Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1075/2025 23.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maneənin aradan qaldırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X5 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 2(062)-408/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 29 mart 2024-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Tovuz rayonu Qovlar şəhərində yerləşən sahəsinin ölçüsü 0.0677 ha olan torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmiş, hüquq sahibləri kimi İddiaçı, X2, X8 və X6 göstərilmişdir. Daşınmaz əmlak dövlət rüyestrində 288 nömrəli reyestr kitabının 88 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Tovuz rayonu İcra Hakimiyyəti başçısının Qovlar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 sentyyabr 2024-cü il tarixli, № 2313 nömrəli arayışından görünür ki, Cavabdeh Tovuz rayonu İbrahim Hacılı kəndində qeydiyyatda olmasına baxmayaraq, halhazırda ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı Tovuz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Tovuz Rayonu Qovlar şəhərində yerləşən **********28 saylı çıxarışda göstərilən 0,0677 ha torpaq sahəsinə cavabdeh tərəfindən ölçmə işlərinin aparılmasına qanunsuz müdaxilələrin son qoyulmasına və həmin torpaq sahəsində inşa olunan tikililərin ölçülməsinə manelərin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiai tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə oğlu X7 15 mart 2011-ci ildə evlənib ailə qurmuşlar. Cavabdeh oğlu ilə evlənən gündən Tovuz rayonu Qovlar şəhəri S.Vurğun küçəsi ev 5-də yerləşən evə gəlin köçmüşdür. Oğlu Elmar ilə Təranənin birgə nikahlarından 06 yanvar 2022-ci il tarixdə Ləman, 29 iyun 2012-ci il tarixdə Leyla adlı uşaqları anadan olmuş və oğlu ilə ayrıldıqları günə kimi həmin evdə birgə təsərrüfatda yaşamışlar. Cavabdeh evlənən gündən köçdüyü fərdi yaşayış evi atası X3 məxsus olmuşdur. Yuxarıda qeyd etdiyi ev hazırki iddianın predmeti olmasa da iddiaçının evlənən gündən həmin evə gəlin köçdüyünü bildirmək istəyir. Mübahisə predmeti isə aşağıda qeyd etdiyi daşınmaz əmlakdır: Tovuz rayonu Qovlar şəhəri M.Ə.Rəsulzadə küçəsində 0,0677 ha torpaq sahəsi 29 mart 2024- cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində onun və ailə üzvlərinin adına qeydə alınmış və həmin torpaq sahəsinə dair adına çıxarış verilmişdir. 0,0677 ha torpaq sahəsi paylı mülkiyyət olmaqla reyestrdə onun, oğlu X8, X7 və X1 adına qeydiyyata alınmışdır. 0,0677 ha torpaq sahəsi paylı mülkiyyət olsa da, həmin torpaq sahəsində ümumi sahəsi 126 kv.m olan fərdi yaşayış evini o və arvadı birgə nikah dövründə birgə vəsaiti hesabına inşa ediblər. Bunu şahidlər və evdə işləyən ustalar da təsdiq edə bilər. Məhkəmə prosesində işin bu halının təsdiq olunması ilə bağlı ustaları və şahidləri məhkəmə iclasına dəvət edəcək. Oğlu və cavadeh həmin evə heç bir xərc çəkməmişlər. Cavabdeh ilə oğlu X7 arasında narazılıqlar yaranmış və cavabdeh atası evinə çıxıb getmiş, onların nikahı Tovuz Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. 6 ay bundan əvvəl Cavabdeh gecə vaxtı Tovuz rayonu Qovlar şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 0,0677 ha torpaq sahəsini tutmuş və həmin torpaq sahəsində yerləşən evin qapısının qıfilını sındırmış və qanunsuz olaraq evə daxil olmuşdur. Cavabdehin evə daxil olmasına mane olmaq istəsə də, cavabdeh ona fiziki xəsarət yetirərək evə daxil olmuş, onu isə zorla öz evindən çıxarmışdır. Cavabdeh mübahisə olunan evdə bir gündə olsun belə yaşamamış, zorla evə köçdüyü gündən sonra yaşamağa başlamışdır. Mübahisə olunan torpaq sahəsinə və həmin torpaq sahəsində inşa olunmuş tikiliyə cavabdehin heç bir hüququ yoxdur. O, həmin torpaq sahəsinin plan və ölçüsünü, torpaq sahəsinin üzərində inşa olunmuş tikilinin lahiyə smetasını hazırlatdırıb tikiliyə çıxarış almaq istəyir. Torpaq sahəsini və fərdi yaşayış evini mütəxəssislər ölçmək istəsələr də Cavabdeh buna imkan vermir.
5. Tovuz Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 2(062)-408/2025 nömrəli (hakim S.Hacıyev) qətnaməsi ilə iddianın təmin edilməsi; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı adına sənədləşdirilmiş, 0.0677 sahəsi olan, Tovuz rayonu Qovlar şəhərində yerləşən, **********28 reyestr nömrəli torpaq sahəsində daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan orqanın əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən maneə törədilməsinə və qanunsuz müdaxiləyə son qoyulması qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, mübahisə olunan torpaq sahəsi qaynatasına məxsus olsada evin inşa edilməsini iddiaçı ilə birlikdə həyata keçirmişlər. İddiaçı həmin tikintisində onun heç bir xidmətnin olmamasını bildirsədə bunlar yalandır. Halbuki evin tikintisi zamanı orada işləyən ustalara xidmət etmiş, iddiaçı ilə birlikdə məsələhətləşərək evi inşa etdirmişlər. Evin üzərində olan dam örtüyünü, evin pəncərələrini, otaqların qapılarını, atası X9 öz şəxsi vəsaiti hesabına təmir etdirmişdir. Təkcə dam örtüyü üçün atası 7000 manat materiala və ustaya xərc çəkmişdir. Birinci instansiya məhkəməsində ustalar şahid qismində iştirak edərək bu faktları təsdiq etmişlər. O, iddiaçı ilə birgə həmin evdə yaşamış və onun azyaşlı uşaqları həmin evdə dünyaya gəlmişdir. Hal-hazırda da həmin evdə yaşayır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
11. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
13. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
14. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
15. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri; 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
28. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Tovuz rayonu Qovlar şəhərində yerləşən 0.0677 sahəsi paylı mülkiyyətdə olmaqla İddiaçı, X8, X7 və X1 adına qeydiyyata alınmış və bu barədə Daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsi tərəfindən **********28 reyestr nömrəli, 29 mart 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. İddiaçı torpaq sahəsi üzərindəki tikiliyə mülkiyyət hüququnun qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan orqana müraciət etsə də, həmin torpaq sahəsinə daxil olmağa və qeydiyyat üçün zəruri olan ölçmə işlərinin aparılmasına cavabdeh tərəfindən maneə yaradılmışdır. Ona görədə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir.
29. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
30. Yuxarıda da qeyd olunduğu kimi Tovuz rayonu Qovlar şəhərində yerləşən 0.0677 ha torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında iddiaçının və onun ailə üzvlərinin mülkiyyətindədir və həmin torpaq sahəsinin üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan fərdi yaşayış evi inşa olunmuşdur. İddiaçının niyyəti də həmin tikilinin daşınmaz əmlakın dövlət reyestrində adına qeydə alınmasıdır. Bu məqsədlədə o dövlət reyestrini tərtib edən və aparan orqana müraciət etmiş, hazırkı iş üzrə cavabdeh isə ölçmə işlərinin aparılmasına meneə yaratmışdır.
31. Mülki qanunvericiliyə görə, müvafiq əmlakı gələcəkdə əldə etməyi qanuni olaraq gözləmək halları da mülkiyyət hüququ kimi qiymətləndirilir. Bu müddəaya uyğun olaraq, dövlət reyestrində qeydə alınmış əmlaklarla yanaşı, həm də əmlak kimi gələcəkdə əldə edilməsi qanuni olaraq gözləmək də mülkiyyət hüququ kimi qiymətləndirilməlidir.
32. Kollegiya hesab edir ki, fərdi yaşayış evi iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində inşa edildiyindən iddiaçının ölçmə işlərini həyata keçirtmək və buna yaradılan maneələrin aradan qaldırılmasını tələb etməsi özlüyündə mülkiyyətçi hüquqlarından irəli gəlməklə qanuni əsaslara söykənir. Bu hüquqların həyata keçirilməsinə yaradılan maneə isə qanuni və əsaslı sayıla bilməz. Ona görədə kollegiya hesab edir ki, iddianı təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvü üçün əsas deyil.
33. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).
34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Tovuz Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli 2(062)-408/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372.1, 384, 392-393, 402 və 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 28 fevral 2025-ci il tarixli, 2(062)-408/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.