Məhkəmə qərarları › İş №2(104)-1020/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1020/2024

10.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1020/2024 10.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X5 cavabdeh X8 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(125)-898/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 14 may 2021-ci il tarixli, AE seriyalı 076729 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** SO *** dövlət qeydiyyat nişanlı, «Opel Omega» minik mrkalı avtomobil X3 mülkiyyətindədir.

2. Sumqayıt şəhər 3 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş 12 noyabr 2021-ci il tarixli, 7E-25799 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, X7 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi 12 noyabr 2031-ci il tarixədək İddiaçı etibar etmişdir.

3. 28 iyul 2022-ci il tarixli, 657 nömrəli icarə müqaviləsinin surətindən görünür ki, ** SO *** dövlət qeydiyyat nişanlı «Opel Omega» markalı avtomobil 10 ay müddətinə, hər ay 274 manat olmaqla, cəmi 2.740 manat məbləğinə Cavabdeh icarəyə vermişdir. Müqavilədə icarəyə verən şəxsin adı qeyd olunmasada, lakin icarəyə verən qrafasında imza edən şəxs İddiaçı göstərilmişdir.

4. 02 avqust 2023-cü il tarixli təklifin surətindən görünür ki, Cavabdeh icarə müqaviləsinin şərtlərini könüllü icra etməsi barədə xəbərdarlıq edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Səmədov X6 Kamran Qiyas oğluna qarşı pul tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehədən ödənilməmiş icarə haqqının əvəzi qismində 2.740 manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismidə 48 manat və ödənilmiş vəkil xərcinin əvəzi qismində 100 manat cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında «Opel Omega» minik markalı, ** SO *** dövlət qeydiyyat nişanlı avtomobilə dair icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə görə Cavabdeh 10 ay müddətinə, hər ay 274 manat olmaqla, cəmi 2740 manatı ona ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə bağlanan gündən öhdəliyi icra etməmişdir. Ona görədə 2740 manat borc yaranmışdır. Cavabdeh pretenziya qaydasında müraciət edərək 10 gün müddətində aralarında olan müqavilənin şərtlərinin icra edilməsini, əks halda pul tələbinə dair iddia ilə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Lakin Cavabdeh buna məhəl qoymamışdır.

7. Gəncə Şəhər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(125)-898/2024 nömrəli qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasının təmin edilməməsi qət olunmuşdur.

8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.1, 362.1, 675, 700.1, 700.2 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 50.2, 69.1, 74.1, 76.1, 77.1, 106.1, 216-220, 227, 358-360 və 362-ci maddələrinə istinad etmişdir.

b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, Cavabdeh ilə aralarında ** SO *** dövlət qeydiyyat nişanlı Opel Omega minik markalı avtomobilə dair icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə görə Cavabdeh 10 ay müddətə hər ay 274 manat olmaqla, cəmi 2740 manat ona ödəməyi öhdəsinə götürmüşdür. ** SO *** dövlət qeydiyyat nişanlı Opel Omega minik markalı avtomobilin mülkiyyətçisi X7 olsada sonuncu ona həmin avtomobilə, eləcədə məhkəmədə təmsilçiliyə dair etibarnamə vermişdir. Avtomobili etibarnamə ilə X1 almışdır, avtomobilin mülkiyyətçisi X7 olsa da, qanuna müvafiq olaraq bütün hüquqlar ona verilmişdir. Məhkəmə onun iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququnun olmamasını qeyd etsədə əslində düzgün nəticəyə gəlməmişdir. O avtomobilin geri qaytarılması ilə bağlı iddia qaldırsaydı o zaman məhkəmə gəldiyi nəticədə hardasa haqlı olardı. İddia avtomobilin geri qaytarılması deyil, müqavilə üzrə pulun ödənilməsindən ibarətdir. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ var.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

14. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

15. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

16. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

17. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

22. Maddə 384.0.1. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. Hazırkı işin faktiki hallarından müəyyən olunur ki, X7 mülkiyyətində olan «Opel Omega» markalı, ** SO *** dövlət qeydiyyat nişanlı avtomobilə dair adından İddiaçı notariat qaydada etibarnamə verərək, sonuncuya həmin əmlakı idarə etmək və onun barəsində sərəncam vermək, qanunla müəyyən edilmiş qaydada bütün əqdləri bağlamaq, o cümlədən satmaq, bağışlamaq, icarəyə vermək, əmlakı ipotekaya qoymaq və sair səlahiyyətlər vermiş, İddiaçı da həmin avtomobili 28 iyul 2022-ci il tarixdə Cavabdeh hər ay 274 manat ödənilməklə 10 ay müddətə icarəyə vermiş və müqavilə icarəyə verən şəxs qismində onun özü, icarə alan şəxs qismində isə Cavabdeh tərəfindən imzalanmışdır. Sonuncu müqavilə üzrə ödənilməli olan 2740 manatı ödəmədiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia qaldırmaqda subyektiv hüququn olmaması əsası ilə iddianı rədd etmişdir.

29. Kollegiya hesab edir ki, iddia tələbini həmin əsasla təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.

30. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.2-ci maddəsinə əsasən, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.

31. Göründüyü kimi, mülki prosessual qanunvericilik mülki məhkəmə icraatında tərəflərin dairəsini müəyyən edir. Normanın məzmunundan aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman tərəf ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarının bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşı-qarşıya duran tərəf mövcuddur. Tərəflər işdə iştirak edən şəxslər üçün nəzərdə tutulmuş ümumi hüquqlara malikdirlər. Mülki prosesdə tərəflər iddiaçı və cavabdeh adlanır. İddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmədə iddia qaldırmış şəxsdir. Cavabdeh isə iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur.

32. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi özünün 30 iyul 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Başqasından nəyisə tələb etmək hüququ da belə hüquqlardan biridir.

33. Yuxarıda da qeyd olunduğu kimi «Opel Omega» markalı, ** SO *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4r və sonuncu adından həmin əmlakı idarə etmək və onun barəsində sərəncam vermək, qanunla müəyyən edilmiş qaydada bütün əqdləri bağlamaq, o cümlədən satmaq, bağışlamaq, icarəyə vermək, əmlakı ipotekaya qoymaq və sair barədə İddiaçı səlahiyyətlər vermiş, sonuncuda həmin avtomobili 28 iyul 2022-ci il tarixdə Cavabdeh hər ay 274 manat ödənilmək şərtilə 10 ay müddətə icarəyə vermiş və müqavilə icarəyə verən şəxs qismində onun özünün, icarə alan şəxs qismində isə Cavabdeh tərəfindən imzalanmışdır.

34. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndi ilə əlaqəli şəkildə şərh olunmasına dair” Azərbaycan Respublikası Kontitusiyası Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, etibarnamə konkret subyektə münasibətdə təmsil olunanın iradə və maraqlarının realizə və təmin edilməsi məqsədilə verilir və etibarnamə üzrə təmsilçi təmsil olunanın ifadə etdiyi iradəsinin vasitəçisi qismində çıxış edir.

35. Göründüyü kimi, tələb olunan 2740 manat borc «Opel Omega» markalı, ** SO *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh verilməsi əsasında yaranmış icarə haqqından irəli gəlir. Həmin avtomobilin mülkiyyətçisi isə X4r. Belə olan təqdirdə hazırkı tələb hüququ da mülkiyyətçi Dəniz İbrahimovaya məxsusdur. Ona görə də kollegiya hesab edir ki, iddia tələbini yuxarıda qeyd olunan əsasla rədd etməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Gəncə Şəhər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(125)-898/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli 2(125)-898/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar