Məhkəmə qərarları › İş №2(104)-1052/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1052/2024

31.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1052/2024 31.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinə qarşı, qarşılıqlı iddia üzrə iddiaçı «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı mülki iş üzrə Açar sözlər: sudan istifadə ilə bağlı yaranmış borcun silinməsi; sudan istifadəyə görə yaranmış borcun tutulması tələbləri. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə3 və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Törəmə Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin cavabdeh İddiaçı qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2(125)-103/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 31 may 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2014-cü il tarixli, RX ******* seriya nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri X9 prospekti 54D ünvanında yerləşən qeyri yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır;

2. Cavabdeh1 ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023- cü il tarixli xəbərdarlıqdan görünür ki, 40328 manat ödənilməmiş borcun ödənilməsi, əks təqdirdə göstərilən xidmətlərin dayandırılması, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin məhkəmə qaydasında tutulması barədə xəbərdarlıq olunmuşdur;

3. İcarəyə verən İddiaçı ilə icarəçi X3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, Gəncə şəhəri Ş.İ.Xətai prospekti 54D ünvanda yerləşən qeyri-yaşayış sahəsi icarə haqqı hər ay üçün 350 manat olmaqla, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək icarəyə verən İddiaçı tərəfindən icarəçi X1 müvəqqəti istifadəsinə verilmişdir;

4. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 may 2019-cu il tarixli 2-1(104)-349/2019 nömrəli qərarının surətindən görünür ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(83)-95/2019 saylı qərarından Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(83)-95/2019 saylı qərarı dəyişdirilmiş, İddiaçı məxsus Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 54D ünvanında yerləşən yanacaq doldurma məntəqəsində su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsinə dair müqavilənin bağlanması və həmin obyektin su xətti üzərində iddiaçının vəsaiti hesabına quraşdırılacaq su sayğacının istismara qəbul edilməsi vəzifəsi Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması qərara alınmışdır;

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 54D ünvanında yerləşən təsərrüfat obyektinin xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı tərəfindən icarəyə verilməsi və qeyd edilən təsərrüfat obyektinin xx.xx.2018-ci il tarixdən vergi orqanında uçotda olması aşkar olunmuşdur;

6. 800365 nömrəli abonent haqqında məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixə yekun borc 48500 manat təşkil etmişdir;

7. “Gəncə Sukanal” TSC tərəfindən tərtib olunmuş 27 aprel 2023-cü il tarixli 600285 nömrəli aktın surətindən görünür ki, X9 prospektində yerləşən “Lyuks” petrol, “İmperial” motel və avtoservis-avtoyuma obyektinin su təchizatı və kanalizasiya sisteminə obyektin nümayəndəsi Namaz Namazovun iştirakı ilə baxış keçirilmiş, baxış keçirilən zaman 1 ədəd smart tipli su sayğacı quraşdırılmış, lakin abonent bazasına qeydiyyat olunmaması, diametri 40 mm-lik su xəttinin obyektin arxa tərəfindən daxil olduğu və abonentin su xidməti ilə bağlı müqaviləsinin olmaması aşkar olunmuşdur;

8. 01 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı X6 ilə alıcı fiziki şəxs, sahibkar X3 arasında müddəti xx.xx.2025-ci il tarixədək müəyyən edilməklə, X4 hər ay 96m3 su ilə X2 təchiz etməsinə dair alqı-satqı müqaviləsi bağlanmışdır;

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/5777; 9/5954 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiqat zamanı iş materiallarında olan sənədlərə əsasən Gəncə şəhəri, Ş.İ.Xətai prospekti, 54D ünvanda yerləşən qeyri-yaşayış sahəsində sayğac quraşdırılmadan istifadə olunmuş suya və kanalizasiya xidmətinə görə 01 iyul 2014-cü il tarixdən 28 aprel 2023-cü il tarixədək olan dövr üzrə ödənilməli olan məbləğ ümumilikdə 48251,3 manat (2014-cü il üzrə 195 manat, 2015-ci il üzrə 219,7 manat, 2016-cı il üzrə 4275,6 manat, 2017-ci il üzrə 1638, manat, 2018-ci il üzrə 4914 manat, 2019-cu il üzrə 6248 manat, 2022-ci il üzrə 20429 manat və 2023-cü il üzrə 10332 manat) məbləğində müəyyən edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti və «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən heç bir xəbərdarlıq edilmədən, əsassız surətdə yaradılmış 40328 manat borcun ləğv edilməsi və cavabdehlərdən 211 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Sonradan İddiaçı iddia ərizəsinə əlavə ərizə təqdim edərək cavabdeh «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyəti tərəfindən ondan tələb etdiyi 48500 manat məbləğində borcun silinməsi və ödənilmiş 211 manat dövlət rüsumunun cavabdeh «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətindən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyəti də İddiaçı qarşılıqlı iddia ərizəsi verərək, cavabdeh İddiaçı su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə yaranmış 48500 manat borcun (abonent kodu 800365) və dövlət rüsumu qismində ödənilmiş 211 manat pulun alınaraq «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İlkin iddia üzrə İddiaçı tələbini onunla əsaslandırmışdır ki, rəsmi qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyəti göstərməkdədir. Onun tərəfındən fəaliyyət göstərdiyi sahibkarlıq obyekti müqavilə əsasında icarəyə verilmişdir. Bütün kommunal xidmətlərdən istfadə etməklə vaxtlı ödənişlər həyata keçirilmişdir. Heç bir problem yaranmamışdır. Çirkab suların axıdılmasında və içməli sudan istifadə edilməsində cavabdehlər tərəfindən əsassız borc yaradılmaqla təchizatda süni məhdudiyyətlər yaratmışlar. Bu, obyektə qarşı yaranmış borc barədə cavabdehlər tərəfindən heç bir vaxt məlumatlar olmadığından fantastik rəqəmlər olan borc yazılmışdır. Obyektin fəaliyyətinin dayandırılması sahibkarlığa qarşı qərəzli xarakterlidir. Daşınan əmlak olsaydı hesab etmək olardı ki, hər hansı bir borcun ödənişlərindən yayınmaq olar, bu obyekt isə daşınmaz əmlak olaraq özü özünü hər bir halda sığortalayır. Cavabdehlər tərəfindən qanunsuzluqlar edilməklə 27 aprel 2023-cü il tarixdə, heç bir xəbərdarlıqlar edilmədən su və çirkab su təchizatı dayandırılmışdır. Bu isə qanunvericiliyin tələblərinə ziddir.

14. Qarşılıqlı iddia üzrə iddiaçı «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı (abonent kodu 800365) su təhcizatı sistemindən Gəncə şəhəri, Ş.İ.Xətai 54D ünvanında yerləşən qeyri-yaşayış sahəsinə suyun buraxılması və tullantı suların axıdılması xidmətləri göstərilir. Cavabdeh qeyri-əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini ödəməmiş, nəticədə 15 may 2023-cü il tarixə 48500 manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri, ona məxsus olan obyektə D-40 mm olan su borusu vasitəsi ilə təchiz olunduğu üçün və Gəncə Apellyasiya Məhkəməsinin 24 may 2019-cu il tarixli qərarı ilə istehlakçı İddiaçı öz vəsaiti hesabına obyektə su sayğacının quraşdırılması qərara alınsa da, bu günədək sayğac quraşdırılmamışdır və bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 nömrəli əmri ilə təsdiq edilmiş “X5”nın 7.4 və 7.5 bəndlərinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. “Gəncə Sukanal” TSC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehə məxsus qeyri-yaşayış sahəsinə hər ay bildiriş, sonuncu dəfə isə 27 aprel 2023-cü il tarixdə cavabdehin nümayəndəsinə xəbərdarlıq məktubu verilmişdir, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir.

15. İlkin iddia üzrə İddiaçı ərizə verərək, qarşılıqlı iddia üzrə iddiaçı “Gəncə Sukanal” Törəmə Səhmdar Cəmiyyətinin qarşılıqlı iddia tələbinin iddia müddəti tətbiq edilərək rədd edilməsini xahiş etmişdir.

16. Məhkəmə tərəfindən 13 fevral 2024-cü il tarixdə mübahisəli obyektə tərəflərin iştirakı ilə baxış keçirmiş və baxış zamanı müəyyən olunmuşdur ki, obyektdə istifadə olunan su, obyektin özündə olan 100m3 tutumlu su anbarında olan sudan istifadə edilir. Obyektə nəzarət edən şəxs həmin anbara 3 gündən bir hər birinin tutumu 15-16 m3 olan 3 maşın su doldurulduğunu göstərmişdir.

17. Gəncə Şəhər Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2(125)-103/2024 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) ilkin iddia əsassız olduğundan təmin edilməməsi; Qarşılıqlı iddia qismən təmin edilərək, cavabdeh İddiaçı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 25452 (iyrimi beş min dörd yüz əlli iki) manat borc və dövlət rüsumunun əvəzi olaraq 166,36 manat alınaraq «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi; İlkin iddia üzrə dövlət rüsumunun ilkin İddiaçı aid edilməsi qət edilmişdir.

18. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1, 373.3, 375.2 və 385.1-ci maddələrinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61 və 62-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5nın” 8.7-ci bəndinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

19. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş mаtеriаllаrındа оlаn Gəncə İnzibаti Məhkəməsinin və Gəncə Аpеllyаsiyа Məhkəməsinin qərаrlаrındаn göründüyü kimi müqаvilə bаğlаnmаsı ilə bаğlı cavabdeh təşkilatla aralarında mübаhisə оlmuş və həmin müqаvilə üzrə cаvаbdеh tərəfindən sаyğаcın qurаşdırılmаsı təmin еdilməli olmuşdur. Lаkin cаvаbdеh sudаn istifаdə ilə bаğlı оnun həcmi və məbləği ilə bаğlı onun üzərinə hеç bir öhdəlik yаrаtmаmışdır. İş mаtеriаllаrındа cаvаbdеhin bоrcunа dаir cərimənin tətbiq еdilməsi bаrədə tələbin icrааtа qəbul еdilərək bir icrааtdа bахılmаsı əsаssızdır. İlk оlаrаq qеyd еdilməlidir ki, cаvаbdеh tərəfindən bunа dаir bizə hеç bir rəsmi məlumаt göndərilməmiş nə də ki, təqdim еdilməmişdir. İşdə оlаn sənədlərdə onun tərəfindən 2019-cu ildən hеsаblаnmış su təhcizаtı ilə bаğlı bu qədər suyun istifаdəsi və оnun kаnаlizаsiyаyа ахıdılmаsı аğlаbаtаn bеlə dеyil. Pаndеmiyа müddətində оbyеktin işləmədiyi dövrdə və təmirdə оlаn müddətdə su təhcizаtının cаvаbdеh tərəfindən təmin еdilmədiyi təqdirdə və onun tərəfimdən оbyеktə аvtоmаşınlа suyun dаşınmаsı ilə təmir işlərinin аpаrılmаsındа istifаdə еdilməklə tullаntı sulаrının 16m3 hеsаblаnmаsı əsаssızdır. Cаvаbdеh onun tərəfindən 3 mаşındаn istifаdə еdərək suyun dаşınmаsını nеcə müəyyən еtməsi ilə bаğlı işdə sübut yохdur və məhkəmənin bu cür hеsаblаmа аpаrmаsı əsаssızdır. Həmçinin su хətti üzrə onun cаvаbdеhdən su аlmаdığı haldа 40 mm bоrudаn istifаdə еdilməməsi о, cümlədən su хəttinin nеcə qurаşdırılmаsını təmin еtmək hüququ ona аiddir. Qеyd оlunаn su хətti ilə bаğlı hеç bir su аlınmır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

22. 07 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, 27 aprel 2023-cü il tarixdə iddiaçıya məxsus obyekdə heç bir xəbərdarlıqlar edilmədən su və çirkab su təchizatı dayandırılmışdır. Qarşılıqlı iddiaçı ilkin iddiaçından borcun ödənilməsini tələb edir. Halbuki, qanunvericlikdə nəzərdə tutulmuşdur ki, öhdəliyin yaranması üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında müqavilə bağlanmamışdır. İşə birinci instansiya məhkəməsində baxılan zaman ekspertiza keçirilmişdir, ekspert rəyində hesablamanın hansı mənbəyə istinadən aparıldığı qeyd edilməmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, cavabdeh təşkilat borc olduğuna görə ilkin iddiaçı ilə müqavilə bağlamaqdan imtina etmişdir. Bu isə qanunsuzdur, çünki onlar ilkin iddiaçıdan borcun ödənilməsini tələb edə bilərdilər. Borc hesablanan zaman pandemiyaya görə karantin rejimi tətbiq edilmişdir. Su sərfiyyatına səbəb olan avtoyuma məntəqəsi də fəaliyyət göstərməmişdir. Həmin müddətdə su idarəsi tərəfindən hesablanmış həcmdə suyun istifadə edilməsi mümkün ola bilməzdi.

23. 07 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Törəmə Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, ilkin İddiaçı mülkiyyətinə keçməmişdən öncə obyekt qazdoldurma məntəqəsi kimi fəaliyyət göstərmişdir. Obyektin əvvəlki mülkiyyətçisinin sudan istifadə ilə bağlı müvafiq müqaviləsi olmuş və sudan istifadəyə görə 411 manat borcu yaranmışdır. Obyekt 2014-cü ildə İddiaçı adına özəlləşdirilmişdir və həmin 411 manat borc da ödənilməmiş olaraq qalmışdır. Eyni zamanda, obyektin 11000 manat borcu olduğuna görə onunla müvafiq müqavilə bağlanıla bilməzdi. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında sahibkarın hesabına smart kart tipli su sayğacının quraşdırılması və müqavilə bağlanması öhdəliyi qoyulsa da, qərar icra edilməmişdir. 2021ci ildə obyekti icarəyə götürdüyünü bildirən Tural Ələkbərov adlı şəxs müqavilə bağlamaq üçün özünün və İddiaçı şəxsiyyət vəsiqəsini, icarə müqaviləsini, VÖEN-i təqdim etmiş, lakin həmin icarə müqaviləsinin müddətinin 2019-cu ildə bitdiyi müəyyən edildiyindən müqavilə bağlanılmasından imtina edilmişdir. İddiaçı adına müqavilə bağlanılmaqla müqavilənin bir nüsxəsi ona göndərilsə də, sonuncu yenə də müqaviləni imzalamaqdan imtina etmişdir. Bu səbəbdən də həmin obyektdə su sayğacının quraşdırılması mümkün olmamışdır. Bundan sonra obyektdən 2023-cü ilədək çirkab sularının axıdılması ilə hesabat verilməyə başlanılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən obyektə tərəflərin iştirakı ilə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, 100 tonluq su çəni mövcuddur və maşınla su daşıma xidmətindən istifadə etməklə çən suyla doldurulur, qarşı tərəfdən çəni doldurmaq üçün 2-3 gündən bir 15-16 tonluq maşınla su gətirilir. Pandemiya dövründə bütün xidmət müəssisələri, o cümlədən avtoyuma məntəqələri fəaliyyətini davam etdirirdi. İlkin İddiaçı barəsində su təhcizatı və kanalizasiya xidmətlərindən qanunsuz istifadəyə görə akt tərtib edilərək 8172 manat borc hesablanmışdır. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, müqavilə bağlanması təklifi ilə dəfələrlə ilkin iddiaçıya yazılı müraciət edilmiş, lakin müsbət cavab əldə edilməmişdir. Çünki ilkin iddiaçıya məlum idi ki, smart kart tipli su sayğacı quraşdırılacağı təqdirdə, balansa yüklənilən məbləğin bir hissəsi suya olan borca yönəldiləcək. Borc ödənilmədiyinə və müqavilə bağlanılmadığına görə obyektdəki su təhcizatı 2019-cu ilin yanvar ayından dayandırılmışdır. 2023-cü ildə tərtib edilmiş akt su təhcizatına qanunsuz qoşulma ilə bağlı tərtib edilmişdir. Obyektə yerində baxış keçirilən zaman 40 mm-lik borunun keçdiyi və onun kəsildiyi müəyyən edilmişdir. Gəncə şəhərində suyun qrafiki 5 saatla müəyyən edilir. 27 aprel 2023-cü il tarixdə əraziyə baxış keçirilən zaman qanunsuz olaraq 40 mm lik boru ilə yenidən su xəttindən istifadə edildiyi müəyyən edildiyindən təşkilatın əməkdaşları tərəfindən “Sudan istifadə” Qaydalarının 4 saylı Cədvəlinə əsasən nəzərdə tutulmuş qaydada, yəni borunun en kəsiyi ilə buraxılan suyun miqdarını gündəlik norma olaraq qəbul edilmiş 5 saata vurmaqla 30 günə və 12 aya vurmaqla 8172 manat cərimə tətbiq edilmişdir.

24. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh2 Törəmə Səhmdar Cəmiyyəti su xətti borusundan çıxan suyun təzyiqi ilə bağlı sübutlar təqdim etməlidir. Digər tərəfdən obyektdə 40 mm-lik su xətti borusunun mövcud olub-olmamasının, obyektə hər hansı su sayğacının quraşdırılıbquraşdırılmamasının müəyyən edilməsinə zərurət vardır. Bunun üçün həmin obyektə yerində baxış keçirilməlidir. Verilən suallara cavab olaraq nümayəndə bildirmişdir ki, obyekt hal-hazırda fəaliyyət göstərir. Obyekt su maşınları ilə gətirilən suyla təmin edilir. Birinci instansiya məhkəməsi tərəfindən yerində baxış keçirilən zaman onların səlahiyyətli nümayəndəsi baxışda iştirak etməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Törəmə Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etmədiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahatına əlavəsi olmadığını bildirmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, obyektin çirkab suları kanalizasiyaya axıdılır. Həmin obyektə hər biri 16 ton tutumu olan üç su maşını olmaqla üç gündən bir su gətirilmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

26. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Sonuncu məhkəmə iclaslarında nümayəndə (vəkil) vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu

27. Maddə 61.1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəsi və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.

28. Maddə 62.1. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5”

29. Maddə 8.7. Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır.

30. Azərbaycan Respublikası Tarif Şurasının 13 may 2016-cı il tarixli 6 nömrəli qərarı ilə təsdiq edilmiş, Cavabdeh1 ASC tərəfindən həyata keçirilən su təchizatı və tullantı suların axıdılması xidmətlərinin tarifləri haqqında siyahıdan görünür ki, tullantı suların axıdılması xidmətinə görə qeyri əhali üçün 1m3 görə 1 manat tarif nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». 40 Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi isə qismən təmin edilmişdir. Qarşılıqlı iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız ilkin iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin apellyasiya şikayətinin dəlillərindən müəyyən olunur ki, qətnamə ilkin iddia tələbinin təmin edilməməsi və qarşılıqlı iddia tələbinin qismən təmin olunması hissələrdə mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissələr üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, tərəflər arasında olan mübahisə su təchizatı və tullantı suların axıdılması xidmətinin ödənilməsi ilə bağlı olmuşdur. İlkin İddiaçı cavabdeh «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyəti tərəfindən onun hesabına yazılmış 40328 manat borcun qanunsuz əsas olduğundan ləğv edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, cavabdeh «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyəti də qarşılıqlı iddia ərizəsi verərək cavabdeh İddiaçı su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə yaranmış 48500 manat borcun tutulmasını xahiş etmişdir.

43. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

44. İşin müəyyən edilmiş və faktiki halları ilə müəyyən olunur ki, 2019-cu ildə ilkin iddiaçıya məxsus qeyri-yaşayış sahəsində su təchizatı dayandırıldıqdan sonra ilkin iddiaçı müqavilə bağlamadan diametri 40 mm-lik su xəttindən istifadə etmişdir. Bu hal “Gəncə Sukanal” TSC tərəfindən tərtib olunmuş 27 aprel 2023-cü il tarixli 600285 nömrəli aktla öz təsdiqini tapır. Ona görə də «Gəncə Sukanal» Törəmə Səhmdar Cəmiyyəti tərəfindən ilkin İddiaçı hesablanmış borc məbləğinin 8172 manatı qanunsuz olaraq su xəttinə qoşulmaqla cavabdeh təşkilata vurulmuş zərərin əvəzi olaraq müəyyənləşdirilmişdir.

45. Bununla yanaşı işin faktiki halları ilə müəyyən olunur ki, 2019-cu ildə ilkin iddiaçıya məxsus obyektin su təchizatı dayandırılmış, lakin kanalizasiya xidmətlərindən istifadə olunmuşdur. Bu hal ilkin iddiaçı tərəfin birinci instansiya məhkəməsində verdiyi izahatı ilə öz təsdiqini tapır. Belə ki, ilkin iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində icraat zamanı verdiyi izahatında bildirmişdir ki, yanacaqdoldurma məntəqəsi qonşu obyektin kanalizasiya xəttindən istifadə etmişdir (bax səhifə 191 məhkəmə iclas protokolu).

46. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən ilkin iddiaçıya məxsus obyektə yerli baxış keçirilən zaman da müəyyən olunmuşdur ki, obyektdə qanunsuz olaraq kanalizasiya xidmətlərindən istifadə olunmuşdur.

47. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq ilkin iddiaçıya məxsus obyektdən tullantı suların axıdılmasına görə borc hesablamışdır.

48. Belə ki, işin hallarından göründüyü kimi 2020-ci ilin may ayının 16-dan ilkin İddiaçı obyektdə su xətti üzrə sudan istifadə etməsə də, lakin 3 gündən bir hər birinin tutumu 15-16 m3 olan 3 maşın sudan istifadə etmişdir. Belə olan halda 16m3 x 30 x 12 x 3=17280m3 tullantı suların axıdılması xidmətinə görə 17280 manat itirilmiş suyun həcmi olaraq müəyyənləşdirilmişdir.

49. Kollegiya həmçinin qeyd edir ki, su tullantılarının axıdılmasından qanunsuz istifadəyə görə hesablanmış ziyan məbləği Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5”-nın 8.7-ci bəndi ilə müəyyən edilmiş qaydalara uyğundur. Məhkəmə kollegiyası həmçinin ilkin iddiaya da hüquqi qiymət verərək qeyd edir ki, ilkin iddianın təmin edilməsi üçün hüquqi əsaslar mövcud deyil. Belə ki, yuxarıda da göstərildiyi kimi “Gəncə Sukanal” TSC tərəfindən ilkin İddiaçı hesablanmış borc məbləği su və su tullantılarının axıdılması xəttindən qanunsuz istifadəyə görə hesablanaraq onun abonent hesabına yazılmışdır. İlkin iddiaçı həmin borc məbləğinin qanunsuz və əsassız olduğunu iddia etsə də, bu fakt öz təsdiqini tapmamışdır. Yuxarıda şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 14 fevral 2024-cü il tarixli 2(125)-103/2024 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar