cavabdeh arasında baş tutmuş mübahisəli fonoqramlardakı Cavabdeh etiraf edici ifadəsindən müəyyən edilir ki, o keçmiş əri Vüqara həmin qızılları vaxtilə özü tərəfindən götürülüb gizlətməsini, bu hadisənin üstü açılacağından qorxaraq sonradan həmin qızılları zibilliyə atmasını bildirir. Həmçinin digər səs yazısından müəyyən edilir ki, Cavabdeh 50.000 manat dəyərində qızıl zinət əyalarının pulunu valideyinləri vasitəsi və köməyi ilə ödəməyə razılıq verir və bildirir ki, bunun qarşılığında o istəmir ki, onun Vüqarla olan ailəsi dağılsın, uşağı atasız böyüsün. Məhkəmədə cavabdehin iddianı etiraf eməməsinə baxmayaraq, məhz iddia ərizəsinə sübut kimi əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, məhkəməfonoskopik ekspertizasının 23 may 2023-cü il tarixli 4/476-4/481 nömrəli rəyindən və həmin rəyin keçirilməsinə əsas vermiş səs yazısı olan CD diskdən müəyyən edilir ki, əslində iddia edilən qızıl-zinət əyalarını məhz cavabdeh iddiaçının və onun mərhum ərinin icazəsi olmadan götürmüş və sonradan da geri qaytarmamışdır. Məhkəmə həmin ekspertiza rəyini hazırki iş üzrə mötəbər sübut kimi qəbul edir və hesab edir ki, iddia ərizəsi üzrə verilmiş bu sübutu cavabdeh tərəfindən sarsıdacaq heç bir mötəbər əlavə sübüt məhkəməyə təqdim edilməmişdir. Cavabdeh iddiada qeyd edilən qızılların iddiaçının oğlu Vüqar tərəfindən götürülməsini, sonrada həmin qızılları Topaza olan borclarına görə xərclənməsinə dair gətirdiyi dəlillər və etirazlar heç bir mötəbər sübuta söykənmir. Həmçinin məhkəməyə təqdim edilmiş CD diskdə olan səs yazısının cavabdehə aid olmasına baxmayaraq, həmin vaxtı cavabdehin sanki bu cür ifadə verməsinin təzyiq altında olması və hamiləliyi dövründə baş verməsi səbəbinə dair gətirdiyi dəlilləridə məhkəmə əsaslı və ağlabatan saymır. Belə ki, cavabdeh bu etirazını əsaslandıracaq və sübuta yetiriləcək heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehin bu əsaslarla gətirdiyi etirazlarını qəbul etmir. Məhkəmə bir daha qeyd etməyi zəruri bilir ki, məhkəmə iclasında tədqiq edilmiş, məhkəmə-fonoskopik ekspertizasının 23 may 2023-cü il tarixli 4/476-4/481 nömrəli rəyi və işə əlavə edilmiş CD diskdəki səs yazısı tamamilə qanuna uyğun əldə edilmişdir və həmin rəyi şübhə altına alacaq heç hal məhkəmədə müəyyən edilməmişdir. Cavabdehə aid olan CD diskdəki səs yazısından da müəyyən edilir ki, həmin vaxtı cavabdehə heç bir kənar şəxs tərəfindən təzyiq edilməsi halı müəşaiyət olunmur. Əksinə bütün şəxslərin səs yazısından müəyyən edilir ki, tərəflər arasında danışıqlar adı dialoq əsasında həyata keçirilmişdir. Bundan başqa iddiaçı məhkəmə iclasında verdiyi öz izahatında, həmçinin iddia ərizəsində qeyd etmişdir ki, əslində onlara məxsus qızıl-zinət əşyaları müəmmalı şəkildə yoxa çıxdıqdan sonra, cavabdehin valideyinləri tərəfindən həmin əşyalardan ucuz olanlarının bir neçəsi onlara qaytarılmışdır. Həmin qaytarılan əşyalarada ekspert tərəfindən cəmisi 414 manat qiymət qoyulmuşdur. Həqiqətəndə iş materiallarında olan və məhkəmə iclasında təqdiq edilmiş 30 dekabr 2020cı il tarixli 6/2800-9/6014 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən müəyyən edilmişdir ki, aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrinə əsasən təqdim olunmuş məmulatların 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti 414,0 manat müəyyən edilir. Bütün bu halları nəzərə alaraq məhz cavabdehin valideyinləri tərəfindən sonradan 414,0 manat dəyərində iddiaçıya və onun mərhum həyat yoldaşına aid olan qızılların qaytarılması faktının özüdə ona dəlalət edir ki, vaxtilə məhz Cavabdeh özünün səs yazısında etiraf etdiyi kimi, iddiaçıya və onun mərhum həyat yoldaşına aid olan qızılları şəxsən özü götürmüşdür. Əks təqdirdə burada sual yaranır, yoxa çıxmış qızılların bir qismi sonradan cavabdehin valideyinləri tərəfində iddiaçıya qaytarılırsa, həmin qızıllar cavabdehin valideyinlərində necə ola bilərdi və kim həmin qızılları cavabdehin valideyinlərinə aparıb verə bilərdi. Məhkəmə iclasında təqdiq edilmiş 30 dekabr 2020-cı il tarixli 6/2800-9/6014 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinidə hazırki iş üzrə mötəbər sübut kimi qəbul edir və hesab etmişdir ki, iddia ərizəsi üzrə verilmiş bu sübutuda cavabdeh tərəfindən sarsıdacaq heç bir mötəbər əlavə sübüt məhkəməyə təqdim edilməmişdir. Həmçinin iddiaçı vaxtilə bu qızılların naturada mövcud olması, özünün və ailə üzvlərinin istifadəsində olmasına dair bir sıra fotoşəkilləridə məhkəməyə əlavə sübut kimi təqdim etmişdir. Lakin buna baxmayaraq iddiaçı öz iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir ki, onun ailə üzvləri cavabdehdən həmişə cəmisi 50.000 manat dəyərində olan qızılları tələb etmişdilər. Yəni naturada sadalanan həmin qızılları vaxtilə onların özləri əlli min manat məbləğində dəyərləndirmişlər. Ona görə də hazırda baxmayaraq ki, ekspertiza rəyində sadalanan qızıl məmulatlarının cəmi dəyəri 127230,0 manat müəyyən edilmişdir, iddia tələbində əgər həmin qızıllar naturada mövcud olmazsa, onların cəmi dəyərinin 50.000 manatın cavabdehdən alınıb ona verilməsini israrla tələb edir.

8. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 157.5, 1091.1, 1092.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 81, 88, 106.1, 107, 119.1, 217.4, 218.3, 222.1, 119, 216-220, 222, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 oktyabr 2023-cü il tarixli e-2(008)-4855/2023 saylı qətnaməsini ləğv edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iddianı təmin edərkən yalnız iddiaçı tərəfindən məhkəməyə təqdim edilən məhkəmə-fonoskopik ekspertizasının 23 may 2023-cü il tarixli 4/476-4/481 saylı rəyini əsas götürmüşdür. Halbuki qeyd edilən səs yazısı iddiaçı, onun oğlu (onun keçmiş həyat yoldaşı) və digər ailə üzvlərinin təkidi ilə yazılmışdır. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən cinayət işinin başlanmasının rədd edilərkən qızıl-zinət əşyalarının əyarı, çəkisi, hansı ölkənin istehsalı olması, sayı və ayrıayrılıqda dəyəri barədə məlumatın olmaması əsası qeyd edilmişdir. Bundan əlavə qeyd edilən qərarlarda Cavabdeh əri Vüqar Abbasovun xahiş və yalvarışlarını nəzərə alaraq yalan danışdığı, yəni iddiaçının sübut kimi təqdim etdiyi səs yazılarının necə yazıldığı məhz qeyd edilən qərarlarda öz əksini tapmışdır. Hazırki iddia ərizəsində qızıl-zinət əşyalarının ayrı-ayrılıqda çəkisi, əyarı, hansı ölkənin istehsalı olması, ümumiyyətlə belə bir qızıl-zinət əşyalarının mövcud olması barədə heç bir sübut təqdim edilməmişdir. Yalnız sonuncu məhkəmə iclasında iddia tərəf bir neçə fotoşəkil təqdim etmişdir. Maraqlıdır ki, illərdir ki, Yasamal Rayon Polis İdarəsində qeyd edilən məsələ ilə bağlı araşdırma gedərkən iddiaçı tərəfin təqdim etdiyi fotoşəkillərin ümumiyyətlə kimə aid olması (fotoşəkillərdə yalnız qızıl-zinət əşyaları görünür) məhkəmə tərəfindən müəyyən edilmədən birinci instansiya məhkəməsi qeyd edilən fotoşəkilləri sübut kimi qəbul etmişdir. Birinci instansiya məhkəməsi maddi hüquq normalarına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlsə də, iddiaçının (eləcə də onun mərhum həyat yoldaşının) mülkiyyətində iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarının mövcud olmasına hüquqi qiymət verməmişdir. İddia ərizəsində sadalanan bəzi qızıl-zinət əşyalarının çəkisi gülüncdür. Belə ki, məhkəmə tərəfindən aydınlaşdırılmamışdır ki, görəsən nəinki Azərbaycanda dünyada 180 qram çəkidə sırğa-üzük dəsti varmı? Və ya çəkisi 452 qram Quran şəkilli medalyonları ilə birlikdə qızıl – belə bir qızıl-zinət əşyası hansı formada olur? Birinci instansiya məhkəməsi maddi hüquq normalarına istinad etsə də, hansı əsasla məhz onun tərəfindən qızıl-zinət əşyalarının götürülməsini qətnamədə əsaslandırmamışdır. Onun rəsmi qeydiyyat ünvanı Zəngilan rayonu, Ağalı kəndində olsa da, məhkəmə kobud prosessual pozuntuya yol verərək işə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxmışdır. Birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməyərək düzgün olmayan nəticəyə gəmişdir.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrə uyğun tərtib edilmişdir. Qeyd olunmalıdır ki, rayon məhkəməsi tamamilə düzgün olaraq iddiaçının iddiasını təmin etmişdir. Belə ki, iddianın əsaslı olmasını iş materiallarında olan müvafiq ekspertiza rəyləri, cavabdehə məxsus səs yazıları, fotoşəkillər və sair rəsmi sübutlarla təsdiq olunur. Həmin sübutları inkar edəcək və ya sarsıdacaq heç bir mötəbər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa cavabdeh Bakı şəhərinin Sabunçu rayonunda daimi yaşayır və hətta rayon məhkəməsində işə baxılarkən cavabdehin özü tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan da görünür ki, cavabdeh Sabunçu rayonunda qeydiyyatda olub yaşamasını təsdiq etmişdir. Bütün bu hallar onu deməyə əsas verir ki, apellyasiya şikayəti əsassızdır. Ona görə də məhkəmə kollegiyasından cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini və rayon məhkəməsinin bu iş üzrə qət etdiyi qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qət edilməsini xahiş edir.

Proses iştirakçılarının izahatı

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X8 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, apellyasiya şikayətinin dəlillərindən biri aidiyyət qaydasının pozulması olmuşdur. Qızıl-zinət əşyalarının mövcüdluğuna dair fotoşəkillər təqdim edilməlidir. Cavabdeh tərəfindən qızıl-zinət əşyalarının götürülməsi sübut olunmayıb. Cinayət işinin başlanması barədə rədd qərarında qızıl-zinət əşyalarının mövcudluğu barədə istintaqa heç bir sübutun təqdim edilmədiyi qeyd edilmişdir. Cavabdehin qohumlarının evində axtarış da olub, amma qızıllardan heç biri aşkar olunmamışdır. Cavabdeh səs yazıları aparılan zaman 17 yaşında və hamilə olub. Cavabdehə hədə-qorxu gəliblər. Aidiyyət məsələsini rayon məhkəməsində mübahisələndirməyiblər. Apellyasiya şikayəti verən zaman bu məsələ onlara aydın olub. 3 ədədi 180 qramdır, hər biri 60 qram olur. O bir üzüyün 60 qram ola biləcəyini maraqlandıqda belə bir halın ümumiyyətlə mümkünsüz olduğunu bildirdilər. Qətnamədə də 180 qram yazılıb. Sorğu verilsin ki, ümumiyyətlə elə bir qızıl-zinət əşyası mövcuddur. İddiaçının öz evində də, qohumlarının evində də polis axtarış aparıb. Onların qızılı qaytarmaq fikri yoxdur. Ekspert rəyində 400 qramdan çox olan Quranşəkilli medalyonla birlikdə qızıl bildirilib. Amma, qızılın nə olduğu araşdırılmayıb. Qızıl-zinət əşyaları ümumi şəkildə yazılmışdır. Konkret olaraq qeyd edilməmişdir. 25 ədəd qızıl üzük çəkisi 253 qram yazılması düzgün deyil. Ayrı-ayrı qiymət verilməli idi. Fotoşəkillər təqdim edilmişdir. Lakin, hansı qızıl-zinət əşyalarına aid olması məhkəmə tərəfindən araşdırlmayıb. Qızıl-zinət əşyalarının qiymətləndirməsi düzgün aparılmamışdır. Səs yazısında cavabdeh qızıl-zinət əşyalarını götürdüyünü bildirsə də, hansı qızıl-zinət əşyalarının olması məlum deyil. Rayon məhkəməsində bildirib ki, iddia ərizəsi düzgün tərtib edilməmişdir.

13. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, iddiaçı cavabdeh keçmiş qayınanasıdır. Səidə xanım Bakı şəhəri Sabunçu rayonunda qeydiyyatda olub, orada yaşayıb. İddia qaldırılan zaman cavabdehin qeydiyyatı ünvanı üzrə iddia qaldırılıb. İddia təmin olunandan sonra, cavabdeh qeydiyyatın ünvanın dəyişib ki, onlara ünvan 4n məhkəməsi məhkəmə iclası dövründə cavabdehin qeydiyyat ünvanının dəyişməsi ilə bağlı heç bir vəsatət də verilməmişdir. Cavabdehin hazırkı qeydiyyat ünvanı Zəngilan rayonundadır, hesab edir ki, mülki iş baxılması üçün Zəngilan Rayon Məhkəməsinə göndərilməlidir. Onlar iddia qaldıran zaman cavabdeh Bakı şəhərində qeydiyyatda olub. Cavabdeh məhkəməyə teleqramlar ünvanlanıb, həmin zamanda ünvanı Bakı şəhəri yazılıb. İstintaq dövründə də cavabdeh izahatında Bakı şəhəri ünvanını qeyd edilib. Təqdim etdiyi arayışdan aydın olur ki, cavabdeh ünvan 8 ünvanında məskunlaşıb. Heç bir aidiyyət qaydaları pozulmamışdır. Zəngilan rayonu, Ağalı kəndində yenidənqurma işləri aparılıb, köçürmələr edilib. Lakin,cavabdehin ailəsi oraya köçməyiblər. İddiası əsaslıdır. Cavabdeh iddiaçının gəlini olub. Qonşu mənzillərdə yaşayıblar. Qızın qayınatası xərçəng xəstəliyinə tutulub. Onun müalicəsinə ehtiyac olanda bildirilib ki, qızıl-zinət əşyalarını sataraq müalicə etmək olar. Lakin, müəyyən olunur ki, qızıl-zinət əşyaları yoxdur. Evdə hər kəs bir-birindən şübhələnməyə başlayırlar. Cavabdeh və onun yoldaşı arasında olan səs yazılarına fonoskopik ekspertiza keçirilib. Vüqara bildirilib ki, qızıl-zinət əşyaları atılıb, amma qızıl-zinət əşyaları üzə çıxıb. Qızın anası və atası tərəfindən 3-4 ədəd qızıl zinət əşyaları qaytarılır. Bununla bağlı da ayrı rəy verilib. Cavabdeh yoldaşı Vüqara bildirib ki, qızıl-zinət əşyalarını zibilə atıb. Əvvəl kuklanın içində gizlətmişdi, sonradan üzə çıxacağını bilib cavabdeh zibilə atıb. Əgər zibilə atılmışdısa, cavabdehin ailəsi qızıl-zinət əşyalarını niyə qaytarırdılar. Fonoskopik ekspertiza rəyini və cavabdehin anasının qızına göndərdiyi səsləri təqdim ediblər. Səsdə deyilib ki, Səidə onları biabr edib. Bu məsələyə görə də cavabdeh və yoldaşı ayrılıblar. Vüqar yoldaşına lovğalanmaq üçün atasının qızıl-zinət əşyalarının harda gizlətdiyini cavabdehə göstərib.Cavabdehə heç bir təzyiq göstərilməyib. Ekspert rəyində çəkisi 353 qram, 750 əyarlı, 25 ədəd qızıl üzüklər,çəkisi 452 qram 585 əyarlı Quranşəkilli medalyon və çəkisi 452 qram 750 əyarlı 35 ədəd qızıl boyunbağlar olduğu müəyyən edilib. İddiaçının istintaqa təqdim etdiyi siyahı da var, siyahıda qızıl-zinət əşyalarının adları və xüsusiyyətləri konkret şəkildə qeyd edilib. Ayrıca bir otaqlı mənzildə saxlanılıb. Cavabdehin məhkəmə iclasında verdiyi izahat budur ki, qızılı gətirib pərdə asılan yerdə gizlədib. Sonra yoldaşının "Topaz" mərc oyununa borcu olduğuna görə satıb borcu ödəyib. Cavabdehin öz səs yazısı da var, etirafı da var, ki, qızıl-zinət əşyalarını götürüb, daha sonra da yoldaşının borcuna görə satmışdır. Cavabdeh tərəfin həmin sübutları təkzib edəcək heç bir sübut təqdim etməyiblər. Qarşı tərəf qızıl-zinət əşyalarının qiymətini mübahisələndirməmişdir. Məhkəmə sübutlara düzgün qiymət vermişdir. Aidiyyat məsələsini də rayon məhkəməsində deyil, apellyasiya instansiyasında mübahisələndirdilər. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. İş materiallarından görünür ki, zərərçəkmiş tərəf-iddiaçı şikayət verdikdə əşyaların dəyərini 50.000 manat hesablamışdır. Sonra ibtidai istintaq araşdırma zamanı ekspertiza həmin əmlakların dəyərini təqribən 100.000 manatdan yuxarı hesablayıb. Buna baxmayaraq tərəfdən 50.000 manat istənilib. Ekspertiza rəyində çəkisi 253 qram, 750 əyarlı, 25 ədəd qızıl üzüklər,çəkisi 452 qram 585 əyarlı Quranşəkilli medalyon və çəkisi 452 qram 750 əyarlı 35 ədəd qızıl boyunbağlar olduğu müəyyən edilib. İstintaq dövründə ifadə verən şəxslər qızıl-zinət əşyaları barədə məlumat veriblər. Ekspert rəy verəndə məhz 25 ədəd qızıl-zinət əşyasını, üzüyü və Quranşəkilli medalyonu cəm şəklində dəyərini hesablamışdır. İbtidai istindaq dövründə araşdırmanı bu cür aparıb, altı dəfə qərar qəbul edilib. İstintaq orqanının yanaşması budur ki, bu işdə cavabdehin həyat yoldaşı qızıl-zinət əşyalarını cavabdehə göstərib. Cavabdeh istintaqda olan izahatında qızılları oyuncaq ayının içində gizlətdiyini,daha sonradan qorxduğu üçün aparıb zibilliyə atdığını deyib. Həm cavabdeh, həm qaynı, həm də baldızının səs yazısı var. Orada bildirilir ki, cavabdehin valideynlərinin 4 maşınını var, onları satıb, qızılları ödəyəcəklər. 2-ci səs yazısı ümumiyyətlə özü ilə həyat yoldaşı arasında olub, heç kim də qarışmayıb. Cavabdehin keçmiş həyat yoldaşı deyib ki, niyə qızılları götürmüsən, qızılların hamsını aparıb niyə zibilliyə atmısan. Cavabdeh də bildirib ki, oyuncaq ayının içində gizlətmişdi.Sonradan and içib ki, zibilliyə atıb. Daha sonra cavabdehin anasıgil bəzi qızıl-zinət əşyalarını qaytarıb. Həmin zaman sual yaranıb ki, qızıl-zinət əşyalarının onlarda nə işi var. Məhkəmə iclasında cavabdehin anasının da səs yazısını da təqdim ediblər. Səs yazısında bildirilib ki, qızı onları biabır edib. Cavabdehin anası bildirib ki, maşını satıb borclarını ödəyəcəklər. Həmin ərəfədə Hafiz Abbasov dünyasın dəyişib. Ailə yas mərasimi ilə məşğul olur, daha sonra deyirlər ki, heç nə verməyəcəklər. Sonuncu danışıqda da anası hər şeyi etiraf edib. Cavabdeh məhkəmə iclasında verdiyi izahat budur ki, o, hamiləydi, danışıqlarını bilmirdi, qorxurdu ki, hamiləliyi pozula, ona görə də bunları etiraf etməyə məcbur idi. Yekunda ekspert bütün bu zinət əşyalarına 2022-ci ilin fevral ayında olan qiymətini müəyyən edib. Onlar bu gününkü qiymətini istəyirilər. Birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Ola bilər ki, texniki səhvə görə 18 qram yazmaq əvəzinə 180 qram yazılıb. 35 ədəd qızıl boyunbağılar açıqlanıb.Ən azından bir qızıl boyunbağını 1000 manatdan hesabladıqda 35.000 manat edir. Ekspertiza rəyində 180 qram yazılıb. Bu əşyaların iddiaçıda olmasını iş materiallarında olan şəkillər sübut edir.

14. Tətbiq edilən hüquq normaları:

Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Apellyasiya baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Hazırki halda cavabdehin apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “Mələk” şəkilli 750 əyarlı 1 dəstin (sırğa cütü və üzük) qramına aid hissədə dəyişdirilməli, mübahisələndirilən qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

19. İddiaçı X7 vərəsəsidir. Cavabdeh İddiaçı oğlu Vüqar Abbasov ilə 2018-ci ildən 2020-ci ilədək faktiki nikah münasibətində olmuşdur.

20. İddiaçı iddia edir ki, mərhum həyat yoldaşı X10 məxsus 50000 manat dəyərində qızıllar Cavabdeh tərəfindən götürülmüşdür.

21. Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi X6 407 nömrəli material üzrə qəbul etdiyi 05 iyun 2023-cü il tarixli qərarda qeyd edilir ki, X13 ərizəsi, o cümlədən İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

22. Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi X6 407 nömrəli material üzrə qəbul etdiyi 05 iyun 2023-cü il tarixli qərarın məzmunundan müəyyən edilir ki, “ilk dəfə olaraq 13 iyul 2020-ci il tarixdə vətəndaş X22, yəni iddiaçının böyük oğlu, ərizə ilə Yasamal RPİ-nə müraciət edərək, qardaşı Vüqar Abbasovun arvadı Cavabdeh 2020-ci ilin fevral ayından may ayına kimi olan müddət ərzində yaşadıqları ünvan 9 ünvanından ona və ailə üzvlərinə məxsus ümumi dəyəri təxminən 50000 (əlli min) manat təşkil edən qızıl-zinət əşyalarını gizli yolla taladığını bildirərək, Cavabdeh cinayət məsuliyyətinə cəlb edilməsini, onlara məxsus qızıl-zinət əşyalarının və ya dəymiş maddi ziyanın geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir. Adı çəkilən qərardan oda müəyyən edilir ki, həmin şikayət verilən vaxtı iddiaçının həyat yoldaşı X4 olmuş və həmin şəxsin özü tərəfindən məhz özünə məxsus olan qızıl zinət əşyalarının müəmmalı şəkildə yoxa çıxması barədə hüquq mühafizə orqanlarına şikayət verilməmişdir. X1 öz sağlığı dövründə özünə məxsus olan qızıl zinət əşyalarının müəmmalı şəkildə yoxa çıxması barədə hüquq mühafizə orqanlarına şikayət verməməsi, həmin qızıl-zinət əşyalarının ümumiyyətlə X18 aid olmaması və nəhayət polis orqanlarında aparılan araşdırmalar üzrə toplanmış materialda və Cavabdeh əməlində Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin tərkib əlamətlərinin olubolmamasını sübuta yetirmək mümkün olmaması əsası ilə dəfələrlə, o cümlədən 08 may 2022-ci il tarixində həmin material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında müvafiq qərarlar qəbul edilmişdir. 31 yanvar 2023-cü il tarixində isə Bakı Yasamal rayon məhkəməsi tərəfindən 08 may 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar mərhum Hafiz Abbasovun həyat yoldaşı (vərəsə) hazırki iş üzrə İddiaçı tərəfindən verilmiş şikayət əsasında ləğv edilmiş, materialın araşdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilmiş və idarə tərəfindən yenidən əlavə araşdırma aparılmışdır. Belə ki, Yasamal rayon məhkəməsinin 31 yanvar 2023-cü il tarixli qərarında göstərilənlər nəzərə alınaraq, cinayət işi üzrə cinayət prosessual qanunvericiliyinə uyğun əlavə zəruri hərəkətlər yerinə yetirilmiş və işdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 6(004)-42/2021 saylı qərarında sadalanmış araşdırılmalı olan hallar üzrə, həmçinin təqdim edilmiş səsyazıları olan CD barədə əlavə araşdırma aparılmışdır. Həmin araşdırma zamanı hazırki iddiaçı tərəfindən təqdim edilmiş səsyazıları olan CD-lər ekspertizaya təqdim edilmiş və iş üzrə məhkəmə fonoskopik ekspertizası təyin edilərək müvafiq ekspertiza rəyi əldə edilmişdir. Lakin bununla belə istintaq orqanı qəbul etdiyi sonuncu qərarda da şikayətçilər tərəfindən onların evindən 50000 manat dəyərində qızıl-zinət əşyalarının gəlinləri Cavabdeh tərəfindən oğurlandığını bildirilsə də, aparılan araşdırma zamanı həmin xüsusatların sübuta yetirilməsinin mümkün olmaması nəticəsinə gəlinmişdir”.

23. Qərarda həmçinin qeyd edilir ki, “qeyd edilən qızıl-zinət əşyaları əslində Arzu Abbasovun atası Hafiz Abbasova məxsus olmuş və sonuncu həmin qızıl-zinət əşyalarını öz sağlığında siyahıya almışdır. X26 özü sağ olarkən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Belə ki, Hafiz Abbasovun özü xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Hafiz Abbasov vəfat etdikdən sonra, Bakı şəhəri 19 saylı notariat ofisində onun həyat yoldaşı İddiaçı ərizəsi əsasında 02 mart 2021-ci il tarixində vərəsəlik işi açılmış və İddiaçı mərhum ərinin adına olan bütün əmlakları ilə bağlı 18 iyun 2021-ci il tarixli müvafiq vərəsəlik şəhadətnaməsi verilmişdir. Məhz vərəsə İddiaçı tərəfindən verilmiş şikayət əsasında məhkəmə tərəfindən 08 may 2022- ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilmişdir. Hazırda isə iş üzrə əlavə araşdırma zamanı əldə edilmiş 23 may 2023-cü il tarixli 4/476- 4/481 saylı ekspertiza rəyi ilə ekspertizaya təqdim edilmiş müvafiq diskdə olan səs və nitqin Cavabdeh məxsus olması faktı müəyyən edilsədə, məhz bu faktın özü hələ həmin şəxsin oğurluq cinayətini törətməsini sübut etmir. Belə ki, hazırda İddiaçı öz şikayətində vaxtilə mərhum əri ilə birgə yaşadığı evdən faktiki olaraq əri Hafiz Abbasova məxsus olmuş 50000 manat dəyərində qızıl-zinət əşyalarının məhz gəlinləri Cavabdeh tərəfindən oğurlandığı bildirilsə də, araşdırma zamanı izahatı alınmış Cavabdeh qızıl-zinət əşyalarının onun tərəfindən götürülməsindən məhz əri Vüqar Abbasovun xəbərinin və izninin olmasını, qızılların saxlanıldığı yerinin əri tərəfindən ona göstərildiyini və həmin qızılları əslində oğurlamadığını, faktiki olaraq həmin qızıllarla ərinin borclarını ödədiyini bildirmişdir. Məhz bu səbəbdən istintaq orqanı baş vermiş həmin hadisənin əslində ailə daxili mülki mübahisəsi kimi qiymətləndirmişdir”.

24. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilərkən 23 may 2023-cü il tarixli 4/476-4/481 nömrəli məhkəmə fonoskopik ekspertizasının rəyinə və rəyin verilməsinə əsas olmuş CD diskə istinad edilmişdir.

25. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 may 2023-cü il tarixli 4/476- 4/481 nömrəli rəyindən müəyyən edilmişdir ki: 1.Еspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. 2.Ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi X14, «Q1» kimi işarə olunmuş diktorun səsi və nitqi Cavabdeh məxsusdur. Rəy tədqiq edilərkən müəyyən edilir ki, qızıllar Cavabdeh tərəfindən götürülmüş, valideynlərinə verilmiş, satılmamışdır. Səs yazısının həmçinin o da müəyyən edilir ki, Cavabdeh ailəsindən xahiş edə bilər ki, anasının qızıllarını satmaqla və s. yolla götürülmüş qızılların pulu qaytarılsın ki, onun ailəsi dağılmasın. Səs yazısından həmçinin qızılların onun tərəfindən götürülməsi etiraf edilir. Həmçinin cavabdeh keçmiş əri Vüqara həmin qızılları vaxtilə özü tərəfindən götürülüb gizlətməsini, bu hadisənin üstü açılacağından qorxaraq sonradan həmin qızılları zibilliyə atmasını bildirir.

26. Cavabdeh iddia tələbinə etirazının və apellyasiya şikayətinin dəlili olaraq ona istinad etmişdir ki, CD diskə olan səs yazısı iddiaçının oğlu Vüqar Abbasovun hədə-qorxusu ilə yazılmış, qızılların götürülməsindən həyat yoldaşının xəbəri olmuş, qızıllar yoldaşının borclarının bağlamaq üçün götürmüşdür.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh iddia tələbinə etirazının və apellyasiya şikayətinin dəlili olaraq məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

28. İşə baxılması zamanı tədqiq edilmiş 30 dekabr 2020-cı il tarixli 6/2800-9/6014 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, təqdim edilməyən qərarda adları və göstəriciləri qeyd olunmuş məmulatların 2020-ci ilin fevral ayına olan nəzəri qiymətləri 127230,0 manatdır. Rəyə əsasən təqdim olunmuş məmulatların 2020-ci ilin fevral ayına olan orta bazar qiyməti 414,0 manat müəyyən edilmişdir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, ekspert rəyində qızıl-zinət əşyalarının dəyəri 127230,0 manat göstərilməsinə baxmayaraq iddiaçı tərəf həm istintaq orqanına təqdim etdiyi şikayətində, həmçinin iddia ərizəsində həmin qızıl zinət əşyalarını 50.000 manat dəyərində qiymətləndirdiyindən, əşyalar olmadığı təqdirdə onların dəyəri olaraq 50.000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

30. Apellyasiya şikayətinin dəlillərində biri odur ki, 180 qram çəkidə sırğa üzük dəsti və 452 qram qızılın olması inandırıcı deyil.

31. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı Bakı şəhəri Yasamal RPİnin İŞ-nin baş müstəntiqi X6 407 nömrəli material üzrə qəbul etdiyi 05 iyun 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın çıxarılmasına əsas olmuş iş materialları sorğu edilərək tədqiq edilmiş, tədqiqat zamanı müəyyən edilmişdir ki, materialda olan – siyahı üzrə “Mələk” şəkilli 750 əyarlı 1 dəstin çəkisi 18 qramdır. X21 tərəfindən tərtib edilməsi işin halları ilə müəyyən edilir.

32. Göründüyü kimi, işə birinci instansiya məhkəməsində baxılması zamanı səhvə yol verilərək “Mələk” şəkilli 180 qram çəkidə 750 əyarlı 1 dəstin cavabdehdən alınaraq iddiaçıya verilməsi qeyd edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, “Mələk” şəkilli 750 əyarlı 1 dəstin (sırğa cütü və üzük) qramına aid hissədə qətnamə dəyişdirilməlidir.

33. Cəmi çəkisi 452 qram qızılla bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, 35 ədəd qızıl boyunbağıların (üzərində 3 qalın, nazik, quran hərfli, böyük yumru medalyonlar) cəmi qramı olaraq 452 qram qeyd edilib.

34. Apellyasiya şikayətinin digər dəlili odur ki, cavabdehin qeydiyyatı Zəngilan rayonu olduğundan işə baxılarkən ərazi aidiyyəti pozulmuşdur.

35. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin arayışından müəyyən olunur ki, cavabdeh məcburi köçkün kimi məskunlaşaraq Sabunçu rayonu, Sabunçu qəsəbəsi, A.Şaiq küçəsi ev 14, mənzil 10-da yaşayır. İşdən göründüyü kimi cavabdeh tərəf işə birinci instansiya məhkəməsində baxılarkən ərazi aidiyyətini mübahisələndirməmişdir.

36. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4855/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi “Mələk” şəkilli 180 qram çəkidə 750 əyarlı 1 dəstin (sırğa cütü və üzük) Cavabdeh alınaraq İddiaçı verilməsi” hissəsində dəyişdirilməli, “Mələk” şəkilli 18 qram çəkidə 750 əyarlı 1 dəst (sırğa cütü və üzük) Cavabdeh alınaraq İddiaçı verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-4855/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi “Mələk” şəkilli 180 qram çəkidə 750 əyarlı 1 dəstin (sırğa cütü və üzük) Cavabdeh alınaraq İddiaçı verilməsi” hissəsində dəyişdirilsin. “Mələk” şəkilli 18 qram çəkidə 750 əyarlı 1 dəst (sırğa cütü və üzük) Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar