Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1054/2025 14.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-1768/2025 nömrəli qərardadından İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Şəmkir rayon 1 saylı notariat ofisinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDRX Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə və X5 qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 05 yanvar 2021 ci il tarixli 3M–1 reyestr nömrəli müqavilənin qismən, yəni atam Azər Rzayevə aid paya münasibətdə məcburi payının müəyyən edilməsi hissəsində etibarsız hesab olunması, 27 yanvar 2022–ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın qismən ləğv edilərək ona çatacaq məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-1768/2025 nömrəli qərardadı ilə (hakim Həvayət Məhəmmədi), iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Həmin qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı şikayət verərək, qərardadın ləğv olunması və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, hazırki iddia ərizəsi ilə İddiaçı 05 yanvar 2021–ci il tarixli 3M–1 reyestr nömrəli müqaviləni qismən, yəni atası Azər Rzayevə aid paya münasibətdə, yəni bağışlanmış pay hesabına məcburi payının müəyyən edilməsi hissəsində etibarsız hesab olunması və müəyyən ediləcək məcburi pay həcmində 27 yanvar 2022–ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın qismən ləğv edilərək ona çatacaq məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi əsası ilə mübahisələndirmişdir. İddianın Dövlət reyestrindən çıxarışın qismən ləğv edilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, gələcəkdə işə mahiyyəti üzrə baxılıb iddia təmin olunacağı təqdirdə həmin çıxarışın yenidən mübahisələndirilməsinə zərurət qalmasın. Yəni məcburi payın müəyyən edilməsi ilə bağlı iddia tələbinə mahiyyəti üzrə baxılmamış, bununla bağlı məhkəmə aktı mövcud deyil. Buna baxmayaraq birinci instansiya məhkəməsinin iddianın məcburi payın müəyyən edilməsi əsası ilə qaldırılmasını əvvəlki iddia tələbi ilə eyni əsas təşkiletməsi qənaətinə gəlməsi başa düşülən deyil. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-1768/2025 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-1768/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası işin hallarının iddia ərizəsinin yolverilməzliyə görə qəbulundan imtina barədə MPM-nin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə görə Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-in 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikasının MPM-in 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Mübahisələndirilən məhkəmə qərardadından görünür ki, məhkəmə iddianın yolverilməzliyinə görə qəbulundan imtina edən zaman mübahisəyə məhkəmə qaydasında baxılmamalı olmasını əsas götürmüş və Azərbaycan Respublikasının MPM-in 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə qəbulundan imtina etmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 153-cü maddəsində iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Azərbaycan Respublikasının MPM-in 153.2.2-ci maddəsinin tələbinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2160/2023 saylı qərarından görünür ki, bundan əvvəl də İddiaçı cavabdehlər Cavabdeh1, Şəmkir rayonu 1 saylı Notariat Ofisi, X3 (X4, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi üçüncü şəxslər qismində cəlb olunmaqla) qarşı 05 yanvar 2021- ci il tarixli 2V-1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması, 05 yanvar 2021-ci il tarixli 3M1 reyestr nömrəli müqavilənin ləğv olunması, 27 yanvar 2022- ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması, miras mülkün əvvəlki vəziyyətə qaytarılması, mirasın qəbul edilməsi faktının və miras əmlaka vəsiyyət üzrə vərəsəliyin müəyyən olunması barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddia tələbi rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 dekabr 2022-ci il tarixli, 2(104)- 2951/2022 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(076)-212/2025 nömrəli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKR Publik Hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı “05 yanvar 2021 ci il tarixli 3M–1 reyestr nömrəli müqavilənin etibarsız olunması, 27 yanvar 2022–ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması, miras mülkün əvvəlki vəziyyətə qaytarılması, mirasın qəbul edilməsi faktının və miras əmlaka vəsiyyət üzrə vərəsəliyin müəyyən olunması” tələbinə dair iddiası rədd edilmişdir. Göründüyü kimi, “05 yanvar 2021 ci il tarixli 3M–1 reyestr nömrəli müqavilənin etibarsız hesab olunması, 27 yanvar 2022–ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunmasına dair iddia tələbinə əvvəlki iddia tələbinin bir hissəsi ilə eynilik təşkil edir və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia rədd edilmişdir. Hazırki iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcud olduğundan, iddia ərizəsinin qəbulundan imtina olunmuşdur. Belə olan halda, iddianın eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması əsası ilə yolverilməzliyə görə qəbulundan imtina edilməsi əsaslıdır. Azərbaycan Respublikasının MPM-in 153.5-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara görə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instasiya məhkəməsi ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarmaqda haqlı olmuşdur. Odur ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1.-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 263, 264, 398 və 402-cı maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(076)-1768/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1054/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1054/2025
14.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver