Məhkəmə qərarları › İş №2(104)-102/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-102/2024

02.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-102/2024 02.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, onun vəkili X4 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ümumi mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(076)-614/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, ümumi birgə mülkiyyətdə olan DƏDRX-dən xx.xx.2019-cu ildə **********48 reyestr nömrəli çıxarış əsasında 2.37 ha torpaq sahəsinin ona aid 1.11 ha hissəsinin naturada bölünüb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(076)-614/2020 nömrəli qətnaməsi ilə (hakim Könül Məmmədov) iddianın təmin edilməsi, xx.xx.2019-cu il qeydiyyat tarixli, **********48 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında qeyd edilmiş 2.3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən İddiaçı payına düşən 1.11636 ha hissəsi torpaq sahəsinin cənub-qərb hissəsindən naturada ayrılaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli 2(104)- 145/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Şəmkir Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(076)-614/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması; Ekspert tədqiqatının dəyəri 50 (əlli) manatın Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 mart 2023-cü il tarixli 2(102)-201/2023 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-145/2022 nömrəli iş üzrə 18 iyul 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və ailə üzvlərinə 2.37 ha pay torpaq sahəsi verilmişdir. Ailə üzvləri həmin torpaq sahəsinin 1.26 ha hissəsini Cavabdeh satmışlar. Həmin torpaq sahəsinə dair 29 iyul 2019-cu il tarixli, **********48 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışdır. Həmin torpaq sahəsinin 1,26 ha hissəsi cavabdehin adına, 1,11 ha hissəsi isə onun adına qeydə alınmışdır. Sözügedən torpaq sahəsində olan payının naturada ayrılmasını istəyir. İş materiallarında olan: xx.xx.2019-cu il qeydiyyat tarixli, **********48 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı payı 1.11636 ha və Cavabdeh payı 1.26003 ha olmaqla onların ümumi birgə mülkiyyətində Şəmkir rayonu Qapanlı kəndi ərasizində 2.3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertizası Mərkəzinin 13 may 2020–ci il tarixli 192 nömrəli rəyində qeyd edilmişdir ki, Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 2.3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada bölünməsinin mümkün olduğu, İddiaçı tələb etdiyi 1.11636 ha payının ümumi torpaq sahəsindən gediş-gəliş yolunun nəzərdə tutulması ilə ayrılması torpaq sahəsinin cənub–qərb hissəsindən mümkün olduğu müəyyən edilir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyun 2022-ci il tarixli 10/2960 saylı ekspert rəyində qeyd edilmişdir ki, Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən xx.xx.2019-cu il qeydiyyat tarixli, **********48 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında ümumi mülkiyyətdə olan 2.37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin iki hissəyə, yəni Cavabdeh payı 1.26003 ha, İddiaçı isə payı 1.11636 ha olmaqla naturada iki hissəyə ayrılması hər iki sahəyə ayrı-ayrılıqda gediş-gəliş yolları müəyyən olunmaqla məhkəmə tikinti-texniki ekspertizasının həlli metodlarında göstərilənlərə əsasən mümkündür və sxem rəyə əlavə olunur. Mülki iş materiallarında olan plan ölçü sənədində gediş-gəliş yolları göstərilmədiyi səbəbindən hər iki sahəyə ayrı-ayrılıqda gediş-gəliş yolları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti publik 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən yerində müəyyən edilə bilər; Hazırkı apellyasiya icraatı zamanı 07 iyul 2023-cü il tarixdə məhkəmə kollegiyası tərəfindən iş üzrə tərəflərin, o cümlədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mühəndisi İlqar Məmmədovun iştirakı ilə mübahisəli torpaq sahələrinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, tərəflərin paylı mülkiyyətində olan hər iki torpaq sahəsi ümumi istifadədə olan yolun alt hissəsində yerləşir və həmin torpaq sahələrinə ayrıayrılıqda gediş-gəliş yolları vardır, eləcə də hər iki torpaq sahəsinin üst hissəsindən su arxı keçməklə hər iki sahənin ayrı-ayrılıqda suvarılması mümkündür. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi bütövlüklə Cavabdeh tərəfindən istifadə olunmaqla həmin sahədə mövsümə uyğun olaraq yonca, taxıl və.s əkilir. Hazırkı apellyasiya icraatı zamanı alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2024-cü il tarixli 3-16-16/2-10/6791 nömrəli ekspert rəyindən görünür ki. Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 2,3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üç tərəfdən qonşu torpaq sahələri ilə, bir tərəfdən yol ilə əhatə olunduğu nəzərə alınaraq həmin torpaq sahəsindən İddiaçı 1.11636 ha payının və Cavabdeh 1.26003 ha payının naturada iki hissəyə ayrılması məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarına əsasən mümkündür. Torpaq sahəsinin bölgü sxemi rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, torpaq sahəsini 2014-cü ilin may ayında iddiaçının anasından almış, 23 may 2014-cü il tarixdə isə torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmışdır. Aldığı vaxtdan torpaq sahəsinə külli miqdarda pul sərf edərək əkinə yararlı hala salmışdır. Hazırda özünə aid hissədə yonca əkdirmişdir. Torpaq sahəsinin 6 ildir ki, əkdiyi və istifadəsində olan hissəsinin ekspert rəyinə əsasən iddiaçıya verilməsi onun mülkiyyət hüquqlarını pozur. İş üzrə verilmiş ekspert rəyində qeyd edilmişdir ki, 1,11636 ha ümumi torpaq sahəsindən gediş-gəliş yolu nəzərə alınaraq, İddiaçı şimal-şərq hissədən, Cavabdeh düşən 1,26003 ha torpaq sahəsi cənub-qərbdən bölünərək sxemdə göstərilir. Rəyin nəticə hissəsində isə göstərilmişdir ki, İddiaçı tələb etdiyi 1,11636 ha payının ümumi torpaq sahəsindən gediş-gəliş yolunun nəzərdə tutulması ilə naturada ayrılmasının torpaq sahəsinin cənub-qərb hissəsindən mümkündür. Göründüyü kimi ekspert rəyi özü-özlüyündə ziddiyyət doğurur. Həmin ziddiyyətin aradan qaldırılması üçün iş üzrə təkrar ekspertiza təyin edilməli idi. Apellyasiya şikayəti üzrə izahatlar: 16 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) X3 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh mübahisəli torpaq sahəsindən istifadə etmək üçün iddiaçının anası ilə razılığa gəlmişdir və İddiaçı da bundan xəbəri olmuş, həmçinin aralarında buna dair razılıq əldə edilmişdir. Hətta bunun müqabilində cavabdeh tərəfindən iddiaçıya pul da ödənilib. Torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən hissəsi əvvəllər istifadəyə yararsız vəziyyətdə olmuşdur, cavabdeh torpaq sahəsini aldıqdan sonra xeyrli xərc çəkərək həmin hissəni yararlı vəziyyətə salmışdır. 16 iyun 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, anası ailə üzvləri ilə birlikdə onların mülkiyyətinə verilmiş Şəmkir rayonu Qapanlı kəndində yerləşən torpaq sahəsinin özünə aid olan hissəsini Cavabdeh satmışdır. Torpaq sahəsinin cavabdehə satılan hissəsi əvvəllər onun istifadəsində olmuşdur. Cavabdehə torpaq sahəsinin bir hissəsi satılmışdır, lakin sonuncu torpaq sahəsinin onlara məxsus hissəsindən də istifadə edir. Bu səbəbdən torpaq sahəsinin özünə məxsus hissəsindən də istifadə edə bilmir. Cavabdeh imkan vermir ki, özlərinə məxsus torpaqdan istifadə etsinlər. Bundan başqa, Cavabdeh torpaq sahəsinin ona məxsus olan hissəsindən istifadə üçün hər hansı pul vəsaiti verməmişdir. Cavabdeh ona bildirmişdir ki, texnikası və işçi qüvvəsi var, torpaq sahəsindən bütövlükdə, yəni onlara aid hissədən də istifadə etmək istəyir. Hətta cavabdeh bunun müqabiində ona pul ödəməyi də təklif etmiş, lakin hər hansı ödəniş etməmişdir. Cavabdeh torpaq sahəsində əkinçilik fəaliyyəti ilə məşğul olur və orada əsasən taxıl və qarğıdalı əkərək ildə iki dəfə məhsul götürür. Torpaq sahəsinin özünə məxsus hissəsindən payının naturada ayrılmasını xahiş edir. 24 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) X3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, alqı-satqı müqaviləsi əsasında nümayəndəsi olduğu şəxsə satılan torpaq sahəsi yararsız halda olub. Sonuncu torpaq sahəsinin həmin hissəsini yararlı hala gətirib, sonra isə həmin hissədən istifadə edib. 24 iyul 2023-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinin 1,11 ha hissəsini Cavabdeh istifadə edir. Mübahisəli torpaq sahəsindən alqı-satqıdan əvvəl, o, sonra isə cavabdeh istifadə etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) X3 apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlarına əlavəsi olmadığını bildirərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, hazırda paylı mülkiyyətində olan 1.11 ha mübahisəli torpaq sahəsini 1997-ci ildən 2014-cü ilə qədər istifadə etmiş və orada taxıl, yonca və.s əkmişdir. Torpaq sahəsi Cavabdeh satılan zaman əkinçilik üçün yararlı vəziyyətdə olmuşdur. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı bildirmişdir ki, 2014-cü ildən Cavabdeh onu torpaq sahəsinə buraxmır, hər dəfə müraciət edəndə torpaq sahəsini qaytaracağını bildirmiş, beləliklə də onu yubatmışdır. Cavabdeh torpaq sahəsi satılanda satılan hissənin yeri dəqiq müəyyən edilməmişdir. Torpaq sahəsindən istifadə qaydaları ilə bağlı aralarında razılaşma olmamışdır, çünki 2014-cü ildən, yəni torpaq sahəsinin bir hissəsi cavabdehə satıldıqdan sonra torpaq sahəsi bütövlükdə cavabdeh tərəfindən istifadə edilmişdir. Həmçinin bildirmişdir ki, Cavabdeh ona demişdir ki, torpaq sahəsindən bütövlükdə, yəni onlara aid hissədən də pul müqabilində istifadə etmək istəyir. O da, Cavabdeh təklifi ilə razılaşsa da, lakin o hər hansı ödəniş etməmişdir. Bundan sonra o, torpaq sahəsinin özünə aid hissəsindən istifadə etmək istəsə də, Məhərrəm ona imkan verməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X4 da apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavadeh Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Lakin kollegiyanın iclasında cavabdehi onun etibarnamə üzrə nümayəndəsi (vəkil) X3 təmsil etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə cavadeh Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə İddiaçı və onun ailə üzvlərinə 2.3764 ha pay torpaq sahəsi verilmişdir. İddiaçının anası həmin torpaq sahəsinin 1.26003 ha hissəsini Cavabdeh satmışdır. Həmin torpaq sahəsinə dair İddiaçı adına 29 iyul 2019cu il tarixli, **********48 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Sözügedən torpaq sahəsinin 1.11636 ha hissəsi iddiaçının, 1.26003 ha hissəsi isə cavabdeh adına qeydə alınmışdır. Beləliklə torpaq sahəsi tərəflərin paylı mülkiyyətindədir. Bununla yanaşı müəyyən olunmuşdur ki, torpaq sahəsi bütövlükdə Cavabdeh tərəfinən istifadə olunmaqla həmin sahədə mövsümə uyğun olaraq yonca və.s əkilir. Paylı mülkiyyətçi İddiaçı torpaq sahəsinin mülkiyyətinə düşən hissəsinin naturada ayrılması barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisə paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması barədə yaranan mübahisədir və qanunvericiliyin aşağıdakı normaları əsasında həll edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə müvafiq olaraq, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.5-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ əmlakın fiziki cəhətdən bölünməsini nəzərdə tutmayan, lakin yaranacaq ümumi paylı mülkiyyətdə payların nisbətini faizlə müəyyənləşdirən bölünmə planı əsasında bölünə bilər. Mülkiyyətçi tərəfindən tərtib edilən belə bölünmə planı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edildikdən sonra mülkiyyətçinin bölünmə nəticəsində yaranan payların hər birinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Həmin Məcəllənin 223-cü maddəsinə əsasən, birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 220-ci maddəsi çıxış edir. Həmin normaya əsasən, paylı mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər, paylı mülkiyyətçilər ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında da göstərilmişdir ki, ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, daşınmaz əmlakda mövcud olan payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bunun üçün aydın bir bölgü planının da tərtiblənməsi zəruridir. Əks halda payın naturada ayrılması tələbi təmin oluna bilməz. Ona görə də yaranmış vəziyyətdə daşınmaz əmlak olan torpaq sahəsinin ayrılıqda bölünmə predmeti ola bilməsi üçün ilkin olaraq araşdırılmalı olan hal belə bir bölgünün aparılmasının mümkünlüyüdür. Daşınmaz əmlak üzrə payın naturada ayrılmasının texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. Hazırkı iş üzrə kassasiya instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli qərarında hüquqi mövqeyini belə əsaslandırmışdır ki, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Eyni dəlillər cavabdehin apellyasiya şikayətində də əks olunmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi həmin dəlillərə öz aktında münasibət bildirməmiş və hüquqi qiymət verməmiş, dəlilləri qəbul yaxud rədd etdiyini qətnaməsində əsaslandırmamışdır. Əvvəlcə müəyyən edilməli idi ki, şikayətin dəlilləri onda qeyd olunan faktlarla bağlı həqiqəti əks etdirirmi? Əgər etdirirsə, o halda torpaq sahəsinin 2014-cü ilin may ayında iddiaçının anasından alınmasının və xx.xx.2014-cü il tarixdə DƏDRX-də qeydə alınmasının hazırkı mülki işə hansı təsirinin olduğu, xx.xx.2014-cü il tarixli qeydiyyatın kimin hansı hüquqlarını hansı sərhədlər daxilində təsbit etdiyi, torpaq sahəsi 2014-cü ilin may ayında alınarkən və xx.xx.2014-cü il tarixli qeydiyyat aparılarkən tərəflər arasında əmlakdan istifadə qaydaları (sərhədlər, suvarma yaxınlığı, əsas yola çıxış və sair) ilə bağlı razılığın əldə olunub-olunmadığı, torpaq sahəsi həmin dövrdən cavabdeh tərəfindən əkinə yararlı hala salınmışdısa və o, hazırda da sahənin cənub-qərb hissəsində yonca əkmişsə, iddiaçının bu faktlara münasibəti, torpaq sahəsinin cavabdehin əkdiyi (istifadəsində olan) cənub-qərb hissəsinin ona verilməsi və onun tərəfindən istifadə olunması ilə bağlı tərəflər arasında hər hansı razılaşmanın mövcud olub-olmamadığı da apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmalı idi. Bundan əlavə, iddiaçı birinci instansiya məhkəməsində verdiyi izahatında cavabdehin onun payına düşən hissədən istifadə etməyə imkan vermədiyini göstərsə də, iş üzrə alınmış xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində baxış keçirilən dövrdə torpaq sahəsinin iddiaçının istifadəsində olduğu qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu ziddiyyətli məqama da aydınlıq gətirilməmişdir Məhkəmə kollegiyası göstərir ki, işə təkrar apellyasiya qaydasında baxılan zaman kassasiya instansiya məhkəməsinin qərarında olan göstərişlərə əməl edilməlidir. Çünki, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsində qeyd olunmuşdur ki, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Hazırkı apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq iş üzrə tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsinin naturada bölünüb-bölünə bilməməsinin müəyyən olunması üçün müvafiq ekspertiza təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2024-cü il tarixli 3-16-16/2-10/6791 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 2,3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üç tərəfdən qonşu torpaq sahələri ilə, bir tərəfdən yol ilə əhatə olunduğu nəzərə alınaraq həmin torpaq sahəsindən İddiaçı 1.11636 ha payının və Cavabdeh 1.26003 ha payının naturada iki hissəyə ayrılması məhkəmə tikinti-texniki ekspertizasının Həlli Metodlarına əsasən mümkündür. Torpaq sahəsinin bölgü sxemi rəyə əlavə olunmuş sxemdə ətraflı göstərilmişdir. Rəydən göründüyü kimi, rəy verilərkən mübahisəli torpaq sahəsinə baxış keçirilərək real vəziyyəti öyrənilmiş, gəlinən nəticə kifayət qədər əsaslandırılmışdır. Göründüyü kimi ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, mülkün naturada hansı qaydada bölünməsi, habelə giriş-çıxış yolları açıq-aydın göstərilmişdir. MPM-nin 101.3-cü maddəsinin tələbinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsində göstərilmişdir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası hazırki iş üzrə ekspert rəyini Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən araşıdırıb qiymət verərək hesab edir ki, rəydə gəlinən nəticə əsaslıdır və rəy sübut kimi qəbul edilməlidir. Digər tərəfdən hazırkı apellyasiya icraatı zamanı 07 iyul 2023-cü il tarixdə məhkəmə kollegiyası tərəfindən iş üzrə tərəflərin, o cümlədən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin mühəndisi İlqar Məmmədovun iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, tərəflərin paylı mülkiyyətində olan hər iki torpaq sahəsi ümumi istifadədə olan yolun alt hissəsində yerləşir və həmin torpaq sahələrinə ayrı-ayrılıqda gediş-gəliş yolları vardır, eləcə də hər iki torpaq sahəsinin üst hissəsindən su arxı keçməklə hər iki sahənin ayrı-ayrılıqda suvarılması mümkündür. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi bütövlüklə Cavabdeh tərəfindən istifadə olunmaqla həmin sahədə mövsümə uyğun olaraq yonca, taxıl və.s əkilir. Beləliklə işin müəyyən olunmuş və faktiki halları ilə müəyyən edilir ki, tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsi bütövlükdə Cavabdeh istifadəsində olmaqla onun tərəfindən əkilib becərilir. Bununla yanaşı müəyyən olunmuşdur ki, hər iki həmin torpaq sahəsinə ayrı-ayrılıqda gediş-gəliş yolları olmaqla, həm də torpaq sahələrinin ayrı-ayrılıqda suvarılması da mümkündür. Həmçinin kassasiya instansiyası məhkəməsinin göstərişlərinə uyğun olaraq məhkəmə kollegiyasının araşdırması zamanı mübahisəli torpaq sahəsinin 2014-cü ilin may ayına kimi, yəni mövcud alqı-satqıdan əvvəl əkinə yararlı olması və Cavabdehlə iddiaçı və onun anasının birgə mülkiyyətində olan Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 2.3764 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.26003 ha hissəsinin alqı-satqısı aprılarkən əvvəlcədən tərəflər arasında torpaq sahəsini kimin hansı sərhədlər daxilində istifadə etməsi barədə razılaşmalarının mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, kollegiyanın iclasında İddiaçı izahatında “paylı mülkiyyətində olan 1.11 ha mübahisəli torpaq sahəsini 1997-ci ildən 2014-cü ilə qədər istifadə etdiyini və orada taxıl, yonca və.s əkdiyini, torpaq sahəsi Cavabdeh satılan zaman əkinçilik üçün yararlı vəziyyətdə olduğunu, torpaq sahəsindən istifadə qaydaları ilə bağlı aralarında razılaşma olmadığını, 2014-cü ildən, yəni torpaq sahəsinin bir hissəsi cavabdehə satıldıqdan sonra torpaq sahəsi bütövlükdə cavabdeh tərəfindən istifadə edildiyini, Cavabdeh pul müqbilində torpaq sahəsinin ona aid hisssəsindən də istifadə etməsi təklifi ilə razılaşdığını, lakin sonradan Cavabdeh pul vermədiyini və bundan sonra o, torpaq sahəsinin özünə aid hissəsindən istifadə etmək istəsə də, Cavabdeh ona imkan vermədiyini” bildirmişdir. Cavabdeh tərəf isə iddiaçının izahatında göstərdikləri ilə bağlı hər hansı arqument irəli sürməmişdir. Şərh olunanları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəsi gedən əmlakın ekspert rəyində göstərilən qaydada naturada ayrılmasını məqsədəmüvafiq hesab etməkdə haqlı olmuşdur və apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Çünkü birincisi, birgə mülkiyyətin mülkiyyətçiləri olan tərəflər arasında əmlaka sahiblik və ondan istifadədə razılaşma olmadığı, mübahisəli torpaq sahəsindən iddiaçının istifadə etməsinə maneələr yaradıldığı, həmçinin tərəflərin paylarına uyğun torpaq sahəsinin naturada bölünmə barədə razılığa gələ bilmədikləri müəyyən edilmiş, bu baxımdan iddiaçı, öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etməkdə haqlı olmuşdur. İkincisi isə, apellyasiya şikayətində irəli sürülən dəlillər işin müəyyən olunmuş və faktiki halları ilə təkzib edilmişdir. MPM-nin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəlki və hazırkı apellyasiya icraatları zamanı keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri (50+50=100) 100 (bir yüz) manat təşkil edir. Kollegiyas hesab edir ki, həmin vəsait cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 10 iyun 2020-ci il tarixli 2(076)-614/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 100 (bir yüz) manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar