Məhkəmə qərarları › İş №2(104)-1007/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1007/2024

07.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1007/2024 07.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: yolun açılması Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan yolun açılması tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2(013)- 88/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 26 may 2010-cu il tarixli A seriyalı 212958 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Ağdam rayon Aqrar İslahat Komissiyasının 19 iyun 2009-cu il tarixli 03 nömrəli qərarı ilə fərdi yaşayış evin tikintisi üçün İddiaçı Ağdam rayonu Təzəkənd kəndində yerləşən 799,08 kv.m torpaq sahəsi verilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan yolun açılması tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Ağdam rayonu Təzəkənd kəndi ərazisində yerləşən və istifadəsində olan həyətinə gedən yolun cavabdeh tərəfindən açılması və ödənilmiş 100 manat dövlət rüsumu alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh evinə gedən yolu zəbt etdiyindən yalnız dar cığırla keçid mümkündür. Dəfələrlə cavabdehə xəbərdarlıq etsədə, sonuncu yolu açmaqdan imtina etmişdir.

4. Ağdam Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2(013)-88/2024 (hakim R.Məmmədov) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Ağdam rayonu Təzəkənd kəndi ərazisində yerləşən və istifadəsində olan həyətinə gedən yolun açılması vəsifəsinin cavabdehə həvalə edilməsi və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun cavabdehdən alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməsi; İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilməsi qət olunmuşdur.

5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 maddə, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanunun 7 maddəsi və Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 216-220, 360 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdam rayon Aqrar İslahat Komissiyasının 19 iyun 2009-cu il tarixli, 03 nömrəli qərarı ilə ona fərdi yaşayış evinin tikilməsi üçün Ağdam rayonu Təzəkənd kəndindi ərazisindən 799,08 kv.m torpaq sahəsi verilmişdir. Torpaq sahəsi fakti olaraq 1988-ci ildən istifadəsində olmuşdur. Cavabdeh onunla qonşudur və həyətyanı sahələrini 6 metr enində yol ayırır. Təxminən 8 aydır ki, cavabdeh sahəsinə gedən yolu zəbt edərək şumlatmış və hərəkəti tamamilə mümkünsüz etmişdir. Dəfələrlə cavabdehdən yolun açılmasını tələb etsədə, heç bir nəticəsi olmamışdır. Ağdam rayon İcra Hakimiyyətinə və yerli bələdiyyə orqanına yolun açılması ilə bağlı müraciət etsədə, cavabdeh yolu bağlı saxlamaqda davam etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdeh torpaq sahəsinə gedən yolu 2023-cü ildən bağlamışdır. Yolun bağlanması nəticəsində evinə gediş-gəliş məhdudlaşdırılmışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

11. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

13. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

14. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

15. Maddə 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. 16.Maddə 153.2. Qanunvericiliklə yalnız dövlət mülkiyyətində və ya bələdiyyələrin mülkiyyətində ola bilən əmlak növləri müəyyənləşdirilir.

17. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.

18. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.

19. Maddə 156.1. Bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir.

20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.

21. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

22. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

23. Maddə 18.2. Küçə və yol kimi nəzərdə tutulan torpaq sahələri ümumi istifadədə olan torpaq sahələridir.

24. Maddə 20. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir.

25. Maddə 47. Ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

26. Maddə 49. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

27. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

28. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

34. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

36. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

Apellyasiya baxışının hədləri

37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyindən hazırkı apellyasiya baxışının hədlərini, qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

41. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Ağdam rayon Aqrar İslahat Komissiyasının 19 iyun 2009-cu il tarixli 03 nömrəli qərarı ilə fərdi yaşayış evin tikintisi üçün İddiaçı Ağdam rayonu, Təzəkənd kəndindi ərazisindən 799,08 kv.m torpaq sahəsi verilmiş və bu barədə 26 may 2010-cu il tarixli A seriyalı 212958 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə gedən və ümumi istifadədə olan avtomobil yolununun Cavabdeh tərəfindən zəbt edilməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi isə iş üzrə ekspertiza təyin etmədən iddianı rədd etmişdir.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

43. İlkin olaraq kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Apellyasiya icraatı zamanı iş üzrə tam, hərtəfli və obyektiv araşdırlmanın təmin edilməsi üçün Ağdam rayon Aqrar İslahat Komissiyasının 19 iyun 2009-cu il tarixli 03 nömrəli qərarı ilə fərdi yaşayış evin tikintisi üçün İddiaçı verilmiş torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulub-tutulmaması, gediş-gəliş yolu nəzərdə tutulduğu halda isə həmin yolun (hansı hissədə) Cavabdeh tərəfindən tutulubtutulmaması müəyyən edilməsi üçün iş üzrə tikinti-texniki və torpaqşünaslıqyerquruluşu ekspertizaları təyin olunmuşdur.

45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 26 avqust 2024-cü il tarixli 10/3881 nömrəli ekspert rəyindən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 25 iyul 2024-cü il tarixli yəin məlumatlarına istinaq olunaraq Ağdam rayonu Təzəkənd kənd yaşayaış məntəqəsinin xüsusi mülkiyyət, bələdiyyə və dövləıt mülkiyyətinə verilən torpaqların planına əsasən JN-10A nömrəli şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmuşdur. İddiaçı və cavabdehin iştirakı ilə mübahisələndirilənm yolun koordinatları naturada təyin edilərək Ağdam rayon Təzəkıənd kənd yaşayış məntəqəsinin xüsusi mülkiyyətə, bələdiyyə və dövlət mülkiyyətinə verilən torpaqların planı layihəsi ilə müqayisələndirildiyi göstərilmişdir. Məlum olmuşdur ki, Cavabdeh tərəfindən mübahisələndirilən gediş-gəliş yolunun 295 kv.m hissəsi tutulduğu göstərilmişdir.

46. Göründüyü kimi, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə yol nəzərədə tutulmuş və həmin yolun 295 kv.m hissəsini Cavabdeh heç bir hüquqi əsas olmadan zəbt etmişdir. Qeyd olunanlar isə onu deməyə əsas verir ki, iddia tələbi əsaslıdır.

47. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2(013)-88/2024 nömrəli qətnaməsi ləğv olunmalı, iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan Ağdam rayonu, Təzəkənd kəndində yerləşən 799,08 kv.m torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun Cavabdeh tərəfindən tutulmuş 295 kv.m hissəsi onun tərəfindən açılmalıdır.

48. Həmçinin işdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Kollegiya hesab edir ki, ekspertiza tətqiqatının dəyəri 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesabına ödənilməli, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 385, 392-393, 402 və 405-c maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2(013)-88/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan yolun açılması tələbinə dair iddiası təmin edilsin. İddiaçı mülkiyyətində olan Ağdam rayonu, Təzəkənd kəndində yerləşən 799,08 kv.m torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun Cavabdeh tərəfindən tutulmuş 295 kv.m hissəsi onun tərəfindən açılsin və həmin yoldan istifadəyə mane aradan qaldırılsın. Aparılmış ekspertiza tətqiqatının dəyəri 100 manat Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, hesab № AZ34CTRE******************** hesabına ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar