Məhkəmə qərarları › İş №2(104)-1079/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1079/2025

17.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1079/2025 17.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi; sübut yetərsizliyi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (anası) X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2(062)-13/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 iyun 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Nəqliyyat vasitələrinin sərəncam verilməsi haqqında ƏN-Vİİİ nömrəli 862285 nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X5 təmsilçisi İddiaçı X22 112CDİ minik markalı, **-ZY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili X1 idarə etmək, bağışlamaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək üçün səlahiyyət vermişdir;

2. Qeydiyyat şəhadətnaməsindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən X22 112CDİ minik markalı, **-ZY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin mülkiyyətçisidir;

3. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Ağstafa şəhəri H.Əliyev prospekti ev 8- də yaşayan İddiaçı DİN-nin 102 xidmətinə vermiş olduğu məlumat əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilməsi qərara alınmışdır. Cavabdeh müraciət üzrə aparılan araşdırma zamanı bildirmişdir ki, «ailəmin dolanışı üçün özümə məxsus Vita markalı avtomobilimlə Tovuz Bakı marşurutunda sərnişin daşıyıram. Mənim avtomaşınımda kondisoner olmadığı üçün Ağstafa rayon sakini İddiaçı Vita markalı, dövlət nömrə nişanı ** ZY *** olan avtomobilini bir ilə yaxındır ki, icarəyə götrüb işlədirəm. Mən Almazın avtomobilini işlətdiyimə görə hər gün üçün Almaza 35 manat pul təxminən 6 ay ərzində ödəmişəm. Təxminən 6 ay əvvəl mən Şəmkir rayonun Düyərli kəndinin ərazsində avtomobillə olarkən idarə etməni itirib avtomaşını aşırtdım. Həmin vaxtdanda avtomobil ustada təmirdədir. xx.xx.2023-cü il tarixdə Almaz mənimlə telefon əlaqəsi saxlayaraq avtomobilini Tovuz rayon İmtahan və qeydiyyat şöbəsində öz adına sənədləşdirilməsini bildirdi. Mən avtomaşını qeydiyyat şöbəsinə aparan zaman avtomaşın xarab oldu və mən maşını başqa bir maşına qoşub Şöbəyə aprdım. İmtahan və qeydiyyat şöbəsində maşını sənədləşdirən zaman şöbənin əməkdaşları tərəfindən biz bildirdilər ki, maşının ban nömərsi, mühərrik nömrəsi və rəngi düzgün deyil. Ona görədə avtomaşını sahibi Almazın adına sənədləşdirmək mümkün olmadı. Bildirmək istəyirəm ki, mən avtomaşını bir il əvvəl sahibi Almazdan alan zaman Almaz mənə heç bir sənəd verməmişdir, mən avtomobildə heç bir dəyişiklik etməmişəm, avtomobildə hər hansı bir dəyişilik olubdursa maşın sahibində olan zaman olmuşdur, mən maşının sahibi Almazdan avtomobili idarə etmək üçün Etibarnamə istəsəmdə Almaz mənə Etibarnamə vermədi və hər dəfə mənə dedi ki, maşını kim saxlasa mənlikdir»

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/7248 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, mülki iş materiallında göstərilən 04 ədəd 1999-cu il buraxılışlı “Mercedes Vito” minik markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus təkərin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 340,00 (4 ədəd x 85,00 manat) manat müəyyən edilir. 1999-cu il buraxılışlı, “Mercedes Vito” minik markalı **-YZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərikki, banı, kondisioneri barədə yerli internet saytlarında satış elanları olmadığından tədqiqat aparmaq mümkün olmamışdır. 1999-cu il buraxılışlı, “Mercedes Vito” minik markalı **-YZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin banının rənglənməsinə çəkilən xərcin məbləği təxminən 2000 manat müəyyən edilmişdir. Həmin avtomobilin banına aid hissələr barədə məlumat olmadığından yığılmasına çəkiləcək xərc üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən “Vito 112 CDİ” minik markalı, **-ZY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə vurulmuş zərərə görə 5000 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus qırmızı rəngli və “Vito 112 CDİ” minik markalı 90-2Y-955 dövlət qeydiyyat nişanlı avtomobili şifahi razılaşma əsasında cavabdeh X9 11 ay bundan əvvəl təmir olunmaq üçün vermişdir. İddiaçı avtomobili cavabdeh X9 təmir edilmək üçün verərkən avtomobillər təmir edildikdən sonra X15, qırmızı rəngli avtomobili sürmək üçün qardaşına verəcəyini, digər avtomobili isə özünün sürməyi barədə razılığa gəlmişlər. Bundan sonra cavabdeh X15 İddiaçı sürəcəkləri avtomobillərə görə pul verəcəyinə söz vermişdir. Lakin, cavabdeh X15 şifahi razılaşmanı pozaraq “Vito 112 CDİ” minik markalı 90-2Y-955 dövlət qeydiyyat nömrə nişanlı övtomobili təmir etmək əvəzinə kondisioneri, təkərləri bir sözlə avtomobildə qiymətli nə vardırsa hamısını söküb öz avtomibilinə yığaraq mənimsəmişdir. Bundan başqa 2022ci ilin oktyabr ayında cavabdeh X15 İddiaçı zəng edərək iddiaçıya məxsus avtomobil ilə Şəmkir rayonunun ərazisində qəza törətdiyini bildirmişdir. Eyni zamanda İddiaçı cavabdeh X8 avtomobili təmir edəcəyinə dair razılaşmanın pozulmasına tam əmin olmuşdur. Lakin, sonradan cavabdeh X15 güman edildiyi kimi bütün razılaşmaları açıqaşkar pozaraq İddiaçı məxsus avtomobili təmir etməkdən yayınmışdır. Eyni zamanda məlum olmuşdur ki, cavabdeh X15 əslində avtomobildən oğurladığı ehtiyyat hissələrini mənimsəmək üçün özündən qəza hadisəsi uydurmuşdur. Bundan başqa xx.xx.2023-cü il tarixdə avtomobili İddiaçı özü təmir etdirəcəyini bildirmişdir. Bunun üçün Tovuz rayonunda evakuator çağırmış və avtomobili Ağstafaya aparmışdır. Nə qədər çalışsa da, avtomobili işə sala bilməmişdir. Sonradan avtomobili Bakı şəhərinə gətirmiş və hazırda təmir etdirir. Beləliklə cavabdeh X15 “Vito 112 CDİ minik” markalı 90-2Y-955 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin motorunu dəyişmiş, təzə təkərlərini dəyişmiş, kondisionerini çıxarmış və digər oğurluqlar etmişdir. Göründüyü kimi cavabdeh X15 İddiaçı “Vito 112 CDİ minik” markalı **-ZY-*** dövlət qevdiyvat nömrə nişanlı avtomobili mənimsəməkdə ifadə edilən 5000 manat məbləğində zərər vurmuşdur. Cavabdeh X8 oğurluq etməsindən polisə şikayət edilmişdir. İddiaçı izahatı alınmış, Tovuz Rayonu PŞ-nin müstəntiqi tərəfindən cinayət işi başlanmasından imtina olunmuşdur. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ izah olunmuşdur.

7. Tovuz Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2(062)-13/2025 nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia qismən təmin edilərək, Cavabdeh 2340 (iki min üç yüz qırx) manat pul alınaraq İddiaçı verilməsi; Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 (qırx üç) manat pul alınaraq İddiaçı verilməsi; İddianın qalan hissədə təmin edilməməsi; Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi; Ödənilmiş dövlət rüsumunun qalan hissədə iddiaçıya aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096 və 1097-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçıya məxsus “Vito 112 CDİ” minik markalı 90-2Y-955 dövlət qeydiyyat nömrə nişanlı avtomobili şifahi razılaşma əsasında 2022-ci ilin yazında İddiaçı icarəyə götürmüşdür. Hər gün üçün 35 manat icarə haqqı ödəmişdir. Aralarında olan razılığa əsasən ödədiyi gündəlik 35 manat pulun 5 manatı depozit kimi yığılmalı idi. 2022-ci ilin oktyabr ayında həmin avtomobillə qəza törədilmiş. Bu barədə iddiaçıya məlumat vermişdir. Daha sonra həmin avtomobili özü təmir etdirmişdir. Belə ki, avtomaşının dəmirçi işini X10 görüb. Həmin iş üçün ona 1000 manat pul vermişdir. Bundan sonra avtomobilin boyanması işini rəngsaz X4 görmüş, boyanı isə X6 almışdır. Rəngsaza işin görülməsi üçün 1200 manat vermişdir. Bundan əlavə avtomobilin şüşələri, beynini özü almış, habelə avtomobili Ağstafa rayonunda kompyuterə saldırmışdır. Həmin ustanın və ehtiyat hissələrini aldığı yerlər məlumdur. Yəni, avtomobili özü təmir etdirmişdir. İddiaçıya məxsus avtomobildən kondisioner, təkərlər və başqa hissələri sökməmişdir, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya, o, oğurladığı ehtiyat hissələrini mənimsəmək üçün özündən qəza hadisəsi uydurmuşdur. Halbuki avtomobili təmir edən ustalar iddiaçının dəlillərinin əsassız olmasını sübut edə bilərlər. İddiaçının guya “Vito 112 CDİ minik” markalı 90-2Y-955 dövlət qeydiyyat nömrə nişanlı avtomobilin mühərrikini dəyişməyi, təzə təkərləri dəyişməyi, kondisioneri çıxartmağı və digər oğurluqlar etməyi barədə dedikləri tam böhtan və əsassızdır. İddiaçı bu xüsusatlarla bağlı polis şöbəsinə müraciət etmiş və cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı özü polisdə verdiyi izahatında qeyd etmişdir ki, avtomobil sökülü vəziyyətdə olmuşdur. Sonradan avtomobil təmir olunub təhvil verilmişdir. İddiaçı iddiasında avtomobilin rənglənməsi ilə bağlı heç bir iddia irəli sürməmişdir. Buna baxmayaraq, məhkəmə iddiaçının xeyrinə 2000 manat pulun tutulması qərarına gəlmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (anası) X11 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, oğlu Cavabdeh iddiaçıya məxsus avtomobili icarə götürmüş və gündəlik 35 manat icarə haqqı ödəmişdir. Avtomobildə hər hansı nasazlıq yarandıqda oğlu öz vəsaiti hesabına bunu aradan qaldırmışdır. Avtomobil iddiaçıdan necə təhvil alınıbsa, həmin vəziyyətdə də geri qaytarılmışdır. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, oğlu Cavabdeh iddiaçıya məxsus avtomobillə qəza törətsə də, lakin avtomobil iddiaçıya qəzalı vəziyyətdə qaytarılmamışdır. Avtomobil təmir edilərək tam saz vəziyyətdə iddiaçıya təhvil verilmişdir. Hətta iddiaçı özü gedib avtomobilə vurulacaq boyanı, istifadə ediləcək ehtiyat hissələrini seçmişdir. Əgər avtomobil iddiaçıya nasaz vəziyyətdə qaytarılıbsa, niyə o, hazırkı iddianı avtomobil təhvil verildikdən bir il sonra qaldırmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəsi gedən avtomobil onun mülkiyyətindədir. Əvvəlcə avtomobili təmir üçün cavabdehə vermiş, daha sonra isə sonuncu avtomobili ondan icarəyə götürmüşdür. Bundan üç gün sonra ona xəbər gəlmişdir ki, cavabdeh ona məxsus (icarəyə verilmiş) avtomobildəki ehtiyat hissələrini söküb öz avtomobilnə yığmışdır. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, avtomobil cavabdeh tərəfindən ona qaytarılarkən avtomobilin mühərriki, təkərləri və kondisioneri üzərində olmamışdır. Qəzadan sonra avtomobildə rəngsaz işləri aparılsa da, lakin işlər çox keyfiyyətsiz görülmüş və avtomobilin boya qatında axıntılar olmuş, o cümlədən avtomobiln pəncərəsinin şüşələri enməmişdir. Ümumiyyətlə, avtomobildə qəzadan sonra aparılmış təmir işləri çox keyfiyyətsiz olmuşdur. Cavabdehlə avtomobilin icarə haqqını gündəlik 30 manat müəyyən etmişlər, əlavə olaraq da razılaşmışlar ki, avtomobildə çıxacaq xərclərin qarşılanması üçün cavabdeh gündəlik ona 5 manat ödəsin. Əlavə xərclər üçün nəzərdə tutulmuş pulu cavabdeh 2-3 ay ödəsə də, lakin sonradan ödəməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

25. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

27. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

30. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir, yalnız cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən olunur ki, qətnamə iddianın təmin edilmiş hissəsində mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin qanuniliyi və əsaslılığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «Cavabdeh 2340 (iki min üç yüz qırx) manat pul alınaraq İddiaçı verilməsi» hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməməli, həmçinin qətnamə «Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 (qırx üç) manat pul alınaraq İddiaçı verilməsi; Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi» hissədə ləğv edilməli, iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməli, ekspertiza xərci olan 60 manat məbləğində pulun İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməsi müəyyən edilməlidir.

32. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı özünə məxsus X22 112CDİ markalı **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh icarəyə vermişdir. Sonuncu həmin avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və avtomobilə maddi ziyan dəymişdir. Sonra avtomobildə cavabdeh tərəfindən təmir-bərpa işləri aparılmış və avtomobil iddiaçıya geri qaytarılmışdır. İddiaçı cavabdehin ona məxsus avtomobilin mühərrik, kondisioner və yeni təkərlərinin cavabdeh tərəfindən dəyişdirilərək yerinə nasaz detallar qoyulduğunu və qəzadan sonra təmir edilmədiyini beləliklə də maddi ziyana məruz qaldığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

33. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin etmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı vurulmuş ziyanın əvəzi qismində 5000 manat pulun X7 tutulmasını xahiş etmişdir. Cavabdeh ziyanın əvəzi qismində tələb edilən pul məbləği ilə razılaşmadığından məhkəmə ekspertizası təyin olunmuş və verilmiş rəy əsasında mübahisəli avtomobil üçün 04 ədəd 1999-cu il buraxılışlı, “Mercedes Vito” minik markalı **-YZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus təkərin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 340,00 (4 ədəd x 85,00 manat) manat; 1999-cu il buraxılışlı, “Mercedes Vito” minik markalı **-YZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin banının rənglənməsinə çəkilən xərcin məbləği təxminən 2000 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehdən 2340 manat pul tutularaq İddiaçı ödənilməlidir. Cavabdeh avtomobilə dəymiş ziyanı aradan qaldırdığını iddia etsə də o bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir.

34. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

35. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

36. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

37. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya məxsus avtomobilin 4 ədəd təkərin orta bazar qiyməti 340 manat vəsaitin cavabdehdən tutulması barədə gəldiyi nəticə düzgün olmamışdır. Ona görə ki, iş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı hazırkı mübahisə ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl Tovuz rayon Polis Şöbəsinə müraciət etmiş, müraciət üzrə araşdırma aparılmış və məsələnin mülki xarakterli olduğu müəyyən edildiyindən polis şöbəsi araşdırmanı yekunlaşdıraraq məsələnin həlli ilə bağlı məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Cavabdeh müraciət üzrə aparılan araşdırma zamanı verdiyi izahatında bildirmişdir ki, «ailəsinin dolanışı üçün özünə məxsus Vita markalı avtomobilimlə Tovuz Bakı marşurutunda sərnişin daşıyır. Onun avtomaşınımda kondisoner olmadığı üçün Ağstafa rayon sakini İddiaçı Vita markalı, dövlət nömrə nişanı ** ZY *** olan avtomobilini bir ilə yaxındır ki, icarəyə götrüb işlədir. O, Almazın avtomobilini işlətdiyimə görə hər gün üçün Almaza 35 manat pul təxminən 6 ay ərzində icarə haqqı ödəmişdir. Təxminən 6 ay əvvəl o Şəmkir rayonun Düyərli kəndinin ərazsində avtomobillə olarkən idarə etməni itirib avtomaşını aşırtmışdır. Həmin vaxtdanda avtomobil ustada təmirdədir. xx.xx.2023-cü il tarixdə Almaz onunla telefon əlaqəsi saxlayaraq avtomobilini Tovuz rayon İmtahan və qeydiyyat şöbəsində öz adına sənədləşdirilməsini bildirdi. O avtomaşını qeydiyyat şöbəsinə aparan zaman avtomaşın xarab oldu və mən maşını başqa bir maşına qoşub Şöbəyə aprmışdır. İmtahan və qeydiyyat şöbəsində maşını sənədləşdirən zaman şöbənin əməkdaşları tərəfindən onlar bildirdilər ki, maşının ban nömərsi, mühərrik nömrəsi və rəngi düzgün deyil. Ona görə də avtomaşını sahibi Almazın adına sənədləşdirmək mümkün olmadı. Bildirmək istəyir ki, o avtomaşını bir il əvvəl sahibi Almazdan alan zaman Almaz ona heç bir sənəd verməmişdir, o avtomobildə heç bir dəyişiklik etməmiş, avtomobildə hər hansı bir dəyişilik olubdursa maşın sahibində olan zaman olmuşdur, o maşının sahibi Almazdan avtomobili idarə etmək üçün Etibarnamə istəsədə Almaz ona etibarnamə verməmiş və hər dəfə ona demişdir ki, maşını kim saxlasa mənlikdir».

38. Göründüyü kimi, polis şöbəsində aparılan araşdırma zamanı cavabdehin iddiaçıya məxsus avtomobilin ehtiyat hissələrini (təkərləri) dəyişdirməsi (mənimsəməsi) faktı öz təsdiqni tapmamışdır, o cümlədən həmin faktı təsdiq edəcək hər hansı sübutun olması iş materialları ilə müəyyən olunmur. Eləcə də, həmin faktı təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

39. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

40. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.

41. Qeyd edilməlidir ki, hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür və o, yuxarıda göstərilən halları sübut edə bilməmişdir.

42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıya məxsus avtomobilin rənglənməsinə çəkilən xərcin əvəzi olaraq cavabdehdən 2000 manat vəsait tutmaqda haqlı olmamışdır.

43. Çünki, işin müəyyən edilmiş və faktiki hallarından aydın olur ki, Cavabdeh İddiaçı məxsus avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobilə maddi ziyan dəymişdir. Daha sonra cavabdeh tərəfindən avtomobildə təmir-bərpa, o cümlədən rəngsaz işləri aparılmış və avtomobil iddiaçıya geri qaytarılmışdır. Bu hal iddiaçının özünün apellyasiya baxışı zamanı verdiyi izahatla öz təsdiqni tapmışdır (bax qətnamənin 13-cü bəndi). Yəni, İddiaçı ona məxsus avtomobildə cavabdeh tərəfindən rəngsaz işləri görüldüyünü qəbul etmiş; irəli sürdüyü arqument isə ondan ibarət olmuşdur ki, qəzadan sonra avtomobildə rəngsaz işləri keyfiyyətsiz görülmüşdür.

44. Beləliklə, işin mübahisəsiz halı kimi müəyyyən edilmişdir ki, həqiqətən də Cavabdeh İddiaçı məxsus avtomobil qəzalı vəziyyətdə deyil, rəngsaz işləri görülməklə iddiaçıya geri qaytarılmışdır. İddiaçı isə avtomobildə cavabdehin vəsaiti hesabına görülmüş rəngsaz işlərinin keyfiyyətsiz olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Bir sözlə, iddiaçıya məxsus avtomobil cavabdeh tərəfindən ona geri qaytarıldıqdan sonra avtomobilin boya qatının zədələnmiş vəziyyətdə olması, bu səbəbdən rəngsaz işləri görülməsinə zərurət olması halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

45. Məhkəmə kollegiyası həmçinin bir xüsusatı da qeyd etməyi zəruri sayır ki, yuxarıda da göstərildiyi kimi İddiaçı hazırkı mübahisə ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl Tovuz rayon Polis Şöbəsinə müraciət etmiş və o, müraciətində cavabdeh tərəfindən avtomobilinə 9500 manat maddi ziyan vurulduğunu göstərmiş olsa da, lakin maddi ziyana məruz qalmasınının səbəbi kimi «avtomobilin təkərlərinin yararsız, mürərrikin nasaz vəziyyətdə olduğunu, avtomobilin beyninin olmadığını, 750 manar radar pulu ödədiyini» göstərmişdir. Başqa sözlə, iddiaçı rəngsaz işlərinin keyfiyyətsiz görülməsi nəticəsində avtomobilin boya qatının zədələnmiş vəziyyətdə olması səbəbindən maddi ziyana məruz qaldığını bildirməmişdir.

46. Şərh edilənlərlə bağlı məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi iddiaçıya məxsus avtomobilin ehtiyat hissəsələrinin (təkərlərinin) yenisinin köhnəsi ilə və yaxud digər markalı təkərlərlə dəyişdirməsi nəticəsində zərərin mövcud olması, eləcə də həmin avtomobilin cavabdeh tərəfindən təmir olunmasında (rəngsaz işlərinin görülməsində) onun təqsirli hərəkəti (hərəkətsizliyi) nəticəsində iddiaçıya zərərin vurulması ilə bağlı düzgün nəticəyə gəlməmişdir.

47. Yuxarıda göstərilənləri məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə iddianın təmin edilməsi üçün hər hansı qanuni əsas olmamışdır. Birinci instansiya məhkəməsi isə həmin hissədə iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan nəticəyə gələrək iddianı təmin etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətrnaməsi yoxlanılan hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməməlidir.

48. Bundan əlavə işdən müəyyən edilir ki, birinci instansiya məhkəməsində icraat zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı vəziyyətdə yoxlanılan hissədə iddia təmin edilmədiyindən ekspertiza xərci iddiaçıya aid edilməli, ekspertiza tədqiqatının dəyəri iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir. O cümlədən, iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir.

49. Məhkəmə kollegiyası həmçinin izah edir ki, yoxlanılan hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli 2(062)-13/2025 nömrəli qətnaməsi «Cavabdeh 2340 (iki min üç yüz qırx) manat pul alınaraq İddiaçı verilməsi» hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməsin. Qətnamə «Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 (qırx üç) manat pul alınaraq İddiaçı verilməsi; Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi» hissədə ləğv edilsin. İddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Ekspertiza xərci olan 60 (altmış) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar