Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1084/2025 19.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları AR-İİ seriyalı 505296 nömrəli, xx.xx.2021-ci tarixli etibarnamədən müəyyən olunur ki, X3 daşınmaz əmlak istisna olmaqla harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdlər bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, bütün dövlət idarələrində, kooperativ, ictimai təşkilatlarda onun adında ərizə verməyi, işlər aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etməyi iddiaçıya etibar etmişdir. Etibarnamə 12 noyabr 2031-ci ilədək qüvvədədir. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsindən görünür ki, X4 “BMW 318” minik markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili X2 7500 manata satmışdır. xx.xx.2022-ci il tarixli, 580 nömrəli icarə müqaviləsindən görünür ki, iddiaçı “BMW 318” minik markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili hər ay 662 manat ödəmək şərti ilə 12 ay müddətinə cavabdehə icarəyə vermişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6400 manat pulun və 84 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə aralarında **-NN-*** dövlət qeydiyyat nişanlı, “BMW 318” minik markalı avtomobilə dair icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə görə cavabdeh 12 ay müddətinə hər ay 662 manat olmaqla, cəmi 7944 manat məbləğində pulu ona ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə öhdəliyini müqavilə bağlanan gündən bu günə kimi qismən icra etmış və cəmi 1544 manat ödəniş etmişdir. Hazırda onun 6400 manat borcu var, lakin o, borcunu ödəmir. Ona görə də o, pretenziya qaydasında ona müraciət edərək 10 gün müddətində aralarında olan müqavilənin şərtlərinin icra edilməsini, əks halda pul tələbinə dair iddia ilə məhkəməyə muraciət edəcəyini bildirmişdir. Lakin cavabdeh buna məhəl qoymamışdır. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(062)- 136/2025 nömrəli iş üzrə qəbul etdiyi 24 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim Z.Hümmətov) iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı avtomobilin mülkiyyətçisi olmayaraq, həmin avtomobilə dair hansı əsaslarla hüququnun olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı icarə müqaviləsinə istinad edərək ona dəymiş ziyanı tələb edir. Halbuki, iddiaçının mübahisəli avtomobil üzərində hər hansı sərəncam vermək və sair hüquqları olmadığı halda o, cavabdehlə icarə müqaviləsi bağlamaqla, əqdin subyekt tərkibinə dair şərtlərə riayət etməmişdir. Belə olduğu halda iddiaçı icarə müqaviləsinə istinad edərək ona dəymiz ziyanı tələb etməkdə müvafiq subyektiv hüquqa malik deyildir. Rayon Məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.1, 1.2, 2.2, 389.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Avtomobilin mülkiyyətçisi X3 tərəfindən cavabdehə etibarnamələr verilmişdir. Avtomobilin mülkiyyətçisi X3 olsa da o, avtomobilə dair qanuna müvafiq olaraq bütün hüquqları cavabdehə vermişdir. Məhkəmə belə nəticəyə gəlib ki, cavabdehin hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Məhkəmə düzgün nətcəyə gəlməyib. Cavabdeh avtomobilin geri qaytarılması ilə bağlı iddia qaldırsaydı o zaman məhkəmə gəldiyi nəticədə hardasa haqlı olardı. Cavabdeh avtomobilin geri qaytarılmasını yox, müqavilə üzrə pulun ödənilməsini tələb edir. Ona görə də cavabdehin hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ var. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmaların baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının növbəti tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və mübahisənin predmeti bölünməz olduğundan məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Hazırki işin mübahisəsiz halları ondan ibarətdir ki, “BMW 318” minik markalı, **-NN- *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən, iş üzrə tərəf olmayan X2 məxsusdur. Həmin avtomobil X1 mülkiyyətinə keçməzdən əvvəl, xx.xx.2021-ci il tarixdə sonuncu özünə məxsus bütün əmlaklarla bağlı, hazırki iş üzrə iddiaçının adına özündə geniş səlahiyyətləri əks etdirən etibarnamə vermişdir. xx.xx.2022-ci il tarixdə isə iddiaçı, X2 məxsus “BMW 318” minik markalı, **-NN-*** dövlət qeydiyyat nişanlı avtomobili hər ay 662 manat ödəmək şərti ilə 12 ay müddətinə cavabdehin icarəsinə vermiş, bu barədə 580 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləni bir tərəfdən “İcarə verən” qismində iddiaçı, digər tərəfdən isə “İcarə alan” qismində cavabdeh imzalamışlar və bu zaman müqavilə iddiaçı tərəfindən avtomobilin mülkiyyətçisinin təmsilçisi olaraq imzalanmamış, mülkiyyətçinin adından hərəkət olunmamış, müqavilə iddiaçının öz adından bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Mülki Məcəllənin 152-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.). Qeyd olunan hüquq normalarının göstərişindən müzakirə edilən tələbin həllinə yanaşdıqda müəyyən edilir ki, avtomobilə görə icarə haqqının ödənilməsi barədə tələb yalnız mülkiyyətçi (X3) tərəfindən irəli sürə bilər. Lakin hazırki iddianı mülkiyyətçi irəli sürməmiş, iddiaçı isə bu iddianı sürmək üçün subyektiv hüquqa malik deyil. Beləliklə apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı təmin etməməklə iş üzrə qanuna uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Odur ki, Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Tovuz Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1084/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1084/2025
19.05.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver