Məhkəmə qərarları › İş №2(104)-1072/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1072/2023

14.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1072/2023 14.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və cavabdeh “Azəriqaz” İB-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «təbii qazdan istifadəyə görə hesablanmış borcun silinməsi» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(125)-783/2022 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «aktın etibarsız hesab edilməsi və təbii qazdan istifadəyə görə hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azəriqaz» İstehsalat Birliyinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 yanvar 2022-ci il tarixli, ******* saylı aktının etibarsız hesab edilməsi və həmin akt əsasında qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanın əvəzi qismində hesablanmış 192 (yüz doxsan iki) manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən istehlakçı hüquqları kobud şəkildə pozulmuşdur. Belə ki, cavabdeh əsassız olaraq akt tərtib etmiş, guya dəyişdikləri sayğacda qaz itkisi olduğunu qeyd etmiş, əsassız olaraq 1440 kubmetr qaz sərfiyyatı yazmışlar. Sayğacını söküb dəyişdirdikdən sonra sayğacın qüsurları varsa bunda vətəndaşın heç bir günahı yoxdur. Sayğacın müayinəsini də onsuz həyata keçiriblər. Onu da qeyd edir ki, sayğacını iki dəfə dəyişdirmişlər. Hər iki sayğacın da nasaz olduğunu deyirlər. Əgər sayğaclar nasazdırsa, onları nə üçün quraşdırırlar və bunda vətəndaşın günahı nədir? Həmçinin limiti keçməməyinə baxmayaraq sərfiyyatı il ərzində 12 qəpik deyil, 20 qəpikdən hesablayıblar. O tək yaşayır, 73 yaşı var, həyat yoldaşı rəhmətə gedib, oğlu hərbçidir, ölkənin ərazi bütövlüyünü qoruyur, Vətənə xidmət edir. Qaz idarəsinə gedib-gəlməkdən yorulmuşlar. Lakin hüquqlarını bərpa etməmişlər. Buna görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(125)-783/2022 nömrəli qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı iddiasının təmin edilməsi, «Azəriqaz» İstehsalat Birliyinin «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 yanvar 2022-ci il tarixli, ******* saylı aktının etibarsız hesab edilməsi və həmin akt əsasında qaz sayğacında yaranmış qüsurla əlaqədar dəymiş ziyanın əvəzi qismində İddiaçı hesablanmış 192 (bir yüz doxsan iki) manat məbləğində borcun silinməsi qət edilmişdir. İşdə olan sübutlar: «Azəriqaz» İstehsalat Birliyi ilə İddiaçı arasında bağlanmış 22 fevral 2022-ci il tarixli AKX03827xx/xx-2022 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin surətindən görünür ki, «Azəriqaz» İstehsalat Birliyi bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İddiaçı keyfiyyətli qazla təmin edir, İddiaçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq «Azəriqaz» İstehsalat Birliyi tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 26 oktyabr 2021-ci il tarixli, ******* nömrəli aktın surətindən görünür ki, istismar müddəti bitdiyinə görə 1202AQ**********6 nömrəli sayğac çıxarılmış və **********3 nömrəli yeni sayğac quraşdırılmışdır. “Qaz sayğacının yoxlanılması haqqında” rəyə əsasən iddiaçıya məxsus 1202AQ**********6 nömrəli qaz sayğacı laborator müayinədən keçirilərkən sayğacın hesablama mexanizminin keçən qazın həcminin qeyd etməməsi aşkar edilmişdir. «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 24 yanvar 2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinin MSK-29/1710-05301-2 saylı rəyinə əsasən sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi aşkar edilmişdir. 27 yanvar 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz sayğacının normal qaz sərfi 4 m3 , orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, 4x12x30=1440 m3 qaz itkisinin olduğu müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(125)-783/2022 nömrəli qətnaməsindən narazı qalan “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli 2(125)-783/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə İddiaçı (kod:**********00450) cavabdeh "Azəriqaz" X1 X4 İdarəsinə qarşı aktın etibarsız hesab ediiməsi və hesablanmış 192.00 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhər məhkəməsinə müraciət etmişdir. Gəncə şəhər Məhkəməsinin 30.01,2023-cü il tarixli, iş №2(125)-783/2023 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilərək 192.00 manat pulun silinməsi qət edilmişdir. Aşağıda qeyd olunanlara əsaslanaraq Gəncə şəhər Məhkəməsinin qətnaməsini əsassız hesab edirlər. Belə ki, Gəncə X4 İdarəsinin nümayəndələri tərəfindən iddiaçının mənzilində quraşdırılmış qaz sayğacının istismar müddəti bitdiyinə gorə Gəncə xidmət sahəsinin əməkdaşları tərəfindən sayğac sökülərək "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" xx.xx.2021-ci il tarixli, №4465012 saylı Akt tərtib edilərək sayğac quraşdırıldığı yerdən çıxarılmış və dövlət yoxlamasından keçirilməsi üçün "İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyası"na göndərilmişdir. "İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyası"-nın rəyində qeyd edilmişdir ki, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Bundan sonra xx.xx.2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən itirilmiş təbii qazın hesabatı aparılmışdır. Hesabata əsasən Qaz işlədicilərdən G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla 1140m3 hesablanmışdır. Bununla da abonentin "Azəriqaz" İB-nin Gəncə X4 İdarəsinə 172.80 manat borcu yaranmışdır. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Göründüyü kimi iddiaçının mənzilində quraşdırılmış qaz sayğacı xx.xx.2021-ci il tarixli, №4465012 saylı aktla sayğac dəyişdirilərək növbədən kənar dövlət yoxlamasına göndərilmiş və sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilmişdir. Göründüyü kimi 1-ci intansiya məhkəməsi tərəfindən qeyd olunan mötəbər hallara qiymət verilməməsi və qeyd etdikləri qanunun tələblərini tətbiq etməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Bildirirlər ki, iş materiallarından da göründüyü kimi iddiaçının qaz sayğacına müdaxilə etməsi və xx.xx.2021-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən sayğaca müdaxilə edilməsi barədə kifayət qədər sübutlar vardır. Məhkəmə qətnamədə qeyd edir ki, göstərilənlərə əsasən və mülki prosessual qanunvericiliyin hazırki iddia üzrə sübutetmə vəzifəsinin cavabdehin üzərində olduğu, lakin cavabdeh tərəfindən mötəbər sübutların təqdim edilmədiyi bildirilmiş və belə olan halda istehlakçının müdaxiləyə görə cavabdehlik daşıya bilmədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyasının diqqətinə çatdırırlar ki, iddia tələbinin ilk hissəsində qeyd edilənlər təbii qazdan istifadə qaydalarına əsasən hesabat aparılmış və hesabatın nəticəsinə əsasən hesablanmış dəymiş ziyan iddiaçı tərəfindən tam ödənilməlidir. Yuxarıda qeyd etdiklərindən göründüyü kimi iş materiallarında yer alan sübutla əsaslanaraq 1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, qaz sayğacı çıxarılanadək sayğacda hər hansı bir problem olmamışdır. Belə ki, sayğacı smart kart tipli olduğundan dövri olaraq karta pul yükləmiş və qazdan istifadə etmişdir. Lakin sayğacı çıxarıldıqdan sonra cavabdeh təşkilat onun sayğacının guya keçən qazı qeyd etməməsini əsas gətirərək ona əlavə məbləğ yazmışlar. Sayğacı iki dəfə dəyişmişlər. Belə ki, birinci dəfə təxminən 172 manatlıq, ikinci dəfə isə 18 manatlıq sərfiyyat yazılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, şikayətin dəlillərini iş materialları il əlaqəli əkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, «Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 26 oktyabr 2021-ci il tarixli, ******* nömrəli akta əsasən istismar müddəti bitdiyinə görə 1202AQ**********6 nömrəli sayğac çıxarılmış və **********3 nömrəli yeni sayğac quraşdırılmışdır. Həmin aktda qaz sayğacının keçən qazın həcmini qeyd etməməsi ilə bağlı hər hansı bir qeyd aparılmamışdır. Halbuki, sayğac çıxarılarkən keçən qazın həcminin qeyd edib-etməməsini müəyyən etmək mümkün olan hal olmuşdur. Bundan sonra istismar müddəti bitmiş sayğac yoxlanması üçün göndərilmiş və qaz sayğacı laborator müayinədən keçirilərkən sayğacın hesablama mexanizminin keçən qazın həcminin qeyd etməməsi müəyyən edilməsinə dair müvafiq rəy verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.8-ci bəndinə əsasən isə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Hərçənd ki, iddiaçı qaz sayğacı çıxarılanadək sayğacda hər hansı bir problem olmadığını, sayğacı smart kart tipli olduğundan dövri olaraq karta pul yükləmiş və qazdan istifadə etdiyini bildirmişdir ki, cavadbeh tərəf də iddiaçının bu arqumentinə qarşı hər hansı bir əsaslı dəlili irəli sürməmiş və bunun əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayağcına müdaxilə etməsi, bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi və iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi sübut olunmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(125)-783/2022 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2(125)-783/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar