Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1033/2024 06.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh, X4, X3 və X2 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2(058)- 14/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh, X4, X3 və X2 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, ümumi mülkiyyətdə olan 0,56 torpaq sahəsinin ona aid 4/25 hissəsinə dair çıxarış alması üçün torpaq sahəsinin naturada bölünüb iddiaçıya verilməsi və sərhədlərin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2(058)-14/2024 nömrəli qətnaməsi ilə (hakim T.Kərimova) iddia tələbi təmin olunmamışdır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2024-cü il tarixli 2(104)-1033/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş və baxılması üçün 06 may 2024-cü il tarixə saat 14-30 təyin edilmişdir. iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı bildirmişdir ki, iddia tələbi təmin olunmasada, lakin həmin qətnamədən apellyasiya şikayəti verməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər X4, X3 və X2 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir. Yuxarıda da qeyd olunduğu kimi İddiaçı cavabdehlər Cavabdeh, X4, X3 və X2 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi tələbinə dair iddiasi Samux Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2(058)-14/2024 nömrəli qətnaməsi ilə təmin olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1. maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 363.1.1. maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 384.0.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Mülki prosessual qanunvericiliyə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İnsan və vətəndaş hüquq və azadlıqlarının müfadiəsinin vasitələrindən biri də məhkəmə müdafiəsi hüququdur. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Bu müddəa yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət vermək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Bu hüquqlar birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktlarından şikayət verilməsi yolu ilə həyata keçirilir və həmin şikayətlər apellyasiya və kassasiya qaydasında baxılan işlər üzrə qəbul ediləcək qərarların ədalətli həll olunmasına yönəlir. Məhkəmə müdafiəsi hüququnun səmərəliliyi bir sıra amillərdən, o cümlədən mülki işə baxılarkən yol verilmiş məhkəmə səhvlərinin, yəni maddi və prosessual hüquq normalarının pozulması hallarının aradan qaldırılması imkanının müəyyən olunmasından əhəmiyyətli dərəcədə asılıdır. Buna görə də qüvvədə olan mülki prosessual qanunvericilik mülki işlər üzrə çıxarılmış məhkəmə aktlarına yenidən baxılması imkanlarını nəzərdə tutmuşdur ki, apellyasiya instansiyası məhkəməsində icraat da bu imkanlardan biridir. Apellyasiya şikayəti onu vermək hüququna malik olan şəxslərin birinci instansiya məhkəməsinin qətnaməsi ilə pozulmuş hesab etdikləri hüquqlarının və ya qanunla qorunan mənafelərinin müdafiə, yaxud təsdiq olunması üçün apellyasiya instansiyası məhkəməsinə müraciətin prosessual formasıdır. Göründüyü kimi, mülki prosessual qanunvericilik birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsinin prosessual hüquqi əsaslarını, şərtlərini və qaydalarını müəyyən etmişdir. Samux Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2(058)-14/2024 nömrəli qətnaməsi ilə iddianın təmin olunmaması, həmin iş üzrə Cavabdeh qanunla qorunan hüquq və mənafelərini pozmur. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə zidd icraata qəbul olunduğundan, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2024-cü il tarixli 2(104)- 1033/2024 nömrəli qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmalı, Samux Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2(058)-14/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.5. maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 384, 399 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Samux Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2(058)-14/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 aprel 2024-cü il tarixli 2(104)-1033/2024 nömrəli qərardadı ləğv edilsin. Samux Rayon Məhkəməsinin 23 yanvar 2024-cü il tarixli 2(058)-14/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün edilsin və iş apellyasiya baxışından çıxarılsın. Apellyasiya şikayəti geri qaytarılması üçün iş Samux Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1033/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1033/2024
06.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver