Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9994/2021 05.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, İddiaçının nümayəndəsi X5 və Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1114/2021 saylı, 20.04.2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:
1. İddiaçı, iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, yataq mebeli bir dəst, qonaq mebel dəsti, uşaq mebel dəsti, divan, mətbəx mebeli, soyuducu, paltar yuyan, ət çəkən, televizor masası, krosna aparatı, video aparatı, xalça, pərdə, çil-çıraq, döşək 6 ədəd, yorğan 5 ədəd, qaşıq-bıçaq dəsti, çaşkalı say servisi - 96 parça, çay və yemək dəsti, samovar dəsti, 3 qazan dəsti (Tefal), şirli qazan dəsti, nerjaveykadan qazan dəsti, 6 ədəd pastel dəsti, 2 ədəd məhrəba dəsti, 3 parçalı padnos dəsti, bir semodan, xrustal bakal, qrafinka, 12 ədəd xrustal stəkan, nəlbəki, 2 ədəd meyvə qabı xrustal, 2 ədəd gül qabı xrustal, 1 ədəd kombi aparatı, 7 ədəd radiatorun cavadehlərdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 19.09.2019-cu il tarixli, 2(008)-3062/2019 saylı qətnaməsi ilə cavabdehlərin Abşeron rayon İcra Hakimiyyəti 12.01.1995-ci il tarixli 25 saylı qərarı ilə, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Yeni məhəllə ərazisində ona ayrılmış torpaq sahəsindən və orada inşa edilmiş evdən əşyaları ilə birlikdə çıxarılmaları və mübahisəli evin boşaldılması qət edilmişdir. Həmçinin Bakı Apelyasiya Məhkəməsinin 13.02.2020-ci il tarixli, 2(103)-1198/20 nömrəli qətnaməsi ilə apellyasiya şikayət qismən təmin edilmiş, Ali Məhkəmənin 29.07.2020-ci il tarixli, 2(102)-404/2020 saylı qərarı ilə sonuncu qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin instansiya məhkəmələrində qeyd edilən ünvanda onun adına ayrılmış torpaq sahəsinin və üzərində inşa edilmiş evin cavabdehlər tərəfindən zəbt edilməsi öz əksini tapmışdır. Lakin cavabdeh evi boşaldarkən onun əşyalarını da götürüb getmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1114/2021 saylı, 20.04.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 uşaq mebel dəsti, 1 ədəd divan, 1 ədəd televizor və masası, 1 ədəd xalça, 1 ədəd pərdə, 1 ədəd çil-çıraq, 6 ədəd döşək, 5 ədəd yorğan, qaşıq-bıçaq dəsti, 1 ədəd xrustal gül qabı, 1 ədəd kombi aparatı və 7 ədəd radiatorun alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (sədrlik edən: Zaur Hacıyev).
4. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətləri və dəlilləri:
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinə görə cavadehlərlə bundan əvvəl mənzildən çıxarılma ilə müki mübahisə olmuş, məhkəmənin qərarına əsasən İddiaçı iddiası təmin edilərək Abşeron Rayon İcra Hakimiyyəti 12.01.1995-ci il tarixli 25 saylı qərarı ilə, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Yeni məhəllə ərazisində ona ayrılmış torpaq sahəsindən və orada inşa edilmiş evdən əşyaları ilə birlikdə çıxarılmaları və oranı tərk etmələri qərara alınmışdır. İddia tələbində qeyd edilmişdir ki, cavabdeh evi boşaldarkən onun əşyalarını da götürüb getmişdir. Qətnamədə qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən mübahisəli evdən cavabdehlərin çıxarlması barədə qərar çıxarılmışdır. Hazırda işə baxan məhkəmə bunu nəzərə alaraq idiaçı İddiaçı əmlak tələbi barədə iddia tələbini təmin etmişdir. İşə baxan məhkəmə nəzərə almalıydı ki, bu evdə yaşayan Cavabdeh1 öz əşyaları ilə yaşamış, evdən çıxanda da öz əmlakları ilə birlikdə evdən çıxmışlar. Məhkəmə qətnaməni elə əsaslanlandırmışdır ki, guya evdən çıxarma barədə qərar varsa bu əmlak tələbinə də aiddir. Halbuki əvvəlki məhkəmə qərarı evdən çıxmaya aiddir. Özü də məhkəmə qərarında qeyd edilmişdir ki, öz əmlakı ilə birlikdə çıxarılsın. Hazırki mülki iş üzrə qətnamədə qeyd edilən əmlakların İddiaçı məxsus olması harda yazılıb? Məhkəmə nəyə əsasən evdən çıxarma barədə qətnaməni hazırki mülk tələbi barədə mülki iş üzrə İddiaçı əmlakların məxsus olmasını preyudisial xarakter daşıdığını,sübuta ehriyac olmayan hal hesab etmişdir? Evdən çıxma barədə mülki iddia qaldırılmışdırsa da,orada heç bir əşya ilə çıxarılmadan söhbət getmir. 2-ci dəfə özəlləşdirmənin ləğvi ilə bağlı proses gedəndə heç bir mülkdən söhbət getmir. 3-cü dəfə mülki işə baxılanda məhkəmənin yekun qərarlarında Şadmanovaya məxsus hər hansı əmlakın ona qaytarılması ilə nəticələnən müddəa yoxdur. İddiaçı məhkəməyə qardaşı oğlunun Cavabdeh1 oğlunun onlarda olarkən şəklini təqdim edərək buradakı əmlakın guya ona məxsus olmasını iddia edir. Usaq öz əmisigildə olubsa əmlakın başqa şəxsə məxsus olmasına bunun nə aidiyəti var? Görünür iddiaçı yalançı fikirləri ilə məhkəməni yanıltmağa çalışır. İddiaçı iddia ərizəsində özü qeyd edir ki, son məhkəmə qərarında cavabdehlərin öz əmlakı ilə birlikdə evdən çıxması əks edilmişdir. Elə isə niyə yazılmırdı ki, ordakı əmlak Şadmanova Mülkücahan Cəfərqulu qızınaa məxsus olduğu üçün filan adda və sayda əmlak orda qalsın. Bütün bunlar onu göstərir ki, iddiaçı öz qərəzindən əl çəkməyərək şər və böhtanlar atmaqla, məhkəməni də yanıltmağa çalışaraq absurd bir şeylər barəsində mülktələbihaqqında iddia tələbi irəli sürmşdür. Məhkəmə isə qanunsuz olaraq iddiaçınınəsaslandırılmayan, absurd iddiasını təmin etmişdir. Tərəflərin izahatları:
6. Kollegiya iclasının vaxtı və yeri barədə Cavabdeh1 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o kollegiya iclsında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
8. Kollegiya iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili X7 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Şadmanov cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
10. Kollegiya işin hallarını apellyasiya şikayətlərinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Sübutların tədqiqi:
11. Belə ki, işdə olan Sabunçu Rayon Məhkəməsinin 19.09.2020-ci il tarixli, 2(008)-3062/2019 saylı qətnaməsinə əsasən, Cavabdeh2, X8, X4, X1, X6, X9, X3 və digərlərinin Abşeron İcra Hakimiyyətinin 12.01.1995-ci il tarixli, 25 saylı qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Yeni Məhəllə ərazisində iddiaçıya ayrılmış torpaq sahəsindən və orada inşa edilmiş evdən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 13.02.2020-ci il tarixli, 2(103)-1198/2020 saylı qətnaməsi ilə həmin qətnamə göstərilən hissədə ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq Cavabdeh2, X8, X4, X1, X6, X9, X3 və digərlərinin Abşeron İcra Hakimiyyətinin 12.01.1995-ci il tarixli, 25 saylı qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Yeni Məhəllə ərazisində İddiaçı ayrılmış torpaq sahəsindən və orada inşa edilmiş evdən əşyaları ilə birlikdə çıxarılması qət edilmiş, iddia “digər şəxslərə” münasibətdə əsassız olduğu üçün təmin olunmamışdır. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29.07.2020-ci il tarixli, 2(102)-4041/2020 saylı qərarı ilə sonuncu qətnamə dəyişdirilmədən saxlanılmışdır.
12. İş materiallarında olan, Sabunçu Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli, 2(008)- 6893/2020 saylı qərardadının icrası ilə əlaqədar Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Vüqar Alıyev, borclu Cavabdeh2 və X4 tərəfindən tərtib edilmiş 27.01.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış massivi, 154C ünvanında evə baxış keçirilib icra vərəqəsində göstərilən əmlaklardan yalnız 1 ədəd kombi aparatı və 7 ədəd radiator aşkar edilmişdir.
13. İşdə olan Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru Vüqar Alıyev, Mülkicahan Şadmanova və Nizami Şadmanov tərəfindən tərtib edilmiş 18.02.2021-ci il tarixli aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 13.02.2020-ci il tarixli, 2(103)-1198/2020 saylı icra sənədinin icrası ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Yeni Məhəllə ərazisində iddiaçıya ayrılmış torpaq sahəsində inşa edilən evə baxış keçirilmiş və yalnız 1 ədəd yataq taxtı, 1 ədəd türmo, 1 ədəd paltar şkafı aşkar edilmiş, digər əşyaların isə borclular tərəfindən götürüldüyü, evin boşaldıldığı və evdən çıxarılmaları müəyyən olunmuşdur. Həmçinin ev təhvil verilərkən əvvəllər mövcud olmuş kombi və 7 radiatorun olmadığı olmaması halı da aktlaşdırılmışdır. Hüquqi dəyərləndirmə:
14. İşə baxan birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı yataq mebel dəsti, uşaq mebel dəsti, 1 ədəd divan, 1 ədəd televizor və masası, 1 ədəd xalça, 1 ədəd pərdə, 1 ədəd çil-çıraq, 6 ədəd döşək, 5 ədəd yorğan, qaşıq-bıçaq dəsti, 1 ədəd xrustal gül qabı, 1 ədəd kombi aparatı və 7 ədəd radiatorun qaytarılması tələbini irəli sürməkdə haqlıdır. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29.07.2020-ci il tarixli, 2(102)- 4041/2020 saylı qərarı ilə qüvvədə saxlanılan Bakı Apellyasiya Məhkəməsinin 13.02.2020-ci il tarixli, 2(103)-1198/2020 saylı qətnaməsi ilə əsaslandırmışdır. Həmin qətnaməyə görə, Cavabdeh2, X8, X4, X1, X6, X9, X3 və digərlərinin Abşeron İcra Hakimiyyətinin 12.01.1995-ci il tarixli, 25 saylı qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, Yeni Məhəllə ərazisində İddiaçı ayrılmış torpaq sahəsindən və orada inşa edilmiş evdən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir.
15. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, sözügedən məhkəmə qətnaməsində hazırki cavabdehlərin evdən öz əmlakı ilə birlikdə çıxarılması qeyd edildiyindən onlar qeyd edilən məhkəmə qətnaməsinə əsasən evdən çıxanda öz əmlakları ilə birlikdə çıxmışdır. Bundan başqa, həmin qətnamədə Cavabdeh2 və başqalarının evdən çıxarkən hansı əşyaların evdə qalması, hansı əşyaların özləri ilə aparmalı olması qeyd olunmamışdır. Belə olan halda, həmin qətnamənin preyudisiallığı hazırda mübahisələndirilən əmlakların kimə məxsus olmasına aid edilə bilməz.
16. Hazırki iddianın mahiyyətindən görünür ki, iddiaçı cavabdehlərin evdən çıxan zaman özləri ilə götürdükləri əmlakların əslində cavabdehlərə məxsus əmlak olmasını mübahisələndirir. Bununla bağlı kollegiya qeyd edir ki, iddia ərizəsində qeyd edilən əmlakların iddiaçıya məxsus olması irəli sürüldüyündən həmin əmlakların həqiqətən də iddiaçıya məxsus olmasını sübut etmə yükü iddiaçının üzərinə düşür. Lakin, həmin qətnamə icra olunan zaman cavabdehlərin özləri ilə apardıqları əmlakların İddiaçı məxsus olması iddiaçı tərəfindən sübuta yetirilmir və belə bir sübutun olması iş materiallarında aşkar olunmur.
17. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
20. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, birinci instansiya məhkəməsi işdə olan, əvvəl və sonra eyni fonda çəkilmiş fotoşəkillərə istinad edərək kombi aparatının quraşdırılıb sonradan çıxarıldığı faktının olması qənaətinə gəlmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, fotoşəkillər kombi aparatının mövcudluğunu göstərir, hansı ki, cavabdeh apellyasiya şikayətində bunu inkar etmir. Belə olan halda, həmin fotoşəkilərdə əvvəl kombi aparatının olması, sonra isə olmaması həmin əmlakın həqiqətən də iddiaçıya və ya cavabdehə məxsus olması halını təsdiq etmir.
21. Sadalana xüsusatlara əsasən, kollegiya hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin ləğv edilməli, iddia rədd edilməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
23. Həmin Məcəllənin 385.1. və 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
24. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
25. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun.
26. Həmin Məcəllənin 388-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Nəticə:
27. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının atalıq faktı iş materialları ilə öz təsdiqini tapmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1114/2021 saylı, 20.04.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Anar Tanrıverdiyev