Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1060/2024 02.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxs Bərdə bələdiyyəsinə qarşı mülki iş üzrə Açar sözlər: mülkiyyət hüququna müdaxilənin aradan qaldırılması; köşkün götürülməsi. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxs Bərdə bələdiyyəsinə qarşı köşkün götürülməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli 2(021)-401/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 02 iyul 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bərdə şəhəri Bakı küçəsində yerləşən 0,05 ha yaşayış məntəqəsi torpağı mülkiyyət hüququ əsasında İddiaçı1 adına qeydiyyata alınmışdır;
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Bərdə şəhəri Bakı küçəsində yerləşən 0,11 ha yaşayış məntəqəsi kateqoriyalı torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı2 adına qeydiyyata alınmışdır;
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 08 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Bərdə şəhəri Bakı küçəsində sözügedən köşkün vətəndaş Cavabdeh tərəfindən bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində quraşdırıldığı müəyyən edilmişdir;
4. Bərdə Rayon İcra Hakimiyyətinin Başçısının Aparatının Memarlıq və Tikinti Şöbəsinin 21 noyabr 2022-ci il tarixli 42 nömrəli rəyində qeyd edilmişdir ki, Bərdə şəhərində yaşayan Cavabdeh aztəminatlı ailə olmasını nəzərə alaraq ona Bərdə şəhəri A.Əsgərov küçəsinin şərqində, A.Əsgərov küçəsi ilə B.Hacıyev küçəsinin kəsişdiyi ərazidə xırda ticarətlə məşğul olmaq üçün müvəqqəti köşk qoyulmasına etiraz etmirlər;
5. Bərdə bələdiyyəsinin 06 fevral 2024-cü il tarixli 26 nömrəli məktubundan görünür ki, iş üzrə mübahisəli ərazi Bərdə bələdiyyəsinin ərazisidir;
6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 19 yanvar 2024-cü il tarixli 3-21-3-46/2-271/2024 nömrəli məktubundan görünür ki, ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı2 mülkiyyətinə verilmiş 0.11 ha torpaq sahəsinə, TEKUİS məlumat bazasına əsasən şimaldan Bahadur Hacıyev küçəsindən, qərbdən isə Asəf Əsgərov (keçmiş Bakı küçəsi) küçəsindən gediş-gəliş yolu mövcuddur. ********** qeydiyyat nömrəli çıxarışla İddiaçı1 mülkiyyətinə verilmiş 0.05 ha torpaq sahəsindən isə TEKUİS məlumat bazasına əsasən Asəf Əsgərov (keçmiş Bakı küç.) küçəsinə birləşən döngədən gediş-gəliş yolu mövcuddur. - Qeyd: Bahadur Hacıyev küçəsi və Asəf Əsgərov döngəsi, keçmiş Bakı küçəsinə birləşir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Bərdə şəhəri Bakı küçəsində onlara məxsus “çörək sexi”nə və torpaq sahəsinə gedən yolun üzərində quraşdırılmış köşkün Cavabdeh vəsaiti hesabına götürülməsinə və iddia qaldırmaq üçün ödədikləri 100 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər.
8. İddiaçılar İddiaçı1 və İddiaçı2 tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 Bərdə şəhəri Bakı küçəsində uzun illərdir “çörək sexi" fəaliyyət göstərir. Sexin yerləşdiyi yerin yanında əlavə olaraq 0,05 ha torpaq sahəsi almışdır və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqları ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə DƏDRX-də qeydə alınmışdır. İddiaçılardan İddiaçı2 isə həmin ünvanda 0,11 ha torpaq sahəsi vardır. Həmin əmlak üzərində mülkiyyət hüquqları ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə DƏDRX-də qeydə alınmışdır. Təxminən 9 ay əvvəl sexə və torpaq sahəsinə gedən yolun üzərinə hazırkı iş üzrə Cavabdeh tərəfindən köşk qoyulmuşdur. Bu barədə dəfələrlə ona iradlarını bildirsələr də, hər dəfə müxtəlif bəhanələrlə köşkü oradan götürməmişdir. Məcbur olub Bərdə Rayon İcra Hakimiyyətinə, Əmlak Məsələləri Dövlət Xidmətinə müraciətlər etsələr də, müsbət nəticə olmamışdır.
9. Bərdə bələdiyyəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
10. Məhkəmə tərəfindən Bərdə şəhəri Bakı küçəsində yerləşən köşkün yerləşdiyi əraziyə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, qarşıda Bakı küçəsi (avtomobil yolu), köşkün arxa hissəsi açıq ərazi, sağ və sol hissələrdə ağaclar və İddiaçı2 mülkiyyətində olan torpaq sahəsinin hasarı mövcuddur. Hasar boyu Bərdə şəhəri Bakı küçəsinə hər hansi bir çıxış və ya yol aşkar edilməmişdir. Hasar boyu sol hissə ilə hərəkət etdikdə Bərdə şəhəri В.Hacıyev küçəsinə giriş müşahidə olunur və В.Hacıyev küçəsində İddiaçı2 Kərəm oğlunun mülkiyyətində olan torpaq sahəsinə giriş qapısının olduğu müəyyən edilmişdir. Giriş qapısından həyətə daxil olduqda, hər bir yanı hasarlanmış boş həyət, sol hissədə qonşu ev, qarşı sol hissədə arxası həyət olan çörək sexi, qarşıda həyətin ortası və kənarlarında isə dəmir tullantıları müşahidə olunur. İddiaçı1 deməsinə görə həyətin sağ hissisinin hasarında olan qırmızı boya ilə işarələnmiş yerdən həyətin sonunadək olan 0.05 ha torpaq sahəsi ona məxsusdur, 0.11 ha hissə isə digər İddiaçı2 məxsusdur. Həyətin daxilindən sağ hasar boyu Bərdə şəhəri Bakı küçəsinə hər hansı bir çıxışın olması müəyyən edilməmişdir. İddiaçı1 yola çıxış kimi İddiaçı2 torpaq sahəsindən keçərək B.Hacıyev küçəsindən istifadə etdiyini, "Bakı” küçəsi daha yaxsı olduğu halda cavabdehin köşkü mane olduğundan həmin küçəyə çıxışının olmadığını bildirmişdir. İddiaçı1 məxsus olan torpaq sahəsinin digər tərəfində (hasardan bayırda) Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Bərdə Rayon Baytarlıq idarəsinə gedən yol yerləşir.
11. Bərdə Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli 2(021)-401/2024 nömrəli qətnaməsi ilə (hakim Gündüz Abbasov) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh və üçüncü şəxs Bərdə Bələdiyyəsinə qarşı “Mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməklə qanunsuz quraşdırılmış köşkün götürülməsi” tələbinə dair iddiasının təmin edilməsi; Bərdə şəhəri Asif Əsgərov (keçmiş Bakı küçəsi) küçəsində iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus çörək sexinə və torpaq sahəsinə gedən yolun üzərində Cavabdeh tərəfindən quraşdırılmış köşkün Cavabdeh hesabına ərazidən götürülməsi; İş üzrə ödənilmiş 101 (bir yüz bir) manat məbləğində dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı1 ödənilməsi qət edilmişdir.
12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 152.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsiin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçıların qeyd etdiyi mübahisəli ərazi ona deyil, Bəhmən adlı şəxsə məxsusdur və həmin şəxsin mülkiyyətində olan bir ərazidir. Həmin ərazidə İddiaçı2 məxsus 0,12 ha torpaq sahəsi, ətrafında isə çörək sexi yerləşir. İddiaçı2 özünə məxsus 0,12 ha torpaq sahəsi, həmin sahədə evi var və hazırda orada yaşayır. İddiaçı2 məxsus 0,12 ha torpaq sahəsinin 0,04 ha hissəsini Zaur adlı şəxs almışdır. Həmin 0,04 ha sahənin çıxışı B.Hacıyev küçəsinədir. Lakin, iddiaçıların məqsədi və fikri çıxışı Bakı küçəsinə açmaqdır. Bu səbəbdən də ona qarşı iddia qaldıraraq işlətdiyi köşkün oradan götürülməsini istəyirlər. Orada olan çörək sexinin kimin mülkiyyətində olduğunu bilmir. Lakin, Zaur adlı şəxsin istifadəsindədir və həmin 0,04 ha torpaq sahəsini almışdır. Zaur çörək sexinin ərazisini genişləndirmiş, əlavə qapı qoymuşdur. Bərdə rayon İcra Hakimiyyəti ilə maraqlanmış, ona ərazidə yolun mövcud olmadığını bildirmişlər. Həmin ərazidə 9 aydan artıqdır ki, fəaliyyət göstərir, köşkdə siqaret, sular, digər məmulatlar satır. Köşkə dair onun heç bir sənədi, o cümlədən köşkün qoyulmasına rəsmi icazəsi yoxdur. Bərdə Rayon İcra Hakimiyyətinin şifahi razılığı əsasında həmin yerə köşk qoyulmuş və işlədir. Köşk yolun kənarında yerləşir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Prosessual məsələlər
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
17. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır
19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
21. Maddə 180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
27. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
28. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə şəhəri Bakı küçəsində yerləşən 0,05 ha yaşayış məntəqəsi torpağı İddiaçı1 xüsusi mülkiyyətindədir. Həmçinin, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bərdə şəhəri Bakı küçəsində yerləşən 0,11 ha yaşayış məntəqəsi kateqoriyalı torpaq sahəsi İddiaçı2 xüsusi mülkiyyətindədir. Bununla yanaşı müəyyən olunmuşdur ki, Bərdə şəhəri Bakı küçəsində, yəni iddiaçılara məxsus torpaq sahələrinə gedən yolun üzərində Cavabdeh tərəfindən köşk quraşdırılmışdır. Köşk quraşdırılmış torpaq sahəsi Bərdə bələdiyyəsinə məxsusdur və köşkün quraşdırılması üçün bələdiyyədən, o cümlədən digər səlahiyyətli orqanlardan hər hansı razılıq sənədi alınmamışdır. İddiaçılar cavabdeh tərəfindən onlara məxsus torpaq sahəsinə gedən yolun üzərində quraşdırılmış köşkün yolu bağladığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər, birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir.
33. Birinci instansiya məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən Bərdə bələdiyyəsinin mülkiyyətində olan əraziyə köşkün qoyulmasının qanunsuz olması məhkəmə araşdırması ilə müəyyən edilmişdir. Habelə, həmin köşkün qanunsuz olaraq qoyulması ilə iddiaçıların qanuni mülkiyyətlərində olan ərazinin hüquqi ünvanları olan Bərdə şəhəri Bakı küçəsinə (indiki adı Asəf Əsgərov küçəsi) çıxışına yol bağlanmışdır. Sözügedən köşk götürülmədən isə, həmin yolun açılması mümkün deyildir. Ona görə də iddia tələbi təmin edilməlidir.
34. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
35. İşin mübahisəsiz halıdır ki, Bərdə şəhəri Bakı küçəsində yerləşən 0,05 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında İddiaçı1, həmin küçədə yerləşən 0,11 ha torpaq sahəsi isə İddiaçı2 adına qeydə alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlardan görünür ki, sözügedən hər iki torpaq sahəsinin hüquqi ünvanı Bərdə şəhəri Bakı küçəsidir.
36. Eyni zamanda müəyyən edilir ki, həmin torpaq sahələrinin Bakı küçəsinə (indiki adı Asəf Əsgərov küçəsi) çıxışına Cavabdeh tərəfindən köşk qoyularaq xırda ticarətlə məşğul olur.
37. Cavabdeh apellyasiya şikayətinin dəlillərində sökülməsi tələb olunan köşkün yerləşdiyi torpaq sahəsinin Bəhmən adlı şəxsə məxsus olduğunu və iddiaçıların hazırkı iddianı qaldırmaqda subyektiv hüquqlarının olmadığını göstərir.
38. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olynmuşdur ki, köşkün yerləşdiyi ərazi Bərdə rayon bələdiyyəsinin mülkiyyətindədir.
39. Bununla belə kollegiya qeyd edir ki, mübahisəli köşkün yerləşdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətində olması baxımından işin düzgün həlli üçün ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında da deyilir ki, «mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır».
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, mülki mübahisənin həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxsdən tələb etmə hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalnız qanunla müəyyən edilmiş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
41. Nəzərə almaq lazımdır ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
42. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
43. Göründüyü kimi, şəxslər məhkəmə müdafiəsindən istifadə etmək hüququna bu şərtlə malikdirlər ki, onların hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması qanunla nəzərdə tutulmuş olsun. Bu baxımdan araşdırılmalı olan hallardan biri də iddiaçının müvafiq iddia ilə çıxış etməyə subyektiv hüququnun olub-olmamasıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçıların götürülməsini tələb etdiyi köşkün yerləşdiyi torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci hissəsində deyilir ki, bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər.
44. Burdan belə nəticəyə gəlmək olur ki, mübahisəli torpaq sahəsinin buraxılması barədə iddia vermə hüququ bələdiyyəyə məxsusdur. Lakin bələdiyyə tərəfindən iddia qaldırılmaması köşkün götürülməsi üçün iddiaçıların özü tərəfindən iddia verməsinə mane olan hal deyildir. Mülkiyyətə qəsd və maneələrin aradan qaldırılması üçün mülkiyyətçinin məhkəmə müdafiəsindən istifadə etməsi üçün hər hansı məhdudiyyət qoyulması yolverilməzdir. Bu cür məhdudiyyətlər yalnız qanunvericilikdə bilavasitə müəyyən olunduğu hallarda nəzərdən keçirilə və mülkiyyət hüququnun konstitusiya əhəmiyyəti baxımından qiymətləndirilə bilər.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsində göstərilmişdir ki, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.
46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
47. Hazırkı işdə iddiaçıların bu iddianı qaldırması üçün subiyektiv hüquqları mövcuddur. Belə ki, işdən müəyyən olunur ki, cavabdeh tərəfindən Bakı küçəsinə (indiki adı Asəf Əsgərov küçəsi) çıxışına köşk qoyularaq iddiaçıların həmin küçəyə giriş-çıxış yolu bağlanmışdır. Bu hal Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 19 yanvar 2024-cü il tarixli 3-21-3-46/2-271/2024 nömrəli məktubu ilə də öz təsdiqini tapır. Digər tərəfdən, birinci instansiya məhkəməsinin mübahisəli əraziyə yerli baxışı zamanı da həmin çıxışın (yolun) Cavabdeh tərəfindən köşk qoyulmaqla bağlanması müəyyən edilmişdir.
48. Göründüyü kimi cavabdeh tərəfindən həmin köşkün qoyulması nəticəsində iddiaçıların mülkiyyətlərində olan torpaq sahəsinə gediş-gəliş yolu bağlanmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbənin təmin edilməsi qanuni əsaslara söykənir.
49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. İşə baxan məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli 2(021)-401/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.